Etibar Babayev: “Nə böyük matax
imiş sərxoş Miron kişinin oğlu?“
Onlar
sənətçi, siyasətçi, yazıçı kimi
doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə
gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə
yiyələniblər. Ancaq həyat bəzən onları
öz sevdikləri peşələrindən də ayrı
salıb. İllər ötüb, tamam başqa bir sahəni
özlərinin həyat kredosu seçiblər.
Lent.az
“Onun ilk peşəsi” rubrikasında növbəti
qonağını təqdim edir. O, alim, televiziya jurnalisti, pedaqoq, sənətşünaslıq
namizədi, dosent Etibar Babayevdir. E Babayev 1950-ci il dekabrın 15-də Bakıda doğulub.
1968-ci ildə
orta məktəbi, 1973-cü ildə M.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun teatrşünaslıq fakültəsini bitirib.
İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində
alıb. "Tələbə
klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli
İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar
verilişlərin müəllifi və aparıcısı
olub. O, Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı,
daha sonra təbliğat və mədəni kütləvi
işlər şöbəsinin müdiri, Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsində mədəniyyət
şöbəsində təlimatçı , Bakı şəhər Partiya Komitəsinin
təbliğat-təşviqat şöbəsinin müdiri
(1981-1988) kimi məsul vəzifələrdə
çalışıb. 1989-1992-ci illərdə "Azərbaycantelefilm"in
direktoru, Azərbaycan Dövlət Teleradio şirkətinin sədr
müavini vəzifəsində işləyib. Bakı İcra Hakimiyyətində məsul vəzifələr
daşıyıb. 2001-2006-cı illərdə
"Space" müstəqil teleradio şirkətinin prezidenti
təyin edilib.
Sənətşünaslıq namizədi E.Babayev həm
də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində və Bakı Slavyan Universitetində dərs
deyir. Jurnalistika
kafedrasının müdiridir. Yeni
yaradılmış Teleradio Akademiyasının rektorudur.
Müxtəlif
illərdə "Hacı Zeynalabdin Tağıyev" milli
mükafatına,
"Qızıl qələm" ə , Yusif Məmmədəliyev
medalına, “Həsən Bəy Zərdabi” mükafatına və müxtəlif ödüllərə
layiq görülüb.
- Sizinlə müsahibəyə
hazırlaşanda haqqınızda yazılan materiallarla diqqətlə
tanış oldum, mətbuata verdiyiniz müsahibələrə
baxdım . Həmişə medianın diqqətində
olmağınız nəzərimdən
yayınmadı. Həmkarlarımdan eşitmişəm ki, jurnalistlərdən qaçmırsız, istənilən
suala cavab verməyə
hazırsız. Yəni, solaxay suallardan çəkinmirsiz...
-
Jurnalistlərdən niyə qaçmalıyam ki? Özüm də
jurnalistəm. Həmkarlarıma yaşından, peşəkarlıq
səviyyəsindən, təcrübəsindən asılı
olmayaraq, həmişə hörmətlə
yanaşıram. Təbii
ki, indi də belə olacaq. Necə deyərlər,
oyunun şərtləri dəyişməyib.
-Verdiyiniz ilk müsahibəni xatırlayırsızmı?
Yaxşı
xatırlayıram, 50 il keçir. 132 saylı orta məktəbdə
birinci sinifdə oxuyurdum. Tədris ili
sonunda məktəbə “Azərbaycan pioneri” qəzetinin əməkdaşları
gəlmişdilər. Sinif rəhbərimiz Südabə müəllimə bir
neçə əlaçı şagirdi onlarla
görüşdürdü. Bizimlə söhbət etdilər,
müxtəlif suallar verdilər, şəklimizi çəkdilər.
Yazı bir neçə gündən sonra “Azərbaycan pioneri” qəzetinin birinci səhifəsində dərc
olundu. Qəzeti məktəbin “Şərəf” lövhəsinə
vurmuşdular.
- Həmin şəkil qalır?
- Qəzetin
bir nüsxəsini arxivimdə saxlamışam. Əgər
maraqlıdırsa, göstərə bilərəm.
Etibar müəllim kitab rəfindən bir qovluq
götürür. Köhnə bir qəzet
çıxarıb mənə uzadır. Tarixinə
baxıram: 1958-ci il.... Pioner dostlarının arasında səkkiz
yaşlı Etibarı
tanımaq o qədər çətin olmur. Uzun illər
ötsə də simasındakı cizgilər kimliyini bəlli edir. Altyazıda
adlarını oxuyuram: Azər Məmmədov, Nadir Nəzərov, Təhminə
Babayeva və Etibar Babayev. Qəribədir, görən o illərdən xatirə
qalan yalnız bu şəkildir, yoxsa pionerləin dostluğu
davam edir?
- Aradan
xeyli vaxt ötüb. Uşaqlıq
dostlarınızla əlaqə saxlayırsız?
- Foto
insan həyatının ən gözəl anlarını əbədiləşdirir.
Bu şəkil mənimçün çox qiymətlidir. Çünki, o zaman birinci sinfin birincilərindən
idik. Məktəbdə bizə gələcəkdə
hansı sahədə olursa-olsun, qabaqcıl olmağı
öyrədirdilər. O vaxt sərvət, mal- dövlət
yox, mənəviyyat təbliğ
olunurdu. Müəllimlərimiz Nizaminin:
“Kamil bir
palançı olsa da insan,
Yaxşıdır yarımçıq
papaqçılıqdan”.
misralarını tez-tez təkrarlayırdılar.
- İndi
nə palan var, nə papaqçılıq... O zaman müəllimlərin
özünü aparması, şagirdlərlə rəftarı, şəxsiyyətini, ləyaqətini
qoruması hər
birimizə nümunə idi. Biz ən
böyük tərbiyəni müəllimlərimizdən
alırdıq.
- Qayıdaq şəkildəki pioner
dostlarınıza...
- “Sehirli xalat” filmi yadıma
düşdü. Orada Xan deyir ki, “yox, o piyanar ( yəni pioner)
böyüməyəcək”.
Filmdən fərqli olaraq bizim pionerlər
böyüdü, hərə bir işin sahibi oldu. Azər Məmmədov hüquq-mühafizə
orqanlarında məsul vəzifələrdə işlədi,
indi təqaüddədir. Nadir energetika
sahəsində mühəndisdir. İndiyə kimi əlaqə saxlayırıq,
görüşürük, dostluğumuz davam edir. Amma Təhminədən xəbərim yoxdur.
-
Düzü, qəzeti görəndə heyrətləndim
ki, ilk müsahibənizi bu günəcən qoruyub
saxlamısınız...
- Onu mən yox, valideynlərim saxlayıb. Atam mətbuatda dərc
olunan şeirlərini, haqqında yazılanları toplayıb, dəftərində səliqə ilə
siyahı tutardı. Mən də
uşaqlıqdan bunları görə-görə
böyüdüm.
Atanız məşhur
şair-dramaturq Adil Babayevdir. Kitablarını,
haqqında yazılanları biz də oxumuşuq.
Müasirləri onu istedadlı yazıçı olmaqla
yanaşı, son dərəcə alicənab insan kimi
xatırlayır...
- Uşaqlar valideynlərini
seçmir. Elə bilirəm, peşəsindən, cəmiyyətdəki
mövqeyindən
asılı olmayaraq hamının valideyni
özünə doğmadır,
əzizdir. O ki, qaldı mənə...
Adil Babayevdən ədalətli,
sədaqətli olmağı öyrənmişəm. Üstəgəl,
zəhmətə qatlaşmaq,
hər sözə, əmələ görə məsuliyyət
daşımaq...
- Sizin “Ədalət” qəzetində
“Adil ömrü” adlı silsilə yazılarınızı
oxumuşdum. Atanızla bağlı əvvəllər
bilmədiyim çox məlumat aldım. İnanın ki,
şairin həyatına ,ömürlüyünə yaxından bələd olandan sonra
seirlərini təkrar oxumağa başladım və etiraf edim
ki, nə demək istədiyini daha dərindən anladım.
- Bu təbiidir, Anar. İstər
şair olsun, istər rəssam, yaxud bəstəkar, fərq
etməz, yaradıcı insanın əsərlərini
doğru-dürüst dərk etmək, qiymətləndirmək
üçün onun yaşadığı mühiti bilmək
çox vacibdir. “Adil
ömrü”ndə
1925-45-ci illərdəki ədəbi mühitin
abı-havasını göstərməyə
çalışmışam. Hadisələrin
necə cərəyan etdiyini, cəmiyyətin nəyə
kökləndiyini bilmədən insan taleyindən
danışmaq, şəxsiyyətin formalaşma prosesini duymaq
mümkün deyil. Tarix həqiqətlər üzərində qurulanda
qiymətlidir, əbədidir.
-
Sizin “Tarix -
ibrət alanlar üçün dərsdir” silsiləsindən
maraqlı yazılarınız var. Mətbuatda onları
izləmişəm. Bu yaxınlarda eşitdik ki, “Yalana
heykəl” kitabınız İstanbulda nəşr olunub.
- Bu kitabın Türkiyədə
nəşri mənim üçün çox əlamətdardır.
Türkiyədə kitab nəşri, poliqrafiya mədəniyyəti
inkişaf etdiyi kimi, oxucu səviyyəsi də yüksəkdir.
- Əsərdə yeni arxiv sənədlərinə əsaslanaraq, Sovet hakimiyyətinin ilk illərində
Azərbaycana, Leninqrad vilayətinə
rəhbərlik etmiş Sergey Mironoviç Kirovun həyatı
ilə oxucuları tanış edirsiniz. Mətnin dili olduqca
oxunaqlı, hadisələrə yanaşma tərziniz fərqli,
nəticələriniz dəyərlidir.
- Kitab 2010-cu ildə “Mütərcim”
nəşriyyatında çap edilib . Mətbuatda
haqqında bir neçə rəy dərc olunub. Kitabı yazmaqda məqsədim
nə Kirovu vəsf etmək, nə də onun qatilini tapmaq idi. Kirov mənim
üçün sadəcə bəhanə idi ki, Sergey
Kostrikov kimi, sıradan bir insanın ixtiyar sahibinə
çevrilməsinin, nəsillərə
nümunə göstərilməsinin və nə olursa-olsun, bir gün bu
yalançı bütlərin dağılmasının tarixi
qaçılmazlığını göstərim. Mən ucsuz-bucaqsız SSRİ ərazisini demirəm, yalnız Azərbaycanda
Kirovun adını daşıyan şəhər və
rayonların, fabrik və zavodların, elm, təhsil, mədəniyyət,
idman-sağlamlıq müəssisələrinin sayını
cəmləsək, heç bilirsiz necə böyük
siyahı alınar? Axı, nə böyük
matax imiş sərxoş Miron kişinin oğlu? Siyasi səhnədə rəmzi
olaraq qalmaq
üçün bəzən faciəli ölüm əvəzedilməz
imkandır. Bunun
üçün Kirov ən uğurlu namizəd idi.
-
Dediklərinizdən belə başa düşmək olar ki,
bu, Stalinə lazım idi?
- Stalinin özü də o rejimi yaşatmaq
üçün lazım idi. Vəzifəsini
yerinə yetirəndən sonra o da
böyük səhnəni tərk etdi. Gördünüz
ki, günün birində sıra mavzoleydəki Leninə də
gəlib çatdı. Axırda da o rejimin sonu gəldi. Bir zamanlar
dünyaya hökm edən SSRİ dövlətinin
adı indi yalnız tarix kitablarında qalıb.
- Cavanlıqdan yüksək vəzifələrdə olmusunuz.. Sizcə məmurluq
yaradıcılğa mane olur, yoxsa qapı açır?
- Yaradıcılığa
qapı açan yalnız fitri istedad və zəhmətdir. Məmurluq əksinə,
adamı çox şeylərlə şirnikləndirir, ən
azından vaxtını alır.
Bu
gün təhsil sistemindəki nöqsanlardan, yararsız dərsliklərdən
danışmaq adi hal alıb. Hər gün tələbələrin
içindəsiniz. Bu günkü təhsil səviyyəsi Sizi
qane edirmi?
- Bu sual heç vaxt öz aktuallığını
itirmədiyi kimi, birmənalı şəkildə həllini də
tapmayacaq. Bəli, dərsliklər
yazılır, istifadə olunur, köhnəlir və yeniləri
ilə əvəz edilir. Ola bilir ki, yeni dərslik tələblərə cavab vermir. Onları təzəsiylə əvəzləmək
mümkündür. Əsas odur ki, gənclərin həyata
inamı itməsin, sabaha ümidi qırılmasın
. Biz tələbələrə ancaq dərsliklərdən
dərs keçsək, gələcəyin vətəndaşını,
vətənpərvərini hazırlaya bilmərik. Ən yaxşı dərslik də bunun
üçün azdır. Tələbənin auditoriyada eşitdikləri ilə
ətrafda gördükləri, KİV-də izlədikləri
çox vaxt üst-üstə düşmür. Cavabsız suallar onun qəlbini sıxır. Mənim fikrimcə, müəllimin ən
başlıca vəzifəsi tələbəyə dayaq olmaqdır.
Bunun ən yaxşı
yolu tələbədən öyrənmək, onun
daxili aləmini bilməkdir. Mən tələbələrimlə
bu cür ünsiyyət qurmağa çalışıram.
Onlara necə yazmaqdan öncə, nədən yazmaq barədə
düşünməyi öyrətməyə səy
göstərirəm. Bərabər muzeylərə gedirik, şəhər
gəzintisinə çıxırıq, filmlərə,
tamaşalara, sərgilərə baxırıq, fikir mübadiləsi
aparırıq. Biz eyni addımlarla, eyni sürətlə
olmasa da, eyni istiqamətdə getməyi bacarmalıyıq.
- Həmişə
televiziyaya bağlı olmusuz.. Bu sahədə
həm yaradıcı, həm təşkilatçı kimi
xidmətləriniz ictimaiyyətə məlumdur. Çox istərdik
ki, bu gün bir
tamaşaçı kimi,
fikirlərinizi bizimlə bölüşəsiz.
- Bir qədər
fərqli tamaşaçıyam. O mənada ki, yalnız məni
maraqlandıran verilişlərə baxıram. Səhər
açılandan axşama kimi ekran qarşısında
oturmuram. Buna nə vaxtım, nə həvəsin var. Təzə
xəbərlər,
tarixi mövzuda sənədli filmlər, təbiət
və heyvanat aləmi ilə bağlı elmi-kütləvi
filmlər, aktual məsələlərə həsr olunan
maraqlı tok-şoularla maraqlanıram. Tamaşaçı olaraq televiziyalardan
istədiyim keyfiyyətli görüntüdür, təmiz
danışıqdır, janrından asılı olmayaraq , ruhumuzu oxşayan gözəl musiqidir.
Lirik-psixoloji süjeti, aydın rejissor qayəsi, professional çəkiliş
mədəniyyəti, yüksək aktyor məharəti ilə
seçilən bədii filmlərdir.
Maraqlı idman yarışlarıdır. Duzlu uşaq verilişləridir. Bir
tamaşaçı kimi, bu cür verilişlərin Azərbaycan
efirində daha çox olmasını istərəm.
- Siz Azərbaycan Reklamçılar
İttifaqının yaradıcılarından olmusunuz. KİV-də və şəhər tərtibatında
reklam indi çoxalıb. Səviyyə necə, qənaətbəxşdirmi?
- Şəhər tərtibatında
reklamın ifadə vasitələri bu gün dünya səviyyəsindədir.
Yaxın keçmişdə istifadə olunan metal lövhələr
üzərində primitiv təsvirlər və yazılar indi
gözə dəymir. Bakı gecəsini
reklamlarsız təsəvvür etmək çətindir. Amma şəhərdə, yol kənarlarında
bəzi reklamlar düzgün quraşdırılmadığından sürücü və piyadalara
əlavə çətinlik yaradır. Yaxud, nəqliyyat
vasitələri üzərindəki elektron reklam lövhələrə
qarşıyam. Reklamların dilində xətalar davam etməkdədir.
Rəsmi dövlət bayraqlarının asılması ilə
bağlı qaydalara
riayət olunmur. Bir də
görürsən ki, hansısa kiçik bir müəssisənin
öz qapısında bir neçə ölkənin
bayrağı dalğalanır. KİV-ə gəlincə, qəzetlərdə
reklam azdır, təsir
gücü zəifdir. Jurnal reklamları daha cazibədar təsir
bağışlayır mənə. Televiziya
reklamları son zamanlar xeyli artıb. Hətta bəzi kanallar Milli
Teleradio Şurasının
müəyyən etdiyi reqlamenti
pozur. Tələbat
çoxaldığından reklamın qiyməti də
yüksəlib. Fəqət nümayiş
olunan reklamların əksəriyyəti xarici istehsaldır.
Reklam istehsalı ilə məşğul olan
yerli mütəxəssislər azdır. Reklam çarxlarının
dublyajında naşılıq daha çox özünü
göstərir. Reklam dili qısa olmalı,
konkret hədəfə yönəlməlidir. Bu işdə
mətnin hərfi tərcüməsi yolverilməzdir. Radio
reklamları isə daha çox elan xarakterlidir .
Bu sahədə dünya təcrübəsindən
bəhrələnmək lazımdır. Ən
başlıca iradım, reklam-kommersiya verilişlərində
ölçü hissini itirərək, məddahlıqla məşğul
olmaqdır. Sən demə, bu məmləkətdə
bütün klinikalar birincidir, yaxud ən şəfalısıdır,
ya da səhiyyənin ən son nailiyyətlərinin
daşıyıcısıdır... Bir sözlə, hamı
birincidir...
-
Söhbətimizə sizdən alınan ilk müsahibəni
yada salmaqla başladıq. Axı siz özünüz də
müxtəlif vaxtlarda müxtəlif adamlardan yüzlərlə müsahibə
almısız. Onlar
arasında neçə-neçə görkəmli
ictimai-siyasi xadim, elm, sənət fədaisi, dövlət rəhbəri
olub. Aldığınız İlk müsahibəni
xatırlayırsız?
- 1970-ci ilin iyununda radionun Gənclər
redaksiyasının Baş redaktoru Fəridə xanım Aslanbəyova
mənə xalq rəssamı Salam Salamzadədən müsahibə
almağı tapşırdı. Müsahibim barədə mümkün olan məlumatı topladım. O zaman
internet yox idi ki, əlini atan kimi axtardığın ekrana
çıxsın. Redaksiyada Arif Şəfiyev, Natiq Səfərl
kimi təcrübəli işçiləri xeyli sorğu-sual etdim,
kitabxanaya gedib köhnə qəzetləri
araşdırdım, təsviri sənətə aid ədəbiyyatla
tanış oldum. Evdə atamdan da çox şey öyrəndim. Rəssamın həyat
yoldaşı Qəmər xanım “Molla Nəsrəddin”çi
Əliqulu Qəmküsarın qızı idi. Salamzadənin
yaradıcılığında qadın portretlərinin
xüsusi yer tutduğunu, rəssamın Ərəb ölkələrində
uzunmüddətli ezamiyyətdə olduğunu bilməyim işimə yaradı. Ürəklənib Salam müəllimin evinə zəng
etdim, məqsədimi bildirdim və görüş
üçün vaxt təyin etdim. İki gün sonra məni evlərində
görüşdük . Rəhmətlik
,çox maraqlı, diqqətcil insan idi. Aramızdakı yaş fərqini mənə
hiss etdirmədi, bəzi əsərlərini göstərdi, həyatının
mühüm məqamlarından,
kino rejissor Qəmər xanımla necə ailə
qurduqlarından danışdı. Eşitdiklərimin
hamısını diktafona yazdım. Deyilənə görə,
çox səmimi söhbət alınmışdı. Təəssüf ki, o zaman verilişləri yazıb saxlamaq imkanımız
yox idi. Yaxşı ki, xatirələr yaddaşımıza
əbədi həkk olur.
Ürəyimiz doludur xatirələrlə, cavanlara
danışmağa sözümüz var hələ...
Ədalət.-2013.-14 mart.-S.4.