GƏLƏCƏYİN ŞƏFƏQİ

 

(əvvəli ötən saylarımızda)

 

Bütün bunları fikirləşib özünə toxtaqlıq verən Əmirxan yenə "Qırmızı Qazax" sözlərini xatırladıqca ilan yarpızdan qorxan kimi diksinirdi. Qatardan  düşüb Ağstafadan  gələnə kimi yol boyu gördüyü kəndli ağa, bəy - hamısı ona qırmızı görünürdü. Beyninə pərçim olmuş, "çətin camaat" sözləri yadından çıxmırdı.

1919-cu il oktyabrın 13-də Qazaxa varid olan yeni qubernator ilə başlayan günü heç kəsi  qəbul etmədi. Öz ağlınca ağır oturub batman gəldi. Həmin günü, qubernatorluğun işinə və işçilərinə əl gəzdirdi. Şübhəli adamları işdən çıxardıb, Şəkərin qalasında yatanların siyahısına dönə-dönə baxdı. Bəzilərini qırmızı qələmlə işarə edib üstünə "ciddi rejimdə saxlanılsın", "xüsusi nəzarət olunsun", "gəzintiyə çıxarılmasın" kimi dərkənar qoydu.

Gəlişini dördüncü günü Firudin bəyi qəbuluna çağırdı. Qapıda görünən Firudin bəyi hörmət və izzətlə içəri dəvət etdi. Ağ hərbi paltarda olan qubernator yaxasına bir xaç, üç də medal taxmışdı. Bu, onu daha əzəmətli, daha təntənəli göstərirdi. Firudin bəyə hörmətini bildirmək üçün cəld ayağa durub hərbi qaydada təzim edərək:

-Bəy, - dedi, - gec də olsa mənim təbrikimi qəbul edin. Səhv etmirəmsə, seminariyanın Azərbaycana köçürülməyi sizin ən böyük arzunuz idi.

İstər qadında, istərsə də kişidə yaltaqlığı böyük bir nifrətlə qarşılayan Firudin bəy təmkinlə:

-Elədir, - dedi, - ancaq təkcə mənim yox, doktor Nərimanovun, mərhum Səfərəlibəy Vəlibəyovun və bütün Azərbaycan xalqının, bir sözlə, övladının savad almasını istəyən hər bir millət nümayəndəsinin.

Əmirxan tutuldu. Doktor Nərimanov adı onün ürəyinə paslı xəncər kimi batıb qaldı. Özü də hiss elədi ki, Firudin bəy bilərəkdən onun adını çəkdi. Hirslənməyini büruzə verməmək üçn ciddiləşdi, vücudunu sakitləşdirsə də, səsindəki titrəyişi dəf edə bilmədi.

-Bəy, - dedi, - Nərimanov dediniz, mən istər-istəməz  onun silahdaşlarını xatırlayıram. Sizdə neçə müəllim onun əqidə dostu, məsləkdaşıdı?

Firudin bəy nə üçün çağırıldığını indi anladı. Təəccüblə qubernatora baxıb, pensnesini düzəltdi. Çiyinlərini çəkib:

-Heç bir nəfər belə yoxdu. Əcəba, bizdə inqilab tədris olunmur, inqilabçının seminariyada nə işi var? Bizdə dərs tədris olunur.g

-Bəs onda Sabir kimdi? - Qubernator əyilib siyahıya baxdı. - Mirzə Ələkbər, təxəllüsü Sabir, şair. Onun şeirlərini keçirsiniz, özü də sizdə çalışır.

Firudin bəy kədər və təəssüflə bığaltı gülümsündü. Müsahibinin ədəbiyyat və tarix aləmindən bixəbər olmağına acıdı. Nadan adamla söhbət onun təkcə ürəyinə yox, ruhuna olmazın əzab verirdi.

Qəfildən düşən Sabir söhbəti onun yarasının közünü qanatmışdı. Artıq on ilə yaxın idi susan Sabir rübabı atəşin təranələr oxumurdu. Düzü, dünyanı dolaşan qara xəbərdən bu nadan niyə bixəbər idi. Bir böyük millət bir qiymətli şairini itirmişdi. Ağır təbiətli Firudin bəyin varlığı titrəsə də özünü əl aldı. Sabirin varlığı və yoxluğu haqqında söhbəti lap əvvəllərdən başladı.

-Cavabınıza ərz olunsun ki, hələ 1908-ci ildə inspektor Sultan Məcid Qənizadə cənabları ilə mən Qoridə olanda çox çalışdıq ki, Sabiri Azərbaycan dilində dərs demək üçün seminariyaya müəllimliyə düzəldək. Sabir mənim, mən Qənizadənin yerinə, Qənizadə isə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin ikinci rayonu üzrə müfəttişi seçməli idi. Çox təəssüf olsun ki, mənim təhsilim ali olmadığı üçün seminariya müfəttişliyinə qəbul olunmadım. Sabir də müəllim vəzifəsinə nail ola bilmədi. Onun quru vücudunu mollalar o qədər lənətlədi, boynu yoğunlar ona elə hərbə-zorba gəldi ki, günbəgün əziyyət çəkən şairi sağalmaz bir naxoşluq hələ 1911-ci ildə əlimizdən aldı. - Danışdıqca odlanan Firudin bəy ağır-ağır nəfər dərir, gözlərində qəzəb qığılcımları oynaşırdı. Cibindən dörd qatlanmış dəsmalı çıxarıb alnındakı tər damcılarını hopdurdu. Ağ kraxmallı köynəyinin iki düyməsini açıb, daha dərindən nəfəs aldı. Qubernator isə sərt və ötkəm baxışla onun hərəkətlərini izləyirdi. Par-par parıldayan stolun üstündəki "Limonnı" papirosundan birini andırdı. Qutunu Firudin bəyə doğru uzadıb ona da təklif etdi. Əsəbi Firudin bəy əlilə "yox" işarəsi verib: - Borjomi yaxınlığında Sabirin ölümünü eşidəndə bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, biixtiyar qəzet əlimdən yerə düşdü. Hər yaranan öləcəkdir, bu şəksiz, şübhəsizdir. Biz dənik, dünya dəyirman, o, hamımızı üyüdəcək. Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərək getsin. Onun ustadı - mükərrəmi Seyid Əzim demişkən:

 

Dünyaya gələn getmək üçündür,bu nə qəmdir?

Bir fikir elə, bu xilqəti-adət nə üçündür?

 

Sabit getdi, -  bizi dəxi sinəsi dağlı və ürəyi qəmli, həsrətdə qoydu. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən biridir. Onun təbində bir o qədər zəriflik və dilində elə bir lətafət var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür.

Qubernator sözünün hədəfə düşmədiyindən əlindəki qələmi əsəbiliklə oynatdı. Dodaqaltı kiminsə dalınca deyinib, siyahıda bir adın üsmtündə xətt çəkdi.

-Bəy,- dedi. - Mən sizi bura Sabir üçün yas qurmağa, nə də onun təbii-izahından danışmağa çağırmamışam. İndi vəziyyət başqa cürdü.g

-Xan, bağışlayın, sizi qəmləndirdim.g

Qubernator bir az qabağa əyilib iri gövdəsini güclü qolları üstə saxladı. Baxışlarını üstdən aşağı Firudin bəyə zilləyib:

-Bəs "Poçt qutusu" nədi?

-O, balaca bir hekayətdir, uşaqlar oxuyur.

-Bilirəm, cənab Firudin bəy, mən onu uşaqlara əzbərlədəni soruşuram. Əcəba, deyin görüm, Yusif Qasımov kimdi, hansı yuvanın quşudu?

-Yusif Qasımov bizim tələbəmiz olub, Qoridə təhsil almış savadlı, mədəni...g

-Bilirəm, əlbəttə, müəllim savadlı və mədəni  olar. Amma bəy, onu bilin ki, sizin nəsli-nəcabətiniz var. Bir gəda üçün saç-saqqalınızın vaxtı yalan danışmağı özünüzə rəva görməyin. Siz yaxşı bilirsiniz ki, Yusif Qasımov "Hümmət" bolşevik firqəsinin üzvüdür. İndi görün uşaqları necə korlayırsınız. Eləcə də müəllim Nacıoğlu bolşevik ədəbiyyatı yayır, kommunistdir. Türkiyədən kommunist təbliğatına görə sürgün olunan bir adamın sizin seminariyada nə işi var? Siz bilik və maarif əvəzinə bolşevizmi təbliğ edirsiniz.g

Firudin bəyin nə Yusif Qasımovun, nə də Nacıoğlunun bolşevik firqəsinin üzvü olmağından doğrudan xəbəri yox idi. Ona görə də heyrət və təəccülə qubernatorun dediklərini dinləyib, günahkar adamlar kimi dedi:

-İnanın, məzhəb haqqı, mənim bu işdən xəbərim yoxdu. - Kədər və qüssə ilə sözünə davam etdi. - Mənim övladım yoxdu, tale bu gözəl nemətdən məni məhrum edib. Əgər mənim övladım olsaydı, onun canına and içərdim. Bircə şeyi bilirəm ki, Yusif Qasımov bir ədəbiyyat müəllimi kimi bizə çox lazımdı. Təvəqqe edirəm, ona toxunmayın, özüm onunla söhbət edib işin nə yerdə olduğunu sizə bildirərəm.

"Təvəqqe edirəm" deməyi qubernatorun xoşuna gəldi. "İndi boynuna qoymaq olar, hara desəm ora da gedəcək". Əmirxan Firudin bəyin el arasındakı hörmət və nüfuzunu yaxşı bilirdi. Ona görə də ondan istifadə etmək istəyirdi.

-Bəy, kəndlərə tez-tezmi gedirsiniz, -deyə yumşaq tərzdə, səsinin ahəngini dəyişib soruşdu.

Qubernator qalın tli dodaqlarında, domba gözlərində ikimənalı təbəssümü gizlətməyə çalışdısa, bu, Firudin bəyin nəzərindən yayınmadı. Onun bayaqkı sərt səsinin, kobud sifətinin belə tez dəyişməsinə təəccüb etdi. Və bir anda xatırladı ki, bütün yuxarı dairədə qulluq edənlər belədi, bir gündə min cür sifətə üşürlər. Onlar üçün xalq güzəranı sözdə ön planda, əməldə isə pərdə arxasında qalır. Təki oturduqları vəzifə stolu əbədi olsun.

-Xeyr, - dedi, - məndə vaxt hardandı, dərs ilinə təzə başlamışıq, seminariyadan ayrılmaq mümkün deyil.

-Sizinlə Şıxlıya, ordan da İncə dərəsinə səfər etmək istərdim. Mənim orda köhnə bir dostum var, axund Qurban əsirzadədi, ağıllı və müdrik adamdı. Eşitdiyimə görə siz müdrik adamın sözünü var-dövlətdən üstün tutursunuz. Məncə bu sizin üçün göydəndüşmə oardı. Yeni bir şey eşidər, öyrənərdinizg

-Doğru buyurursunuz, bizim xalqın hər bir ağsaqqalının sözü-söhbəti qələmə alınsa, heç də Şeyx Sədinin  "Gülüstan" və "Büstan"ından maraqsız oxunmazdı. Öyrənməyə gəldikdə isə hələ cavanlığımda oxuduğum Mirzə Uluğbəyin bu sözlərini unutmuram: "Elm öyrən beşidən qəbrə qədər".

Firudin bəy qubernatorun fikrini çox gözəl anlayır və başa düşürdü. Xan onu səfərə dəvət etməklə açıq-açığına deyirdi ki, ya mənimlə kəndlərə gedib camaatı sakitləşdirməlisən, ya da seminariyanı gözüm çıxdıya salıb bağlatdıracam. İlk anlardan da "bolşevik təbliğatı" məsələsini ona görə ortaya atmışdı. Demək belə çıxır ki, ya xanın dediyini etməli, ya da seminariyanın bağlanmasını...g Məcburiyyət qarşısında qalan Firudin bəy:

-İyirmi ildir ki, el şairlərinin əşarını toplayıram. Arzum onları gələcək nəslə töhfə eləməkdi. Şıxlı Dərviş Mahmud adlı bir şairin sorağını eşitmişəm, ötən əsrdə yaşayıb, bəlkə ondan bir para məlumat da əldə edə bildim.

Nahardan bir az əvvəl atlanıb yola düşdülər. Qabaqda qubernator və Firudin bəy yanaşı gedirdi. O, xalqın keçmiş ədəbiyyatından, tarixindən söhbət açır və çalışırdı ki, qubernator bugünkü qarışıq siyasətdən söhbət salıb qanını qaraltmasın. Arxada isə uryadnik və on nəfərlik dəstə gəlirdi.

Qazax və onun ətraf kəndləri barıt çəlləyi kimi partlayırdı. İndi İncə dərəsindəki üç kəndə nisbətən sakit nəfəs alırdı. Görünür heç bir inqilabçının burdan olmamağı və mərkəzdən uzaqlığı vəziyyəti sabit saxlamışdı. Qubernator daha çox Salahlı, Çaylı, Kəsəmən kəndlərindən yanıqlı idi. O, buraları qırmızıların qatı yuvası sayırdı. Bu, doğrudan da belə idi. Təkcə çaylıların öhdəsindən gəlmək mümknü deyildi. İki ay bundan əvvəl bu kənddən 125 nəfər kəndlini inqilabçı adı ilə həbs edən Rza bəy Qaraşarov onları iyirmi dörd saat belə saxlaya bilməmişdi. Rüsvayçılıqla azad etməy məcbur olmuşdu. Qəza rəisinin yaratdığı yüz nəfərlik polis mühafizə dəstəsi Salahlını susduranda, Kəsəmən başlayırdı. Poylunu susduranda Həsənsu, Əskipara, Dilican başlayırdı. Bu kəndlərə bir neçə dəfə güzar salsa da,özünə və partiyasına sadiq adam tapa bilməmişdi. Xan atın yalmanına baxa-baxa özünün və əqidə dostlarının məğlubiyyətini sanki açıq-aydın görürdü. Görürdü ki, Qazaxda bina tutan "qırmızılar" köhnə dünyanı yıxmağa, uçurmağa artıq qadirdilər. Yerli əhali susmur, üsyanı üsyan, ixtişaşı ixtişaş dalınca başlayırjı. Orduya aparılan kəndli balaları qaçıb "ırmızı partizanlar"a qoşulur, kəndlilər vergi verməkdən imtina edir, varlılar hökumətdən səxavət əllərini geri çəkirdilər.

 

(ardı gələn sayımızda) 

 

Şəmistan Nəzirli,

istefada olan polkovnik-leytenant

 

Ədalət.-2013.-15 mart.-S.7.