"Anarın yarımzirzəmi mənzilində..."
Elçindən Anara 75 yaş
yazısı
ELÇİN
Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır və bu mənəvi öhdəlik, olsun ki, daha artıq dərəcədə təhtəlşüur səciyyə daşıyır. Soyuq mart günü, hələ səhərin gözü açılmamış - sübh tezdən kompüterin arxasına keçib Anarın 75 illiyinə yazdığım bu sətirlər mənim içimdəki təşhtəlşüur mənəvi öhdəliyin ifadəsidir və bu, Anarla birgə yaşanmış o çağların, məqamların, anların qarşısındakı həmin mənəvi öhdəlikdir.
Düz 15 il bundan əvvəl mən Anarın 60 illiyinə də bir yazı yazmışdım və bu 15 il - vaxtın ildırım sürəti ilə uçduğu indiki dövrdə elə də böyük bir zaman vahidi deyil, ancaq biz indi ömrümüzün elə bir məsafəsinə gəlib çatmışıq ki, hər nə gedir, bağdan yox, bağbandan gedir.
Mən 15 il əvvəlki həmin yazımı artıq tam dəqiqliyi ilə xatırlamıram, ancaq yerimdən qalxıb iki addımlığımdakı kitab dolabından o yazını götürüb nəzərdən keçirməyə ehtiyac da hiss etmirəm, çünki burasını tam dəqiqliyi ilə bilirəm ki, orada nə yazmışamsa, indi də o fikirdəyəm və bu 15 il heç nəyi dəyişməyib, daha doğrusu, bu 15 ilin dəyişdirdiyi yalnız zahiri dəyişikliklərdir: daha az-az görüşmüşük, umu-küsü bəlkə, daha çox olub, hətta mətbuata da çıxıb və obıvatelə ləzzət edib, onu ehtizaza gətirib və görünür, bu yerdə bir az səhv etmişik, bizim ədəbi mühitdəki ədəbi-əqli gerçəkliyi saya salmamışıq (bəlkə də düz etmişik?); bəzən sorağı bir-birimizdən yox, qəzetlərdən, televiziyadan, internet saytlarından almışıq, ancaq mənim düşüncəmə görə bütün bunlar münasibətlərin daxili mündərəcatında cücərərək kök salmayıb.
Ancaq, deyəsən, təkrara varmamaq üçün 15 il bundan əvvəl yazdığım o yazıya baxmaq lazımdır və mən indicə başladığım bu yazını yarımçıq qoyub, Anarın 60 illiyinə yazdığımı tapıb yenidən nəzərdən keçirirəm.
... Qəribədir, həmin yazı da, demək olar ki, eyni başlanğıcla başlayır: "Anarın 60 yaşı tamam olur və belə bir gündə Anar haqqında söz deməyi mən özümün mənəvi borcum hesab edirəm..."
İstəyirəm oxucu mənə inansın ki, bu - mənim qurduğum "ədəbi fənd" deyil, tam bir təsadüfdür, hətta mən indicə yazdığım başlanğıcı dəyişmək də istədim, ancaq nə üçün dəyişim? Mən buna qəribə dedim, əslində isə, görünür, bu, qəribə yox, sadəcə olaraq həqiqətin ifadəsidir.
2.
Dünyada söz-söhbət mövzularından çox nə ola bilər? - ancaq bu saysız mövzular arasında elələri var ki, mən onu yalnız Anarla danışa bilərəm, başqa heç kimlə və güman edirəm ki, Anar da mənə dediklərini başqa bir həmsöhbətə deyə bilməz, həm də, indiki halda söhbət yalnız dünyanın hansısa, Aşıq Cüma demişkən, "pünhan" sirrlərindən, yaxud İsgəndərin buynuzları ilə bağlı quyu ehtiyacından getmir, çünki bəzən ən sadə həyati söhbətlər münasibətlərin daha artıq məhrəmliyini tələb edir.
Arzular da çox olub və nə yaxşı ki, bu uzun illər boyunca o arzu-istəklərin bir qismi həyata keçib. Ən böyük arzulardan biri, əlbəttə, Azərbaycanın yenə də müstəqil bir dövlət olması idi və biz bunu gördük. Başqa böyük bir arzu Söz azadlığı idi və bunu da biz gördük. Ancaq, sən demə, Söz azadlığı istedadla bahəm əsil ədəbiyyatı yaratdığı kimi, ədəbi mühiti xəstələndirə də bilirmiş. İstedad Söz azadlığını tələb etdiyi kimi, qrafoman da, iddialı heçlik də Söz azadlığından geninə-boluna istifadə etməyi bacarır və böhtandan, qarayaxmadan, şaiyəçilikdən tutmuş roman, poema, şeir adı ilə nəşr olunan maklaturaya qədər belə bir eybəcər bacarıq nəticəsində bu gün bizim ədəbi mühitin (ədəbiyyatın yox, hətta ədəbi prosesin də yox, məhz ədəbi mühitin!) ambulator yox, stasionar müalicəyə ehtiyacı var.
Bu fikirlər, olsun ki, yenə haray-həşirlə "Elçin Anar haqqında yazısında Söz azadlığının əleyhinə çıxıb!" kimi dedi-qodu yaratsın, ancaq mən, aydın məsələdir, Söz azadlığının əleyhinə deyiləm (bu, gülünc bir şey olardı!), söhbət Söz azadlığından bu azadlığa layiq şəkildə istifadə etməkdən gedir.
Və bu yerdə deməliyəm ki, mən heç istəməzdim, Anar bəzən olduğu kimi, ədəbi mühitdəki bu bulanıq ab-havadan əsəbiləşsin, hərdən vaxtını layiq olmayan ünvanlara cavab verməyə həsr etsin, çünki Anar yaxşı bilir ki, sənət bütün epoxalarda qeyri-sənətlə, hətta anti-sənətlə yanaşı addımlayır, təhlillə, həqiqi qiymətlə, təqdir və tənqidlə, alqışla böhtan, qarayaxma, kin-küdurət, şöhrətlə iddia, istedadla qrafoman həmişə tərəf-müqabil olub və Zaman da həmişə sənətin və istedadın yanında olub.
Başa düşürəm ki, adam bəzən hissə qapılır və ədəbi mühitdəki həmin bulanıq ab-havanın göstəricisi olan kin-küdurətin yaratdığı o böhtan və qarayaxmaları gələcək qarşısında cavabsız qoymaq istəmir, ancaq "gələcək" nədir? - zaman və zaman da, dediyim kimi, həmişə sənətin və istedadın, indiki halda Anarın yanındadır.
Bəşəriyyətin ən böyük kitablarından biri "Don Kixot" deyilmi və hanı indi o böyük kitabın yazıldığı dövrdəki o miskin qarayaxmalar, böhtanlar? Elə öz yaxın keçmişimizdə Azərbaycan mətbuatı Mirzə Fətəliyə, Zərdabiyə, Mirzə Cəlilə, Sabirə, Nərimanova, Üzeyir bəyə, Əli bəy Hüseynzadəyə, Əhməd bəy Ağayevə, Ərəblinskiyə atılan böhtanlarla, qarayaxmalarla, şaiyəçiliklə, kin-küdurətlə dolu deyilmi? Əlbəttə, bütün bunlar hamısı məlum məsələlərdir və təəssüf ki, hərdən xatırlamağa məcbur olursan. Söz azadlığına alternativ yoxdur və gerçəklik də bundan ibarətdir ki, onu yalnız arzulamaq, ondan yalnız ədəbiyyatın inkişafı naminə istifadə etmək kifayət deyil, ona dözmək də lazımdır.
Söz azadlığı dedi-qodunu ictimailəşdirir, yəni onu mətbuata, əsasən də, təbii ki, sarı mətbuata çıxarır və bu yerdə mən özümə sual verirəm: bəyəm sovet vaxtı bizim ətrafımızda dedi-qodu yox idi? Bəyəm gənc Anarın hekayəsi Sovet İttifaqının Mərkəzi Televiziyasında səhnələşdiriləndə və bu televiziya tamaşasında SSRİ xalq artisti Lyubov Dobrjanskaya kimi böyük rus artistləri iştirak edəndə, yaxud Edvard Radzinski onun hekayəsi əsasında ssenari yazanda və "Mosfilm" də film çəkəndə, yaxud da "Literaturnaya qazeta"da Anarın bir yazısı dərc ediləndə, öz qələmlərindən bir şey çıxara bilməyən nadan dedi-qodu həvəskarları bunu cürbəcür şaiyələrlə, "tanışlıqlarla" yozmurdular? Bəyəm mən özüm həmin "Literaturnaya qazeta"da, yaxud "Voprosı literaturı"da, "Yunost"da bir yazım çıxanda üzümə gülüb məni təbrik edən, arxada isə şaiyə yayanları, danos yazanları az görmüşəm?
Əslində Anarın hər bir yeni əsəri, publisistikası, ədəbi-tənqidi mülahizələri böhtançılığa və qarayaxmaçılığa verilən ən yaxşı cavabdır. Anar bizim X1X əsrin ikinci yarısı, XX əsrin əvvəllərində yazıb-yaratmış, fəaliyyət göstərmiş yuxarıda adlarını çəkdiyim böyük ədiblərin, maarifçilərin, mədəniyyət xadimlərinin XX əsrin ikinci yarısı, XX1 əsrin əvvəllərindəki, təəssüf ki, az saylı davamçılarından biridir.
"60-cılar Nobel almadı" - bu gün bizim ədəbi mühitdə tez-tez səslənən mənasız fikirlərdən biri də, misal üçün, budur və kimi bunu həqiqi təəssüf hissi ilə deyir, kimi də bundan kam alır.
Nobel mükafatı haqqında məlum arqumentləri təkrar etmək istəmirəm, ancaq bu məqamda İlyas Əfəndiyevlə bağlı bir xatirəni söyləmək isitəyirəm. Düzdür, mən bunu artıq bir dəfə yazmışam, ancaq elə bilirəm ki, yenə də söyləməyim yerinə düşər.
Bir dəfə İlyas Əfəndiyevlə söhbət edirdik, çox zaman olduğu kimi, söz yenə gəlib ədəbiyyatın üstünə çıxdı və İlyas Əfəndiyev, görünür, hansısa daxili ovqatın təsiri ilə əlini kitabxanasına tərəf uzadıb:
- Bunlardan
sonra biz niyə yazırıq?- dedi.
Doğrusu,
o zaman - 25-30 il bundan əvvəl İlyas Əfəndiyevin
dilindən verilən o sual mənim üçün gözlənilməz
səsləndi.
"Bunlar"
- yəni İlyas Əfəndiyevin o zəngin
kitabxanasındakı Homer, Nizami, Dante, Füzuli, Servantes,
Şekspir, Molyer, Höte, Balzak, Lev Tolstoy...
O zaman mən
İlyas Əfəndiyevin o sualına belə cavab verdim ki, yəqin
hər bir yazıçı öz xalqının tarixi və
taleyi kontekstində qiymətləndirilməlidir, belə
olmasaydı "bunlardan" sonra yeni-yeni nəsillər də
gəlməzdi və doğma ədəbiyyatlarını
yaratmaz, inkişaf etdirməzdilər. Düzdür, İlyas Əfəndiyev
yəqin həmin məqamda içindəki ovqatın təsiri
ilə bu sözləri ironik bir təbəssümlə
qarşıladı, ancaq elə bilirəm ki, ədəbiyyat
tarixində "bunlar" həmişə olub və əsrlər
boyu "bunlardan" sonrakı yaradıcılıq prosesinin
davam etməsi ədəbiyyatın missiyasından doğan əbədi,
həmişəlik bir prosesdir.
Mən ona görə bu epizodu xatırladım ki, Anar
öz doğma xalqının tarixi və taleyi kontekstində
yaradıcılığı yüksək qiymətə malik
görkəmli ədibdir. Mən əvvəllər də dəfələrlə
yazmışam ki, sənətdə və o cümlədən
də, təbii ki, ədəbiyyatda sənətə aparan yol
millidən keçir, milli kökləri olmayan sənət bəşəri
yox, zahirən kosmopolit pərdəsinə
bürünmüş bir şeydir, çünki böyük
mənada kosmopolitliyin özü üçün də
millilik keçilmiş bir mərhələdir.
Anar milli ədəbiyyatın, milli mədəniyyətin
maraqları ilə yaşayan və həmin maraqları ən
yüksək tribunalardan müdafiə etməyə qadir bir
intellektual, həmin milli ədəbiyyata, mədəniyyətə
nəinki səriştəli qiymət verməyi bacaran, eyni
zamanda həmin mənəvi dəyərlərlə fəxr edən
görkəmli ədəbiyyat, mədəniyyət xadimidir.
Anar, necə deyərlər, qanıyla, canıyla öz
xalqına bağlı olan, genetik yaddaşa, zövqə və
təəssübkeşliyə malik bir qələm sahibi, bir vətəndaşdır. O, azərbaycanlı
xarakterinin, indi dəbdə olan sözlə desək,
mentalitetinin koloritini duyan, hiss edən mənim uzun illər boyu
tanıdığım az adamlardan biridir.
Baxın,
"Dədə Qorqud"dan Mirzə Fətəliyə, Mirzə
Cəlilə, Üzeyir bəyə qədər, İçəri
Şəhərdən, xalça sənətindən,
muğamdan tutmuş Səttar Bəhlulzadənin, yaxud Mir
Cavadın tablolarına qədər böyük bir milli-mənəvi
sərvət Anarın yaradıcılığında
özünün həm bədii, həm də publisistik ifadəsini
tapmışdır. Eyni zamanda, Anar qərb və rus ədəbiyyatının
mütaliəsinə, dünyagörüşünün
geniş miqyasına görə də mənim həyatda təsadüf
etdiyim çox az şəxslərdən,
ziyalılardan biridir.
Yadıma gəlir,
60-cı illərin əvvəllərində Anarın elə
ilk hekayə və povestləri necə səs saldı, öz
məxsusiliyi ilə necə seçildi. O zamanlar mən
dəfələrlə bunun şahidi olmuşam ki, gənclər
Anarın o ilk yazılarını hansı bir həvəslə
oxuyurdu və o hekayələr, povestlər gənclikdə ədəbiyyatla
bağlı necə bir ruh yüksəkliyi, bir coşğunluq
yaradırdı.
Anarın hekayələri, povestləri Azərbaycan nəsrinin
inkişafında, yeni-yeni bədii-estetik çalarlar əldə
etməsində rol oynadığı kimi, dediyim o ruh yüksəkliyi,
o coşğunluq da bizim oxucuların bədii
zövqünün formalaşmasında rol oynadı.
O hekayələrlə
ədəbiyyata gələn Anar, elə o hekayələrlə
də layiq olduğu şöhrəti qazandı və illər
keçdikcə o gənc yazıçı görkəmli
nasir oldu, görkəmli publisist, ədəbiyyatşünas, sənətşünas,
dramaturq, rejissor oldu, tərcümələr etdi, hətta...
şeir də yazmağa başladı...
3.
Xatirələr
məni 60-70-ci illərə aparır, o gözəl günlərə
ki, mənim Vaqif küçəsi (indiki Həsən Seyidbəyli
küçəsi) 30-da həyətdən altıncı,
küçədən isə dördüncü mərtəbədə
16 kv.m.-lik mənzilim, Anarın isə qonşu blokda həyət
tərəfdən ikinci mərtəbədə, küçə
tərəfdən isə yarımzirzəmi olan mənzili var
idi və Anargilin o mənzilinin bir tərəfində Tural
balaca olduğu üçün (Günel isə hələ
dünyaya gəlməmişdi) balkona çıxıb siqaret
çəkmək olurdu, o biri tərəfində isə
küçədə gəzən Bakı sakinlərinin
ayaqqabıları görünürdü.
Dediyim o
gözəl günlərdə Anarın həmin mənzilində
xudmani məclislər qururduq və bəzən səhərə
qədər çəkən o məclislər heç vəchlə
yalnız yeyib-içməkdən ibarət deyildi, daha
artıq dərəcədə həyat barədə,
dünyanın işləri barədə,
yaşadığımız ölkənin - Sovet
İttifaqının gerçəkləri barədə
etibarlı söhbətlər, ədəbi müzakirələr
üçün məhrəm, doğma şərait yaradan, mənəvi
tələbatdan gələn görüşlər idi:
dünyada baş verən siyasi-ictimai olaylar, ən son ədəbi
hadisələr, ən son kitablar, filmlər, "samizdat" nəşrləri,
yeni fikirlər, planlar, yeni ideyalar...
Yadıma
gəlir, Anar Moskvadan Sartrın Nobel mükafıatından
imtina etməsi barədə bəyənatını gətirmişdi,
"Mən nə üçün Nobel mükafatından
imtina etdim?" adlı o məşhur və bugünkü nəşrlərdə
geniş yayılmış bəyanatı Sartr Parisdə
İsveç jurnalistləri ilə görüşdə
vermişdi, ancaq o bəyanat elə o zaman dünya ictimai fikrində
səs salsa da, SSRİ-də onun çapı qadağan
edilmişdi. Onu "samizdat" rus dilinə tərcümə
edib makina yazısı ilə qrankalarda yaymışdı və
o bəyənatı da Anar özünə xas olan həvəs
və həyəcanla həmin gecə məclislərindən
birində bizə oxudu: mən idim, Araz Dadaşzadə idi,
Yusif idi - indi xatırladığım bunlardır.
O bəyanatın
mənə necə təsir etməsi indiyə qədər -
aradan bu qədər illər keçdikdən sonra da mənim
hissiyatımdadır. O zaman mən aspiranturanı yenicə
bitirib Nizami adına Ədəbiyyat və Dil İnstitutunda
(sonra müstəqil Dil İnstitutu yarandı) kiçik elmi
işçi işləyirdim və o bəyanatı Anardan
götürüb özüm makinada qara kağızla bir
neçə nüsxədə üzünü
köçürdüm, bu gün tez-tez
xatırladığım unudulmaz insanlara, əsil ədəbiyyat
adamları olan bizim nəzəriyyə şöbəmizin
müdiri, akademik Məmməd Cəfər müəllimə,
institutun direktor müavini işləyən Kamal Talıbzadəyə,
bizim şöbədə baş elmi işçi işləyən
Yaşar Qarayevə, onlar oxuyandan sonra da başqalarına
verdim.
Bu
yazının mövzusundan kənara çıxsam da bir
gülməli epizod yadıma düşür: o zaman rəhmətlik
Xəlil Rza da (hələ "Ulutürk" deyildi) bizim
institutda işləyirdi və böyük bir həvəs və
yorulmazlıqla gördüklərini, eşitdiklərini, elədiklərini
hər gün mütəmadi gündəliyinə
yazırdı. Mən Sartrın o bəyənatını
Xəlilə də verdim. Arazda çox güclü yumor
hissi var idi, eyni zamanda, hamımızdan daha ehtiyatlı idi və
bəyanatı Xəlilə verdiyimi eşidəndə gülə-gülə:
"- Sənin işin xarabdı!"- dedi. "Niyə?"
"KQB Xəlili addım-addım izləyir,
gec-tez onun gündəliklərini əldə edəcəklər,
görəcəklər ki, Sartrın bəyanatını ona sən
vermisən!"
Ancaq mən yenə Anargildəki o gecə
görüşlərinə qayıdıram. Tez-tez yeni
yazılarımızı bir-birimizə oxuyurduq və o
yazılara görə sidq-ürəkdən gələn bir səmimiyyət
və hərarətlə bir-birimizi təbrik edirdik,
iradlarımızı da eləcə bir səmimiyyətlə
bildirirdik (ədəbiyyatla bağlı kompromis yox idi!), ən
başlıcası isə, kimin yazdığından
asılı olmayaraq hər bir uğurlu yazı öz şəxsi
uğurumuz kimi bizi sevindirirdi, fərəhləndirirdi və həvəsləndirirdi.
Yadıma gəlir, Anar yenicə yazdığı
"Adamın adamı" pyesini oxuyanda necə
qızğın müzakirə etdik, yaxud mən
"Qatar.Latur.
Pikasso. 1968" hekayəsini oxuyandan sonra
cibində pul olanda dinc otura bilməyən Yusif Səmədoğlu
rus dilində: "Eto xoroşaya li-i-iteratura, Qa-a-aqili (məni belə çağırırdı,
Anara isə "A-a-anari" deyirdi).- dedi və ayağa
qalxdı: - Getdik!.."
Və bizi köhnə "İnturist"ə
apardı.
O da
yaxşı yadımdadır ki, Anar Vaqifin (onda hələ Səmədoğlu
deyildi, sadəcə Vəkilov idi) bir dəftər şeirlərini
əlyazmasında götürüb, özü makinada
yazmışdı və Vaqif oldu-olmadı, uzaqgörən
çeşməyini yuxarı qaldırıb həmin şeirləri
bərkdən oxuya-oxuya o şeirlərə sevgisini
başqaları ilə də bölüşmək istəyirdi.
İndi
fikirləşirəm ki, Anarın o yarızirzəmi mənzili
əslində o zaman üçün elitar ədəbi klub kimi
bir şey idi və Araz Dadaşzadə, Yusif Səmədoğlu,
Emin Sabitoğlu, Rəhman Bədəlov, başqa bir-iki nəfər
o "ədəbi klubun" "üzvləri" idi, bəzən
Toğrul Nərimanbəyov da gəlib gecə saaat 3-də
Kavaradosinin ariyasını oxuyurdu (qonşular yaxşı
adamlar imiş!), bəzən də Emin Sabitoğlu Mirzə
Babayevlə gəlirdi və şux, duzlu, baməzə bir adam
olan rəhmətlik Mirzə kişi yaş fərqinə
baxmayaraq, özünü bizlərdən biri kimi aparır,
Eminlə lap yenicə hazırladıqları mahnını
Eminin pianoda müşaiyəti ilə ləzzətlə
oxuyurdu (Mirzə kişi ilə mən xüsusən son illərdə
konsertlərdə, müxtəlif tədbirlərdə, xeyirdə-şərdə
tez-tez görüşürdüm, hərdən də işdə
mənim yanıma gəlirdi və onun ən böyük arzusu
özünün 90 illiyində səhnəyə
çıxıb oxumaq idi, lap az qalmışdı, hayıf
qismət olmadı).
Əlbəttə, tələsik (amma dadlı!) salat
hazırlamaqdan tutmuş süfrə
açıb-yığışdırmağacan o unudulmaz (və
bəzən də, dediyim kimi, haylı-küylü!) gecə
görüşlərinin bütün əziyyətini çəkən
isə Anarın vəfalı həyat yoldaşı Zemfira idi. Zemfira Səfərova bu
gün görkəmli musiqişünas alimdir və mən o
uzaq keçmişdə qalmış o gözlənilməz
gecə məclislərində Zemfira xanıma verdiyimiz əziyyətləri
yadıma salıb özümüzü qınayanda, təsginliyi
onda tapıram ki, əslində, Zemfira xanım da bizim səmimi
və istəkli bir bacımız, dostumuz, o "ədəbi
klubun" üzvü olan məsləkdaşımız idi.
Deyirlər, divarın da qulağı var, ancaq həqiqətən
divarın qulağı olsaydı, Anarın o mənzilindəki
söhbətlərə görə KQB çoxdan bizimlə
haqq-hesab çürütmüşdü.
Bu gün
yalan-doğru, bilən də, bilməyən də, görən
də, görməyən də Sovet İttifaqını
söyür, hərdən tərifləyənlər də
var, ancaq bizim söyüb, yaxud tərifləməyimizdən
asılı olmayaraq, bu nəhəng imperiyaya obyektiv qiyməti
tarix verəcək. İndiki halda həqiqət isə bundan
ibarədir ki, Anar da, mən də, adlarını çəkdiyim
və çəkmədiyim başqa dostlarımız da sovet
sisteminə, Sovet İttifaqındakı siyasi
riyakarlığa, senzuraya, ictimai yalana və ictimai əxlaq
pozğunluğuna, deyilən ilə mövcud arasındakı
təzada, bu ölkənin beton sərhədlərinə nifrət
edirdik və yeri gəlmişkən deyim ki, bu nifrət, belə
bir daxili barışmazlıq "60-cılar" dediyimiz ədəbi
nəslin istedadından, yaradıcılığının səviyyəsindən
asılı olmayaraq bütün nümayəndələri
üçün səciyyəvi bir xüsusiyyət idi və
onların, o cümlədən də
"60-cılar"ın ən parlaq nümayəndələrindən
biri olan Anarın
yaradıcılığının ümumi əhəmiyyəti
də, mənim fikrimcə, bu yaradıcılığın məhz
belə bir dünyagörüşü üzərində
köklənməsidir.
Sovet
İttifaqında - 60-70-ci illəri, 80-nin birinci
yarısını, hələ Qorbaçov "yenidənqurmasının"
başlanmadığı dövrü nəzərdə tuturam
- guya Cambul Cabayevin yazıdığı "Batır Yejov
haqqında dastan" kimi biabırçı falsifikasiyalar daha
təşkil və təbliğ edilmirdi, Semyon Babayevskinin
"Qızıl ulduzlu qəhrəman", yaxud həmişə
rəsmi ümumittifaq ədəbi tədbirlərində rəhbər
dekorasiya atributu kimi rəyasət heyətində oturan və həmişə
də bütün tədbir boyu yatan Berdı Kerbabayevin
"Ağ qızıl ölkəsinin Aysoltanı" kimi
parlaq sosrealizm nümunələri olan romanları, yaxud da
Anatoli Sofronovun "Bir şəhərdə", "Moskva
xarakteri" kimi pyesdən çox əyani təbliğat
materiallarını xatırladan "əsərlər"
daha Stalin mükafatı almırdı, Maksim Qorki adi
aşıq Süleyman Staliskini böyük təntənə
ilə "XX əsrin Homeri" adlandırmırdı, ancaq
bu dəfə də partiya ideologiyasının təyinatı
ilə ədəbiyyat generalları olmuş "toxunmazlar"
Lenin mükafatları alırdı, redaksiyalarda, nəşriyyatlarda
ədəbiyyata münasibətdə partiya
"meyarlar"ı hakimi-mütləqliyi əldən verməməyə
çalışırdı, amma bütün bunlarla bərabər,
Moskva mətbuatında ümumittifaq miqyaslı proqressiv ədəbi
proses də baş qaldırır və get-gedə güclənirdi.
Bu
proqressiv ədəbi prosesin bizim "60-cılar"ın ən
aparıcı nümayəndələrinin, o cümlədən
də, təbii ki, Anarın ədəbi simasının müəyyənləşməsində,
layiq olduğu ədəbi nüfuzu qazanmasında, şübhəsiz
ki, ciddi rolu oldu. Anar da daxil olmaqla bizim
"60-cılar"ın həmin nümayəndələri
ümumittifaq ədəbi prosesinin müşahidəçiləri
yox, öz bədii əsərləri və ədəbiyyatın
aktual problemlərinə həsr olunmuş konseptual məqalələri
ilə o ədəbi prosesin bilavasitə
iştirakçılarına çevrildi, bu isə, aydın
məsələdir, istedad və savad tələb edirdi.
4.
Qalxıb fotoalbomları varaqlayıram.
Budur,
Anar, Araz Dadaşzadə, mən. 1968-ci il. Bu fotoşəkil, əgər səhv etmirəmsə,
biz Qobustanda qayalıqları gəzdikdən sonra, elə orada
çəkilib.
O vaxt
kimin ağlına gələrdi ki, mən bu sübh
çağı Anarın 75 illiyinə yazı
yazdığım bir vaxtda, artıq iyimi üç il olacaq
ki, Araz haqq dünyasına köçüb və mən hər
dəfə 2-ci Fəxri Xiyabana gedəndə Arazın
başdaşını görəndə diksinirəm,
çünki Arazın yoxluğu bu gün də mənim
üçün inanılmaz bir şeydir. Bu iyirmi üç
il, heç şübhə etmirəm ki, Arazı Anardan nəinki
uzaqlaşdırmayıb, əksinə, xatirələrin
doğmalığı və hərarəti onu Anara daha da
yaxınlaşdırıb və onların dostluğunun
"stajı" da xeyli artıq idi...
Anar, Fikrət
Qoca, mən. Bu da 60-ın sonları, 70-in əvvəlləridir
və nə yaxşı ki, o uzaq gözəl illər Anarla
Fikrətin bir-birinə bugunkü münasibətindən qətiyyən
inciməyib, nə yaxşı ki, onlar yenə bir yerdədir.
Anar, Yusif
Səmədoğlu, mən. Yenə 60-cı illərin
sonlarıdır. O vaxt kimin ağlına gələrdi
ki, sağlam, canlı, şux Yusifin duzlu-məzəli
zarafatları, ağayanalığı, qrafomanlıqla (və
qrafomanlarla!) bağlı ironik atmacaları bizim xatirələrimizə
çevriləcək...
Yusifin bir sözü yadıma düşdü, elə o
vaxtlardan da hafizəmə hopub, hətta, indi dəqiq
xatırlamıram, hansı yazımdasa yazmışam da. Bir dəfə, elə həmin
illər - 60-ın sonları, 70-in əvvəlləri idi,
Yusif, Anar və mən, gecə saat 12-dən sonra Dənizkənarı
bulvarda o zaman yeni salınmış "Venesiya"nın
arxasında, budaqları sallanıb yerə dəyən
söyüd ağacının altında həmişəki
kimi oturmuşduq. Həmişəki kimi də "Venesiya"nın gecə gözətçisi İbad
dayı özü bişirdiyi toyuq içalatı ilə
yumurta çığırtmasını elə tavanın
içində və xüsusi olaraq bizimçün
saxladığı bir şüşə "Moskovski" ilə
birlikdə xəlvəti gətirib mizimizin üstünə
qoymuşdu. Söhbət bu dünyanın işlərindən,
həyatdan, ölümdən-itimdən düşdü və
o zaman Yusif barmağını göyə uzadıb, gözəl
kəkələməsi ilə:
- hə-ə-ər
şey o-o-orda məlum o-o-olacaq...- dedi.- Ora ge-e-edəndən
sonra hə-ə-ər şey aydınla-a-aşacaq...
Yusif
artıq 15 ildir ordadır və yəqin ordan bizə baxıb
hərdən-bir bizim bu dünyada hansısa "dünyəvi"
istəyimizə, hərəkətimizə, əsəbiləşməyimizə
baxıb, qayğılarımızı görüb
başını bulaya-bulaya bütün bunların mənasızlığına
gülümsəyir...
Budur, İlyas Əfəndiyev və Anar. 80-ci illərin
sonlarıdır. Nə münasibətləsə
Bakı küçələrindən birində çəkilib.
Bu da Rəsul Rza ilə mən. Arxasında yazı var: 1980-ci ilin
fevralında Yazıçılar İttifaqında çəkilib.
İlyas Əfəndiyevlə Rəsul Rza da indi haqq
dünyasındadırlar, biz isə, əzizim Anar, hələ
ki, bu dünyadayıq.
Sənin
60 illiyinə yazdığım o yazı belə bir diləklə
qurtarırdı: "Allah... bizə qismət etsin ki, yenə
iyirmi beş-otuz ildən sonra (dünyada o qədər
möcüzələr olur ki!) yenə də
canlı Anar haqqında... yazım... o zaman tamam başqa bir
dünya olacaq".
"Başqa
bir dünya" barədə bir söz deyə bilmərəm,
ancaq mənim o otuz il diləyimdən hələ
yalnız on beş il keçib və on beş il də hələ
irəlidədir.
Ancaq o
otuz ili də gərək bir az
çoxaldaydım...
Belə
hiss edirəm ki, deyəsən, sənin 75 illiyinə
yazdığım bu yazı ənənəvi təbrik
yazıları çərçivələrinə tam
uyğun gəlmir, ancaq bu, görünür, əvvəldə
dediyim həmin təhtəlşüur mənəvi öhdəlikdən
gələn bir sərbəstlikdir və bu yerdə mən bu
yazını sidq-ürəkdən gələn, eləcə də,
ənənəvi təbriklərə uyğun olan arzularımı
sənə bildirməklə bitirmək istəyirəm: nə
qədər mümkündürsə, o qədər çox
yaşa, nə qədər mümkündürsə, səmimi
və mehriban ailənlə birlikdə o qədər xoşbəxt
ol, nə qədər mümkündürsə, o qədər
yaz-yarat.
Sənin
60 illiyinlə bağlı o yazım belə adlanırdı: "Qocalığa
hələ çox qalıb" və mən sənin 75
illiyinlə bağlı bu yazının da adını elə
o cür qoyuram: "Qocalığa hələ çox
qalıb".
Ədalət.-2013.-15
mart.-S.6.