Şeir təhlilləri
III yazı
Abdulla Şaiq
Vətən
Ey
çeşmimin önündə mücəssəm, vətən,
vətən!
Qəlbim
kimi ələmlərə həmdəm, vətən, vətən!
Fikrim
sarayını dolaşırsan zaman-zaman,
Qanlı
kəfənlə dərd ilə toəm vətən, vətən!
Baxdıqca
həsrət ilə o solğun camalına,
Çeşmimdə
tar görsənir aləm, vətən, vətən!
Axşam-səhər o gül üzünü isladan nədir?
Göz yaşlarınmı, yoxsa ki, şəbnəm? Vətən, vətən!
Dəhşət
içində cismi şərifin donub durur,
Nolmuş
vücudi-pakinə bilməm, vətən, vətən!
Baxdıqca
gül-çiçəkli o gülgün çəmənlərə,
Möhnət
evi sanır onu adəm, vətən, vətən!
Sənsən
səbəb bəqayi-dilu cani-natəvan,
Canım
kimi nolar səni sevsəm, vətən, vətən!
Gördükcə
dərdini əriyir cismi-natəvan,
Ney tək
sızıldayır dili-pürqəm, vətən, vətən!
Qarşımda
dərd, matəmə batmış gözəl mələk,
Səslər
həzin səda ilə hərdəm, vətən, vətən!
Ey xaki-pak söndümü parlaq ziyaların?
Oldunmu zülmə, möhnətə həmdəm, vətən,
vətən?
Övladi-naxələfmi səni saldı bu günə?
Eyvah, bu dərd,
möhnətə dözməm, vətən, vətən!
Aç,
aç o qəmli köksünü, ey məxzəni-məlal,
Bas
bağrına bu Şaiqi möhkəm, vətən, vətən!
Poeziyamızda "Vətən"
mövzusuna qısa bir ekskurs
Vətən millətin
varlığını təşkil edən ünsürlərdən
biridir. Bizim fərdi
varlığımızla vətən arasında bir cövhər
birliyi vardır. Varlığımızın
mayası vətən torpağından yoğrulmuşdur.
Bu səbəbdən də insan
övladının vətəni sevməsi, onun şəninə
nəğmələr qoşması, şeir söyləməsi,
uğrunda iztirab çəkməsi və ölməsi tamamilə
təbiidir. Vətənə olan sevgi hər
zaman ədəbiyyatın baş mövzularından biri
olmuşdur. Bizim yazılı ədəbiyyatımızda
da vətən mövzusunun çox qədim tarixi və dərin
kökləri vardır. Bu köklər
şifahi xalq ədəbiyyatımızdan qidalanaraq klassik ədəbiyyatımızda
yeni çalarlarla davam etdirilmişdir. Bir tərəfdən
klassik şerimizdə təbiət-vətən
hüsni-mütləqin (Allahın) təcəlləsidir, canlıdır,
insanla bütünləşmiş şəkildədir, ona
görə də mücərrəddir, simvolikdir. Təsəvvüf şairlərinə görə isə
təbiət metafizik (aləmi-bəqa) dünyadır. Digər tərəfdən klassik romantik şeirimizdə
vətən sevgilinin, məşuqun olduğu,
yaşadığı yerdir. Füzulinin məşhur:
Edəməm
tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir,
vətənimdir, vətənimdir, vətənim-
misraları dediyimizə ən parlaq sübutdur.
"Vətən
sevgilidir" - klassik ədəbiyyatda rast gəldiyimiz bu fikir
XX əsr Azərbaycan romantik lirikasında daha sıx və
ardıcıl şəkildə deyilmişdir. Romantik
lirikada vətən mövzusu və ideyası qədim ədəbi
ənənələrə söykənsə də,
böyük ölçüdə fərqli və yenidir.
Romantik poeziyamızda vətənə məhəbbət iki
tip şeirlərdə əksini tapmışdır: a)
mövzusu təbiətdən götürülmüş, vətənin
təbii gözəlliklərini təsvir edən şeirlərdə;
b) vətənin taleyindən bəhs olunan şeirlərdə.
Birinci tip şeirlərdə romantik şair konkret obyektin,
ayrıca götürülmüş təbiət mənzərəsinin,
vətən torpağının bir parçasının təsviri
ilə məşğul olur. İkinci tip şeirlərdə
isə o, açıq şəkildə, monoloqvari vətənin
taleyindən, halından, vəziyyətindən söhbət
açmaqla özünün Vətənə olan sonsuz məhəbbətini
ifadə edir. Birinci tip şeirlərdə təsvir üsulu əsasdırsa,
ikincilərdə tərənnüm və
çağırış aparıcı mövqedədir. Görkəmli romantik şair və maarifçimiz
Abdulla Şaiq hər iki tipdə yaddaqalan şeirlər
yazmışdır.
Şaiqin haqqında danışacağımız "Vətən" şeiri
ikinci tip şeirlərə parlaq örnəkdir.
"Vətən" şeirinin məzmun
və ideyası
Romantik poeziyada vətənin
taleyi barədə ilk "həyəcan təbili"
A.Şaiqin "Vətən" və A.Səhhətin həmin
şeirə yazdığı cavab məktubunda
çalınır. Hər iki şeirdə
Vətənin dərd və ələmlər məskəninə
çevrilməsindən, onun zülmətə və möhnətə
həmdəm olmasından, övladlarının naxələfliyindən
hüznlü-hüznlü söhbət açılır.
A.Şaiqin "Vətən" şeirində
və eləcə də digər romantik şairlərmizin əsərlərində
müşahidə olunan yeni keyfiyyətlərdən biri odur
ki, vətənpərvər lirik qəhrəmanla vətən
arasındakı münasibət aşiqlə məşuq
arasındakı məhəbbəti xatırladır. Vətən - Leyli misallı bir ünvana, lirik qəhrəman
isə onun səadət vüsalı, azadlıq eşqi ilə
çağlayan Məcnuna çevrilir. Vətənə
məhəbbət, onun taleyinin doğurduğu narahatlıq,
ayrılıq əzabı və qorxusu lirik qəhrəmanı
əsil Məcnun yanğısı ilə fəryad
qoparmağa məcbur edir. Romantiklərin vətənin
taleyindən bəhs edən şeirlərində bir qayda
olaraq, qəm-qüssə, pərişanlıq motivləri
qabarıqdır. Bu, vətənin taleyini
düşünən,
onu azad və cah-cəlallı görmək istəyən
vətənpərvər, vətəndaş şairin kədəridir.
A.Şaiqin "Vətən"
şeiri birinci misradan birbaşa Vətənə xitabla
başlayır:
Ey
çeşmimin önündə mücəssəm, vətən,
vətən!
Bu misradakı
"mücəssəm" sözünün məcazi mənası
"xəyalən cisim halına girmiş, canlanmış bir
şey" deməkdir. Bir coğrafi ərazi,
yurd, məmləkət anlamı verən "Vətən"
kəlməsi Şaiqin şerində şəxsləşmiş,
insana məxsus keyfiyyətlər qazanmışdır. O
da insan kimi ağlayır, qəmlənir, həsrəti çəkilir
və s. Vətən və şairin qəlbi eyni zərbələrə
məruz qalmış, eyni dərdlərə həmdəm
olmuşdur. Klassik sevgi şeirlərində məşuqəyə
sual edərdilər ki, "gül üzünü isladan"
"göz yaşıdır, ya şəbnəm?" Şaiqin şerində isə üzü göz
yaşlarından, ya da şəbnəmdən islanan Vətəndir.
Klassik şair sevgilinin solğun camalına həsrət
ilə baxardısa, Şaiq o sevgilinin yerində Vətəni
görür. Şair klassik ədəbiyyatda gözələ
edilən müraciətlərə, məşuqəyə şamil
edilən bənzətmələrə yeni məzmun
aşılayaraq ünvanı dəyişir.
Füzulinin qəhrəmanı "Ney kimi, hər dəm ki, bəzmi-vəslini
yad eylərəm, Ta nəfəs vardır quru cismimdə fəryad
eylərəm" deyirdisə, Şaiq vətənin dərdlərini
gördükcə qəmli ürəyinin ney
tək sızıldadığını söyləyir. Aşiq məşuqundan ayrı yaşaya bilməyəcəyini
vurğulayırdısa, Şaiqin lirik qəhrəmanı vətənin
dərd və möhnətlərinə dözməyəcəyini
söyləyir. Şeirin sonuna yaxın vətənin
belə dərdli olmasında onun parlaq ziyalarınınmı
söndüyünü, nankor övladlarınınmı
günahkar olduğunu soruşan şair həm də
özünün məsuliyyət və borcunu dərk etdiyini
bildirir. Beytdən beytə şairin
ideyası daha da açılır, vətənə sevgisi
daha artıq təzahür edir. Şeirin
sonu Vətənlə qəhrəmanın bir-birinə
sarılması, bütünləşməsi arzusu ilə
bitir. Şeirdən hasil olan ideya budur ki, Vətənin
xoşbəxtliyi olmadan fərdin, vətəni sevən
insanın xoşbəxtliyi mümkün deyildir.
Şeirin sənətkarlıq
xüsusiyyətləri
"Vətən" şeiri başdan-başa lirizmlə
yoğrulmuş, ilk misrasından son misrasına qədər
hüznün, kədərin, pərişanlığın
hakim olduğu bir şeirdir. Sözlərdəki incə ə
saitinin, s, ş, z, ç, c samitlərinin
çoxluğu və ardıcıl təkrarlanması
üsluba həzinlik gətirmişdir.
Şairin subyektiv
münasibəti onun bütün misralarında
qabarıqdır. Şeirdə Vətənin
dərdlərinin nədən ibarət olduğu hər
hansı hadisə ilə göstərilməmişdir. Şair ümumi şəkildə Vətənin
möhnətə düçar olmasından, qəm, kədər
xəzinəsinə (məxzəni-məlal) çevrilməsindən
söhbət açmışdır. Vətənin "solğun
camalına", "matəmə batmasına",
"qanlı kəfənə bürünməsinə",
"zülmə, möhnətə həmdəm
olmasına" səbəb olan hadisə və ya fəaliyyətə
dair ən kiçik mənzərə, detal belə yoxdur. Bu da təbii ki, şeirin əyanilik və
inandırıcılıq keyfiyyətinə xələl gətirmişdir.
Şeirini vətən-mən
paralelləri üzərində quran, düşüncə və
duyğularını konkret bu iki subyektin timsalında
açıqlayan şair, sonra "adəm" kimi ümumi,
mücərrəd ünvana üz tutur:
Baxdıqca
gül-çiçəkli o gülgün çəmənlərə,
Möhnət
evi sanır onu adəm, vətən, vətən!
Şeirin bəzi beytlərində fikir
dolğunlaşmır, Şaiq birinci misrada deyilən fikri
ikinci misrada məntiq və hissiyyat baxımından bir-birilə
bağlaya, tamamlaya bilmir.
Sənsən
səbəb bəqayi-dilu cani-natəvan,
Canım
kimi nolar səni sevsəm, vətən, vətən!
Və
yxud:
Qarşımda
dərd, matəmə batmış gözəl mələk,
Səslər
həzin səda ilə hərdəm, vətən, vətən!-
beytlərindəki ikinci misra birincidə deyilən fikri qüvvətləndirmir,
təsvir edilən mənzərəni tamamlaya, onu aça
bilmir, yaxud da zəif şəkildə açır. Məlum
olmur ki, "dərd, matəmə batmış gözəl mələk"
deyəndə kim nəzərdə tutulur. Bu vətəndirsə, o zaman belə
çıxır ki, vətən özü-özünü
"həzin səda ilə" səsləyir?
Şeirin söz ehtiyatının zəngin olduğunu
söyləyə bilmərik. Dərhal
görünür ki, şair vətənin faciəsini tam ifadə
etmək üçün zəngin və rəngarəng
söz ehtiyatına malik deyildir. Şeirin 150 kəlmədən
ibarət söz fondunun çoxu (26 dənə "vətən",
5 dənə "o", 4 dənə "dərd", 3 dənə
"ilə", 3 dənə "möhnət" və s.)
təkrarlanır. Lakin qeyd edək ki, bu qüsur ümumi fikrin
və ideyanın çatdırılmasına mane ola bilməmişdir. Şeirdə işlədilən
mənaca yaxın, bəzi hallarda isə sinonim olan dərd,
möhnət, natəvan, qəm, ələm, məlal,
matəm sözləri vətənin durumunun şair qəlbində
oyatdığı duyğular
barədə müəyyən təsəvvür yarada
bilir. Şeirdə ərəb-fars tərkiblərindən
istifadə nisbətən azdır, şair çalışıb
ki, daha çox xalq dilindən gələn ifadələrə
yer versin. Hətta ərəb-fars tərkibləri də, bəzi
istisnalarla, o
zaman üçün asan anlaşılan sözlərdən
yaradılmışdır. Şeir bədii təsvir
və ifadə vasitələri baxımından da zəngin
hesab edilə bilməz. Orijinal, parlaq təşbeh
və mübaliğələr yox dərəcəsindədir.
Təşbehlər əsasən klassik ədəbiyyatdan
gələn sadə təşbehlərdir.
Hər
misranın sonunda
birbaşa edilən xitabın ünvanı vətəndir.
Rədif yerində işlədilən "vətən"
kəlməsi hər misradakı fikri bağlayır,
bütün fikirlərin vətənə
bağlanmasını təmin edir, oxucunun fikrini başqa səmtə
yönəltməyə imkan vermir. Misraların sonunda "vətən"
sözünün iki dəfə təkrarlanması şeirdəki
ahəngi ağırlaşdırsa, ritmi pozsa da, oxucunun diqqətini
mövzuya daha artıq cəmləyə bilmiş, hissi dolğun
şəkildə çatdırmağa yardımçı
olmuşdur.
Şeirdə bir çox hallarda hər
misra özü ayrıca fikir ifadə edirsə, bəzən
fikir iki misrada ifadə
olunur. İki misranın
başlanğıcında "ey" müraciəti şeirə
bir çağırış ruhu da gətirir. Ümumən, şeirdə
çağırış, bədii sual, xitab mühüm yer
tutur. Şeirdəki suallar nə qədər
ritorik səslənsə də, ekspressivliyi,
emosionallaığı artırır, şairin daxili
dünyasını açmağa xidmət edir.
Şeirin qafiyə
sistemi də mükəmməl deyildir. Qafiyələr
isim, sifət və feldən ibarət olub, üç dilin - ərəb,
fars, türk dilinin imkanlarından istifadə
edilərək yaradılmışdır. Ancaq
açıq görünür ki, şair ərəb-fars
sözlərinə uyğun türkcədən kök qafiyələr
tapmaqda çətinlik çəkmiş, bu zaman şəkilçilərin
yaratdığı qafiyəyə üz tutmuşdur (sevs+əm,
dözm+əm, bilm+əm). "Bilməm",
"sevsəm", "dözməm" sözlərinin
qafiyələnməsi birinci şəxsin təkinin şəxs
şəkilçiləri hesabına baş vermişdir.
Söz köklərindən yaranan qafiyələr
də tam və qüvvətli hesab oluna bilməz. "Həmdəm"
qafiyəsi ikinci və iyirminci misralarda təkrarlanmışdır.
Şeir bizə bəlli
olan qəzəl janrında yazılmışdır. Qəzəlin forma tələblərinə tamamilə
cavab verən şeir məzmun baxımından yenidir. Şeirdə biz ağlın oyunları, şair
beyninin quramaları ilə rastlaşmırıq. Şeir bütünlükdə səmimiyyətdən
yoğrulmuş, duyğu və düşüncələr
sanki şairin ürəyindən qəfil
püskürmüşdür. Onda
quruluş, ifadə baxımından da qüsurlar tapmaq
mümkündür. Amma bu şeirin
içindəki səmimiyyət duyğusunu zədələmir.
Şeirin əsl qiyməti də bundadır.
VURĞUN
ƏYYUB,
Filologiya
üzrə fəlsəfə doktoru
Ədalət.-2013.-16 mart.-S.6.