PROYEKTİMİZƏ DAVAM EDİRİK:
ALTMIŞINCILAR
TANINMIŞ JURNALİST ŞAKİR YAQUBOV –
4
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub.
Məsələn,
sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR
adıya bir dərnək də
var. Həmişə könlüm keçib belə bir təşkilat
və ya dərnək bizlərdə də olsun, amma bizlər
ayrı, Türkiyə ayrı. Hər zaman adları
ortalıqda hallanan yazan və sənət adamları
sonrakı nəsil tərəfindən heç də
könül xoşluğu ilə qarşılanmayıb. Bir
ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar
kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən
xatırlatmaq istərdim.
- Publisist ilə jurnalist yazarlığının nə kimi
fərqləri var?
-
Bizim çoxbilmiş nəzəriyyəçilərin nə
deməsindən asılı olmayaraq, mən jurnalistika ilə
publisistikanı bir-birindən ayırar və Leninin təbirincə
desək, gündəlik publisistika işi görən jurnalistlərə
üstünlük verərdim. İndi kimi dindirsən, gündəlik
publisistika işinə ağız büzər və onu
qısaömürlü adlandırar. Zahirən də məsələ
belədir və publisistikadan fərqli olaraq, sən bu an
baş verən hadisəni mənalandırmalı, onun barəsində
ictimai rəyə uyğun gələn fikir yürütməli
və onu dərhal da yazı şəklində formalaşdırıb
oxucuya, dinləyiciyə çatdırmalısan. Burda
azacıq qeyri-dəqiqlik kütlənin redaksiyaya hücumu, məhkəmə
çəkişmələri və daha pis hərəkətlərlə
nəticələnə bilir. Publisistika isə ədəbi-bədii
yaradıcılığın bir forması olub geniş vaxt
intervalında ərsəyə gəlir və həqiqətən
də uzunömürlü olur. Seyranın "Ağdamda Qədir
Məmmədovla "atüstü" söhbət", Səyavuşun "Ağ
dünya", Vidadi Məmmədovun maestro Niyazi ilə
müsahibəsi, yaxud sənin "Lili İvanovanın səsi
və barmaqları" adlı yazılar kimi. Ən
böyük ustalıq gündəlik publisistika işini
böyük publisistikaya çevirməkdir. Hacı Akif
Ağayev "Baku" qəzetində özünün çəkdiyi
Bakı fotopeyzajlarına, Adil Qaçayoğlu isə "Azərbaycan
gəncləri"ndə şəkilçi Rasimin ən
müxtəlif mövzulu fotoşəkillərinə mətn
yazırdılar və bu mətnlər 30-40 il əvvəl
olduğu kimi, 30-40 il sonra da sevilə-sevilə oxunacaq - müəlliflər
onları adilikdən bədiiyyata çevirə bildikləri
üçün... Yekəxanalıq kimi çıxmasın,
mən özümü gündəlik qəzetçi
sayıram, amma filankəs kimi yox, məsələn, Cəmil Əlibəyov
və ya Rəfail Nağıyev kimi qəzetçi! Eyni zamanda, xeyli yazım var ki,
klassik anlamda əsil publisistik nümunələrdir. Elə
mediaforum.az saytında son bir ildə yayımlanan və bu
yaxınlarda tamam təsadüfən
bildiyimə görə, Azərbaycan Universitetində həmkarımız
Elşən Əliyevin
jurnalistika üzrə tədris kurslarında tədris
materialı kimi istifadə etdiyi "Yaddaşımın
küncündən..." rubrikasından olan xatirələrimi
misal göstərə bilərəm...
- Dostlar itirmişik, onların
arasında bizimlə çox yaxın olanları da vardı.
Kimləri xatırlayırsan, kimlərin itkisi səni incidir?
- Bəli,
xeyli insan var ki, onların həyatda yoxluğu adamı
ağrıdır; səninsə sualın, məncə, daha
çox həmkarlarımızla bağlıdır. Bu
sıradan mən öncə BÖYÜK müəllimim Rəfail
Nağıyevi və ömür boyu Atakişiyev kimi
xatırlayacağım Qaçayoğlu Adili qeyd edə bilərəm.
Bu iki insanın ölümü mənə dəhşətli
dərəcədə pis təsir edib, hərçənd hər
ikisi, necə deyərlər, gözüm görə-görə
gedirdi...
Onu da deyim ki, hər hansı bir
insanı istisnasız olaraq hamıya sevdirmək mümkün
deyil. Adi bir misal çəkim. Sənin də imzasını və
özünü şəxsən tanıdığın mərhum
jurnalist, keçmiş "Gənclər"çi Piri Məmmədov barədə
bir-iki ay öncə mediaforum.az-da bir yazım
yayımlanmışdı və həmin yazıda mən bu
insanın hələ 70-ci illərin ortalarında ictimai-siyasi
qəzetdə əsil inqilabi, demokratik ruhlu yazılar dərc
etdirməsini, amma əsil demokratiya dövründə
özünün son dərəcə urvatsız şəkildə
peşəsindən uzaqlaşdırılmasını, bu
gün mətbuatda hətta
kuryer səviyyəlilərin də müxtəlif fəxri
adlara layiq görüldükləri halda bu yazarın heç
bir mükafat almadığını, nəhayət, nə
vaxt dünyadan köçməsini onu tanıyanların
heç birinin bilmədiyini diqqətə
çatdırmışdım. Elə həmin günlərdə
keçmiş iş yoldaşlarının cəmləndiyi
bir məclisdə mən bu barədə söz salanda,
birbaşa olmasa da dolayısı ilə mənə
anlatmağa çalışdılar ki, həmin yazını
yazmaqda düz iş görməmişəm, çünki o
adam həyatda elə layiq olduqlarını alıb... Təsəvvür
edirsənmi, ölənin dalınca danışmağın nə
qədər rəzil bir iş olduğunu bilə-bilə,
bunlar belə deyirdilər və mənim gətirdiyim əks arqumentlərin
də heç birini yaxına buraxmırdılar.
Mən
dəqiq bilirəm ki, bu adamlar da, qeyriləri də Rəfail
müəllim barədə də belə danışarlar; amma
Adil barədə danışanda istisnasız olaraq heç kim
kəkələməz. Bunun da bir səbəbi var: Adil kiminsə
tam yararsız əlyazmasını da 6 ay özündə
saxlaya və sonra onu hərf-hərf təzədən yazıb
dərc etdirə bilirdi, izahı da bu olurdu ki, "qoy
könlü xoş olsun..." Adil mənə, mən Adilə
qardaşdan da yaxın olmuşuq, amma xasiyyətindəki bu
ifrat yumşaqlığı heç vaxt qəbul etməmişəm.
Fikirləşmişəm ki, birincisi, hamam suyu ilə dost
tutmazlar; ikincisi, insan nə qədər pis olsa da son mənzilə
onu urvatlı şəkildə yola salmağa hökmən bir
nəfər İNSAN OĞLU tapılar...
- Jurnalistikamızın bu
günü barədə çox əskik şeylər
danışırlar və sanki bu danışıqlar heç
olmur - hər kəs öz işindədir. Vaxtilə müxtəlif
qəzetlərdə redaktor funksiyalarını da icra etmisən.
Tanıdığım bir çox qələm sahibi sənin
idarəedici istedadının da olduğunu deyir.
İşçilərinlə necə yola gedirdin və redaktor
işləmək çoxmu çətindir?
-
Yox, məndə idarəedici qabiliyyəti yerli-dibli yoxdur. Bunu
hamıdan yaxşı rəhmətlik Şamil Xurşud ifadə
edirdi: planlaşdırma zamanı nömrəyə üçdən artıq yazı
sifariş edəndə "Çox olmadı ki?!" - deyirdi
və bununla da bildirmək istəyirdi ki, onun-bunun adına
dediyin o yazıları onsuz da özün yazacaqsan, bir nəfərə
isə bu dediklərin çoxdur... İndi adbaad sadalamağa
ehtiyac görmürəm, amma təbii ki, qəzetçilikdə
istənilən məsələ ilə bağlı fikri və
əməli ideal səviyyədə olan cəmi 2-3 adama rast gəlmişəm,
qalanlarına heç bir halda etibar eləməmişəm və
bu da şəxsi simpatiyayla bağlı olmayıb. Ona görə
hər şeyi - əlavə əsəb sərf eləmədən
- özüm görməyə
çalışmışam. Amma bunu da elə eləmişəm
ki, kiminsə gözünə girməsin. Təsəvvür
elə, müəlliflər olub ki, hətta imzasını dəyişdirmişəm,
amma onun bundan da xəbəri olmayıb. Bu halda mən daha
özümü saxlamır və adama dişimin dibindən
çıxanı deyirdim ki, heç olmasa dərc olunmuş
yazını oxu və orada nəyin, necə düzəldildiyinə
diqqət ver ki, növbəti dəfə bu qələti eləməyəsən.
Redaktorluq...
Hə, vəzifə mənasında yox, yazı redaktorluğu
mənasında bu, sevimli məşğuliyyətimdir - redaktə
eləyim, yazıya əlavə və düzəlişlər
eləyim, mövzu diktə eləyim, yazını necə
başlayıb necə qurtarmağı söyləyim, tərtibatla
bağlı təkliflər verim və s. Amma geniş mənada
redaktorluq mənlik deyil: mən sözü bir dəfə deyirəm
- hətta ailədə uşaqlarım da bu ruhda böyüyüblər.
Redaksiya kimi bir mexanizmdə isə bir dəfə söyləməklə
işin həllinə nail olmaq mümkün deyil...
Jurnalistikamızın bu günü barədə... Mənim
Şuşa əvəzi sandığım Hikmət
Sabiroğlu bir dəfə dedi ki, sizin jurnalistikada MÜƏLLİMLƏRİNİZ
olub, biz isə qrup halında universiteti bitirib bir redaksiyada birləşmişik
- müəllim də özümüzük, şagird də...
23 ildir ki, belədir. Nə qədər ki, mətbuat aləmində
"şairə-publisistlər" meydan sulayacaq, Azərbaycanda
jurnalistikadan savayı hər şey olacaq!
(Davam edəcək)
abdin41@mail.ru
Ədalət.-2013.-16
mart.-S.15.