GECƏ YARISI
DÖYÜLƏN QAPILAR
Gözünün dərinliyi - Xəzəri
ötüb, keçib,
Xəzər dərinliyində bir
xeyli o tərəfi -
kədər özünə yuva
seçib!..
Oxuya bilmirəm o kədərin
"sim-sim"in
Bəlkə...g
özün açasan tilsimin -
dünyanın son ucundakı kədərin...
Əbülfət Mədətoğlu
Onu tanıdığım gündən gözlərində
kədər görmüşəm. Ürəyində yuva
salan qəm-qüssə gözlərinin dərinliyinə
çöküb. Dalğın baxışlarından
çəkilib getməyən kədərin alt qatında
ümid közərir...
Ümid inam doğurur. "Qiyamət
günü olsa belə əlinizdəki son toxumu torpağa səpin".
Peyğəmbər hikmətinin mənası: ən
ağır günündə də ümidini, inamını
itirməməlidir insan.
Ömrünün qiyamətini evinin qapısı qəfil
döyüləndə görmüşdü o.
"Oğul, qapın həmişə xeyirə
açılsın, - xeyir-dua verəndə anası deyərdi,
sonra əllərini göyə qaldırıb Tanrıya
yalvarardı, - İlahi, rəva görmə mərd
qapısını namərd döysün".
Onun qapısı isə gecə yarısı elə
döyüldü ki, səksənib çarpayıdan
yıxıldı. Böyrü üstə qapıya sarı boylanıb
qulaq verdi. Tanış səs
idi. Ani sükutdan sonra dikəlib qapıya
yaxınlaşdı, cəftəni qaldırdı. Sifətini tük basmış "qapıbir"
qonşusunu görəndə gözlərinə inanmadı.
Üz-gözündən zəhrimar yağan
qonşunun ağzından zəhər tökülürdü.
O, boğuq, xırıltılı səslə
qışqırıb söyüş söyə-söyə
əllərini kəndin ucqarında yanan evlərə, tövlələrə,
ot-ələf tayalarına tərəf uzatdı. Sonra
arxasında marığa duran saqqallıları göstərib
xırıldadı: "Radd olmasaz, bunlar evini yandıracaqlar,
hamınız da içində".
Ona elə
gəldi ki, qonşusu saqqallılara qoşularaq gecənin
qaranlığına qarışıb əridi. Ancaq ani
sükutdan sonra döyülən qapıların
qulaqbatıran səsi yandırılan evlərdən gələn
hay-haraya qarışdı...
ƏZAB
içində qıvrılır, bədəni od tutub yanırdı.
Gündüzlər bir yerdə aram ola
bilmir, sərsəri kimi hey vurnuxurdu. Gecələr
yatağına qor tökülübmüş kimi çimir eləmirdi.
Anasının təkidilə gözlərini bir
təhər yumub özünü yuxulu kimi göstərirdi.
Bəzən huşa gedib mürgüləyəndə qəfil
səksənir, yönünü divara çevirib
küt-küt baxır, başına gələnlər
gözlərinin qabağından çəkilmir, eşitdiyi
haray-həşir təzədən qulaqlarına dolub boğuq
uğultu salırdı...
Heç
ağlına da gəlməzdi ki, vaxtilə, yeniyetmə
çağlarında yaşıdları ilə birlikdə
baxdığı savaş filmlərini bir zamanlar
açıq-aşkar həyatda görə bilə, hətta
onların iştirakçısı ola. İndi özü də məəttəl
qalmışdı ki, külfətini, olar-olmazının əlinə
keçənini necə maşına yığıb od-alovun
içərisindən salamat çıxarmışdı.
Həyətdə vurnuxan Bozdarı zəncirindən
açmağa da necə macal tapmışdı. Qıllı köpək yiyəsindən ayrılmaq
istəməyərək ləhləyə-ləhləyə
maşının dalınca qaçanda arxadan atılan
düşmən gülləsinə tuş gəlmişdi.
Düşmən
gülləsi, erməni məkri...
Gecə yarısı qapısını döyən
qonşusu və onun arxasında marığa duran saqqallı pəzəvənglər
yadına düşdü. Yatağında ilan
çalmış kimi ağrıdan qıvrıldı.
"Aman
Allah, necə ola bilər axı?!" Ata-babadan "qapıbir" qonşu olmuşdular.
Can deyib, can eşitmiş, duz-çörək kəsmişdilər
qədim Tuğ kəndində. Doğrudur,
ötən əsrin əvvəllərində aranı
qarışdırmışdılar. Bu,
necə olmuşdu görəsən?! Hə,
"atan kazaklardı". Məktəb səhnəsində
Vladik Allahverdi, o, İmamverdi rolunu oynamışdı. Deyirdilər, yaxşı da alınmışdı.
O vaxtdan dost olmuşdular. Məktəbli uşaqların xorunda
oxumuşdular: "Kür, Araz, Ararat. Gözəldir
bu həyat. Qardaş olub Hayastan, Azərbaycan!"
İllər keçmiş, böyüyüb
ailə qurmuşdular. Toy məclislərində
əl götürüb qoşa oynamışdılar. Tostlar deyilmiş, qədəhlər cingildəmişdi.
Vladikin tamadalığına söz ola bilməzdi.
Həmişə dostluqdan dəm vurar, sədaqətdən,
etibardan tost deyərdi...
...Yatağında
nəfəsi darıxırdı: "Belə
çıxır ki, fil qulağında
yatmışammış? - fikirləşirdi,
- tək mən yox, hamımız ürəkdən
inanmışdıq boğazdan yuxarı deyilənlərə,
saxta dostluğa. Bu da axırı".
Yatanları
oyatmasın deyə nəfəsini içinə çəkib
yavaşca köks ötürdü. Demə, ana da
oyaqmış: "Qadan ürəyimə, özünü ələ
al, tək biz deyilik ki..."
Anasına
cavab verməsə də ürəyindən keçirtdi:
"Tək biz deyilik. Hər yan
qaçqın-köçkündü. Qışın
şaxtasında nimdaş çadırlarda soyuqdan əsirlər.
Yenə biz bir təhər düzəltmişik
bu daxmanı".
Gözünün qabağına ikimərtəbəli
yaraşıqlı eyvanlı evləri, sahmanlı həyətləri,
güllü-çiçəkli, bol meyvəli bağları
gəldi. Qanı qaralsa da, özünü cəmləyib
yatağından qalxdı. Qapı yanında əldəqayırma
qaz sobasının zəif işıqlandırdığı
masanın üstündəki qovluğu açıb qələm-kağız
götürdü...
Sübhün
süd rəngi kiçik pəncərədən otağa
dolanda anası onun yazı masasının qırağına qənd-çay
qoyub pıçıldadı: "Sən yazı-pozu
adamısan, bala. Ürəyini boşalt
kağıza, qoy başımıza gələnləri
hamı bilsin".
"ƏDALƏT"
Qovluğunu qoltuğuna sıxıb nəşriyyatı
mərtəbə-mərtəbə gəzdi. Dəhliz boyu sıralanan qəzet-jurnal
redaksiyalarının qapılarına baxa-baxa asta addımlarla
irəlilədi.
Fikirli idi. Yazısını hansı qəzetdə çap elətdirsin,
həm də iş tapsın, ailəsini dolandıra bilsin. Birdən
bir qapının üstündəki yazı diqqətini
çəkdi: "Ədalət" qəzeti redaksiyası.
Qapını yarı açıb içəriyə
boylandı. Sevindiyindən ürəyi atlandı. Bu, o idi. Başını
aşağı salıb yazırdı. Dən
düşən saçları alnına
tökülmüşdü. Birdən
başını qaldırıb diqqətlə baxdı.
Və üzünün xoş, tanış təbəssümündən
elə bil onun ürəyinə işıq süzüldü.
Çaşan kimi oldu, dili topuq çaldı:
- Aqil
müəllim, mən...
Sözü ağzında qaldı. Baş redaktor dərhal
ayağa qalxıb özünəməxsus coşqu ilə onu
qucaqladı:
- Belə
sən xoş gəlmisən, - dedi və onun əlindəki
qovluğa nəzər salıb ərkyana soruşdu, - de
görüm nə gətirmisən, nə
yazmısan?
Qovluğunu açıb stolun üstünə qoydu. Yazını sürətlə
oxuyan baş redaktorun eyni açıldı:
- Elə
bizim qəzetə belə yazılar lazımdır, həqiqəti
olduğu kimi, bəzəksiz-düzəksiz.
O, fikirli
halda:
-
Doğrusu neçə gündü ki, özümə gələ
bilmirəm, - dedi, - başımıza gələnlər,
ağlasığmaz hadisələr gözümün
qabağından çəkilmir, əsəblərim
dözmür.
Ani olaraq
susub ah çəkdi:
- Bu gecə
də çimir eləyə bilmədim. Alaqaranlıqda
durub, qələm-kağız götürdüm.
Bütün ağrı-acılarımı ağ
vərəqlərə tökdüm. Bir az
özümə gəldim elə bil. Sonra fikir
götürdü məni: bunu kim, hansı
qəzet çap eləyər, elə belə olduğu kimi,
bütün kəskinliyilə! Anam təsəlli verib dedi ki,
dünya xali deyil.
Sözünə
ara verib baş redaktora zənnlə
baxdı:
- Nəşriyyatın
bütün mərtəbələrini gəzib axırda sizin
qapını açdım.
Qələminə, istedadına yaxşı bələd
olduğu, yaşca özündən cavan həmkarının
səmimiliyi baş redaktoru təsirləndirdi.
Dərindən
köks ötürüb təsəlli verdi:
- Bilirəm,
nələr çəkmisən, şükür ki, ailəni
od-alovun içindən salamat çıxarmısan... Elnən gələn bəladır bu.
Qaçqınların, köçkünlərin
sayı-hesabı bitib tükənmir. Çadırlarda
camaatın dərdinə şərik olmuşam, ürəyimin
ağrısı tutub. Dözmək
çox çətindir.
O, əlini
sövq-təbii sinəsinə sıxdı:
- Ancaq
ağlayıb-sıtqamaqla iş aşmaz. Gərək hər
kəs öz bacarığını göstərə,
hamı bir ola... Biz də beləcə
- olanı, həqiqəti yazmalıyıq. Özünü yazıq kimi dünyaya göstərən
düşmənin məkrini açıb ağartmalı,
ifşa etməliyik. Gərək qələmimiz
qılınc təki kəsərli ola!..
- "Ədalət"
adına layiq çıxır,
sözünü deyir.
O bu sözləri qeyri-ixtiyari
birnəfəsə, bir qədər pafosla dedi, sonra ani olaraq
susub sual dolu baxışlarını baş redaktora dikdi:
- Bəs Qlavlit nə deyir, nə əcəb icazə
verir?!
- Nə
Qlavlit, nə senzura, onsuz da bu gün-sabah ləğv olunacaq o
idarə. Özlərinə, üzlərinə
demişəm sözümü. Soruşmuşam ki, ermənilər
saqqallı muzdluları dünyanın o başından gətirib
xalqı qanına qəltan edəndə, dədə-baba
yurdlarından didərgin salanda, ev-eşiyinə od vurub yandıranda kimdən icazə
almışdılar?! Mənə öz xalqımın
müsibətlərini yazmağa kim
qadağan eləyə bilər?!
O
danışdıqca sanki kiminləsə mübahisə edir,
haqlı olduğunu, qadağalara son qoymağın vaxtı
çatdığını söyləyir, dalğın halda
otaqda gəzişirdi. Birdən dayanıb qovluq
dolu yazısını gətirən, açıq ürəklə
dərd-sərini söyləyən, məsləhət istəyən
həmkarına nəzər saldı. Onun
yuxusuz gözlərində dərin, ürəyə işləyən
qatı kədər dumanı görüb fikrə getdi.
Araya ağır sükut çökdü. Sonra üzbəüz
oturub fikirlərini bölüşdülər. Baş redaktorun təklifi ürəyindən oldu.
O, "Ədalət"də işləyəcəkdi, həyatının
amalı olan ədalətdən yazacaqdı. Bütün
qadağalara, məhdudiyyətlərə rəğmən! Senzura onların - yeni, azad, müstəqil mətbuatda
çalışanların vicdanı olacaqdı.
Belə
düşünürdü, arzulayırdı o!
Ən ağır çağlarında onu ovunduran,
ürəyinə qüvvət verən, əqidəsinə,
amalına, diləyinə dəstək olan yerdə
çalışmaq istəyirdi ömrü boyu.
DAĞ ÇAYINDAN ÜMMANA
"Ədalət"ə bağlandı taleyi. Qələmə
sarıldı. Ancaq hiss etdi ki, qələm
götürüb yazmaq, hələ qələm sahibi olmaq
deyil. Əyalətlə paytaxt şəhərinin
ab-havası bambaşqa idi, xüsusən yaradıcılıq
meydanında. Elə bil qıjhaqıjla axan kiçik
dağ çayından sahilləri üfüqdə
ilğımlaşan dənizə
düşmüşdü. Kür-Arazdan savayı gör nə qədər
dağ çayı tökülür Xəzərə. Ancaq
bu çayların çoxu yayın istisində buxarlanıb
quruyur, mənzil başına çata bilmir.
O, ürəkdən
bağlandığı sənəti yolunda büdrəməmişdi,
çətinliklə də olsa, gəlib elə bir
yaradıcılıq ümmanına düşmüşdü
ki, burada sadəcə əl-qol atmaq yox, yaxşı üzməyi
bacarmaq gərəkdir. Öyrəndi,
görüb götürdü, çiyin-çiyinə
çalışdığı həmkarlarından, xüsusən
ondan qayğısını əsirgəməyən baş
redaktordan.
Bir müddət sonra o, millət vəkili seçildi. İradə
xanım Tuncay baş redaktor oldu və redaksiyaya,
yaradıcı kollektivə özü ilə birlikdə yeni
ab-hava gətirdi. O, heç kimin yazı üslubuna, dəst-xəttinə
xələl gətirmədən redaktə etməklə, hələ
yetərincə püxtələşməmiş yazarlara
yerindəcə dəyərli məsləhətlərini verməklə
kifayətlənmədi. Eyni zamanda əyani
yaradıcılıq nümunəsi kimi qəzetin şənbə
nömrələrində publisistik məqalələri ilə
müntəzəm çıxış etdi.
İ.Tuncay publisistikasının ən önəmli məziyyəti,
səmimiyyəti diqqət çəkirdi. O, elə bil oxucusu ilə
üz-üzə, ürək-ürəyə söhbət
edir, fikirlərini bölüşürdü. Problemlərimizi
ürək yanğısı ilə qələmə alan müəllifin hər bir
yazısının maraqla oxunub əks-səda
doğurmasının səbəbi bunda idi. Onun
publisistikası oxucunu özünə cəlb edir,
düşündürür, səfərbərliyə
alır, ayıq-sayıq olmağa, olmuşlardan ibrət
götürməyə, olacaqları duymağa, önləməyə
səsləyirdi.
"Söz
hər şeyin başlanğıcıdır... Açıq sözü, doğru sözü qorumaq əsl
hünər işidir. Qələm sahibinin vicdan
işidir", - deyən və düz sözə, haqq sözə
qələm çalan İradə xanım Tuncaydan səylə
öyrənən redaksiyanın yaradıcı kollektivi ilə
(indi tanınmış jurnalistlər Məzahir Əhmədoğlu,
Babək Yusifoğlu, Etibar Cəbrayıloğlu, Ceyhun
Musaoğlu, Faiq Qismətoğlu, Vəsilə Usubova, mətbuat
aləmində xatirəsi əziz tutulan mərhum istedadlı
yazarlar şair-publisist Vahid Əlifoğlu və satirik qələm
sahibi Oqtay Salamov) birlikdə baş redaktorun müavini Əbülfət
Mədətoğlu da bu əvəzsiz yaradıcılıq məktəbindən
yetərincə faydalanaraq yetkin qələm sahibi kimi püxtələşdi.
Ən önəmlisi budur ki, o, Vətənin ağır
çağlarında əsl vətəndaş kimi öz ərizəsi
ilə həqiqi hərbi xidmətə, baş leytenant rütbəsində
cəbhəyə getdi. Əlində silahla qələm eyni zamanda "Ədalət"
və müdafiə nazirliyinin "Xalq ordusu" qəzetlərinin
cəbhə müxbiri kimi səngərlərdə,
döyüş meydanlarında oldu. Ölüm-dirim
savaşlarından reportajlarının, barıt qoxulu
yazılarının, qaynar, dürüst xəbərlərinin
ardı-arası kəsilmədi. Düşmən
güllələri başının üstündən
vıyıldayıb keçdi. Ölümün
bir addımlığında salamat qalmasını
möcüzə saydı. Yaxınlıqda partlayan
"qrad"ın ölümsaçan qəlpələri ətrafına səpələnib
bir az əvvəl onunla birgə nahar edib öz səngərinə
keçən zabit dostunun həyatına son qoydu. "Azərbaycan gəncləri" qəzetinin cəbhə
müxbiri, adaşı Əbülfət İlyas oğlu yolda
qəzaya düşdü. Və səhvən
Əbülfət Mədətoğlunun ölüm xəbəri
redaksiyaya çatdı. "Ədalət" qəzeti
nekroloq verdi. Ailəsi, qohumları,
yaxınları yas içində olanda Əbülfət
sağ-salamat evinə qayıtdı .
Doğmalarına, yaxınlarına təsəlli verib
zahirən sakit görünməyə çalışsa da,
içərisi qaynayırdı. Cəbhənin
ölüm-itimindən, torpağı göyə sovuran
bombaların qulaqbatıran səsindən sonra paytaxt şəhərinin
qeyri-adi sakitliyində, dincliyində elə bil qəfildən dərin
quyuya düşmüş kimi idi. Gözlərinə
çökən kədər-qəm dumanı da gördüyü
dəhşətləri unutdura bilmirdi ona. Xüsusən
odu-alovu içindən tələm-tələsik
çıxdığı qədim Tuğ kəndinin ürəyi
parçalayan miskin görüntüsü...
O, zirehli
hərbi maşında - ZTR-də doğma yurduna getmiş, kənddə
azərbaycanlıların evlərinin
yandırıldığını, özünün ikimərtəbəli
evinin yerində kül qalağını
görmüşdü. Zirehli hərbi
maşının güclü mühərrikinin
qızdırdığı kabinədə bədəni buza
dönmüşdü elə bil.
İndi də isti evində canı qızmır, kənddə
doğma ocağının bir qalaq külü yadından
çıxmır, göz yaşı boğurdu onu.
Yandı
evim, eşiyim,
yandı
divarım, daşım.
İsit,
qoyma üşüyüm,
isit məni,
göz yaşım.
SABAHA ÜMİDLƏ
"Ədalət"in daimi oxucusu kimi qəzetin hər
bir nömrəsini izləyirəm, ələlxüsus şənbə
günləri köşə yazıları diqqətimdən
yayınmır. Redaksiyanın yaradıcı kollektivində
çalışan yuxarıda adlarını çəkdiyim
təcrübəli jurnalistlərin köşə
yazılarını məmnuniyyətlə, maraqla oxuyuram.
Son vaxtlar nisbətən cavanların (Xuraman Hüseynzadə, Fərhad
Şabanov, Cəlil Cavanşir, Fəridə Rəhimli)
müxtəlif mövzularda qələmə aldıqları
köşə yazıları diqqət çəkir, oxucunu
düşündürür, təsirləndirir və fikrimcə,
qəzetin oturuşmuş ab-havasına təzə nəfəs,
təravət gətirir.
İndi qəzetlər
və müxtəlif nəşrlər bolluğunda nəfis tərtibatı,
dolğun məzmunu ilə oxucularının sayını
artıran "Ədalət"də bir qayda olaraq hər
gün həyatımızın "nəbzi
döyünür". Bu da qəzetin təsisçisi,
baş məsləhətçisi, redaksiyanın
taleyüklü məsələlərinə xüsusi diqqət
yetirən tanınmış yazıçı-publisist, millət
vəkili Aqil Abbasın və yaradıcı kollektivin rəhbəri
baş redaktor İradə xanım Tuncayın danılmaz xidməti
sayəsindədir. Çox ağır zəhmət,
peşəkarlıq və təşkilatçılıq tələb
edən bu işdə baş redaktorun müavini Əbülfət
Mədətoğlunun da böyük əməyi var.
Vəzifəsini öz səlahiyyəti hüdudunda məsuliyyətlə
icra edən Əbülfət müəllimin canıbir,
ayrılmaz dostu Qələmi, güvənci, inancı,
dayağı isə Sözdür. Əməkdar jurnalist, istedadlı
şair kimi onun yaradıcılığının epiqrafı
böyük Nizaminin vəsf etdiyi Sözdur: "Söz oldu bu
cahanda cilvələnən ilk gözəl".
İstər
"Ədalət"in məhsuldar publisisti, köşə yazarı, istərsə
də dövri mətbuatda müntəzəm çap olunan
şeirlərin müəllifi kimi hansı mövzuda, kimdən,
nədən, haradan necə yazır yazsın o, sözə həssas
yanaşır, hər kəlməni, ifadəni öz
çalarında, yerli-yerində, ölçüsündə,
qədərində işlətməyə
çalışır və əksərən istəyinə
nail olur.
Əbülfət
müəllimin köşə yazılarının
özünəməxsusluğu, fərqli cəhəti həmçinin
ondadır ki, zəruri saydığı məqamda,
yeri düşəndə o,
fikrini poetik dildə ifadə edir və bununla oxucunu yalnız
duyğulandırmır, eyni zamanda təsirləndirir, düşündürür.
"Baxış bucağı"
rubrikasında "Sənsiz. Sükutla keçən ad
günü" yazısı bu baxımdan xüsusən səciyyəvidir:
"Mən illər boyu içimi yeyib-tökən, didib
parçalayan o suala cavab tapmağa çalışdım.
Tapdığım cavab da bir neçə misradan ibarət
şeirə çevrildi:
Niyə
ağladığını soruşmuram,
Niyə
susduğunu da, niyə güldüyünü də,
Sakitcə izləyirəm nədən
küsdüyünü də.
Çünki,
ağlamağın, susmağın,
İnciməyin,
lap elə küsməyin də
bir səbəbi
var: o da ayrılıqdır! -
Dünyada
ən çox
ayrılıqdan ağlayır adamlar...
"İç
dünyasını" oxucusuna açan müəllif onunla
bölüşür, etiraf edir: "Dərdimin, kədərimin
çəkisi ilə mən daxilən çox rahatam. Düşünürəm ki, bu mənə Allah
payıdır. Buna da min şükür.
Elə şükür edə-edə də yazıram:
Hazır
sənə sübutlu
qəm
var çəkənlər üçün
ürəyimdə qəmlərə
saray tikənlər
üçün.
Hazır
sənət, sübutlu
qəm
var reklamdan qaçır
gör
necə bəxtəvərəm
qəm
könlümdə gül açır!..
Dərdini,
kədərini "Allah payı" sayıb şükür
edən, qəmi "könlündə gül açan"
şair qətiyyən bədbin deyil, Sabahına nikbinliklə
baxır, oxucusunu ümidini itirməməyə, inamlı
olmağa səsləyir.
"Hardasa içimdə bir çınqı
alışır, bir od közərir, bir şam yanır və
o şamın işığında şeir yazıram. Bütün
sevənlərə, bütün sevdiklərimə, eləcə
də sənə. İstəyirsən oxuyum:
İçimdə
bir şam yandır,
yandır,
əlin əsməsin
Sən
özünü inandır
ümidini kəsməsin -
Sabaha...
Gecə
yarısı evinin qapısı məkrlə döyülən,
başı müsibətlər çəkən, Qarabağda
şəhid olmuş, Xocalıda güllələnmiş 17
doğmasının ağrısını "cılız bədənində
daşıyan", ciyərparasının qanlı köynəyini
bağrına basıb havalanaraq fəryad qoparan Ananın faciəsini
yaşayan, "Aslanın erkəyi-dişisi olmaz. Bu dərdlərə
ancaq aslanlar dözə bilər, bu yükü ancaq aslanlar
çəkə bilər", - deyə Qadın dəyanətini
qələmə
alan, "içini yeyib-tökən, didib
parçalayan suallara cavab" axtaran şair ürəyində
"alışan çınqı"nın ümid, inam
işığında oxucularını Sabaha səsləyir.
Taleyinin qəfil, kəskin dönəmində
bütün ağrı-acılara, məhrumiyyətlərə
rəğmən qəlbində şölələnən
Ümidin doğurduğu İnamın Sabaha açılan
işığı ümumən Əbulfət Mədətoğlu
yaradıcılığını səciyyələndirən
keyfiyyətdir.
Və təbii ki, bu nikbinlik birdən-birə
yaranmamış, ağır-üzücü
qaçqın-köçkün həyatının
dolaylarından "sivrilib" çıxmış, tədricən
"sürət götürmüş", nəhayət
yetkin Qələmin məhsulu olaraq diqqət çəkmişdir.
Mən bu
qənaətə son 20 ildən çox bir müddətdə
Əbülfət Mədətoğlunun dövri mətbuatda, ədəbi
orqanlarda ("Azərbaycan", "Ulduz", "Ədəbiyyat
qəzeti") və
kitablarında ("Səməni nəğməsi" - 1986,
"Nilufər çiçəyi" - 1989, "Zəhmli
polkovnik" - 1992, "Qəhrəman İbad" - 1994,
"Dərdini danışan adam"
- 1999, "Nişanə" - 2000, "Ehtiyacın
elçi daşı" - 2002, "Döymək istə-diyim
qapılar" - 2004, "Allah, məni unutma" - 2006, "Sevgi
pıçıltıları" - 2007, "Ürəyimdəki
sənsən" - 2009, "Yanan məktub" - 2010,
"Üfüqdə görünən adam" - 2010, "Hər görüş bir
ümiddir" - 2011, "Mənim kimi sevə bilsən" -
2012) dərc olunan şeirləri, nəğmələri və
sənədli povestlərini oxuyaraq
gəlmişəm.
Yetkin
yaradıcılıq dövrünü yaşayan Əbülfət
Mədətoğlunun poeziyası oxucunu
duyğulandırır, sanki onu sehrli qanadlarında zülmətdən
işığa, Ümid, İnam dolu Zirvəyə, dan yeri
şəfəqlənən Səhərə, Sabaha
aparır...
"Əbülfət sözün əsl mənasında
şairdir, onu oxuyanda tüstüm təpəmdən
çıxır. Bax, budur sənətin qüdrəti"
(Bəxtiyar Vahabzadə).
ƏSGƏR ATASI
Onu tanıdığım gündən gözlərində
kədər görmüşdüm. Ürəyində yuva
salan qəm-qüssə gözlərinin dərinliyinə
çökmüşdü. Dalğın
baxışlarından çəkilib getməyən kədərin
alt qatında ümid közərirdi...
Zaman keçdikcə ümidi artdı, gücləndi. Və
böyüdüb boya-başa çatdırdığı
oğlunu əsgəri xidmətə yola salan gün görəndə
ki, ordumuzun sıralarına necə igidlər qatılır
ümidi inama çevrildi. Öz oğlu
kimi boy-buxunlu, qamətli cavanların gözlərindəki
inad, qətiyyət onun şair qəlbini riqqətə gətirdi.
Çox çəkmədi ki, oğlunu
yaşıdları ilə çiyin-çiyinə polad
sırada təmas xəttində gecə-gündüz
ayıq-sayıq cəsur əsgər kimi görəndə
ürəyi dağa döndü.
"Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" Ustad şair həmkarının
harayı Vətən oğullarının dilinin əzbəri,
yenilməz Mübariz İbrahimovun qəhrəmanlığı
onlara örnək, hünər təlim-dərsi idi.
"Azərbaycan güclü dövlətdir və onun
güclü ordusu var". Ali Baş Komandanın
sözləri əsgər atasını qanadlandırır.
"O gün uzaq deyil. Biz qalib gələcəyik,
torpaqlarımızı azad edəcəyik. Daha
qapımızı namərd döyməyəcək", - deyə
düşünür, sabahına ümidlə, inamla baxır,
qələmindən nikbin misralar süzülür:
Gözlərini
geniş aç,
hər
zərrəni görüb duy.
Ümid
qığılcımından
bir
çınqı əl yeri qoy
-
Sabaha!
Əlövsət BƏŞİRLİ
Ədalət.-2013.-16 mart.-S.8-9.