Anasız dilimiz, yaxud "Qorxunc Əlifba"nın
davamı...
Orta
məktəb dərsliklərimiz barədə son illərdə
yazılan, deyilən tənqidi fikirləri, qüsur və
iradları bir yerə toplasaq, yəqin ki, iri həcmli, bəlkə
də çoxcildli kitab alınar. Az qala, bütün cəmiyyətin
- dərslik fəsadlarından əziyyət çəkən
valideyn və müəllim zümrəsi ilə yanaşı,
sıravi vətəndaşların da qoşulduğu bu
ayarlayıcı və aşkarlayıcı prosesin son ucda
gözlənilən nəticəni verməməsi, neçə
illərdən bəri göz ağrıdıb ürək
dağlayan dərslik zülmətinin heç cür
işıqlı müstəviyə çıxa bilməməsi,
az-çox vətəndaşlıq heysiyyəti olan hər kəsdə
təbii narahatlıq və həyəcan hissi doğurmaya
bilmir.
Bir
vaxtlar, daha dəqiq desəm, 2005-ci ildə bütün keyfiyyətləri
və cəhətləri ilə ana dilimizin, mili-mənəvi
dəyərlərimizin əleyhinə işləyən,
şeir və və oxu mətnlərinin absurdluğu,
tapşırıq və məşğələlərinin
primitivliyi və naqisliyi ilə millilik, maarifçilik və vətəndaşlıq
heysiyyətini heçə endirən "Əlifba" dərsliyi
haqqında yazdığım "Qorxunc Əlifba" məqaləsi
bu bədnam kitabın təhsil dövriyyəsindən
çıxarılmasına təkan vermişdisə də,
son dövrlər mətbuat səhifələrində, internet
portallarında adı çəkilən dərsliklə
bağlı yaranmış mübahisələr, TQDK ekspertlərinin
kitabın yararsızlığına dair ortaya qoyduğu 120
qüsur, bu qüsurlarla razılaşmayan tərəflərin
mövqeyi və sair, bu mövzuya yenidən
qayıtmağın, ümumtəhsil sisteminin beşiyi
sayılan bu dərsliyə bir daha nəzər yetirməyin
vacibliyini gündəmə gətirdiı.
Azərbaycan dili dərsliyi - 1
(Altun
kitab nəşriyyatı - 2012, müəlliflər R.
İsmayılov, S. Abdullayeva, G.Orucova, D.Cəfərova)
İlk əvvəl dərsliyin adı barədə. Əsasən, ayrı-ayrı hərflərin, daha sonra sözlərin yazılışını və oxunuşunu öyrədən bu sayaq şəkilli kitabın ənənəvi "Əlifba" adının dəyişdirilib, "Azərbaycan dili" ilə əvəz edilməsinin nə məqsəd daşıdığı mənə aydın olmadı. Öz təyinatı üzrə xətlər, hərflər və illüstrassiyalar əsasında tərtiblənmiş belə bir ibtidai uşaq kitabının, elmi-akademik məna daşıyıcısı olan, dilin qrammatik özəlliklərini, düzgün işlənmə qaydalarını, üslub və imkanlarını öyrədən dil kitabı kimi təqdim etməyin səbəbi nədir?.. Əgər dərslik müəllifi bu formatlı kitabı məhz dil kitabı hesab edirsə, (hərçənd ki, istənilən halda bu, belə deyil) o halda dərsliyin adını, uşaqlarda kitaba maraq və doğmalıq yaradacaq "Ana dili" ilə əvəz edə bilməzdimi?
Daxili məziyyətlərə gəlincə, dərslik ilk baxışda tamamilə fərqli tərtibdə işlənmiş, forma və məzmun etibarı ilə yenilənib 2005-cı ilin "Qorxunc Əlifba"sıyla müqayisədə bir xeyli mükəmməlləşmiş təsiri bağışlasa da, onunla yaxından tanışlıq gözlənilən səviyyənin yenə də əldə olunmadığını, dərsliyin, yenə əvvəlki qaydada, balaca azərbaycanlının həqiqi Ana dili kitabına çevrilmədiyinin acı mənzərəsini üzə çıxarır.
İlk əvvəl ondan başlayaq ki, dərsliyin ümumi maarifçilik durumu həmişəki kimi, yetərsizdir. Bir çox şeir və oxu mətnləri məzmun və məna baxımından kasad, dil və üslub baxımından qüsurludur. Tapşırıqlarda rast gəlinən orfoqrafik, morfoloji xətalar, şərtlərin altı yaşlı uşaq qavrayışına hesablanmayan mürəkkəbliyi, bəzi hallarda isə ümumiyyətlə, müəmmalılığı, şəkil və illüstrasiyaların tapşırışq şərtlərinə uyğunsuzluğu, bəzi hallarda isə anlaşılmazlığı və sair bu kimi hallar yenə təəssüf doğurur.
Digər, daha acı təəssüfü isə, TQDK ekspertləri tərəfindən kitaba dair tapılan qüsur və xətaları xırda və əhəmiyyətsiz hesab edən, yaxud, onları öz qəribə mülahizələri ilə heçə endirməyə çalışan dərslik müəllifinin mövqeyi doğurur. Lakin söhbət - təhsilə, maarifə, yazıya və oxuya sevginin, marağın bünövrəsini qoyacaq hardasa müqəddəs Kitabdan - insanın, öz həyatı boyu bundan sonra rastlaşacağı bütün kitabların əcdadı "Əlifba"dan gedir və burda məncə, hər hansı mübahisənin, özünütəsdiq yarışının yeri yoxdur.
Kitabın üstün tərəfləri barədə deyilməsi vacib olan məqam - bir vaxtlar bərbad şeir nümunələri ilə dərslikdə yer almış Qiyas Əcayib, Yəhya Kərimov (dərsliyin keçmiş müəllifi), Rafiq Yusifoğlu, Emin Mehtiyev və digər bu kimi, ədəbiyyata aidiyyatı olmayan imzaların, M.Ə.Sabir, A. Şaiq, H.Arif, N.Həsənzadə, N. Xəzri, T.Mütəllibov, Z.Xəlil, X. Əlibəyli kimi tanınmış ədiblər və onların şeirləri ilə əvəz edilməsi, həmçinin, format və dizayn tərtibinin, əvvəlki kitabdan fərqli olaraq, uşaq dünyası üçün maraqlı və cazibədar rənglər və elementlərlə işlənməsidir. Lakin ümumi bağlayıcı qayənin yoxluğu, uşaq dünyasıyla ünsiyyət qurmaq, onun qəlb dünyasına yol tapmaq cəhdlərinin uğursuzluğu, həmçinin, məzmun və məna miskinliyi, dil və ifadə naqisliyi, tapşırıq və mətnlərin tədris keyfiyyəti baxımından qüsurluluğu əvvəlki qaydasında - "orta ağır vəziyyətdə" qalmağındadır.
Yoxlamanın yekun rəyinə gəlincə, TQDK ekspertlərinin bəzən daha əsaslı və ciddi qüsurları bir kənara qoyub, xırda orfoqrafik xətalarla bağlı hədsiz təfərrüatçılığa vardığı, mətnlərdə işlənən bir sıra söz və ifadələrin daha uğurlu variantlarda təqdim edilməsi kimi, lüzumsuz iradları da nəzərə çarpır. Lakin ümumilikdə, dərslik üzərində yetərincə iş aparıldığı, tapılan irad və qüsurların həqiqi iradlar və qüsurlar olduğu göz qabağındadır.
Qəzet səhifəsinin məhdudluğunu nəzərə alaraq, onlardan yalnız bir qismini nəzərinizə çatdırmaq istəyirəm.
Kitabın, dərs günlərinin ilk həftəsinə təsadüf edən 13-cü səhifəsində dialoq xarakterli müxtəlif şəkillərin yerləşdirildiyi tapşırığın şərti belədir: "Şəkillərə uyğun nitq etiketləri seç". (Bəlkə uşaqların, elə müəllimlərin özünün də asanlıqla başa düşəcəyi "Şəkillərə uyğun sözlər qur"? - A.M.)
Hələ yalnız hərflərin yazılışını öyrənən altı yaşlı uşaq üçün seçilmiş bu elmi-akademik ifadənin dərslikdə hansı məntiqlə yer aldığı haqlı təəccüb doğurur. Dərslik müəllifi isə bu şərtin uşaqlar üçün yox, müəllimlər üçün yazıldığını bildirir və bununla bağlı dərsliyə əlavə olunan MMV-yə (Müəllimlər üçün Metodik Vəsaitə) baxmağı məsləhət görür. Lakin nəzərə alsaq ki, kitaba əlavə edilən həmin bu MMV satışa buraxılmır, yalnız orta məktəb müəllimlərinə, üstəlik də pulsuz paylanır və bu səbəbdən, nəinki, valideynlərə, çox vaxt müəllimlərin özlərinin də hamısına çatmır, burda məsələ bir az da qəlizləşir.
Sözü gedən bu tapşırığın digər müəmması - "nitq etiketlərinin seçilməsi" tələb olunan şəkillərdən birinin məzmunu - ağacdan alma dərən tənha uşaq rəsmidir. Uşaqların, bu şəklə dair hansı "nitq etiketinin" seçəcəyi məlum deyil.
Bunun ardınca gələn 15-ci səhifədəki tapşırığın şərti daha müəmmalıdır. Məntiqi və quruluşu baxımından bu tapşırığın həlli yolunu tapmaq, nəinki, altı yaşlı uşaq, böyüklərin özü üçün də, elə də asan başa gələn məsələ deyil. Belə ki, həm rəngləri, həm növləri, həm ölçüləri və hətta pozaları ilə bir-birindən fərqli olan fil, dəvəquşu, pələng və kenquru şəkilləri yerləşdirilmiş bu tapşırığın şərti belədir: "Dördündən biri fərqlidir". (?)
1-ci sinif şagirdinin qarşısında bu cür dolaşıq tələblərin qoyulmasını ciddi irad sayan ekspertlərə isə dərslik müəllifinin özü belə cavab verir:
"Bu yaşda uşaq quşu heyvandan ayıra bilir, amma kenqurunun kisəli heyvan olduğunu bilmir. Əgər sinifdə beləsi varsa və bu tapşırıqda başqa qanunauyğunluq tapa bilirsə, müəllim yalnız onu alqışlamalıdır (Əgər kimsə bu izahatdan bir şey anlayırsa, alqış məhz ona düşür. - A.M.) və bilməlidir ki, yanaşmadan asılı olaraq, bu cür tapşırıqların bir neçə cavabı ola bilər".
Hörmətli dərslik müəllifi, əgər bu tapşırıq, həqiqətən, dediyiniz kimi, çoxcavablılığı nəzərdə tutursa, olmazdımı ki, onun şərti: "Şəkildə təsvir olunanları fərqləndir" kimi, sadə və aydın dildə yazılaydı?..
Yaxud, 21-ci səhifədəki "Qızların adlarını tap" şərtli "tapmaca-tapşırıqda" ayrı-ayrılıqda verilmiş dörd qız şəklinin adlarını açıqlayacaq rəsmlərdən birində gül və nar (yəni "Gülnar"), digərində ay və tac (yəni "Aytac"), digərində isə göz və əl şəkli çəkilib. Müəllifin təbirincə bu, "göz" və "əl", yəni "Gözəl" deməkdir.
Lakin "Gözəl" adının, yaxud, sözünün mənası göz və əldirmi?..
Yaxud, "a" hərfinin öyrənilməsi səhifəsinə yerləşdirilmiş bu "Gözəl" sözünün "a" hərfinə hansı aidiyyəti var?..
Eynilə bu sayaq əcaibliyə dərsliyin 24-cü səhifəsində - "ə" hərfi keçilən şəkildə də rast gəlinir. 1, 2, 3 rəqəmləri ilə fərqlənən qalibiyyət pyedestalının birinci pilləsində dayanan balaca idmançının sinəsindən medal əvəzinə asılmış "Ən" sözünün də hansı məna daşıyıcısı olduğu anlaşılmır. Birincinin də "ən" i olur?.. Yoxsa, dilimiz "ə" hərfi işlənən sözlərin qıtlığından əziyyət çəkir? Yoxsa, bu əziyyəti dərslik müəllifinin özü çəkir?..
Dərsliyin "o" hərfi keçilən 44-cü səhifəsindəki şərti olmayan (?) tapşırıqda verilmiş insan üzlü çəhrayı yumurta şəklinin və onun kənarlarına yığılmış müxtəlif rəngli hərflərin hansı məna daşıdığını anlamaqdan ötrü də baş sındırmaq lazımdır. İnsan düşünür ki, əgər bu yumurta şəkli ətrafına yığılmış hərflər "o" hərfinin işlənəcəyi sözləri yaratmaq məqsədi daşıyırsa, nə "yumurta" sözünün özündə, nə də onun qaş-gözünə dair "qaş", "göz", "ağız", "burun" sözlərində "o" hərfi yoxdur. Yox, əgər bu çəhrayı yumurtanın özü "o" hərfidirsə, o halda niyə bu "O", uşaqlarda çaşqınlıq yaradan ağız-burunlu, göz-qaşlı verilib?..
Müəllifin altı yaşlı şagirdlər üçün hazırladığı tapmacalar bununla bitmir. Dərsliyin "r" hərfi keçilən 36-cı səhifəsində "r" hərfinin işləndiyi raket və çətir şəkillərinin arasında böyür-böyürə dayanan iki ədəd yastı qəmbər daşı, yaxud, çovdar çörəyini andıran şəklə aid üç daması bağlı sxemdə verilmiş "a r t" hərflərinin mənasını anlamaq da bir o qədər də asan məsələ deyil (və olsun ki, dərslik müəllifi bununla da bağlı MMV yə müraciət etməyi tövsiyə edəcək. - A. M.) və əgər müəllim uşaqlara bu "a r t" ın "kartof" sözü olduğunu və şəkildə təsvir olunanın məhz iki ədəd kartof olduğunu izah etməlidirsə, onda o, alt hissəsi müstəviyə oturan bu yastı tərəvəzin, kartofun hansı növündən olduğunu aydınlaşdırmalı olacaq.
Dərsliyin 21-ci səhifəsində "Ağaclar" sərlövhəsi altında verilmiş şəkildə, adından göründüyü kimi, ağacların ön planda olmasının əvəzinə, niyəsə, arxa plana keçirilərək, bir çoxunun yalnız gövdə hissəsinin, digərlərinin isə yan budaqlarının görünməsi, əlvan geyiml uşaqların və müəllimənin isə ön plana çəkilərək, şəklin əsas məna daşıyıcısına çevrilməsi də sual doğurur.
Dərsliyin daha faciəvi tərəfi isə, burda yer almış mətnlərdir. "Bayramlar ayı" adlandırılmış mətni olduğu kimi, nəzərinizə çatdırıram. (səh. 43)
BAYRAMLAR AYI
"May ayı bayramlar ayıdır. (Hansı bayramlar, bilinmir və müəllif yenə
MMV yə müraciət etməyi məsləhət
görür. - A. M.) Bayramların birində
(hansında? - A. Məs.) ailə talada
idi (Bayram hara, tala hara? Bəlkə sovetin 1 May
bayramının "mayovkası" nəzərdə tutulur?
- A.M.). Bayram atın
yalını darayırdı. (Fikir verin: "Bayramlar
ayı" adlanan mətnin baş qəhrəmanın adı
da, tərs kimi, Bayramdır. - A. M.) Aydın tayanın yanında yatırdı. (Nə yaman şən bayram əhval-ruhiyyəsidir?
- A.M.). (Ən fenomeni "Bayramlar
ayı"nın finalıdır. - A. M.) Ayan ilə Maya da talada idilər".
(?)
Mətnin məna və məzmun məziyyətləri
barədə, elə bilirəm, əlavə şərhə
ehtiyac yoxdur.
45-ci səhifədə
verilmiş "Yardım" mətni də diqqəti, məna
və məzmun, Azərbaycan dilinin norma və
qaydalarının "mükəmməlliyi"
baxımından çəkir. Bu mətni də olduğu kimi
nəzərinizə çatdırıram:
YARDIM
"Yay idi. Ramil Boran adlı iti ilə dərədə
oynayırdı. ( Niyə dağda,
çəmənlikdə,
meşəlikdə, dəniz sahilində yox, məhz dərədə?
- A. M.) Birdən Boran
dayanıb otları iylədi, talaya boylandı.
- Nədir? - Ramil dilləndi.
Talada olan yaralı bir dovşan idi. (Cümlə
azərbaycan dilində deyil. - A. M.) Ramil yaralını (sanki söhbət müharibədə
güllə yarası almış əsgərimizdən gedir.
- A.M.) əlinə
alıb Bayram babanın yanına yollandı (Fikir verin, yenə
Bayram. Bu dəfə baba qismində. Müəllif ad sarıdan da əziyyət çəkir
- A.M.) Baba yaranı (kimin yarasını?-
A.M.) yodladı, dərmanladı. İndi
dovşan taladadır".
Dərsliyin 89-cu səhifədə "Mətni
üzündən köçür" (bəlkə sadəcə,
"Mətni köçür"? - A.M.) şərtli tapşırığa verilmiş
mətni də olduğu kimi nəzərinizə
çatdırıram:
KÜLƏK NƏDİR
Rauf küləyin nə olduğunu bilmirdi. Nənəsi
onu bağçaya apardı. Külək
uğuldayır, yarpaqlar tərpənirdi. Nənənin
yaylığı yellənirdi. Rauf küləyin
nə olduğunu başa düşdü. (Təbiətin
ən möhtəşəm hadisələrindən biri olan
küləyin təyinatı budurmu?.. - A.M.)
Dərslik bu sayaq məna və məzmun, dil və ifadə
üslubu baxımından qüsurlu mətn və
tapşırıqlarla doludur. Bu mətnlərdə
balaca uşaqların yaşlarına uyğun olmayan ifadələrlə
danışması da insanda bəzən ikrah, bəzənsə
gülüş doğurur.
"Gəzinti"
mətnindən: (Səh. 33).
Tələt:
- Ata, mənə
təyyarə al. Mətanətə at al.
Mətanət:
- Nə
at? Mən at minənəm? (?)
Bu və
digər baxımdan qüsurlu olan növbəti mətni - dərsliyin
49-cu səhifəsində yer almış "Nurlan"
adlı oxu parçasını da, olduğu kimi, nəzərinizə
çatdırıram:
NURLAN
"Nuru baba
bostanı sulayırdı. Birdən o
dayanıb (baba bostanı sulayarkən, məgər yol gedirdi?
Bəlkə "əl çaxlayıb"?
- A. M.) Nurlanı səslədi.
Nurlan barının (bəlkə daha işlək
söz olan "çəpər"i seçəydik? - A.M.) yanında
oynayırdı. O, babasına sarı boylanmadı. (Bəlkə "babasına səs vermədi"?
A.M.) Anası Nurlana:
-
Utanmırsan, Nurlan? (Babasının səsini,
sadəcə eşitməyən Nurlan nədən
utanmalıdı? - A.M.) Baban səni səsləyir, sən isə ona əl
tutmursan. (Adamı səsləyənə əl tutarlar,
yoxsa, hay verərlər? - A. M.)
Nurlan tutuldu, bu əməlindən
utandı, (?) o saat babasının yanına yollandı.
Nurlan:
-Nuru baba,
nə buyurursan? (Bu, uşaq
danışığıdırmı? Nurlan: "Şah
sağ olsun" desəydi, müraciət "daha
münasib" olardı. - A.M.)
Bir də axı niyə mətn uşaqların diqqətini,
babasını eşitsə də, özünü eşitməzliyə
vurmaq kimi, saf uşaq təbiətinə xas olmayan, xoşagəlməz
insan naqisliyinə yönəldir? Və niyə dərslik
başdan-başa valideynlərinə, qoca nənə-babalarına
laqeyd, tənbəl, cığal, pəltək, pinti, zəif
görmə qabiliyyətli uşaqlarla doludur?..
Nənəsinin:
"Al, 10 manat. Mənə nanə ilə ət al" (balaca
nəvəsinə ət aldıran nənənin özü də
qəribədir - A.M.) deyən nənəsinə laqeyd olan Nəbi
(səh.35), "r" hərfini deyə bilmədiyindən
adının "kələm" səslənəcəyindən
ehtiyat edib, adı soruşularkən, susan Kərəm (səh.94),
kostyumuna ləkə salan Kərəm (səh.51) (yenə Kərəm
- A.M.), nənəsinin eynəyini axtarmaq istəməyən Sənan
(səh.90), gözləri pis gördüyündən həkimə
gedən Orxan (səh.91.), çörəyin qədrini bilməyən,
tikələrini kolluğa atan Çingiz (səh.77), saat 11
olsa da, balaca bacısı yatmış otaqda oyuncaqlarla oynayan
Samir (səh. 47), yeməkdən qalan zibilləri dənizə
tullayan Zeynal (səh.47), barmağının əyildiyini bəhanə
gətirib sinifdə dərs yazmaqdan boyun qaçıran
Vüsal (səh.146) və sair və ilaxır.
Çalışqanlığı,
cəsurluğu, fədakarlığı,
qorxmazlığı, işgüzarlığı, vətən
və əmək sevgisi, ədəbi və savadı ilə
seçilən uşaqlarımız hardadır?..
Niyə bu keyfiyyətlər mətnlər boyu uşaqlara ya
valideynləri, ya da kimlər tərəfindənsə
tövsiyyə edilir?..
Dərslikdə yer almış, uşaq psixikası
üçün yolverilməz qüsur
daşıyıcısı olan bir mətni də nəzərə
çatdırmağı vacib bilirəm.
"BALIĞIN
SƏSİ" (səh.95)
"Bir gün Əhməd düşündü. Qurbağa
quruldayır, qoyun mələyir, xoruz banlayır. Bəs görəsən balıq necə səs
çıxarır?
Bu zaman (?) anası mətbəxdə balın
qızardırdı. Əhməd birdən qışqırdı:
- Bildim, balıq tavada cızıldayır."
Dərslik müəllifi balığın səs
çıxara bilməməsini, sanki, ələ salır.
Məsələnin daha kədərli tərəfi - dərslik
müəllifinin kitabda tapılan qüsur və iradlarla
bağlı ekspertlərə ünvanladığı
cavablarıdır.
Məsələn,
dərslərin ardıcıllığı üzrə hələ
keçilməyən hərflərin vaxtından əvvəl
mətnlərdə yer almasına və bununla oxu prosesində əngəllər
yaratmasına dair iradı müəllif belə
cavablandırır:
"Sözsüz ki, bu iradlar nəzərə
alınmalıdır. Lakin onu da nəzərə almaq
lazımdır ki, bu cür xətalar, adətən tədris
prosesində aşkar olunan xətalardır (?) və onlar dərsliyin
məzmununa xələl gətirmir". (Məzmunun
bura nə dəxli? Söhbət
şagirdin rahat oxu prosesindən gedir. -
A.M.)
Yaxud, mətnlərin
məna və məzmun naqisliklərinə, yaxud, dərslik
boyu yer almış tapşırıqların şəkillər
üzrə anlaşılmadığına dair iradlara gəlincə,
müəllif çıxış yolu kimi, yenə dərsliyə
əlavə edilən köməkçi vasitədən -
Müəllimlər üçün Metodik Vəsaitdən
istifadə etməyi məsləhət görür. Uşaqlar üçün süni surətdə
yaradılmış bu dolama-dolaşıqlığın mənasını
isə aydınlaşdırmır.
Yaxud, dərslikdə
yer almış "modelyer", "müsabiqə",
"problem", "final", "burunduq",
"nan"(?), "təməl", "ənənə",
"ləl", "örnək", "münasib",
"bağrı", "çalaq", "jest",
"rejim", "obraz" və digər bu kimi, sözlərin
altı yaşlı uşağa çətinliklər
yaradacağı ilə bağlı ekspert rəyini belə
cavablandırır:
"Çətinlik doğuran sözlərin izahı
verilir". Altı yaşlı məktəblini izahlı
lüğətlə işlətməyin hansı məntiqə
dayaqlandığını isə izah etmir.
Dərslik
müəllifinin, müstəqil söz kimi, işlənilməyən
"sayalı" sözünün dərslikdə yer
almasını qüsur hesab edən ekspert rəyinə
cavabı isə təəccüb doğurur:
"Sayalı" ümumişlək sözdür və
bunu qüsur hesab etmək olmaz. Bu sözün ayrılıqda yox,
birləşmə daxilində işlədiyini iddia edən rəyçilərə
nümunə təqdim edirik: "Ayağı sayalı".
(?)
Burda müəllifin, "ayrıca söz kimi işlənmir"
ifadəsini hərfi mənada başa düşdüyü,
"sayalı" sözünün öz məna
yükünə görə ayrıca işlənmədiyinin
qanunauyğunluğunu və hətta işlənərsə belə,
altı yaşlı uşağın qavrayışı
üçün olmadığını anlamadığı
üzə çıxır.
Dərsliyin digər qüsuru - burada tanınmış
simaların ədəbi nümunələri ilə
yanaşı, bir sıra imzasız, ədəbi-bədii
baxımdan uğursuz, zəif şeirlərin də yer
almasıdır. Ekspertlərin bununla bağlı iradına dərslik
müəllifinin verdiyi: "Bu şeirlərin müəllifi
dərslik tərtibçilərinin özüdür"
cavabı isə, onun özünün kitaba olan qüsurlu
münasibətindən xəbər verir. Məgər dərslik
həvəskar müəllimlərin yaradıcılıq
emalatxanasıdır?..
TQDK
yoxlamasının aşkar etdiyi 120 qüsurdan 18-i ilə
razılaşıb, qalanlarını əhəmiyyətsiz
hesab etməsi, bəzi hallarda irad qismində deyilənləri,
ümumiyyətlə, anlamaqda çətinlik çəkməsi
isə onun, Azərbaycan dilnin orfoqrafiyasını, morfoloji
imkanlarını, norma və qaydalarını mükəmməl
səviyyədə bildiyinə, eləcə, Azərbaycanın
ədəbiyyatı və mənəvi dəyərləri barədə
müvafiq təsəvvürə malik olduğuna dərin
şübhələr oyadır.
***
Göründüyü
kimi, təhsilin məhz bu sahəsi üzrə illər uzunu ərsəyə
gətirilən işlərin - dərslik tərtibi sahəsinə
ayrılan gen-bol dövlət vəsaitlərinin, müxtəlif
səviyyəli və formatlı islahatların (bərbad dərsliklərin
yeniləri ilə əvəz edilməsi, müəllimlərin
mütəmadi şəkildə ixtisasartırma kurslarına
göndərilməsi, yeni müasir avadanlıqların
alınması və sair və ilaxır) son nəticədə
havadan asılı qalması, gözlənilən nəticənin
əldə oluna bilməməsi, bu sahəyə daha təfərrüatlı
və incə yanaşma tələb edir və qabaqcıl
Avropa ölkələrində birbaşa Avropa
Şurasının təyin etdiyi konsepsiyalar əsasında
aparılan dərslik tərtibatı siyasətinin, nəhayət,
bizdə də, ölkənin tanınmış alim və
mütəxəssislərinin, dil və ədəbiyyat xadimlərinin
təmsil olunacağı aidiyyətlı qurumların nəzarəti
altına verilməsinin vacibliyini gündəmə gətirir.
Mənə isə sözümü, bir vaxtlar bu sayaq bərbad
Ana dili və Ədəbiyyat kitabları barədə
yazdığım məqalələrimdən birinin - "Vətən
nədən başlayır? Əlifbanın ilk hərfindən"
(19 dekabr 2009, 525-ci qəzet) başlıqlı yazımın
sonluğu ilə bitirmək qalır:
"...Vətən
hardan başlayır? Əlifbanın ilk hərfindən..."
misrası Vətənin məhz Əlifbadan
başladığını artıq çoxdan anlamış
əcnəbi bir şairin gəldiyi ölkə və millət
əhəmiyyətli qənaətlərindəndir.
Bəs
bizlər üçün?.. Vətən nədən
başlayır?.."
A.MƏSUD
Ədalət.-2013.-16 mart.-S.12-13.