Gülməkdən ölən komediya aktyoru
O,
yayın istisində ictimai nəqliyyatda gənc bir oğlanın qəzəblə
axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb
soruşur ki, heç sənin kimi gənc də bu şəkildə
göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki,
əgər üç il bir ali məktəbdən kəsilərsə, başsız qalmış
bacı-qardaşlarına çörəkpulu qazanmaq
üçün iş tapmazsa əlbəttə tökər.
Soruşanın öz məşəqqətli
uşaqlığı və gəncliyi düşür
yadına. Oğlanı yanına salıb indicə kəsilib
çıxdığı ali ocağa aparır. Onun xahişi
ilə gənci həmin ali məktəbin gecə şöbəsinə
qəbul edib, gündüzlər isə elə həmin
institutun tələbə yataqxanasında qarovulçu kimi
işə götürürlər.
O
vaxtlar sənətkara belə hörmət vardı.
Atasını 1918-də ermənilər
qətlə yetirib
Hələ
2 yaşında olanda anasını itirmişdi. 5
yaşında, 1918-ci ildə atasını ermənilər qətlə
yetirib. Atası Qazaxdan, anası Tiflisdən idi. Atası
anasını qaçırtmışdı, sonra isə Tiflisə
köçmüşdülər.
1918-ci
ildə ermənilər Tiflisdə yaşayan azərbaycanlılara
qarşı soyqırımına başlayanda onlar
qaçıb Azərbaycana gəlirlər, amma bilmirdilər
ki, eyni hadisələr Bakıda da cərəyan edir.
O
vaxt Əliağanın cəmi beş yaşı vardı. Üç
qardaş idilər, çox çətinliklərlə
boya-başa çatdılar.
7-ci
sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə
düzəlir ki, çörək pulu qazansın. Eyni vaxtda zavodun
dram dərnəyinə də yazılır.
Elə
ilk günlərdən dram rəhbəri onun istedadını
sezir. Oynadığı obrazlar tezliklə zavod kollektivinin,
sonra Bakı camaatının diqqətini çəkib, onlarda
maraq yaradır.
Bu
minvalla Əliağa hələ çox gənc
yaşlarından Gənc Tamaşaçılar
Teatrının truppasına gəlib çıxır.
Onu
Mirzəağa Əliyev kimi sənətkar bəyənir,
ştata götürülməsinə nail olur.
O
vaxtdan bu teatrın afişasına yeni, həm də ətrafına
tamaşaçı toplaya biləcək bir imza yazılır
– Əliağa Ağayev.
İlk sevgi və evlilik
Gənc
Tamaşaçılar Teatrının özülünü
qoyanlardan biri olan aktyor az bir zamanda oynadığı obrazlarla,
istedadı və xoş xasiyyəti ilə hamının
sevimlisinə çevrilir. Kollektivin gənc qızları
arasında onu sevənlər də az deyildi, amma Əliağanın
gözü onlardan birini tutmuşdu.
Gənc
aktrisa Cəvahir İsgəndərova ilə səhnədə
tərəf müqabili idilər. Məhəbbətlərinin
özülü elə səhnədə qoyuldu. Ağadadaş Qurbanov bir gün
onların münasibətlərindən xəbər tutub Əliağanı
yanına çağırır. Deyir ki, bu qız mənim
teatr truppamda yetişib, bu teatrın səhnəsinə
çıxıb: “Mənə öz balam kimi əzizdir, sən
də yaxşı oğlansan, ona qarşı münasibətin
ürəkdən deyilsə uzaqlaş, ürəkdəndirsə
gecikmə, yaxınlaş”.
Ürəyini
qıza açmağa cəsarət eləməyən gənc
bu sözlərdən sonra qəti addım atıb Cəvcahirlə
evlənir.
Uşaqları
dünyaya gələndən sonra Cəvahir xanım evdə
oturmalı olur, Əliağa uşaqları ona etibar edib
özü sənətin zirvələrinə doğru kəşməkəşli
yola çıxır.
Onun
da oynadığı “Hacı Qara” tamaşasına Mircəfər
Bağırov baxır. Tamaşadan sonra Bağırov Əliağanı
yanına çağırtdırır. Qardaşı Mirzəağa
1937-də ildə repressiyaya uğrayan aktyor kəfənini
boynuna salıb rəhbərin qəbuluna yollanır. Sən demə,
Mircəfər Bağırov onu çağırtdırıb
ki, oynadığı obrazdan heyranlığını ifadə
etsin. Deyib ki, çox bəyəndim. Fəxri adının
olub-olmamağını da soruşub. Bir müddətdən
sonra Əliağa Ağayevə əməkdar artist fəxri
adı verilib. Sonra da xalq artisti olub.
Gənc Tamaşaçılar Teatrında ilk və o
vaxtlar yeganə xalq artisti Əliağa Ağayev idi.
Ona
SSRİ xalq artisti fəxri adı verilməsi üçün
aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Hər
dəfə bu söhbətdən yumorunu işə salmaqla
yayınan aktyor ömrünün sonuna qədər nə
partiyaya daxil olub, nə də
SSRİ xalq artisti adı üçün cəhd göstərib.
Məşədi İbada verilən
kürk
“O,
olmasın, bu olsun” filmindən sonra Əliağa Ağayevi
hamı tanıyırdı, amma adı ilə deyil
oynadığı obrazla, Məşədi İbad kimi.
Aktyorla
birgə çox tamaşalar hazırlayan rejissor Ağakişi
Kazımov xatırlayır ki, bir dəfə İraqda qastrol
zamanı Əliağa bazarda itib: “Dedilər, bu harada ola bilər?
Hərləndim bazarı gördüm ki, bir yerdən səsi
gəlir. Gördüm ki, əfqanlar yığılıb onun
başına, qabağında da bağlama var. Dedim bu nədir
gətirmisən? Dedi tanıdılar ki, Məşədi
İbadı oynayanam, mənə kürk verdilər".
Mirzəağa
Əliyev dünyasını dəyişəndən sonra bir gün
Şıxəli Qurbanov Əliağa Ağayevi
çağırıb deyir ki, sən “Azdrama”nın səhnəsinə
lazımsan.
Əliağa
Ağayev əşyalarını götürmək
üçün doğma teatrına gələndə Gənc
Tamaşaçılar Teatrının ilk aktyorlarından biri
Süleyman Ələsgərov qəmə qərq olur: “Sən
bu teatrın qapısına qıfıl vurub gedirsən,
buranın tamaşaçıları bundan sonra “Azdrama”ya gedəcəklər”.
Əliağa
Ağayev Məşədi İbadı oynayanda qara, gur
saçları olub. Film təbii alınsın deyə
özü saçlarını dibindən
qırxdırıb.
Saqqalının
üstündə isə günlərlə özü işləyib,
nəhayət təbii göründüyünü hiss edəndən
sonra çəkilişə razılıq verib.
Çox
güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun
sözlərini bircə dəfə oxumağı bəs
edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.
Onun
teatrın bufetinə girməyi yetərmiş ki, bütün
aktyorlar başına yığışsın. Deyib-gülməyi,
yeyib-içməyi çox xoşlayırmış, elə
bunun da güdazına gedir.
Heç
vaxt şəxsi işləri üçün kimdənsə
xahiş etməyi xoşlamayıb.
Bir
qızı, iki oğlu vardı. Deyirdi, bir rollarım, bir də
övladlarımdır həyatdakı qazancım. Sənətini
də çox sevərdi, amma övladlarının bu sənətə
gəlməsinə razı olmazdı. Oğlu Vaqif ondan gizlin o
vaxtkı İncəsənət İnstitutunun rejissorluq
fakültəsinə qəbul olunmuşdu. Hər il atasına
“Politexnik”ə hazırlaşıram” deyə yalan satan
Vaqif Ağayev yalnız diplomunu
alandan sonra onu atasına göstərib həqiqəti etiraf
etmişdi. Vaqif Ağayev çox istedadlı rejissor oldu.
Musiqili Komediya Teatrının səhnəsində şöhrət qazanan “Hicran”
tamaşasına o quruluş vermişdi. Hayıf ki, həyatdan
vaxtsız köçdü.
İynə vurub filmə çəkilib
Əliağa
Ağayev isə sağlam adam idi. Səhnədə,
yeyib-içməkdə, çəkilişlərdə
keçdi ömrü. Son illər, yəni ömrünün
axırlarında səhhətində bəzi narahatlıqlar
olub, bu da yaşın göstəricisidir.
Çəkildiyi
son “Evlənmək istəyirəm” filminin rejissoru Cahangir
Mehdiyev danışır ki, biz
onu qızdırmanın içində çəkdik: “Dedim
ki, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə
bilər, razılaşmadı. Həkim
çağırıb iynə vurdular, temperaturu bir az
düşdü, çəkdik,
çəkilişdən sonra təcili yardımla getdi”.
Amma
ondan sonra neçə-neçə
çəkilişlərdə, tamaşalarda oldu Əliağa
Ağayev.
Yetmiş
yaşı ərəfəsində, yubileyqabağı
dostlarıyla kafedə oturub deyib-gülürmüşlər.
Əliağa Ağayev danışdığı lətifəyə
ətrafdakılarla birgə ürəkdən gülüb. Necə
ürəkdən gülübsə ürək damarı
partlayıb. Dostları elə
biliblər ki, zarafat edir, baxıblar ki, yox, kişi
dünyasını dəyişib.
Bu, 3 noyabr 1983-cü ildə
olub.
Bu il sənətkarın
100 illiyidir.
Ramilə Qurbanlının
Ədalət.-2013.-19 mart.-S.8.