Ədəbiyyatda "Yusif zirvəsi"

 

(elegiya)

 

Yusif müəllim, səninlə söhbətə başlamazdan əvvəl istəyirəm vaxta-zamana olan iradımı bildirəm. Doğrusu, yoxluğundan keçən bu bir ilin nə tez ötdüyünə təəccüblənirəm. Vallah, başımız öz həyati qayğılarımıza elə bərk qarışdı ki, Tanrının bizlərə yazdığı ömrün bir ilinin necə gəlib, nə cür keçdiyini duymadıq, hiss etmədik. Bəlkə elə buna görə hələ vaxtilə ünlü qələm dostumuz, şair Bəhmən Vətənoğlu demişdi ki:

 

Çalış ki, hər vaxtı xoş keçirəsən,

Vaxt ötüb keçəcək, vaxta nə var ki?..

 

Lakin əziz dostumuz, bu bir ildə hər zaman söhbətlərimizdə səni andıq, səni öz sıralarımızda duyduq. Ona görə ki, biz dostlarının qəlbində sən elə bir iz qoymusan ki, xatırlanmamağın mümkün deyil. Düşünürəm ki, bu da təbiidir. Çünki sən başqa cür ola da bilməzdin. Əvvəlki söhbətimizdə qeyd etdiyim kimi, sənin həm özün bizlərə örnək idin,  həm də həyat yolun bizə məktəb idi - əsl insan məktəbi. Bu məktəbdə nələr tədris olunmurdu: mərdlik, müzəffərlik, vətənpərvərlik, insansevərlik, yurd təəssübkeşliyi, özündən böyüklərə hörmətcillik və s. Hə, Yusif müəllim, bu tərbiyəni kiçik yaşlarından öz valideynlərimizdən alsaq da, lakin səninlə dost olduqdan sonra dübarə səndən aldıq, səndən gördük. Ən azından buna görə sənə bütün yusifsevərlərin minnətdarlığını bildirirəm.

Ustad, səninlə bağlı o qədər xatırlanmalı sözüm var ki, heç bilmirəm hansını dilə gətirim. Amma istəyirəm bildirəm ki, bu bir ildə yerini çox hiss etmişəm. Hərdən söhbətləşmək, məsləhətləşmək üçün qeyri-ixtiyari rəhbərlik etdiyin stomatoloji poliklinikaya, sənin iş yerinə doğru istiqamət götürmüşəm. Yalnız son anda yadıma düşübdür ki, sən daha orada deyilsən. Sənin indi əbədi, həmişəlik bərqərar olduğun bir ünvanın vardır. O da əsərlərində tez-tez yer ayırdığın Yasamal qəbiristanlığıdır. Yusif müəllim, taleyin qismətinə bax ki, istər kriminal hekayələrində və istərsə də, "Ələkeçməzlər" trillerində cinayətkar ünsürlərin bu qəbiristanlıqda törətdikləri vəhşilikləri, quldurluğu təsvir edərdin. İndi isə sən özün həmin məkanın əbədi sakininə çevrilmisən. Ustad, özün də bilirsən ki, artıq uzun illərdir mənim iş yerim də bu qəbiristanlığın yanında yerləşir. Odur ki, "Azərbaycan" nəşriyyatına hər gün işə gələrkən istər-istəməz bu məkanın yanından keçməli oluram. Və qeyri-ixtiyari ürəyimdə sənə və cəmi dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Hər dəfə də mərhum aşıq-şair kəlbəcərli Qəmkeş Allahverdinin "Yatıbdı" şerini xatırlayıram:

 

Bir gün yolum düşdü qəbiristanlığa,

Orda zaman qışdır, dövran yatıbdı.

Sanki pıçıldadı hər qəbir daşı,

Şair, asta yeri insan yatıbdı...

 

Bəli, Yusif müəllim, hər dəfə bu lal-kar məkanın yanından keçərkən Aşıq Qəmkeşin şeirinin bu bəndini xəyalımdan keçirirəm və düşünürəm ki, şübhəsiz hər birimizin axirət evi sayılan qəbiristanlıq özü bir səltənətdir: əbədi insan səltənəti. Ona görə də bu səltənəti - son məkanımızı həmişə ehtiramla anıram. Fərqi yoxdur, kim harada uyuyacaq, əbədi məskən salacaq. Bu məkan Yasamal qəbiristanlığı da ola bilər (səninlə qonşu olarıq) və yaxud digər qəbiristanlıqlar da. Vacib olanı budur ki, ora bizim axirət evimiz olacaq, bax, budur, ən əsası. Həm də Yusif müəllim, özün də bilməmiş deyilsən ki, həmin səltənətdə çox-çox məşhur insanlar vardır. Məhz bu barədə düşüncələrini mərhum şairimiz Borsunlu Məzahir də bir zamanlar qəbiristanlıqda anasının məzarını seyr edəndən sonra qeyd edərək söyləmişdi ki:

 

Görməyib əsrlər, qərinələr də,

Dünyadan köçənlər qayıdarmı bir də.

Kim bilir, bəlkə də sən yatan yerdə,

Aləmi bəzəyən bir memar yatır...

 

Yusif müəllim, hələ ki, o səltənətin daxili qaydalarını bilməsəm də, lakin səni yaxşı tanıdığımdan söyləyə bilərəm ki, sən orada - axirət evində aqillərin yanındasan, indi onlarla yoldaşlıq edirsən. Bu başqa cür ola da bilməz. Çünki düşünürəm ki, sənin son məkanın Xudavəndi-Aləmin öz müqəddəs kitabı "Qurani-Kərim"də də adını çəkdiyi cənnətdədir. Hər bir müsəlmanın arzuladığı cənnətə isə əminəm ki, sən əməlisaleh olduğuna görə düşmüsən. Odur ki, mələklər səni Allah-Təalanın sorğu-sualından keçdikdən sonra birbaşa cənnətə götürmüşlər. Orada sənin üçün yaxşı keçdiyini də bilirəm. Amma bununla belə, sənin nigarançılığını duyuram. Bu nigarançılığın dost-tanış, ömür-gün yoldaşın Həqiqət xanım, övladların, qohum-əqrəba sarıdandır. Amma səni xatircəm etmək istəyirəm ki, hamımız yaxşıyıq, fikir çəkmə. Elə hamımızın nigarançılığı səndən yanadır. Xüsusilə də həyat yoldaşın Həqiqət xanım sənsizliyini sinirə bilmir. Hər dəfə onunla görüşərkən söhbətimiz səndən düşür, səni anır, səni xatırlayır, səndən danışırıq. Yeri gəlmişkən sənə bir neçə şad xəbər də bildirmək istəyirəm. Əvvəla, sənin vəfatının 40 gün mərasiminə övladların tərəfindən  şeirlərindən nümunələr səsləndirilən bir xatirə audio-diski işıq üzü gördü. Qeyd edim ki, "Təzə Pir" məscidində 40 mərasimi zamanı bu disk paylanıldı və hamı tərəfindən yaxşı qarşılandı. Amma həmin gün sənin yenicə çapdan çıxan, birgə nəşrə hazırladığımız "366 nömrəli məhbus" adlı hekayələr kitabın da mərasım iştirakçılarına - sənisevərlərə hədiyyə verildi. Lap bu yaxınlarda isə ömür-gün yoldaşın Həqiqət xanımın çoxdan çapa hazırladığı "Riyazi statistika tarixindən" adlı mükəmməl bir kitabı nəşr olundu. Hal-hazırda isə ömrünün son günlərində canına, sağlamlığına qəsd edərək yazıb başa çatdırdığın, fəqət nəşrini görməyə imkan tapmadığın çox sevdiyin "Ələkeçməzlər" trillerinin sonuncu - üçüncü kitabı "Ələkeçməzlər-3" adı ilə nəşrə təqdim olunubdur. İnşallah, yəqin ki, bu, yaxın günlərdə həmin kitabı səbirsizliklə gözləyənlərə bir sürpriz olacaqdır. Bütün bu görülən işlər isə, Yusiz müəllim, onu bildirir ki, sən ölməmisən, sən sağsan, yaşayırsan və yenə də əvvəlki kimi öz sevimli yaradıcılıq işlərinlə məşğul olursan. Birinci söhbətimdə də qeyd etdiyim ki, sən o xoşbəxt yazıçılardansan ki, bir ildə iki kitab yazıb nəşr etdirməyi bacarırsan. Bax, görürsənmi, Yusif müəllim, səndən sonra da bu ənənən yaşayır. Onu yaşadan isə həmişə sənə vəfalı qalan Həqiqət xanım və bizlərik - yusifsevərlər...

Yusif müəllim, yəqin özün də bilirsən ki, bu yaxınlarda axşamüstü sənin görüşünə - qəbiristanlığa gəlmişdim. Yasamal qəbiristanlığında köhnə qəbirlərin arası ilə bir xeyli gedib sağa burularaq azacıq aşağı düşdüm. Sənin Yasamal gölünə yaxın tək məzarını ziyarət etdim. Amma görünür həmin gün məndən qabaq da kimlərsə gəlib səni ziyarət etmişdilər. Çünki məzarının yanındakı güldana təzə-tər ağ gül dəstəsi qoyulduğunu gördüm. Yadıma düşdü ki, sən ağ rəngli gülləri çox sevərdin. Yəqin səni ziyarət edənlər bunu bilirmişlər (sonradan Həqiqət xanımdan öyrəndim ki, həmin gülləri qızın Qüdsiyyə xanım gətiribmiş...). Ustad, yadındadırmı, sanki səninlə söhbət edirmişəm kimi, qəbir daşınla bir xeyli söhbətləşdim. Yalnız şər qarışanda qəbiristanlıqdan çıxa bildim. Etiraf edim ki, bu görüşümüzdən olduqca mütəəssir olmuşdum. Səninlə xudahafizləşərkən artıq qaranlığa bürünmək ərəfəsində olan məzarına bir daha baxdım və bu zaman istər-istəməz xalq şairi Səməd Vurğunun "Tək məzar" şeirini xatırladım. Bir qədər sonra qəbiristanlıqdan çıxıb marşrut avtobusunda lap arxada əyləşərək hələ də gördüyüm səhnənin təsirinə bürünərək yola düşdüm. Bu zaman elə həmin hisslərimin təsiri altında böyük şairin qələmə aldığı şeirin bir neçə bəndini dilimin pıçıldadığını sezdim:

 

Bu gün məni səyyar xəyal,

Öz dünyamdan qoparmışdır.

Qulağı kar, dili də lal

Bir aləmə aparmışdır...

 

Bax, belə-belə işlər, Yusif müəllim. Düşünürəm ki, səninlə sağollaşmaq zamanı da gəlib yetişdi. Odur ki, minnətdarlıqla anıb, xudahafizləşərək hamının adından sənə: Ruhun şad olsun, ustad! - söyləyirəm. Sonda N.Kəsəmənlinin söylədiyi kimi, əlvida demirəm ki, bəlkə yenə də görüşdük...

 

 

Əli Həsən,

şair-publisist

 

Ədalət.-2013.-19 mart.-S.6.