PROYEKTİMİZƏ
DAVAM EDİRİK: ALTMIŞINCILAR
TANINMIŞ
JURNALİST ŞAKİR YAQUBOV – 5
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub.
Məsələn,
sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR
adıya bir dərnək də var. Həmişə
könlüm keçib belə bir təşkilat və ya dərnək
bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə
ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət
adamları sonrakı nəsil tərəfindən heç də
könül xoşluğu ilə qarşılanmayıb. Bir
ucu da gəlib yetmişlərə və səksənlərə
çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə
onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.
- Doğrudur, indi "Kitabım
var" - demək bir az şit səslənir, amma sayı bilinən
kitabların var. Kitab çap etdirmək barədə yenəmi
düşünürsən?
-
"Kitabım var" - demək şit səslənir... Bunu
gözəl dedin, mən də əvvəllərdə bu fikrə
oxşayan fikirlər bildirmişəm, misallar çəkmişəm.
Nə deyim, vallah... Bir vaxt deyirdik ki, Azərbaycan xalqı
şair xalqdır - çünki əli qələm
tutanların hamısı "şeir" yazırdı, indi
isə 5 manat pulu və... əndamı olanlar kitab yazır,
yaxud yazdırır. Hər halda mənə elə gəlir ki,
kitab çapının həcminə görə Azərbaycan
yəqin indi dünyada ən öncül yerlərin birində
olar.
Mən
təmiz 10 ildir ki, növbəti kitabımı buraxdırmaq
barədə düşünürəm, amma hələ bir
yana çıxara bilmirəm. Bu, pul məsələsi deyil.
Başlıca səbəb budur ki, böyük maddi və mənəvi
əziyyətlər bahasına başa gələn bu kitab
kimin üçündür - axı bu kitabı hətta
dostlar, həmkarlar, qohum-əqrəba, adını mütəxəssis
qoyan kəslər oxumursa, onda həqiqətən bu kitab nə
üçündür? Amma görünür bu da bir
azardır - mübtəla olan çətin ki, bu azardan
sağala... Sənin yadında olar ki, hələ İstanbulda
olduğun son günlərdə Adil "525-ci qəzet"də
yazmışdı ki, Şakirin XX əsr dünya futbolunun 50
ulduzu haqqında təxminən 20 çap vərəqi həcmində
kitabı nəşrini gözləyir. Düşünürəm
ki, bu kitab, ən azı, futbolla, onun tarixi ilə, unikal
ustaları ilə maraqlanan yeniyetmə və cavanlar
üçün gərəklidir. Digər tərəfdən
isə əgər Azərbaycanın XX əsrdəki ən
istedadlı və titullu futbolçusu Anatoli Banişevski barədə
2002-ci ildə AFFA-nın keçmiş prezidenti Fuad Musayevin
birbaşa maddi yardımı sayəsində çap etdirdiyim
1000 nüsxəlik "Banişevski olduğu kimi"
kitabının - rəyçi, ötənlərin məşhur
futbolçusu və idman şərhçisi Çingiz
İsmayılovun Azərbaycan futbolunun ensiklopediyası
adlandırdığı kitabın 600 nüsxəsi bugünəcən
ikiotaqlı mənzilimin bir küncündə gərəksiz əşya
kimi qalaqlanıb durursa, dünya futbol ulduzları barədə
kitab kimə gərək ola bilər? Həm də axı
Banişevski barədə kitab bu böyük idmançı və
ƏSİL AZƏRBAYCANLI barədə birinci və sonuncu
kitabdır; Azərbaycan dilində olan bu kitabı Rusiyanın
çox böyük dövlət adamı Sergey Stepaşin
şəxsi kitabxanası üçün əldə edibsə,
bizimkilərin biganəliyinə heç cür izah tapmaq olmur.
Daha
bir kitab təqribən 5000 səhifəlik materialın
içindən seçilmiş yazılardan ibarətdir -
bunlar keçən əsrin 90-cı illərinin əvvəllərində
əsasən üç qəzetdə - "Həyat",
"Səhər" və "Bakı post"da dərc
olunub, indi onlarla tanışlıq məndə belə bir təsəvvür
yaradır ki, onları vaxtilə heç kim oxumayıb,
çünki bunlar son dərəcədə aktualdır. Və
daha bir kitabımın materialları ortada əl-ayağa
dolaşır ki, bu da, ən azı, bütün yazı-pozu
adamının stolüstü kitabı ola bilər - əməli
gərəkliliyinə görə...
-Ailənizə yaxından bələdliyim
olduğundan bilirəm ki, ailə sahibi kimi həmişə
var olmusan. Onların sənin işində bir
üstünlüyü olubmu? Onların yardımını
hiss etmisənmi, şayət, indiki xanımına rast gəlməsəydin,
bu ömrü yaşaya bilərdinmi?
- Qoy
bunu da bəri başdan deyim ki, sonra yadımdan
çıxmasın. Sənin bu sualın, görünür, zəmanənin
doğurduğu sualdır. Çünki indi eşidirəm ki,
filankəs müsahibə verir və həmin müsahibədə
özünü tərifləyir - sanki "vətəndaş
nikahı"nda yaşamaq üçün arvad axtarır;
arvadını tərifləyir - sanki ona ər axtarır;
qızını tərifləyir - heç şübhəsiz
ki, onu ərə vermək istəyir; oğlunu dağın
başına qaldırır - ona da qız axtardığı
güman olunur... Ümumiyyətlə, aşkarlıq,
demokratiya pərdəsi altında bizim informasiya mənbələrimiz
abır-həyadan tam bixəbər, ya da azad bir məkana
çevrilib. "Namus qadının cinsi orqanıdır"
- intervü verən qadının bu cümləsi
yazının sərlövhəsidir; "Bizim kişilərin
Rusiyada qadınlarda axtardıqları şey məgər bizim
qadınlarda yoxdurmu?" - bu da bir başqa qadın cinsindən
olan müəllifin yazısının
başlığıdır. Mən ümumiyyətlə, təsəvvür
edə bilmirəm ki, xanım jurnalist hansı üzlə
QİÇS mövzusunda yazı yaza bilər? Hələ
telekanallarda səhərdən-axşamadək "qadın
tamponları" barədə elanları müfəssəl mətnlə
necə vermək olar? Elə bundansa kimisə əməli
olaraq həmin ekranda geyindirib-soyundursunlar da...
Mən
20-22 il bundan qabaq işlədiyim qəzetdə "gözəllik
müsabiqələri" barədə hər hansı bir
yazının getməsinə qadağa qoymuşdum və bu barədə
elə həmin qəzetdə də yazmışdım;
çox sadə səbəbə görə: bu müsabiqələr
barədə "əlifba" səviyyəli yazılardan məlumdur
ki, kastinqin şərtlərinə görə,
iştirakçılar münsiflərin qarşısına
"Həvva geyimi"ndə çıxmalıdırlar... Qaldı
ki, ailə üzvlərimin işimə, yazı-pozu fəaliyyətimə
təsiri, köməyi məsələsi - bu, adi bir prosesdir,
yəni o mənada ki, nə yazdığımın, necə
yazdığımın ailə üzvlərinə birbaşa
heç bir aidiyyəti yoxdur, çünki mən yetərincə
məsuliyyətli adamam, bunu özüm müəyyən edirəm,
gördüyüm işin qazancı da, ziyanı da bilavasitə
özümün hərəkətimlə müəyyənləşir.
Hərçənd bu məsələlərdə son nəticədə
ailəmə dolayısıyla bir zərər dəyibsə də
bunun məndən irəli gəlməsi hər şeyin
üstünü örtüb. Digər tərəfdən,
xanımıma urcah olduğum 43 il qabaq - hələ tələbə
ikən mən jurnalistikayla məşğul idim,
övladlarım da ağılları kəsən gündən
yazı-pozu ilə məşğul olduğumu görərək,
bunu yalnız atalarına aid olan adi, gündəlik iş
sayıblar, bu səbəbdən də heç bir halda
"yaradıcılıq mətbəxim"ə baş
vurmayıblar; hərçənd kiçik qızımın
ötən il Azərbaycan jurnalistikası günü
münasibətilə (məhz bu cür, daha "Milli mətbuat
günü" yox! Çünki bizim əlamətdar və
tarixi günlər, dövlət bayramları və peşə
bayramları təqvimində rəsmən "Milli mətbuat
günü" adlı gün yoxdur!!!) uzaq xaricdən, uzunmüddətli
ezamiyyətdə olduğu ölkədən mənə
yazdığı təbrik məktubundan görürəm ki,
yox, bu məsələdə bir qədər ifrata varıram -
balalarım yaradıcılığımı izləyirlər,
amma bizdə bunu müzakirə mövzusu eləmək vərdişi,
həvəsi olmadığı üçün bütün
normal ailələrdəki kimi, mənim ailə üzvlərim
də bu stereotipi qırmağa cəhd göstərməyiblər
heç vaxt...
- Qocaman qələm dostumuz Akif Qəhrəmanlı
sənin yazılarının dili və üslubu haqqında təkrar-təkrar
məmnuniyyətlə danışır. Bu bir təhsil məsələsidirmi,
yoxsa başqa bir səbəb də var bunda?
- Yox, bu, lap ağ oldu. Mənim yazılarımın dili türkün təmiz ana dilidir - hansı
ki, biz ona Azərbaycan dili deyirik, üslubu isə bu dilin
tələb elədiyi
və mənim də çox dəqiqliklə əməl
eləməyə çalışdığım
üslubdur. Mən
bu söhbətin dərc olunacağı qəzetin oxucuları üçün demək istəyirəm ki, Akif Qəhrəmanlı mənim çox böyük hörmət bəslədiyim qələm
qardaşım, vaxtilə
3-4 il birgə çalışdığımız işdaşım və hər şeydən öncə, bizim danışdığımız dilin incəliklərinə
dərindən bələd
olaraq, ömrünün
az qala 50 ilini çox çətin, həm də məsuliyyətli peşəyə - dövlət
tərcüməçisi peşəsinə
sərf eləmiş bir Vətən övladıdır. "Dövlət tərcüməçiliyi"
dəhşətli dərəcədə
ağır və məsuliyyətli bir peşədir, burada özfəaliyyətin nəinki
özü, heç adı da işə
keçmir, bunun əvəzi olaraq, ən yaxşı haldag işsiz qalırsan. Burada nəinki sözün,
kəlmənin, hətta
hərfin də bəzən dövləti
əhəmiyyəti olur
və qardaşımız
bu keyfiyyətləri çox gözəl əxz eləmiş nadir kadrlardandır. Mən
bu peşənin mərhum İsaxan Ömərov, Rəfail Nağıyev, Cəlil Xəlilov, Azər Ələsgərov, Ənvər
Quliyev, Elman Cəfərli
kimi bənzərsiz nümayəndələri ilə
kəlmə kəsmişəm,
birgə işləmişəm.
Mənim yazılarımda
onların diqqətini
yalnız və yalnız sözün məsuliyyətini hiss eləməyim
çəkə bilərdi,
yəqin Akif müəllimi də elə bu məqam
çəkir və
o, çox yaxşı
bilir: necə ki, tərcümədə
"boyun qaçırmaq"la
"imtina eləmək"
eyni mənada işlənməyə bilər,
mənim yazılarımda
da "darıxmaq"la
"xiffət"in hərəsinin
öz yeri olur
Bu, nədən irəli
gəlir? - sən
soruşursan. Məxsusi
təhsil məsələsi
deyil bu. Mən universitetdə dilçilik,
ədəbi dil, redaktənin əsasları
və s. fənləri
keçməmişəm, mənim
hətta attestatımda
rus dilindən və xarici dildən (ingilis dilindən) qiymət də yoxdur; amma mən 40 ildir ki, rus
dilindən Azərbaycan
dilinə və əksinə tərcümə
edirəm, ingilis dili tərcümələrini
redaktə edirəm.
Bu, sadəcə, məsuliyyət
məsələsidir, sifarişçi
və vicdanın qarşısında məsuliyyət
məsələsi! Məndən
öncəkilər belə
olublar, mənim yaşıdlarım və
məndən 5-10 yaş
kiçik olanlar da belədirlər vəg bununla hər şey qurtarır
- Səndən nəyi soruşmağı
unutdum? Məndən nə soruşmaq istərdin?
- Təxminəng
yox, dəqiq 14 il öncə "Neftçi"nin məşhur
müdafiəçisi Yaşar Vahabzadədən soruşdum:
"Sənin indi 39 yaşın var və hələ
oynayırsan. Axı nə vaxtacan?!" Qayıtdı ki, necə
oynayıram? Dedim: ən azı "4"-ə layiqg Dedi: onda
niyə də oynamayım?! Mən o vaxt oynamaram ki, kimdənsə
zəif oynadığımı hiss edəm... Səndən
soruşmalıydım ki, bu yaşda da hər həftə 2-3
dəfə köşə yazısı yazmaq olarmı və
bunları kim oxuyur? Soruşmuram, çünki bu ölkədə
ən azı iki nəfər - bir bu köşənin redaktoru
və bir də Şakir Yaqubov o yazıları gözləyir
və oxuyur. Belədə mənə TÜRKlər demiş,
"Əllərinə sağlıq!.." - demək
qalırg
S O N
NOT:
"Redaktor düzəlişi təmin edir - həm də sənin
xətrinə yox, tarixi həqiqətin xətrinə, gələcək
nəsillər üçün hansısa daha bir problemi
saxlamamaq xətrinə!.." - bu müsahibənin əvvəllərində
belə demişdim və bu deyim elə bu müsahibənin
ötən parçasında sübutunu tapıb: Seyran Səxavətin
müsahibəsinin adını "Ağdamda Qədir Məmmədovla
"atüstü" söhbət" kimi söyləmişəm,
halbuki və heç şübhəsiz, soyad "Rüstəmov"
olmalıdır. HAMIdan üzr istəyirəm. Yazıya redaktor
gərəkdir!!! - Ş.Y.
(Son)
abdin41@mail.ru
www.tofigabdin.com
Tofiq Abdin
Ədalət.-2013.-20
mart.-S.15.