HƏQİQƏT, MƏHƏBBƏT, İNAM ŞAİRİ

 

ƏDƏBİ HƏYAT

 

 (Xalq şairi Cabir Novruzun 80 yaşı)

 

Cabir Novruzun poeziyaya gəlişi səssiz, haraysız olmayıb. Bu şair xoşbəxtliyidir ki, daim diqqət mərkəzində olasan, həmişə oxucuların sevimlisinə çevriləsən, şeirlərin özünə geniş auditoriya qazana, səni hamı tanıya. Stendalın bir fikrini xatırlayıram - "Əgər mən təkəmsə, bir heçəm, əgər mənim arxamca heç kəs gəlmirsə, mən bir heçəm. Əgər oxucu desə ki, bu adam fikir aləmini irəli aparmışdır, onda mən hər şeyəm".

Məncə, C.Novruz da müasir səviyyəli, onu sevən, duyan həqiqi oxucular əhatəsində idi.

Şeir kitablarının birinə yazdığı ön sözdə C.Novruz deyir: "Neçə-neçə şeir kitabım çap olunsa da, yenə həyəcan içindəyəm. Mən bu imtahandan necə çıxacağam, deyə bilmərəm. Lakin ürək çırpıntıları ilə sətirlərimi, necə deyərlər-doğma balalarımı oxucu imtahanına verirəm. İstərdim ki, həyat, insanlar, dünya, bu gün, sabah, doğma Azərbaycan haqda qoşduğum təzə nəğmələr onların ürəyincə olsun".

Cabir Novruz poeziyada təsadüfi yaxşı şeirlərlə görünüb sonra hansısa janrın sakit guşələrinə baş vuran şairlərdən olmamışdır. O, əlli illik yaradıcılığı ərzində həmişə oxucu tələbkarlığına inana-inana, onu məyus etməyərək, bir-birinin ardınca gözəl şeirlər və poemalar yaratmışdır. Bəs bu şairin fərdiliyi və özünəməxsusluğu nədədir?

Cabir Novruz haqqında yazılan məqalələrdə, onun kitablarına həsr edilən resenziyalarda tez-tez belə bir ifadə ilə rastlaşırsan: "Cabir Novruz təbiiliyi tərənnüm edir, o, sadə yazır". Qeyd edək ki,bu fikirlə razılaşmamaq qeyri-mümkündür, lakin həmin mülahizə izah olunmadığı üçün natamam təsir bağışlayır. C.Novruz təbii şairdir, amma bu təbiilik təkcə təbii və sadə-hamının anlayacağı dildə yazmaqlarmı məhdudlaşmalıdır?

 

Bu robotlar, süni əllər,

süni gözlər

dövründə mən.

İstəyirəm şeirimdə mən,

Təbiiliyi vəsf eləyim.

...Üz tuturam uşaqlara,

böyüklərə, nəsillərə,

Üz tuturam hələ

sabah göz açacaq

əsrlərə

Söyləyirəm təbii olun,

təbii olun.

Təbiiliyə çağırış Cabir Novruz poeziyasının başlıca mahiyyətini ifadə edir. Biz bunu iki mənada yoza bilərik. Birinci halda şair-gördüyümüz kimi, təbiilik anlayışının öz mənasına, məğzinə, cövhərinə üz tutur. Lakin onu da qeyd edək ki, təbiilik C.Novruz poeziyasında həm də Məhəbbət, Həqiqət, Bütövlük, İlkinlik və İnam çalarları qazanır. "İnsan himnləri" adlı lirik-fəlsəfi poemada C.Novruz təbiiliyin bədi-estetik hüdudlarını daha da genişləndirir, milyon illər dəyişməyən duyğuları vəsf edir. Çünki "onlar daim təzə qalan duyğulardır. Ən müasir kəşflərə bəzək olan duyğulardır". Bu duyğuları özündə yaşadan hər bir insan isə ayrıca bir dünyadır. Bütövlük də Təbiilikdir. İlkinlik də, İnam da.

C.Novruzun bütün yaradıcılığında-hər kiçik şeirində və hər böyük poemasında təbiilik ən müqəddəs bir duyğu kimi vəsf olunur. Onun poeziyasında Yaxşılıq, Pislik, Mərdlik, Qəhrəmanlıq, Gənclik, Qocalıq, Zəriflik anlayışları da məhz təbiilik prizmasından baxılıb qiymətləndirilir. Dövrümüzün böyük problemləri, bəşəriyyəti düşündürən ən ali məsələlər bir şair kimi C.Novruzu da söz deməyə də, qəlbinin narahatlığını şeirə çevirməyə səfərbər edir. Şairin şəxsiyyəti, yaradıcı adamın fərdiliyi onun ictimai hadisələrə fəal münasibətiylə bağlıdır, özü də bu əlaqə yaradıcılıq psixologiyasını təyin edən əsas komponentlərdən biridir. Ətraf mühitə, dünyada gedən təzadlı hadisələrə poetik təmas şairi və subyektiv lirik "Mən"i çərçivəsindən qlobal düşüncə çərçivəsinə malik "Mən"ə çevirir. Lirik qəhrəman bu məqamda bəşəriyyətin bu günü və gələcəyinə bağlı İnsanı təmsil edir. S.Vurğun, R.Rza, S.Rüstəm kimi şairlərin yaradıcılığı bunu aydın sübut edir. Onların ənənələrini C.Novruz da davam etdirirdi. Şairin "Qərbi Berlin" panoram poeması bu baxımdan XX əsr Azərbaycan poeziyasının mühüm bir nailiyyəti hesab olunmalıdır. Bu poema şairin müharibə və bəşəriyyətin gələcək taleyi barədə düşüncələridir. Lakin bu düşüncələr sırf rasional xarakter daşımır, yəni, dəqiq desək, müharibə haqqında fəlsəfi-etik mənalar ümumi səciyyə daşımır. Müharibə, onun ağrılarını taleyində daşıyan bir insanın mənəvi ağrıları, atasızlıq kədəri, daha geniş mənada calğının bu müharibədə itkilərinə təəssüfü ilə diqqəti çəkir:

 

Ehtiramla neçə

kərə baş əyərək,

Qazılmamış qəbirlərə

baş əyərək,

Göz yaşımı yumruğumun

arxasıyla

silə-silə

gəldim bura.

Hələ neçə faciəli

sifarişlə

gəldim bura.

 

Cabir Novruzun lirik qəhrəmanı, hər şeydən əvvəl öz narahat təbiəti və dünyadakı hadisələrə fəal münasibəti ilə seçilən müasirimizdir. Onu ətrafındakı hər hadisə maraqlandırır, o, bəzən nifrəti aşkar görünən, qəzəbi ümman dalğalı bir insan, bəzən isə son dərəcə kövrək və lirikdir:

 

Dünyada nə olsa ürəyimdədir;

bir insan sevinsə, bir gül açılsa,

bir ömür məhv olsa, bir ev uculsa,

bir güllə atılsa ürəyimdədir.

 

C.Novruzun lirik qəhrəmanının bioqrafiyası Azərbaycanın uca dağlarla əhatə olunmuş bir mahalından-Xızı rayonunun Upa kəndindən başlanır. Onun dünyada ilk dəfə eşitdiyi ən müqəddəs, ən əsrarəngiz səs bulaq şırfıltısı və cəh-cəh vuran quşların səsi olub. Bu lirik qəhrəmanın dünyada ilk dəfə şeir adına eşitdiyi anasının ona oxuduğu yanıqlı laylalar, nənəsinin söylədiyi bayatılar, tapmacalar, atalar sözləri, ağılar olub. Cütcülər, suçular, çobanlar, yer şumlayanlar, arx qazıyanlar, taxıl yığanlar, traktorçular, el aşıqları, ağbirçək qadınlar, adicə bir sözdən pul kimi qızarıb yanan ürkək qızlar lirik qəhrəmanın uşaqlıq və ilk gənclik illəri bu adamların əhatəsində keçib:

 

Mən dövlətli ailədə doğulmadım,

Şan-şöhrətli ailədə doğulmadım.

Ən adicə bir insandı atam mənim,

Zər-xaralı yataqlarda yatammadım.

...Söyləyimmi, qohumlarım nəçi idi,

Xarrat idi, çoban idi, suçu idi.

 

C.Novruzun yaradıcılığı haqqında yazılan məqalələrdən biri "Müqəddəsliyin vəsfi" adlanır (Asif Ata). O məqalədə belə bir fikirlə rastlaşırıq: adi adamlar, adi duyğular, həyatın gözəl qəribəliyi, sadələrin böyük dünyası, yarandığı məkan Cabir poeziyasında ilhamla tərənnüm edilir. Oxucu duyur ki, həyatın əsl gözəlliyi ən adi, sadə, gerçək hadisələrin mahiyyətindədir, onları sevmək, qorumaq gərəkdir. Bu baxımdan şairin iki poeması - "İnsan məhəbbəti" və "Kəndimizin antik heykəli" daha çox diqqəti cəlb edir.

"İnsan məhəbbəti" C.Novruzun ilk poemasıdır. Burada süjet xətti tələbə-müəllim konflikti əsasında inkişaf etdirilir. Lakin qeyd edək ki, C.Novruzun poemaları sırf lirik istiqamətdədir, bu poemalarda hadisə və konfliktlər lirik əhval-ruhiyyə, şairin təsvir obyektinə birbaşa münasibəti ilə müşayiət olunur. "İnsan məhəbbəti" poemasında şair təsvir etdiyi həyat hadisələrinə qarşı laqeyd deyil, onu tələbə-müəllim konfliktindən daha çox insanda yaranan antihumanizm: zalımlıq, qəddarlıq, kəmfürsətlik kimi həm şəxsi, həm də ictimai bəlalar düşündürür. İnsana qayğı, qədirşünaslıq humanizmin ən yüksək zirvəsi, poeziyanın isə dayaq nöqtəsidir. Poeziya məhz adilərin, sadələrin tərənnümündə böyük nüfuz qazanır. Bu bədii həqiqəti C.Novruz "Kəndimizin antik heykəli" poemasında başlıca poetik arqumentə çevirib:

 

Kor bibim qızı var,

adı Tirmədir,

Bətndə itirmiş

iki gözün o.

Otuz beş ildir ki,

Heç nə görməyir,

Antik heykəlidir

Kəndimizin o.

 

Tirmələr-gözdən, könüldən, bəzən mühitin adi insani münasibətlərindən uzaq olan adamlar 60-cı illər Azərbaycan ədəbiyyatının əsas qəhrəmanlarına çevrildilər. Xüsusilə, nəsrdə bu adi adamların böyük dünyasına meyl daha qabarıq nəzərə çarpdı. "Kəndimizin antik heykəli" poeması isə poeziyanın bu istiqamətdə axtarışlarından biri idi.

 

Tirmə kor gözüylə

corab toxuyar,

Tirmə kor gözüylə

ürək oxuyar.

Yalanı doğrudan

seçə bilər o.

Təmizi doğrudan

seçə bilər o.

Kimin vicdanında

zülmət yaşayır

Kimlər varlığında

işıq daşıyır.

Bu kənddə kimlərin

üzündə nur var,

Gözü görə-görə

qədər kor var.

 

Cabir Novruzun poeziyasında ədəbiyyatımızın ümumi ahəngi ilə səsləşən motiv və mövzulara da tez-tez təsadüf olunur. Şeirimizdəki fəlsəfi notlar, dünya, ölüm, həyat və humanizm barədə düşüncələr siyasi lirikanın imkan dairəsini daha da genişləndirdi. Cabir Novruz da bu tendensiyaya "İnsan himnləri", "Qərbi Berlin", "İtmiş kəndin nağılları", "Zaman" poemaları ilə qoşuldu. Poeziyada ömrün ilk ünvanına-kəndə, kökə, ilkinliyə çağırış motivləri qüvvətləndi. C.Novruz da bu mövzuda maraqlı şeirlər yazdı:

 

Neçə gün qalstuk vursaq da bu gün,

Böyük şəhərlərdə xumarlansaq da,

ya həkim, ya şair olsaq da bu gün,

yüz cür geyinsək də, tumarlansaq da,

On beş mərtəbədə yaşasaq belə,

Akademik adı daşısaq belə,

O palçıq evlərdə oturmalıyıq,

O dəcəl çaylarda çimməliyik biz.

Dərin dərələrdən atılmalıyıq,

Qalın meşələrə dönməliyik biz.

Sərinləşməliyik zirzəmilərdə,

Nəfəs almalıyıq göy zəmilərdə,

Gərək dağın, daşın gedək yanına,

Gedək ömrümüzün ilk ünvanına.

 

Cabir Novruzun şeirlərindən biri belə adlanır: "Həyat, sən nə qəribəsən". Həyatın qəribəlikləri, insanlararası münasibətlərin mürəkkəbliyi, gözə dəyən və aşkarda nəzərə çarpmayan ziddiyyətlər, təzadlar, onun poeziyasında müxtəlif şeirlərin mövzusuna çevrilib. "Bizim əsr" şeirini yada salaq":çox qəribə, çox maraqlı bir əsrdə yaşayırıq" deyən şair gözlərimiz qarşısında təzadlar, ziddiyyətlər silsiləsi canlandırır. Bir ovucu atomlu, bir ovucu dəmətli, bir ölkəsi dəvəli, bir ölkəsi raketli əsr. Çox təzadlı, amma istedədlı əsrdir. Bu əsrdə Naqasaki, Xirosima, Sakit Okean sinəsindən yaralanıb. Bir vaxt antik dövrdə Esxili və Homeriylə bu dünyanı top-tüfəngsiz zəbt eləyən Yunanıstan indi varlığında ölüm, qan sərgisi yaşadır.

Doğrudan da qəribə əsrdir. Bəzən insana sağlığında qiymət vermirlər, öləndən sonra isə dahilik çələngi bəxş edirlər. Odur ki, şair deyir:

 

Bir arzum var, ay adamlar,

qoyun deyim,

Sağ olanda qiymət verin

insanlara.

Yaxşılara sağ olanda

yaxşı deyin.

Sağ olanda yaman deyin yamanlara

Şairlərə sağ olanda hörmət edin,

Sağ olanda heykəl qoyun ölməzlərə.

Sağ olanda ifşa edin xəbisləri,

Satqınlara sağ olanda satqın deyin.

 

Cabir Novruz poeziyasında həyatın gözəlliklərinə, təbiiliyə, müqəddəsliyə himnlər oxunduğu kimi, antihumanizmə, şərə, mənfiliyə, eybəcərliyə güclü nifrət duyğusu yaşayır. "Ana muzeyləri yaradaq gəlin" deyən şair digər şeirində ana hissini təhqir edənlərə qəzəbini, nifrətini elan edir. Vətən deyən, millət deyən, baş aldadan, göz küllədən, hər mühiti, hər iqlimi qəbul edən, bir formada, bir ölçüdə ömür sürən nadanlar, ev yıxmağa tələsənlər, mənliyini satıb mənsəb alanlar, zülməti işıqla pərdələyənlər C.Novruz şeirinin güllə hədəfləridir.

C.Novruzun "İxtiyarım olsa idi" poema-ittihamı bir daha sübut edir ki, əsl şair cəmiyyətdə, məmləkətdə baş verən hadisələrə biganə deyil.. Poemada kimlər ittiham olunur? Xainlər, alçaqlar, satqınlar, yurdumuzun gözəl oylaqlarında yurd-yuva salıb sonra düşmən olanlar və bir də biganələr, Vətəndə yaşayan unutqanlar.

 

Bu qədər çal-çağır olar?!

Belə unutqanlıq olar,

Bu qədər bədyanlıq olar?!

Torpaqlar al qan içində,

Ekran toy-bayram içində.

Analar ah-vay içində,

Efirsə bay-bay içində.

Necə yaşayıb ölürük,

Qarabağ xar olan yerdə?!

Necə deyirik, gülürük,

Şuşada sar olan yerdə?!

 

...Mən bu yazıda C.Novruzdan ancaq Həqiqət və İnam şairi kimi söz açdım. Ancaq o, həm də gözəl, zərif məhəbbət şairidir. Gənclik illərində yazdığı o gözəl və rübabi şeirləri siz də yaxşı xatırlayırsınız. Şeirlərinin hər biri nəğməiydi, indi də o nəğmə ahəngi, o zəriflik və rübabilik yaşayır. Ancaq bircə fərqlə. İndiki məhəbbət şeirləri, əgər belə demək mümkünsə, xəzan lirikasının nümunələridir.

 

Sən elə bir vaxtda rast gəldin mənə,

Qurumuş bulağam, bulanmış suyam.

Sən elə bir vaxtda rast gəldin mənə,

Oxunmuş nəğməyəm, çalınmış toyam.

Sən elə bir vaxtda rast gəldin mənə

Dayanıb durmuşdum yol ayrıcında.

Sən elə bir vaxtda rast gəldin mənə

Bir üzüm cavandı, bir üzüm qoca.

Nə deyə bildim ki, sevən çağımdı,

Nə dedim sevirəm, mənə dayaq ol.

Nə deyə bildim ki, mənə yaxın dur,

Nə deyə bildim ki, məndən uzaq ol.

 

Cabir müəllim sağ qalsaydı onu 80 illiyi münasibətilə ürəkdən təbrik edərdim. Ona ən əvvəl cansağlığı arzulayardım ki, bir poemasında həsrətini çəkdiyi Şuşada qələbə şeirini oxusun. Amma o gün gələcək, Cabir müəllim!

 

 

Vaqif YUSİFLİ

 

Ədalət.-2013.-20 mart.-S.13.