QUO VADIS?..
Bu
yazı Anarın 70 illiyinə yazılmışdı. Güman
edirəm yenə oxunar.
Nəsillər
gəlir və gedir, torpaq əbədidir. Günəş
doğur və batır, yenə çıxdığı yerə
tələsir. Külək cənuba, ordan da şimala əsir.
Hərlənir-fırlanır, yenə öz yerinə
qayıdır. Bütün çaylar dənizə axır,
amma dəniz dolub-daşmır. Çaylar yenidən axmaq
üçün öz mənbələrinə
qayıdırlar.
EKKLEZİAST
Təxminən
iyirmi il əvvəl oxumuşdum bu kitabı. İndi
götürüb yenidən vərəqləyirəm,
gözüm bir ifadənin üstündə dayanır:
"Şəxsən mən xatirələrdən şikayətçi
deyiləmsə də, onların dəvəti məni kədərləndirir".
Məni də kədərləndirir. Ömrümün
çox hissəsini yaşamışam, çox hissənin
çox hissəsini də ədəbiyyat adlanan tanrı ilə
yol getmişəm. Həyatımdan keçən illər ərzində
dünyanın pəncərəsindən də çox
insanlar baxıb keçib. Xatirələrimdə
yaşayırlar. İnsanın xatırlaya biləcəyi nəsə
varsa...
***
"...Anıram,
yada salıram. Keçib getmiş saatları, günləri
qaytarmaq istəyirəm, Vaxtın ətəyindən
yapışıb saxlamaq istəyirəm. Saniyələri,
dəqiqələri, anları dayandırmaq istəyirəm.
An dayana bilməz.
Vaxtın
indisi yoxdur, Olmuşları, olacaqları var. Yazdığım
bu cümlələri də, heç bircə cümləni,
bircə kəlməni də İndi yazmıram.
Yazacağımacan bu cümlələr, sözlər hələ
yoldur, qabaqda, gələcəkdədir, yazıb
qurtardığım hər cümlə, bitirdiyim hər
söz isə artıq geridə qalır. Bax, bu indi
yazdığım cümlənin hər hərfini
kağıza köçürdükcə, o sözlər
yeyin gedən qatarın pəncərələrindən
görünən teleqraf dirəkləri kimi yıxılıb
arxada qalır və yalnız cümləni tamamlayacaq nöqtə
hələ qabaqdadır ki, onu da indi qoyuram.
İndi?
Yox,
o da Gələcəkdə idi - Keçmişdə qaldı.
İlahi,
bütün bu dayaz fəlsəfələr nəyə gərəkdir?
İki ildən artıqdır ki, içimi lil-həlim
dolduran, hər an məni çuğlayan, göynədən
yazını günü günə, saatı saata sata-sata
yubadıb uzaqlaşdırıram, neçə vaxtdan bəri
yazmaq istədiyimi yazmaqdan, yazmağa başlamaqdan qorxuram, indi
yazmağa başlayanda da mətləbə keçməkdən
qorxuram.
Qorxuram
qələmim qanaya".
Bunları
Anar yazıb, amma mənə elə gəlir ki, özüm
yazmışam. İndi mən də çoxdan bəri fikirlərimi
toparlayıb yazacağım bir yazıya başlaya bilmirəm.
Mən də qorxuram ki, qələmim qanayar.
...Kitab
oxumağa çox erkən başlamışam. Həmin vaxtdan
mənim üçün Anar var. Özü də mənim
üçün Anar asılqandan başlayıb. Daha
doğrusu, "Asılqanda işləyən qadının
söhbəti"ndən. Kiçicik hekayə
idi - bir adamın dili ilə nəql olunan. Qəribə
axıcılığı var idi, tutmuşdu məni. İndi fikirləşirəm ki, deyəsən Anar mənim
Azərbaycan ədəbiyyatından oxuduğum ilk müəlliflərdən
idi. (Təbii, dərsliklərdə
keçilənləri çıxsaq). Həmin
vaxtdan həyatımda Anar var. Təkcə mənim yox,
çoxlarının. Fikirləşirəm,
Vaxt dediyim təkcə bizim vaxtımız idimi? Hər halda həmin zaman kəsiyində sevib
oxuduğumuz, bizə yeni gələn, içimizdə nəyisə
tərpədən, nəyisə dəyişənlərdən
biri idi Anar. Deməli, həm də onun
Vaxtı idi. İndi biz yaşda, ya bizdən
cavan kimsələr desə ki, mən Anarı
oxumamışam, yalan danışacaq. (Söhbət
oxuyan adamlardan gedir). Mənə görə
Söz adamlarının vaxtı bitmir. Sevgi,
nifrət, tənqid, tərif bucaqları dəyişir, Vaxt
bitmir. Yəqin bu da bir bəxtiyarlıqdı
Vaxtla yarışmaq. Bəxtiyarlıq deyirəm,
amma bu söz həm də məni qorxudur. Vaxt
indi başqalarınındı. Bu
yarışı başqaları qazanır. Ədəbiyyat adlanan Tanrının yerinə altun
bütlər keçir. Ancaq Anar vaxtı
ilə baxtının üst-üstə düşdüyü
sənətkardır. Onun ədəbiyyata gəldiyi
illər Azərbaycanda sənətin yüksəlişi, tərəqqisi
illəri idi. Və həm də
"yazıçı" məfhumunun özü hörmətli
bir anlam idi. Yazıçı sözü
çox nəsnələri həll edirdi və əslində
bu da dövlətin siyasətinə xidmət idi. Sistem təkpartiyalı idi, amma bu təkliyin içində
çoxsaylı görünməz axınlar, qollar vardı.
Söz adamları da həmin burulğanların
içində var olmaq savaşı verirdilər. Tam səmimi
sözümdü, bu gün adına nə
deyiriksə deyək (türk-Azərbaycan-azəri) öz
dilimizdə danışırıqsa, bu torpağın
üstündə yarıac, yarıtox da olsa gəzə
biliriksə, öz evimizdə yatıb-dura biliriksə, buna
görə Söz adamlarına borcluyuq. Bu məmləkətin
nə hərb, nə də dövlətçilik tarixi
olmayıb. Bütün tarixləri
özündə ədəbiyyat birləşdirib. Və milləti də bir əsrdən o biri əsrə
ədəbiyyat, söz adamları daşıyıb. Ona görə də ən ağır, ən çətin
günlərdə yenə üzlər, gözlər
yazıçılara tuşlanır. Ömründə
bir neçə kitab oxumayan adamlar da heç olmasa bir neçə
yazıçının adını bilir. Və dara düşəndə də nazirləri
yox, söz adamlarını asıb-kəsirlər. Son illər sözü nə qədər hörmətdən
salmağa çalışsalar da yenə həmin ənənə
yaşayır. Millətin
şüuraltı nicat siyahısı yenə
yazıçıların imzasıyla dolur. Həmin siyahıda Anar da var. Bu əslində nəyinsə
göstəricisidir. Düzdür, bir az
qəribə toplumuq, milyonları mütriflərə xərcləyirik,
umanda-küsəndə yazıçılardan inciyirik. İnciyirik, amma onların yaşaması
üçün barmağımızı da tərpətmirik.
Artıq adət halını alıb, son vaxtlar əlimə
götürdüyüm kitabları arxa səhifədən
açıram. Tiraja baxıram - 300, 500, yaxşı halda
1000 nüsxə. Həm də kimin kitablarıdı?.. Bu məmləkətdə
sarsaq zənginlərin sayı artdıqca ədəbiyyata calaq
olunub maklatura nəşr edənlərin də tirajı
artır. Maraqlı mənzərədi -
böyük imperiyanın tərkibində
yaşadığımız illərdə dövlət siyasətinə
sənətin bütün növləri, ilk növbədə
ədəbiyyat gərəkli idi. Çünki
ədəbiyyat sözdü, söz də beyinlərə ən
çox təsir edən vasitə. İndiki
müstəqil avaralıq illərində yenidən ilkin
çağlara qayıdırıq - böyürtü,
bağırtı, tappıltı. Artıq
danışmaq və yazmaq unudulmalıdır. Yenidən işarələr və səslərlə
anlaşacağıq-ibtidai insanlar kimi. Tirajlanan
da elə budu. İndi əlimdə Anarın 24 il əvvəl çapdan
çıxmış kitabının tirajına baxıram -
50 min. Gör hardan hara düşmüşük... 24 il əvvəl.
Bu elə illər idi ki, artıq Sovet insanı zərbəçi
əmək növbələriylə deyil, pambıq
tarlalarında, plantasiyalarda deyil, gündəlik
qayğılarıyla, telefon söhbətləri ilə də
ədəbiyyata gəlirdi. Bu elə illər
idi ki, "kamikadze" sözü terroru, partlayışı
yox, gürcü familiyasını xatırladırdı.
Həmin illərdə bizim ədəbi
zövqümüzü formalaşdıran insanlardan biri də
Anar idi. Yazdıqları bizə doğma
idi, yaxın idi. Burda insan hissləri,
duyğular vardı. Burda televizordan eşitdiyimiz
"plan", "təsərrüfat",
"beşillik" sözləri yox idi. Bu elə
illər idi ki, nəsillər arasında rabitə
qırılmamışdı. Və biz yavaş-yavaş
öz kimliyimizi dərk etməyə başlayırdıq.
Hamının xoşbəxt olduğunu elan edən fərmanlara
rəğmən çox nəsnələri
anlayırdıq... Sonra hər şey alt-üst
oldu. Beynimizə yeritdilər ki, hər
şey pisdi, bizdən əvvəl nə olubsa
silib-süpürüb atmaq lazımdı. Hamını
hörmətsiz-urvatsız eləmək lazımdı, liderlər
ancaq mitinqlərdə
çığırıb-bağıran adamlardı. Halbuki bu xalq hər zaman söz adamlarına
hamıdan artıq qulaq asırdı. Bu da
plan idi, amma başqa çalarlarda. Uzaq
ölkələrdə hazırlanmış beşilliklərdən
də artıq zamanı əhatə edən. 20 ildi çabalayırıq. İtirdiyimiz
bir nəsil yetişdi - nifrət dolu, inamsız, beyni
dumanlı. Hər şeyi çox dəqiq
ölçüb-biçmişdilər. Hansı
xalqı hardan vurmaq olar öyrənmişdilər. İndi televizorda bir maşına görə qoca
yaşlarında ləyaqətlərini ortalığa qoyan
biçarələrə baxıb fikirləşirəm ki, bu
millət deyəsən elə kəbirlinskilərdən ibarət
imiş. Yox, doğru demədim, Kəbirlinski
daha ləyaqətli idi. "Yaxşı
padşahın nağılı"nda şair şahın
yazdıqlarına şer demədiyi üçün zindana
girməyə razı olur. Amma indi baxıram
ki, cibi dolu bir nəfərin harınlıqdan,
bekarçılıqdan yazdığı cızma-qaralara xalq
şairləri bir boşqab yeməyin xatirinə bəh-bəh
deyirlər. Danışanlar yoruldu, qulaq
asanlar yoruldu, bəs niyə heç nə dəyişmir?
Kimə şikayətlənək, Anar müəllim?
Böyük yenə sizsiniz, yenə sizin
sözünüzün bir çəkisi var. Neyləyək,
siz deyin. Gülməli də olsa mən indi hətta
bulvar romanlarının oxucularını da özləyirəm.
Heç olmasa nəsə oxuyurdular.
Taleyimiz heç zaman öz əlimizdə olmadı. İndiyə
qədər imperiyalardan qopub müstəqillik qazanmış
ölkələrin də xoşbəxt
yaşadığını görmədim. Olsa da bəlkə
Avropanın göbəyində ola bilər.
Görünür müstəqilliyə də
hazırlaşmaq lazımdı. Üzümüzü
hara tutaq ki, ordan bir işıq gəlsin. Hər
halda Moskvanın intellektual mühiti bizə nəsə
qazandırmışdı. Öz milli kimliyini
unutmayıb ordan millət üçün yenilik gətirənlər
də az olmadı. İndi
üstümüzə yağan bu daş-kəsəyin
altından necə çıxaq? Bunların
da tirajı çox yüksəkdi axı? Vertolyota "dikuçar" deməyi təklif
edirdiniz, baxın necə tənzimlədilər - "helikopter"
deyirik. Bu gün dilimizin başına açılan oyun
heç əsarət illərində də
olmamışdı...
***
Ədəbi mühitdə intriqalar da, qarşıdurmalar
da hər zaman olub. Təbiidir, şöhrət olan yerdə
onun bölüşülməsi də dava yaradacaq. Desək
ki, 30-40 il əvvəl heç bir dəstəbazlıq
yox idi, bu da yalan olacaq. Amma o vaxt ədəbi dəstələrin
başında sözü keçən, nüfuzlu şəxslər
dururdular. Və hər halda gənclər də
bundan yararlana bilirdi. İndi qəbul
etdiyimiz, ya etmədiyimiz, hər şeyi inkar edən, heç
kimi sevməyən gənclər var ki, onların içində
istedadlıları da çoxdu. Qolundan
tutan, yol göstərən, başını sığallayan
birisi yoxdu. Evdə, ailədə
övladlarımız yolunu azanda öldürmürük,
asmırıq, kəsmirik. Nəsillər
arasındakı bağları qoruyub-saxlayacaq adamlar yenə
böyüklər olmalıdır. Ədəbiyyatın
əslində əbədiyyət olduğunu, ədəbiyyat
yaratmaq üçün istedaddan çox zəhmətin
lazım olduğunu anladanlar da böyüklər
olmalıdır. Kef məclislərini bir tərəfə
qoyub üzü divara oturmaq, işləmək, işləmək,
işləmək lazım olduğunu da... Özü
də belə bir vaxtda. Uşaqlar
saxtakarlığı, riyakarlığı qəbul etmirlər.
Bir gün böyüyəcəklər, bizim
kimi ağıllanıb yalan da danışacaqlar, kiməsə
tərif də vuracaqlar, təzim də eləyəcəklər,
amma indi onları bir nizama, bir axara yönəltmək gərəkir.
Ən azından ona görə ki, dünən, bu gün, sabah yazılanları kimsə oxusun. Hansısa harınlamış zəngin böyük
minnətlə 300 nüsxəlik kitaba pul verməsin. Bu məmləkətin ən böyük var-dövləti
hər zaman söz adamları olub. Gör nə
günə qalmışıq ki, məmurlar yaradıcı təşkilatlara
ayrılmış qəpik-quruşun davasını
döyürlər. Bütün bunların
qabağında sinəsini yenə böyüklər sipər
eləməlidir, Anar eləməlidir. Və
mən hər zaman sevdiyim yazıçının, xalqın dəyərli
ziyalısının 70 illik yubileyində giley-güzar elədiyim
üçün üzr diləyirəm. Əlinə qələm
alan adam kəfəni də əyninə
geyinir. Əgər biz sizə şikayət
ediriksə, demək yenə siz bizim üçün
böyüksünüz, Anarsınız.
***
Rəvayətə
görə, Neronun təqiblərindən qaçıb
qurtarmaq istəyən Apostol Pyotr Romadan çıxanda şəhər
darvazasının önündə İsa peyğəmbərlə
rastlaşır və heyrətlə soruşur:
- Quo
vadis, Domine? ( Hara gedirsən, İlahi?)
- Romaya! Yenidən çarmıxa çəkilmək
üçün - deyir peyğəmbər və qeyb olur.
Pyotr utanıb geri qayıdır. Onu da Romada əzabla qətlə
yetirirlər.
Ədəbiyyat da Tanrıdı, dindi. Siz də onun
müridləri, Anar müəllim. Allah
ömrünüzü uzun eləsin. Amma
yaşadığınız müddətcə
çarmıxınızı özünüzlə
daşımağa məhkumsunuz. Küsmədən,
incimədən, cırnamadan. Quo vadis?..
17 mart 2008-ci il
İradə TUNCAY
Ədalət.-2013.-20
mart.-S.4.