Onun özüsözü

 

Aqil Abbas, hər şeydən əvvəl, istedadlı İnsandır, sonra istedadlı yazıçı - qələm adamıdır,sonra isə istedadlı ictimai xadim - millət vəkilidir. Keçən əsrin yetmişinci illərinin sonu, səksəninci illərinin əvvəllərindən Aqili hansı enerjidə, hansı ünsiyyətlilikdə və hansı səmimiyyətdə görmüşəmsə, bü gün də elədir. Ancaq təbii ki, yaş artdıqca bu gözəl xüsusiyyətlərin üstünə müdriklik, təmkinlilik və həyat harmoniyası da gəlir.

...Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində mənim tələbəlik illərim başlayanda Aqil Abbas artıq həmin fakültənin məzunu idi, ancaq tələbələr də, müəllimlər də hələ ondan - istedadından, mehribanlığından, qeyri-adi bir diplom işi müdafiə etməsindən, ümumiyyətlə, qeyri-adiliyindən danışırdılar. Və özü də tez-tez fakültədə görünür, tələsik, bir qədər də çılğın hərəkətlərlə ora-bura qaçır, tanışları, dostları ilə görüşüb söhbət edirdi. Təhsilini başa vursa da, sanki doğma fakültədən ayrılmaq istəmirdi.

Aqil onda modern dəbdə "cins" paltar geyinirdi, uzun saç saxlayırdı, o zamankı demokratik (antisovet) qələm adamlarına oxşayan ədaları vardı. Hər şeyi təbii bir həyəcanla, emosionallıqla şərh edir, hər hansı hadisəyə münasibət bildirməkdən çəkinmirdi. Mənə elə gəlirdi ki, Aqil yalnız təhsil almayıb, çox oxumayıb, həm də öz fitri istedadı ilə dünyanı dərk edib.

Yaradıcılığa gənc yaşlarından başlasa da, ilk hekayəsi olan "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdu. Ancaq ona yazıçı şöhrətini (və titulunu!) "Evləri köndələn yar" povesti gətirdi. Mənim yadımdadır ki, 80-ci illərin əvvəllərində meydana çıxan bu əsər ədəbi-ictimai mühitdə nə qədər geniş rezonans verdi, böyük xalq sənətkarı Qədir Rüstəmova, onun şəxsiyyətinə, sənətinə diqqəti nə qədər cəlb elədi və ona (hələ sağlığında!) necə əzəmətli bir abidə qoydu. Bu əsərlə Aqil sübut etdi ki, o, ədəbiyyatda təsadüfi adam deyil, əksinə, ədəbiyyata yeni mövzular, yeni ideyalar, özünəməxsus yeni detal və təfərrüatlar, üslub-intonasiya gətirməyə qadir bir yazıçıdır.

Və belə də oldu...

Səksəninci illərin ortalarında çıxan "Ən xoşbəxt adam" povest və hekayələr kitabından sonra "Batmanqılınc" romanı meydana gəldi. Bu əsər "Evləri köndələn yar"dan sonra Aqil Abbasın yazıçılıqda ikinci böyük uğuru idi. Və mənə elə gəlir ki, Aqil "Batmanqılınc"ı bütün şüurlu həyatı boyu yazmışdı... Qarabağın müəllifə tanış (və doğma!) olan siyasi, ictimai, mənəvi tarixi, Məhəmməd bəy Cavanşirin qeyri- adi həyatı, mübarizələri, heç şübhəsiz, çox gənc yaşlarından gələcək yazıçının yaddaşına hopmuş, romanın mövzusuna çevrilmək üçün münasib yaradıcılıq məqamı, təcrübəsi (və səviyyəsi!) gözləmişdi.

Əlbəttə, Aqil Abbas, sözün konkret mənasında, tarixçi deyil, bununla belə milli tarixin ruhunu, etnoqrafiyasını (və metafizikasını!) dərindən bilən, duyan yazıçı-ziyalıdır. O, tarixdə bu günü, bu gündə tarixi görə, çeşidləyə və tarixin gedişindən düzgün nəticələr çıxara, ümumiləşdirmələr apara bilir. Onun yazıçı-ziyalı intuisiyası, genişmiqyaslı ictimai-ideoloji təfəkkürü tarixi hadisələrin məntiqini dərk etməyi, onları saf-çürük edib qiymətləndirməyi, tarixi şəxsiyyətlərin mövqeyini, rolunu dəyərləndirməyi bacarır. Və Aqil Abbas keçmişdən yazanda "hesabdarlıq" etmir, xronologiyada azmır, tarixin fəlsəfəsinə nüfuz etməyə çalışır ki, əsl yazıçı üçün bu, çox vacibdir.

Yeni əsrin və yeni minilliyin ilk ilində - 2001-ci ildə Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" kitabı nəşr olundu. Bu kitabın həm adı, həm də burada getmiş roman və publisistik yazıların ideya-məzmunu ədəbi-ictimai mühitdə müəyyən maraq doğurmaya bilməzdi. Doğma Qarabağı övlad məhəbbəti ilə ürəkdən sevən yazıçı-publisist Azərbaycana (və dünyaya) böyük mədəniyyət xadimləri bəxş etmiş Vətəninin gələcəyindən ziyalı narahatlığını bildirir, göstərir ki, erməni faşistləri (və onların havadarları) yalnız Azərbaycan torpaqlarını işğal etməmişlər, onlar həm də (və bəlkə də daha çox) milli mənəviyyatımıza, mədəniyyətimizə, təbii yaradıcılıq potensialımıza (və fitri istedad coğrafiyamıza!) təcavüz etmişlər.

Aqil Abbasın publisistikası, ümumən jurnalistlik fəaliyyəti, elə bilirəm ki, onun yaradıcı şəxsiyyətini (ümumən şəxsiyyətini!) müəyyənləşdirən ən mühüm göstəricilərdən biridir. Keçən əsrin 90-cı illərinin əvvəllərindən nəşr etməyə başladığı, iyirmi ildən artıqdır ki, Azərbaycan mətbuatının populyar bir orqanı kimi işıq üzü görən (və get-gedə məşhurlaşan) "Ədalət" qəzeti də Aqil Abbasın yaradıcılıq məhsulu, dəyərli əsəridir. Ölkənin ictimai-siyasi, mədəni, o cümlədən ədəbi həyatını fəal əks etdirən, demokratik fikrin, polemik ruhun, müstəqil düşüncənin yayılmasına meydan açan bu qəzetin ardıcıl milli (və dövlətçilik!) mövqeyi onun baş redaktorunun vətəndaş-ziyalı ideallarının ifadəsidir.

Aqil Abbasın son illərdə qələmə aldığı əsərlər içərisində "Dolu" romanı xüsusi yer tutur. Və mənə elə gəlir ki, bu roman Qarabağın yeni tarixi barədə yazılmış ən dəyərli əsərlərdən biri (bəlkə də birincisi)dir.

Bir neçə il bundan əvvəl roman haqqında yazdığım bir məqalədə onu müasir ədəbiyyatımızın "Qarabağnamə"si adlandırmışdım.

"Dolu"da yazıçı klassik süjet qurmaqdan demək olar ki, imtina edir, burada müharibə üçün səciyyəvi olan impulsiv əhvalatlar, hadisələrin qısa bir müddətdə yaratdığı qəhrəmanlar, yaxud antiqəhrəmanlar, başlıcası isə dinamik bir mənzərə var. Aqil Abbas Dünyanın Ən Varlı Şəhərinin - Ağdamın, ümumən Qarabağın həm müdafiəsində, həm də işğalında hansı sosial-siyasi amillərin hansı səviyyədə iştirak etdiyini, hansı hərc-mərclik olduğunu peşəkar bir yazıçı-mütəfəkkir, cəmiyyətşünas qələmi (və istedadı) ilə analitik təhlildən keçirir. İnsan taleləri, etnoqrafik-ictimai həyatın təbəddülatları, irimiqyaslı bir aqressiya, qəddarlıq qarşısında tənha, köməksiz və çaşqın qalan milli ruh və s... Bütün bunlar "Dolu"nun aydın (və mükəmməl!) bədii təfərrüatı, yaxud ştrixləri ilə təqdim olunmuş obrazlarıdır.

Ən mükəmməl obraz - Qəhrəman isə, şübhəsiz, Dünyanın Ən Varlı Şəhəridir.

Aqil Abbas "Dolu" romanında, eləcə də son illərdə qələmə aldığı romanlarda nə qədər analitik, hadisələrin mahiyyətinə, hətta genotipinə varandırsa, bir o qədər də üslub baxımından modernistdir. Və nə qədər modernistdirsə, bir o qədər də obyektivdir, tendensiyasızdır, cəsarətlidir.

Müəllif bu qərara gəlir ki, Qarabağın işğalının qarşısını o zaman almaq mümkün deyildi. Hətta bölgənin ən vətənpərvər övladları bir yerə yığışsa belə... İlk baxışdan paradoksal görünsə də, bu qənaətdə kifayət qədər böyük həqiqət var... Niyə?.. Ona görə ki, müstəqil, güclü (və milli!) dövlət olmayan yerdə bütöv məmləkət yoxdur; tarixi-etnoqrafik simasını, özünəməxsusluğunu qoruyub saxlamağa qadir bölgə də həmişə təhlükə altındadır, müdafiəsizdir.

Və Qarabağın taleyini məhz Azərbaycan dövləti həll edəcəkdir!

Roman əsasında çəkilmiş bədii filmin uğuru da göstərdi ki, "Dolu" canlı, bədii-estetik və ictimai təfəkkürümüzü zənginləşdirən, ədəbiyyat (və sənət) tariximizdə yeri olan əsərdir.

Aqilin yazıçı istedadını təmin edən əsas xüsusiyyətlərdən biri, artıq qeyd edildiyi kimi, onun ünsiyyətcilliyi, ətrafındakı insanları, xüsusən əsərlərinin gələcək qəhrəmanlarının prototiplərini yaxşı tanıması, ictimai həyatın, proseslərin dərinliklərinə bələd olmasıdır. Hərdən mənə elə gəlir ki, Azərbaycanda az-çox tanınan elə bir adam yoxdur ki, Aqilin onunla yaxın münasibəti və ya dostluğu olmasın. Xüsusilə dünyaya gəldiyi Ağcabədi, ümumən Qarabağ camaatı içərisində... Aqilin ictimai xadim (İnsan!) olaraq bir üstünlüyü də odur ki, köməyə ehtiyacı olanın arxasınca getməyə, ona arxa-dayaq durmağa, yolundan azana yol göstərməyə qadir olan ürəkli kişidir, böyük təəssübkeşdir. Elə ona görə də həmyerliləri etimad göstərərək Aqil Abbası artıq ikinci dəfədir ki, millət vəkili seçirlər.

Parlamentin üzvü olaraq Aqil Abbas kifayət qədər böyük nüfuza malikdir. O, Parlamentin iclaslarında yeri gəldi-gəlmədi tez-tez söz alıb fikir bildirən, "fəallıq göstərən" millət vəkillərindən deyil. Gənclik dövrünün emosionallığını qoruyub saxlasa da, ən zəruri hallarda, yalnız onun deyəcəyi sözü deməyin meydanı, məqamı gələndə söz alır. Və dediyi sözün də, demək olar ki, həmişə rezonansı, faydası olur.

Aqil Abbas kifayət qədər gənc yaşlarından etibarən insan, yazıçı və ictimai xadim kimi cəmiyyətin təsəvvüründə öz bütöv obrazını yaratmağa başlamışdır. Altmışına çatdığı bu günlərdə isə həmin obraz olduqca parlaq (və mükəmməl!) görünür.

Məhz Aqil kimi hərtərəfli qabiliyyətli insanlar barəsində deyirlər ki, onunla istənilən məqamda düşmən üzərinə getmək (və qalib gəlmək!) olar... Əlbəttə, böyük (ümummilli!) idealların təntənəsi naminə...

 

"Azərbaycan" qəzeti

19 mart 2013

 

Nizami CƏFƏROV,

professor, AMEA-nın müxbir üzvü,

əməkdar elm xadimi, Milli Məclisin

deputatı

 

Ədalət.-2013.-20 mart.-S.3.