YAZIÇI TƏXƏYYÜLÜNÜN REAL HƏYATDA ƏKS-SƏDASI BARƏDƏ

 

Görkəmli yazıçı və alim Kamal Abdullanın 2004-cü ildə ilk dəfə işıq üzü görmüş "Yarımçıq əlyazma" romanı yalnız nəsrimizə gözlənilməz bir yenilik gətirməsi ilə yadda qalmadı. Əsərin filoloqlar, tənqidçilər tərəfindən hələ hərtərəfli təhlili ortaya çıxmadığı bir zamanda şayiə yayıldı ki, Kamal Abdulla AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan "Kitabi-Dədə Qorqud", Şah İsmayıl Xətai barədə indiyə qədər heç kimin bilmədiyi faktlarla zəngin olan əlyazma tapmışdır! Hətta Türkiyədəki tədqiqatçılardan biri mətbuatda oxuculara bunu elan etmişdi. Əlyazmalar İnstitutunda  30 ildən artıq bir müddətdə işləyən əməkdaş kimi həmin vaxt əsərin doğurduğu təəssüratı, romanın çoxsaylı oxucularının instituta müraciət edərək yeni tapılmış əlyazma barədə bir şey öyrənməyə çalışmalarını təsdiq edə bilərəm. Məlum məsələdir ki, klassik irsimizi nəşr edərkən ilkin mənbəyimiz əlyazmalar olmalıdır. Bəzən ədəbiyyat, tarix  həvəskarları, ata-babalarının əsərlərini axtarmaq istəyənlər adını belə bilmədikləri, "bizim üçün çox vacib olan" "sirli mətləbləri aşacaq" əlyazmaları axtarıram deyə institutumuza müraciət edir. Biz də onlara adətən belə cavab veririk ki, axtarılan əsərin adı, müəllifinin adı, şifri olmalıdır. Bu məlumatlar olmasa, belə axtarış Qaf dağındakı Simurğ quşunun axtarışından heç nə ilə fərqlənməz. (Belə əfsanəvilik dumanına bürünmüş əsərlərdən biri də F.Nəiminin "Cavidannameyi-kəbir" əsəridir. Nə yaxşı ki, uzun axtarışlardan sonra onun surəti Türkiyə kitabxanalarından tapıldı. Hazırda əsər tərcümə olunmaqdadır. Şübhə yoxdur ki, tərcümə üzə çıxan kimi əsər ətrafındakı əfsanə dumanı çəkilib gedəcəkdir). Lakin məsələ orasında idi ki, "Yarımçıq əlyazma"nın müəllifi əlyazmanın dəqiq şifrini də göstərirdi ki, bu da "sensasiyalı məlumat"ın inandırıcılığını qat-qat artırırdı. Roman belə başlanır:

"Əlyazmalar İnstitutunun (Fondunun) orta əsrlər şöbəsinin 3-cü xətdə yerləşən kataloqundakı A 21/733 nömrəli yeni əlyazma məndə hər şeydən əvvəl ona görə maraq oyatdı ki, kitabxana işçisinin dediyinə görə bu tipli əlyazmalar son dərəcə aydın və şəffaf olurlar və bu baxımdan onlara o qədər də diqqət yetirmirlər". Sonra qeyd edilir ki, əlyazma yarımçıqdır, nə əvvəli, nə sonu vardır: "Bəlkə də zəlzələnin nəticəsidir: əldən-ələ keçib, oddan-alovdan çıxıb, daş-divar altına düşüb bir söz, çox oxunaqsız bir vəziyyət alıb. Bəzi səhifələr tamam cırılıb, bəzi səhifələr ortadan düşüb, bəzi səhifələr heç yoxdur, bəzilərində isə yanıq izləri var..." Daha sonra müəllifin Əlyazmalar İnstitutunun  oxu zalında əsərlə tanış olması belə təsvir olunur: "Şərqşünas qız sifariş kağızını doldurdu. Əlyazma A 21/733 nömrəli bir karton qutunun içində gəldi. Səhifələr əsl qədim yazılardakı kimiydi - saralmış-solmuş, şaxlığını çoxdan itirmişdi. Bəzi yerlərdə çırılmışdılar, bəzi yerlərdə isə yanıq izləri açıq-aydın qalmışdı". Əsərin şifrindən tutmuş təsvirinə, oxucuya verilmə proseduruna qədər təsvir elə real gerçəkliyə yaxındır ki, istər-istəməz nəinki adi oxucular, həvəskarlar, hətta Əlyazmalar İnstitutunun bəzi əməkdaşları da buna inanmışdılar. Etiraf edim ki, bir çoxlarının suallarına cavab verməkdən bezmişdim: "Xeyir, belə bir sensasion məzmunlu əlyazma bizdə saxlanılmır, bu, yazıçı fantaziyasının məhsuludur". Demək istəyirəm ki, hamını inandıra bilmirdim, hətta məni bu vacib məsələdən xəbərsiz kimi də qəbul edənlər olmuşdu: "Sən, bilmirsən, yaxşı bax, görəcəksən". Əlacsız qalıb yazıçı Kamal Abdullanın belə xəbəri olmadığı A 21/733 şifrli əlyazmanı sifariş verdim. Təbii ki, romandakıları orada tapmadım. Mətləbə dəxli olduğu üçün qısaca da olsa Əlyazmalar İnstitutunun tarixindən danışım. Əlyazmaların toplanması ölkəmizdə XX əsrin 20-ci illərindən başlamış, Əlyazmalar Fondu 1950-ci ildən müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində müəssisə 1982-ci ildən İstiqlaliyyət küçəsi 8-də yerləşən tarixi binada yerləşdirilmiş, 1986-cı ildən institut statusu almışdır. Müəssisənin ilk direktoru Məmmədağa Sultanovun vaxtından əlyazmalar şifrlənmişdir. Bədii cəhətdən ən keyfiyyətli əlyazmaların şifrində M, nisbətən iri həcmli əlyazmaların şifrində A, S, D, daha geniş yayılmışlarınkında isə B hərfi yazılır. Başqa sözlə, romandakı şifr Əlyazmalar İnstitutunda saxlanan əlyazmaların real şifrələrinə uyğun gəlir (Sonralar K.Abdulladan öyrəndim ki, onun bu məsələdən heç bir xəbəri yoxmuş, əsərindəki şifr onun təxəyyülünün məhsuludur).

Etiraf edim ki, "Yarımçıq əlyazma" romanını oxuyub qurtarandan sonra burada təsvir olunanların real gerçəklik olmadığını bilsəm də, A 21/733 şifrli əlyazmanı nəzərdən keçirərkən hiss etdim ki, burada yazılmış "Kitabi-Dədə Qorqud"a, Şah İsmayıl Xətaiyə dair nəsə indiyə qədər bizə məlum olmayan, sirli bir məsələnin şahidi olmağı mən də istərdim. Müəllifin, romanın qəhrəmanının "sirr hərisi" olması, özünü "sirr qapısı önündə hiss etməsi" mənə də təsir etmişdi. Qəribə bir prosesi müşahidə edirdim. K.Abdulla "Yarımçıq əlyazma" romanında oxucunu naməlum bir əlyazmanın köməyi ilə "Kitabi-Dədə Qorqud"un, Şah İsmayıl Xətai bioqrafiyasının sirli dünyasına dəvət etmişdi. "Gizli Dədə Qorqud", "Mifdən yazıya" kitablarında qədim dastanımızın sirli, mifli məntiqini dərk etməyə çağırırdı. Lakin onun romanı özündən xəbərsiz olaraq bizim real həyatımızda yeni bir mif yaratmışdı və bir neçə ay idi ki, bu mif özünün müstəqil  həyatını yaşayırdı. Sonralar mən həmsöhbət olduğum bir çox xarici ölkə vətəndaşlarından, əsasən tədqiqatçılardan inadla soruşurdum ki, sizdə buna bənzər bir hadisə olubmu? Suallarıma müsbət cavab verən olmamışdı.

Ancaq mən buna bənzər bəzi hadisələrin şahidi olmuşam. Hamımız bilirik ki, "Kitabi-Dədə Qorqud" abidəsinin populyarlaşmasında, xalq arasında yayılmasında görkəmli yazıçımız Anarın yazılarının, essesinin, ssenari müəllifi olduğu "Dədə Qorqud" filminin böyük rolu olmuşdur. Bu filmdən sonra dastanın bəzi süjetləri, surətləri xalqın təfəkküründə, yaddaşında əks-sədasını tapdı. Sən demə, bəziləri filmdə müxtəlif rollarda oynayan aktyorları dastan qəhrəmanları ilə eyniləşdirəcəklərmiş. Heç yadımdan çıxmaz, "Dədə Qorqud" filminin ekranlara təzə buraxıldığı vaxtlar idi. Köhnə tanışlarımdan birini küçədə qanıqara görüb səbəbini soruşdum. Cavabında dedi: "O yaramazı bulvarda gördüm, Yalançı oğlu Yalıncığı. Ona görə qanım qaradı". Tamaşaçının gözündə mərhum aktyor Ə.Haqverdiyev orta əsrlərin surətinə çevrilmişdi...g

Böyük türk şairi Nazim Hikmətin Bolqarıstanın "Narodna prosveta" nəşriyyatında nəşr edilmiş səkkizcildliyini xatırladım. Kitabın tərtibçisi Əkbər Babayev, rəssamı Abdin Dino idi. Hələ uşaqlıq illərindən şeirləri oxuyar və uzun-uzadı rəsmlərə baxar, gözlərini çəkə bilməzdim. Bu gün də Nazim Hikmətin bəzi şeirlərini oxuyanda Dinonun illüstrasiyalarını yada salıram. Həmin səkkizcildiyin ikinci cildində "Abdin Dinonun "Yürüş" adlı bir tablosu üstünə söylənmişdir" şeiri var:

 

Bu adamlar, Dino,

əllərində işıq parçaları,

bu qaranlıqda, Dino,

bu adamlar haraya gedir?

Sən də, mən də, Dino

onların arasındayıq,

biz də, biz də , Dino,

gördük açıq mavini.

 

Şeir Dinonun rəsminə yazılmışdı. Maraqlı o idi ki, 1967-ci ildə N.Hikmətin ölümündən sonra çapdan çıxan kitabda rəssam A.Dino öz tablosuna yazılmış şeirə rəsm çəkmişdi. Bu da "Yürüş" idi, lakin artıq Nazimin gördüyü "Yürüş" tablosu deyildi. Rəssam şairin onun rəsminə verdiyi yozumu da beynindən keçirib həm əvvəlkinə bənzəyən, həm də bənzəməyən bir rəsm çəkmişdi. Mənim aləmimdə iki böyük sənətkar birləşib heyrətamiz bir iş görmüşdülər: Dino elə bil ki, dünyadan getmiş şairi xəyallar aləmində, virtual gerçəklikdə olsa belə bu prosesi davam etdirməyə dəvət etmişdi. Mənə elə gəlir ki, sənətin gücüylə və biz oxucuların təxəyyülündə rəsmin şeirə, şeirin rəsmə çevrilməsi sonsuza qədər davam edəcək. Bu sənət möcüzəsinin baş verməsində rəssamın da, şairin də, oxucunun da öz yeri var.g

Bəzən ədəbiyyatın müasir həyatımızdakı rolunu xeyli azaldırıq. Xalq yazıçısı Əbülhəsənin təkrar-təkrar dediyi yaxşı yadımdadır: "Vaxtı ilə, Jül Vernin zamanında həyat ədəbiyyatın arxası ilə gedirdi.  İndiki dövrdə isə ədəbiyyat həyatın arxasınca gedərkən çox gecikmirsə, bu da böyük işdir". Lakin fakt göz qarşısındadır: Bədbin proqnozlara baxmayaraq dəyərli əsərlər hələ də oxunur və bəzən onların müasir həyata gözlənilməz təsiri olur.

Yazıçı K.Abdullanı neomifoloq, "Yarımçıq əlyazma" romanını isə neoepos adlandıran tədqiqatçı Rüstəm Kamal əsərdə müəllifin inandırıcılıq gücündən danışarkən romanın oxucuda doğurduğu effekti də nəzərdə tutaraq yazır: "Romanda doğru-yalan, mif-yazı qarşıdurmaları inandırıcılıq kateqoriyası ilə əvəzlənir ki, bu da yazıçıya uzaq keçmişin yeni mifologiyasını yaratmağa imkan verir".

Rüstəm Kamal haqlı olaraq qeyd edir ki, "Əlyazma" K.Abdulla nəsrinin arxetipik metaforalarından birini təşkil edir: "Əlyazma Kamal Abdullanın təxəyyül məkanının obrazıdır, məhz Yazıda (əlyazmada, gündəlikdə, istintaq protokolunda) bədii ifadə resurslarını gerçəkləşdirir.

O, yaxşı bilir ki, Əlyazmada istənilən ömür epizodunun, istənilən hadisənin və irreal təsvirin kombinasiyası mümkündür. Əlyazma məkanın zamana çevrilmə formasıdır.

Əlyazma sözlərin, düşüncələrin yaddaşda qeydə alınmasıdır. Düşüncənin və nitqin salnaməsidir. Əlyazmada fikir, təxəyyül maddiləşir. Çevrilmə (metamorfoza) və inversiya Yazının əsas prinsipləri olur".

Yazıçı, belə deyək, əlyazma obrazından bədii priyom kimi istifadə etmişdir. Bunun vasitəsilə onun "müasir həyatdakı mif yaradıcılığı, oxucunu inandırmaq (aldatmaq?) gücünə malik olmuşdur. Yazıçı qələmində hər şey mifə çevrilə bilər. Deyilənə görə, məşhur rus alimi A.F.Losev tələbələrdən birinin "Mif nədir?" sualına "Hər şey mifdir. Peterburq da mifdir. Lev Tolstoy da mifdir" cavabını vermişdir.

Belə bir sual ortaya çıxa bilər ki, hər hansı bir əsərin oxucularda, tamaşaçılarda necə təəssürat oyatmasının, həyatda hansı effekt doğurmasının ədəbiyyat tarixinə dəxli varmı? Məncə, belə faktların qeydə alınması ədəbiyyat tariximizi zənginləşdirər ki, yoxsullaşdırmaz. Məsələn, belə bir faktı bilməyimiz pis olmaz ki, Mirzə Fətəli Axundzadənin "Hekayəti-molla İbrahim xəlil kimyagər" komediyasının ilk sadəlövh tamaşaçıları elə bilirlərmiş ki, iksir vasitəsi ilə misdən gümüş düzəldilməsi hadisəsinin şahididirlər.

Fikrimizcə, K.Abdulla kimi, sirlər dünyasının təsvirinə meylli olan yazıçılar həmişə diqqətli olmalıdırlar: onlar özlərindən asılı olmayaraq yeni bir mif yarada bilərlər.

 

 

PAŞA ƏLİOĞLU,

AMEA M.Füzuli adına Əlyazmalar

İnstitutunun direktor əvəzi,

filologiya elmləri doktoru

 

Ədalət.-2013.-28 mart.-S.6.