Sərt və kövrək

 

(Tağı Əhmədovun 65 yaşına)

 

Turan xanım Caviddən danışanda gözlərinin necə dolduğunu görmüşəm.

Xatirələrini şair kimi danışır və hər dəfə uşaq kimi kövrəlir.

"Cavid Əfəndidən bir kəlmə yazan adam gözümün  işığıdır" deyir və həmin anlarda Hüseyn Caviddən kitab yazmadığıma görə təəssüflənmişəm də!

Rəhmətlik Prezident Heydər Əliyev onu metropolitenə rəhbər təyin edəndə öncə keçmiş rəis Xəlil Yusifovun evinə gedib necə halallıq almasını da kövrəlib danışır.

Bəlkə də, çoxları bilmir ki, sərt və kəskin xarakterli olan bu insanın zərif, sevdalı ürəyi var. Sevgi duyğularını bəzəksiz, düzəksiz, sadə və səmimi, Vaqifanə izhar edir:

 

Hərdən tutulursan buludlar kimi,

Hərdən də gülürsən ilk bahar kimi.

Baxırsan gözümə sözü var kimi.

Dilin dediyini ürəyin demir,

Bu qəlbin aynası görən deyir?

 

Kölgələr birləşib qarışa yenə,

Ürəklər sevgiylə alışa yenə,

Küsənlər qovuşub barışa yenə,

Sadiqin dediyin ürəklər deyə.

Arzular, istəklər, diləklər deyə...

 

Tağı müəllim dostluq, kişilik fəlsəfəsini mükəmməl bilən Kişilərdəndir. Bəlkə , özünə "Sadiq" təxəllüsünü götürməsi bu ömür fəlsəfəsinin təsdiqidir. Böyük şairimiz Nəriman Həsənzadə ilə dostluğu yalnız şeirimizə, şairimizə dərin sevginin təzahürü deyil, millətin dəyərli oğullarına ehtiramın məhəbbətin bir ifadəsidir.

Sevinirəm ki, bu dostluğun işığından mənim ömür məkanıma bir zərrə düşübdür. Keçən il Frankfurta, elmi simpoziuma getməyimi hardansa eşitmişdi, zəng edib özünəməxsus ərklə: "Rüstəm müəllim, eşitdim, Almaniyaya gedirsən, amma bizə bir söz demirsən..." - dedi əlavə etdi: "Bəlkə axşamda-zadda biz tərəfə hərlənəsən..."

Vətəndaşlıq millilik yalnız onun məfkurəsinin, əqidəsinin mayası deyil, həm poetik düşüncənin əsas mövzusudur. Millətinə, Dövlətinə, adət-ənənələrə o qədər könüldən bağlıdır ki...

Metro kimi "kosmopolit" məkana, yeraltı ictimai nəqliyyat dünyasına milli dəyərlər gətirmişdir. Hər stansiyada səslənən musiqi parçaları, etik-didaktik deyimlər onun milliliyindən xəbər verir. O, qos-qocaman türk kişisidir.

Azərbaycana sevgisini dönə-dönə bəyan etməkdən doymur. Naxçıvana, Naxçıvanın dilbər guşələrini vəsf edən çoxsaylı şeirləri bu duyğudan, bu məfkurədən doğulubdur. Azərbaycan onun inanc yeridir. Səmimi deyirəm: "Ölkədə Tağı müəllim kimi vətənpərvər məmurların olması ( çoxluğu!) millətin qacancıdır".

Bir dəfə Azərbaycana həsr olunmuş patriotik şeirini o qədər ürəkdən söylədi ki, yalnız üç sətir yadımda qaldı:

 

Quzeyin, Güneyin - qoşa qanaddı.

Hər yerdə tək adın bizi yaşatdı

Gör kimlər kölgənə sənin daş atdı...

 

Bu günlərdə eşitdim ki, əməkdar mühəndis, "Şöhrət" ordenli dostumuz Tağı Məmmədoğlunun 65 yaşı tamam olur. İnanmadım - əlaltından dəqiqləşdirdim. Telefon açıb təbrik etmədim. Bir neçə kəlməlik ürəyimdən keçənləri kağıza boşaltdım...

 

 

Rüstəm Kamal

 

Ədalət.-2013.-28 mart.-S.6.