Səidə Quliyeva:
"Qardaşımın və atamın itkisi ilə
barışa bilmirəm..."
Xalq artisti Səidə Quliyevanın
Milli.Az-a müsahibəsi
- Səidə xanım, siz gənclərə
çox dəstək olursunuz. Necə
düşünürsünüz, gənclər özlərini
doğrulda bilirlər?
-
Doğrulda bilirlər yox, doğrultmalıdırlar. Gənclik
dövrü insanın həyatında ən məhsuldar
dövrdür. İnsan yaşa dolduqca həm daxilən, həm
xaricən çox dəyişilir. Təbii ki, mən sənət
adamlarını nəzərdə tuturam. Ona görə də
çalışmaq lazımdır ki, gənclik illərindən
səmərəli istifadə edəsən. İnsan gəncliyində
addımlarını necə atırsa, bu bilavasitə onun gələcəyini
də həll edir. Özünü necə göstərdinsə,
axıra kimi də elə gedəcəksən. Əgər
insan özünü ciddi, tərbiyəli biri kimi göstərsə,
ətrafındakı insanlar da onu elə tanıyıb, qəbul
edəcəklər. Etik normalara riayət etməyən insanla
başqaları da qeyri-səmimi olacaqlar.
Əgər
mənə belə bir sual versəydiniz ki, siz gəncliyə nə
arzulayardınız, mən deyərdim ki, səbir və zəhmət.
Bizim gənclər istəyirlər ki, 5-10 günə hər
şeyi əldə etsinlər. Xeyr, bu belə deyil. İlk
öncə savad toplamaq lazımdır, əlbəttə ki,
istedad da öz yerində. İstedadı olmayan insana mən
yaradıcı yox, icraçı kimi baxıram. Əgər o
adamın istedadı yoxdursa, nə qədər zəhmət
çəksən də, o bir az qalxa bilər. Bu sənətin
zirvəsi yoxdur. Bizdə qadın aktrisaların
arzuladığı ən gözəl rollar Şekspirin əsərlərindəki
qadın qəhrəmanlarıdır. Məsələn,
Dezdemona rolu. Bu rolları Şekspir yazmasına baxmayaraq mən
zəif rollar sayıram. Şekspirin əsərləri içərisində
ən gözəl rol Cülyetta roludur. Mənə elə gəlir
ki, bu obraz hərtərəflidir.
- Adını çəkdiyiniz
qadın obrazlarını oynamaq arzusunda olmusunuzmu?
-
Ümumiyyətlə, mən heç bir rolun arzusunda
olmamışam. Bəlkə, məndə elə bir istedad var
ki, mən "aşıb-daşıram". Bax bunu mən yox, rejissor bilməlidir.
Rejissorun qüdrəti ondan ibarətdir ki, aktyorun
özünün görmədiyi daxili obrazları
açsın və həmin aktyora istədiyi obrazları
oynada bilsin. Çox təəssüf ki, bizim hazırki gənc
rejissorlarımızın buna səbri, hövsələsi
çatmır. Rejissorlar çalışmırlar ki, gənc
aktyorları inkişaf etdirib, onları yetişdirsinlər. Bu
gün çəkilən seriallarda cavan aktyorları,
aktrisaları görürəm, onların içərisində
ümidvericiləri də var. Bizim gəncliyimizdə bir dənə
əsas televiziyamız var idi. Səhər orada tamaşa
gedirdisə, axşam artıq biz məşhur idik.
Çünki bütün Azərbaycan yalnız o kanala
baxırdı.
- Səidə
xanım, fikir vermişəm, daxilən sakit
insansınız... Teatrda da daha çox qayğıkeş,
sakit qadın, ana rollarında çıxış edirsiniz...
- Niyə
ki? Mənim çılğın rollarım da olub. Mən
çox çılğın adamam, sadəcə olaraq mədəniyyətimi
qoruyub saxlayıram. Adam var ki, ona bir söz deyəndə o dəqiqə
özündən çıxır, emosiyasını saxlaya
bilmir. Amma mən elə deyiləm, düşünüb
addım atıram. Hərdən də öz-özümə
deyirəm ki, gərək onun cavabını o anda verərdim.
İçəridə özümü yeyirəm, bu da səhhətimə
çox pis təsir edir.
- Teatrda olan rejissorlarla iş birliyiniz
haqqında nə danışa bilərsiniz?
- Bizim
teatra son zamanlar kənardan rejissorlar dəvət olunur.
"Xanuma" tamaşasında rejissor Mikayıl Mikayılovla
işləmişəm. Bu tamaşadakı balaca bir epizoda
görə Mədəniyyət və Turizm Nazirliyi mənə
xalq artisti adını verdi. Balaca bir epizod mənim taleyimdə
çox böyük bir rol oynadı. Bu gün də mən bu
rolu sevə-sevə oynayıram. Bu rolu oynamayana qədər
heç kim bilmirdi ki, mənim səs tembrim çox yüksəkdir.
Demək olar ki, Azərbaycanda nə qədər rejissor varsa,
hamısı ilə işləmişəm. Sonuncu dəfə
isə "Anamın kitabı" əsərinin
tamaşasında rejissor Firudin Məhərrəmov ilə
işlədim.
- İş prosesindən razı
qaldınız?
- Pis
deyildi... Elə şeylər var ki, mən onları deməyəcəyəm.
Çünki onlar bizim teatrımızın "mətbəxinə"
aiddir. Mən heç bir aktyor yoldaşıma da məsləhət
görmürəm ki, müsahibədə hər şeyi
açıb desinlər. Çünki
tamaşaçını belə şeylər
çaşdırır. Bizim millət qeybəti xoşlayan
millətdir. Ona görə də hərdən
danışırlar ki, filankəs filankəs haqqında belə
dedi, belə oldu. Amma demirlər ki, o filan rolu belə gözəl
oynadı. Bəlkə də axırda deyirlər, ona qədər
hələ bunun keçmişini, gələcəyini tərəziyə
vururlar (gülür).
- Elə bir rolunuz olubmu ki, onu həm
teatrda, həm də kinoda oynayasınız?
- Yox, elə
bir rolum olmayıb.
- Serialları tənqid edənlər
çoxdur... Sizcə, bu tənqidlər yerinə
düşür?
- Tənqidin
nəyi pisdir ki? Qoy tənqid etsinlər. Hətta dahi insanlar da
vaxtilə tənqid olunublar. Salvador Dalinin əsərlərini
müasirləri sevirdilərmi? Seriallarımız da getdikcə
daha gözəl olacaq. Tənqid təkcə seriallara yox, teatra
da aiddir. Gərək baxasan ki, səni kim tənqid edir. Əgər
məni Məryəm Əlizadə, İlham Rəhimli,
Aydın Talıbzadə kimi teatrşünaslar tənqid etsələr,
düşünərəm. Bu insanların tənqidindən nəticə
çıxarmaq olar.
- Həyatda elə bir çətinliyiniz
olubmu ki, aciz qalıb ağlayasınız?
- Xəstəliyimlə əlaqədar olaraq bir az problemlər yaşadım. O zaman ağlayırdım... Amma acizliyə tez qapılan insan deyiləm. Ümumiyyətlə, mən aciz insan deyiləm. Çətin günüm olan kimi Allaha tapınıram, yalnız ondan kömək gözləyirəm. Allaha çox bağlı insanam. İnanırsınız, mən onunla söhbət edirəm, o məni eşidir. Qadın, bilirsiniz ki, zəif məxluqdur. Amma mən sınan insan deyiləm, çox möhkəm adamam. Konfliktə girməyi sevmirəm, harada da konflikt görürəmsə, o yerdən sakitcə uzaqlaşıram. Çox səbirli insanam və mən sizə də səbir arzu edirəm. Səbir edən insan Allahdan mükafat alır. Bu günə kimi nə əldə etmişəmsə, hamısını səbir etdiyim üçün Allah mənə qismət edib. İstər ailəmi, istər övladımı... Hazırda mən çox şəraitsiz bir evdə yaşayıram. Onunla belə, Allaha çox şükür edirəm. İnşallah, imkan olar, mən də yada düşərəm. Çünki mən heç vaxt yaddan çıxmamışam.
- Səidə xanım, gənclərə dəstək məqsədi ilə onların filmlərində də çəkilmisiniz. Məsələn, Nicat Qafuroğlunun "Ultionis", Elçin Elxanlının "İnam" filmini misal göstərə bilərəm...
-
Nicatın filmində kiçik bir epizoda çəkilmişəm.
Nicatla mən çox yaxın dostam, onun çox böyük
gələcəyi var. İstərdim ki, imkanlı şəxslər
ona kömək etsinlər. Nicat indiki cavanlar içərisində
ən istedadlı rejissordur. Onu da deyim ki, "Ultionis" filmi çox çətinliklə əmələ
gəldi. Elçini isə mənimlə rəhmətlik
televiziya rejissoru Tariyel Vəliyev tanış etmişdi. Tələbələrə mən
həmişə hörmət ilə yanaşmışam. Elə
oldu ki, biz çəkilişlərə başlayan ərəfədə
Tariyel müəllim dünyasını dəyişdi. Bu
gün çox sevinirəm ki, mən Elçinlə
tanışam. Mən bu iki perspektivli gəncin gələcəyinə
inanıram.
- Elə bir rolunuz olubmu ki, xoşunuza
gəlib, amma həmin rolun müqabilində sizə təqdim
olunan qonorar az olduğundan roldan imtina etmisiniz?
- Belə
bir şey heç vaxt ola bilməz. Əksinə, qonorar az
olub, amma rol xoşuma gəldiyindən gedib çəkilmişəm.
Hərdən də görürəm ki, rol xoşuma gəlmir,
yüksək məbləğ deyirəm. Görürəm ki,
uzaqlaşırlar. Yəni canımı belə qurtarıram
(gülür). Ümumiyyətlə, bizdə aktyora qonorar vermək
istəmirlər. Elə bilirsiniz ki, aktyora qonorar verəndə
nə olacaq? Rejissor filmini çəkibsə, buradan qazanc
götürməməlidir. O, çəkdiyi məhsulu bazara
çıxartmalıdır. İndiki rejissorlar aktyorun
qonorarını kəsib maşın, ev alırlar. Sən necə
aktyorun qonorarını kəsə bilərsən axı?
Axı bu onun zəhmətidir.
Sən,
rejissor, əgər aktyorla müəyyən konkret məbləği
danışmısansa, onu da ödəməlisən. Şəxsən
mənim başıma gəlib belə bir şey.
"Susmuş vicdan" serialından elə bir anda
çıxdım ki, serialın taleyi həll olunurdu. Mən
bu günə qədər mənliyimi heç kimin
ayağı altına atmaram. Övladımın yanında belə
mənliyimi saxlamışam, hansısa bir rejissorun yanında mənliyimi
niyə ayaq altına atmalıyam? Bizim sənətdə
mütləq mənəviyyat olmalıdır. Aktyora 2-ci,
3-cü dərəcəli insan kimi baxmaq olmaz. Bu gün mənim
adım çıxıb ki, Səidə xanım pul
"oxuyur". Mən haqqımı istəyirəm, çəkmirsən,
çəkmə. Mən sənə yalvarmıram ki? Hərdən
reklamlara çağırırlar, 200-300 AZN pul verirlər.
Ayıbdır, vallah. Deyəndə də deyirlər ki, Səidə
xanım, yarım saat vaxtınız gedəcək də. Sən
professional aktrisa ilə işləyirsən, yarım saat
vaxtın gedir, əgər sən qeyri-professional aktrisa ilə
işləsən, sənin bir gün vaxtın gedə bilər.
- Səidə
xanım, bildiyimə görə, çox gözəl ailə
başçısısınız. Ailə ilə işlərinizi
necə yoluna qoya bilirsiniz?
- Mənim üçün ilk növbədə ailəmdir. Mən əgər evdə yemək hazırlamasam, ayağımı çölə qoymaram. Evdə ilk öncə oğlumun, yoldaşımın qayğısına qalmalıyam. 17 yaşında bir oğlum var. Allah mənə onun toyunu görməyi qismət etsin. Aktrisa hər şeydən əvvəl evində qadındır, anadır.
- Kinostudiyadan sonuncu dəfə nə vaxt sizə filmə çəkilməyə dəvət gəlib?
- Sonuncu dəfə Ülviyyə Könülün "Vəkil hanı?" filmində çəkilmişəm. Vaqif Mustafayev deyir ki, çəkəcəyim 4 filmdə sən varsan. İllər də gedir, enerji də... Mən çox istəyərdim, onunla yenidən işləyim. Amma yüksək qonorarla. Özünə deməmişəm, yəqin ki, müsahibədə oxuyacaq (gülür).
- Səidə
xanım həyatda kimin itkisi ilə barışa bilmir?
- Qardaşımın və atamın itkisi ilə barışa bilmirəm. İtki ilə kim barışa bilir ki? Allahın işidir də. Qardaşım cavan rəhmətə getdi, ondan sonra mən şəkər xəstəliyi tapdım. Hər bir insan kimi mənim də dərdim var. Amma mən dərdimi başqa bir insana deməyi sevmirəm. Yaxın rəfiqəm Mətanət Atakişiyevadır, hər şeyi də ona deyib, onunla bölüşürəm. İkimizin arasında qalan söhbətlərdir, üçüncü şəxs heç vaxt bunu bilə bilməz. Elə şeylər var ki, heç həyat yoldaşıma da demirəm. Dərd elə bir şeydir ki, sən dərdini danışıb yüngülləşirsən, amma başqasının dərdinin üstünə dərd qoyursan. Məncə, bu düzgün deyil. Mənim evimin eyvanı qəbristanlıq tərəfə baxır. Qardaşım rəhmətə gedəndən sonra mən eyvanda iki dəqiqədən artıq qala bilmirəm. Elə şeylər var ki, sırf insanın özünə məxsusdur.
Ədalət.-2013.-29 mart.-S.8.