Naməlum...
və ya Məlum Anatollu müəllim
Qəşəm İsabəyli
Sən dəniz
qoynunda, dəzgah dalında,
Tarlada, zavodda... hər yerdə varsan.
Şöhrət
paylananda, ad paylananda,
Nə şöhrət umarsan, nə ad umarsan.
Məmməd Araz
("Naməlum qəhrəman"
şeirindən)
1.Yad ağlar - yalan ağlar...
İşə toxtamağımla telefonumun dillənməyi
bir oldu. Mənə
üz tutanları intizarda qoymağı
xoşlamadığımdan əlimi dəstəyə
atdım; həyəcan dolu bir səs qulağımda əks-səda
verdi: -Salam, Qəşəm müəllim,
necəsiniz? - Tələsik deyilmiş bu "necəsiniz?"in ruhundan hiss elədim ki, nəzakət xatirinədi.
"Yaxşıyam-pisəm!"i də
çatdıra bilmədim... - Qubadan Hüseynağa müəllimdi.
Bu səhər atam Allah rəhmətinə gedib.
Oqtay müəllimi (Bəstəkar O.Rəcəbov) tapa bilmədim,
zəhmət olmasa, o da bilsin...
Bu zaman adətən ağzımızdan ilk
çıxan söz "Allah rəhmət eləsin!"
olur. Mən isə cənazə torpağa qoyulmayınca
"rəhmət" sözünü dilimə gətirə
bilmirəm. Hüseynağa müəllimə eləcə
dil-ağız elədim: "Allah səbr versin!"
Bu ağır xəbəri eşidən kimi əvvəlcə
Oqtay müəllimi tapdım; ağzından çıxan ilk
kəlmələrdən hiss elədim ki, əhvalı
özündə deyil. Sadəcə illərlə yaxşı münasibətdə
olduğu bir insanın həyatdan getmək xəbəriylə
onu da tanış etməyi vacib bildim. O da
"Allah rəhmət eləsin! - dedi, -
heyf, ölməli insan deyildi. Mənim də
adımdan başsağlığı verərsən. Görürsən də vəziyyətimi.
Ayağım yer tutmur..."
Bir dəfə üzünü gördüyüm,
atüstü-ayaqüstü də olsa
qarşı-qarşıya durduğum və xoş təəssüratla
ayrıldığım musiqişünas, pedaqoq və bəstəkar
Anatollu Abbasovun dəfninə çatmaq üçün
maşına əyləşdim. Özü də tək-tənha.
Belə tənha yolçuluqda həmişə xəyalıma
ilk gələn Cənubi Azərbaycan şairi Məhəmməd
Hidəcinin aşağıdakı misraları dilimdə
puçurlayır:
Üç
zad yetib xəbərdə, unutma bu üç zadı;
Yol getmə tək, qəza (yemək) yemə tək, evdə
yatma tək.
Doğrudanmı biz kimləsə yola çıxmayanda tək-tənha
oluruq?!
Heç də yox! Tənhalığa
düşən kimi birdən onlarla, yüzlərlə, minlərlə
çiyin yoldaşımız oyanır ruhumuzda. Dünyamızı elə qarışdırırlar
ki, mənzil başına haçan
çatdığımızdan da xəbərimiz olmur. Bu, aranı dağa aparan, dağı arana gətirən...
əbədi simamız və simsarımız fikir-xəyal
olmayıb, nə olacaqmış ki?!
Qubaya yetişənəcən ağlıma da gəlməzdi
ki, burda "Ərdəbil"lə rastlaşacam. Soraqlaşa-soraqlaşa
əvvəlcə "Ərdəbil" küçəsini,
orda da Anatollu müəllimgilin evini tapdım. Maşından düşəndə şəhərin
yas yerlərinə o qədər də xas olmayan yanıqlı
bir nalə çaldı qulağım. Diqqət
eləyəndə gördüm, cavan adamdı. Dedilər, mərhumun qızıdı. Biləndə ki, ailəlidi, düzü bu, mənə
bir qədər qəribə gəldi. Sirr
deyil ki, hər övlad ailə qurandan sonra özünə həyat
yoldaşının timsalında ata-ana əvəzi - arxa-dayaq
tapır. Valideyn itkisi, demirəm onu ağrıtmır,
ağrıdır, amma evin subay uşağı qədər
yandırıb-yaxa bilmir...
Anatollu müəllimin qızı heç cür sakit
olmaq bilmirdi; hamının dərdini ağlayırdı elə
bil. Elə bil atasını ağlayan övlad deyildi,
balasının üstündə varlığını qoyan
ana idi. Yadıma mərhum tərcüməçi
- naşir Adıgözəl Qəmbərovun qızı
Gülnarə düşdü. Həyatının ən
ağır ölümünü görən, dil deyib
ağlamağın nə olduğunu bəlkə də az bilən Gülnarə də göz
yaşlarında boğula-boğula, atasını layla-zikrlə
ağlayırdı.
İllər sonrası onunla rastlaşanda, mat qaldım;
saçları ağappaq qar kimiydi. Ürəyimdə gileyləndim də:
"Cavan qadın... niyə özünə baxmır, görəsən".
Fikrimi oxuyubmuş kimi danışdı: - Atamdan sonra az qala təsəllimə çevrilmiş
iş yerimdə saçlarımın ağlığı
gözə çarpan kimi məni
sıxışdırmağa başladılar... "Niyə bu gündəsən?! Bu boyda
Dövlət qulluğunda çalışırsan... Özünə fikir ver". "Özünə
fikir vermək saça qara qoymaqdısa... buyurun, bu ərizəm...
işdən azad edin, çıxım gedim". İnsafən məni başa düşənlər
tapıldı.
Daxilən
yaşlaşan insanlar belə zahirən cavan görünməyə
can atdığı halda, nə idi Gülnarə kimi gənc
bir qadının ahıllıq istəyi?! Əlbəttə
bu, istəkdən çox, imkanı çatan qədər
özünü həyatın bəzi sevinclərindən məhrum
etməklə ata itkisinə balaca bir təsəlli
tapmasıydı. Günün bu
günündə belə, Adıgözəl müəllimin
ölümündən illər keçməsinə baxmayaraq,
Gülnarəni necə var, elə də görərsən.
Anatollu müəllimin qızının da ata sevgisi məhz
Gülnarəni xatırlatdı mənə. "Ölünün
yaraşığı ağlamaqdı!" deyiblər. O
da var, kim ağlayır?!
Bayatılarımızda deyildiyi kimi:
"Burda
bir göyçək ağlar,
Gələr ağbirçək ağlar.
Yad
ağlar - yalan ağlar,
Öz anam gerçək ağlar".
2.Onun mənəvi dünyası
Anatollu müəllimin ömürlüyünə
baxıram. Mən dünyaya gələndə o, birinci sinfə
gedib. Məktəbi "əla" qiymətlərlə
bitirib, musiqi məktəbinə girib.
Alış-veriş mərkəzi kimi böyük bir ənənə
qazanmış Qubada Sovetlər dövründə belə sənətlərin
əzizi iqtisadiyyat idi, ticarət idi. Ən azından ətraf bölgələrimiz və
Dağıstanın sərhədyanı əhalisi, o cümlədən
dərbəndlilər istirahət günləri
alış-veriş üçün məhz buraya
axışıb gələrdilər. Gənc
Anatollu da öz "əla"larına söykəyib, əziyyətsiz-filansız
məşhur Xalq Təsərrüfatı İnstitutunun qapısını
gözüyumulu aça bilərdi. Özü
üçün daha faydalı yol tutar, təminatlı
dolanışığa yönəli bir işin başına
gələrdi. Amma o, mənəvi zənginlik
yoluyla getdi - musiqi dünyasına çevirdi üzünü.
Gənc
Anatollu Quba musiqi məktəbini bitirən kimi də həyat
üzünə güldü; bu boyda təhsil
ocağını ona həvalə elədilər: "Buyur,
direktor kürsüsü səni gözləyir!"
2 il öz doğma şəhərində mənəvi
zənginlik yaşadı Anatollu Abbasov; məktəbdə təhsil
qayğılarıyla baş-başa qaldı, iki daşın
arasında əsər bəstələdi, yaratdığı
musiqi kollektivi ilə təsərrüfatlara - zəhmət
adamlarıyla görüşə getdi. Amma hər
tədbirdən sonra bir narahatlıq yaşanırdı ruhunda;
birdən iş-gücündə yarımçıqlıq
hiss eləməyə başlamışdı.
Yenidən tələbə olmaq arzusu döyəcləyirdi
sinəsini. Gənc
Anatollu direktorluğunun ikinci ilində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının qiyabi şöbəsinə daxil oldu.
Daha bir il sonra isə onu Qubadan
götürüb az qala bir günlük yol olan Qərb
bölgəsinə - Qazağa atdılar. Orda da
yerli Musiqi məktəbinə rəhbərlik həvalə edildi
ona.
5 il Konservatoriyada musiqinin ali məqamlarını
mənimsəyib, təhsilini başa vuranda Anatollu müəllim
Qazağla da vidalaşmalı oldu. Doğma Qubaya
qayıdışı nə az-nə azacıq, düz 3 il çəkmişdi.
Fikirləşirəm, öz rayonunda direktor işlədiyin
halda ev-eşiyindən olub, daha uzaq bir yerə eyni vəzifəyə
getməyə dəyərdimi?! Bu sual bizi ömür boyu narahat etsə
də, heç zaman onun cavabını tapa bilməyəcəyik...
Anatollu müəllimi son mənzilə salanlar arasında
mən də vardım. Qədim Quba qəbiristanlığında o da min illərin
ölüsündən birinə döndü...
3. Sona dönən ilk
görüş...
Rəhmətlik Anatollu müəllimi bir dəfə
görmüşdüm. Oğlu Hüseynağa müəllimin
musiqi kitabını nəşr etmişdik. İlk
kitabının sevincini yaşayan müəllif minnətdarlıq
üçün atasını da götürüb, Qubanın
alma sovqatıyla dolu bir qutunu da özünə
yük edib, nəşriyyata gəlmişdi. İndiki
kimi yadımdadı, qapını özüm açdım, əvvəlcə
Hüseynağa müəllimi, sonra da məhəccərə
söykənən Anatollu müəllimi gördüm. Tanış olmağa ehtiyac da yox idi. İlk dəfəydi ki, adını eşitdiyim bir
insanı şəxsən görürdüm. Və ilk baxışdan da rəğbətim
oyandı ona.
İndi fikirləşirəm,
niyə bu ilk görüş son görüşə
döndü? Bizim yəqin ki, bir-birimizə deyiləsi
sözümüz də az olmayacaqdı. Bəlkə də bu sözlər hardasa bizi qəfil
qəzalardan belə qurtarmaq gücündə
çıxardı qarşımıza. Amma...
neyləmək olar. Bu, ona görə həyatdı
ki, bir-birinə doğma olacaq insanları bir dəfəmi, iki
dəfəmi görüşdürüb, sonra da illər
ayrısı edir. Birgəyaşayışı günah
sayılan adamları isə bir-birinə elə bənd edir...
***
Hərdən
fikir məni aparır; çoxumuzu şəhərə gətirən
arzumu deyim, nəsihətmi deyim, "Bir balığın
başı kəndə, quyruğu şəhərə olsa,
quyruğu başından şərafətli olar" məsəlinimi
deyim, yəqin ki, Anatollu müəllim də çox
eşidibmiş. Ona əməl etsəydi, bəlkə də Bakıda
beş-on bəstəkardan biri olardı. Əyalətdə belə
o, çoxlarının həsəd apara biləcəyi
uğurlara nail olmuşdu: "SSRİ Maarif əlaçısı",
"Azərbaycanın Qabaqcıl Maarif Xadimi", "II
Ümumittifaq Festivalının laureatı", "Metodist
müəllim" və s.
Gəlin
görək bu təltiflərdən hansımızın
yaxasında hansı var?!
Ortaya
sual çıxır: Anatollu müəllimin şəhərə
gəlməməsində qazancı nə olub, görəsən?
Gəlsəydi bəs? Onlarla, yüzlərlə, minlərlə
yeni yetişən qubalı uşağın musiqi
zövqünü formalaşdıran kim olacaqdı onda?!
Axı müəllimlərmizin heç də hamısı
Almaz olmur. Axı ömür boyu Mirzə Səməndərlərin
təhsilimizdəki ayaq izlərini görməyə bilmirik. Nə
yaxşı ki, təsəlli yerimiz də olur; nə
yaxşı ki, Anatollu Abbasov kimi müəllimlərimiz də
varmış!
Ədalət.-2013.-29 mart.-S.6.