Axtarış
Hekayə
Sarpi qəsəbəsindəki turistlərlə
dolu olan "Kameo" hotelinin vestibülündə sakitlik
hökm sürürdü; yay səhərinin gözü
açılmamışdı, alatoranlıq idi; arabir magistral
yoldan ötən minik və yük maşınlarının səsi
gəlirdi, amma bu, bütün günü yaxındakı
çimərlikdə özünü günə verən,
Qara dənizin şəffaf suları qoynunda doyunca çimən,
gecələr isə gürcü mətbəxi və şərabının
ləzzətindən yorğunluq çıxaran hotel sakinlərinin
şirin yuxusuna mane olmurdu. Subtropik
qəsəbənin ətirli və gurultulu havası bahalı,
parlaq tünd mavi şüşəli açıq qapıdan
içəri dolurdu. Vestibülün ayaq tərəfində
İtaliya istehsalı olan üzü gön dərili, enli,
süd rəngli divan və dörd kreslo qoyulmuşdu,
kresloların arasındakı dairəvi şüşə
stolun üstündə rəngli moda jurnalları vardı.
Kreslolardan birində oturan yaşlı qapıçı yuxulu
gözlərini ovuşdura-ovuşdura tez-tez həyətə
baxırdı; üzündən yorğunluq
tökülürdü, əsnəyirdi; o, nəsə
mızıldadı, sonra sol əlinin
barmaqlarını şüşə stolun üstünə
taqqıldadaraq, sağ əli ilə cibindən
çıxartdığı xırda pulları saymağa
başladı.
Vestibülün
baş tərəfində pardaqlanmış çəhrayı
lövhənin üstündə "hotel
inzibatçısı" sözləri
yazılmışdı; üstü şüşəli enli
arakəsmədən səliqə ilə daranmış
qısa, şabalıdı qız saçları
görünürdü; qızın başı
aşağı əyilmişdi, o da nəsə hesablayır,
yazıb-pozur, sonra gərgin və narahat halda başını
qaldırıb qapıya tərəf,
hotelin qabağındakı baxçada
üstüörtülü çardaqda oturub
dalğın-dalğın xəyallar quran nimdaş köynəkli
oğlana göz qoyurdu; sonra başını yenə
aşağı sallayıb kompüterdə nəsə yazırdı;
adama elə gəlirdi ki, bu qız da yaşlı
qapıçı və bayırdakı cavan oğlan kimi həyat
adlı amansız mübarizə xəzinəsindən nəsə
axtarır. Batumun hər hansı bir özəl hotelinə gələn
adam bu qızın bitib-tükənməyən enerjisini,
yüksək xidmət mədəniyyətini, namuslu əmək
səyini görüb dərhal başa düşərdi ki,
qıraqdan kimsə ona göz qoyur! Yox, yox, hotel sahibinin otağında
müasir monitorlar olsa da, gözqoyan sahibkar deyildi! Bütün gecəni
dirigözlü açan, gah vestibülə girib qızla
laqqırtı vuran, sonra deyingən qapıçının təkidiylə
çölə çıxıb rütubətli gecə
havasını udan, gah hotelin qarşısındakı
bahalı minik maşınlarına söykənən, gah da
gedib yenidən çardağa mıxlanan cavan oğlan idi!
Dənizdən əsən meh üzündə uşaq məsumluğu
oynayan cavan oğlanın qara tellərini xəfif-xəfif yellədirdi. O da qayğılı və
yuxulu görünürdü, müəlliminin çətin
sualına cavab vermək zorunda qalan məktəblini
xatırladırdı. Oğlan qəflətən
ayağa durdu, hotelin nəmli pilləkənlərinə tərəf
yeridi, içəriyə girmədi, qıza əli ilə
işarə elədi, sonra hotelin əlli metrliyində uzanan
magistral yolun kənarına çıxdı; yolu keçib o
biri tərəfə, dəniz sahilinə düşdü.
Oğlan hoteldən təxminən yüz əlli-iki
yüz metr aralıda yerləşən çimərlikdə
soyunub suya girdi. Sahildə günəmuzd
işləyən yerli cavanlar, tələbələr orda-burda
gözə dəyirdi, sağ tərəfdəki
qayalıqların dibində kimsə çimirdi; çimərlik
xidmətçilərindən biri cərgə ilə
düzülmüş, üst-üstə
yığılmış stol-stulları təmizləyirdi.
Cavan oğlan bir qədər üzüb sudan
çıxdı, daşlı-çınqıllı tərtəmiz
sahildə durub günəşi qarşılamaq
üçün üfüqlərə baxdı. Uzaqdan yalnız qaraltılar görünürdü.
Daşlı sahillərə çırpılan ləpələrə
qulaq verdi, sonra geriyə, hotelə sarı
boylandı; duzlu su onun yuxusunu qovmuşdu, amma
narahatlığı hələ də üzündən
tökülürdü. Cins şalvarının
cibindən qol saatını çıxartdı, vaxt getmirdi, səhər
də açılmırdı ki, açılmırdı.
Qızın
ilk iş günüydü; demək olar ki, üç
aylıq sınaq müddətindən sonra qızı işə
götürdülər. Özü də belə bir mötəbər
hoteldə! Hər ikisi sevindi, hər ikisi məmnun oldu; hotel
sahibi Nodar Canidze dünən dedi ki, bu gecə növbədə
Manana qalacaq; növbə səhər saat səkkizə kimi
olurdu; səkkizdə növbəni başqa inzibatçı təhvil
alırdı. Nodar Canidze oğlanı qızın yanında,
özü də əyin-başı pis kökdə görəndə
əvvəlcə üz-gözünü turşutdu, yəqin
düşündü ki, bu subay oğlan lap mitil yorğan
kimidi; biləndə ki, xarici gökəmləri tərs
mütənasib olan iki gənc sevgilidi, bir qədər təəccüb elədi,
nəsə demək üçün ətli dodaqlarını
qabağa uzatmışdı ki, qız aman vermədi, dedi:
- Biz
Tokayla nişanlı kimiyik! Bir az pul toplayan
kimi toyumuzu edəcəyik!
Tokay
utana-utana gözlərini aşağı dikdi, Nodar Canidze
oğlanı bir də başdan-ayağa süzüb
"hımmm" elədi, sonra nə düşündüsə:
- Nə
işlə məşğulsan? - soruşdu.
-
Üzürəm!
-
Üzürsən? - Nodar oğlanın arıq vücuduna
baxıb təəccüb elədi.
- Hə,
hə, o, yaxşı üzür! - Manana elə vəchlə
söylədi ki, elə bil təzə bir şey kəşf
eləyirdi, - Dalğıclara kömək edir bütün
günü. Az-maz pul da verirlər! Amma fərli iş
axtarır!
-
Hımmm. - Nodar Canidze yenə ətli dodaqlarını kipləşdirdi.
- Axtaran tapır... Əsas odur ki itirməyəsən... - deyə
əlavə etdi, sonra heç nə olmayıbmış kimi
iri cüssəli bədənini döndərib kabinetinə
açılan qapıya tərəf yeridi; birdən yenə nə
fikirləşdisə, dərhal geri dönüb
üzünü oğlana tutdu:
- Acarsan?
- Yox, azərbaycanlıyam!
Sarpidə yaşayıram... SOKAR-ın arxasındakı
qalanın yanında...
- Hmmm...
Deyirəm axı, qəribə adın var! Bizlərdə belə
ad yoxdu!
- Türk
adıdır, rəhmətlik babam qoyub. Zəngin və igid deməkdir!
- bunu elə qürurla söylədi ki,
Nodar Canidzenin üzünə ilıq bir təbəssüm
qondu, sahibkar iri gözlərini oğlanın düz solğun
bənizinə tuşlayıb hökmlü, lakin bir qədər
kinayəli tərzdə dilləndi:
- Bura bax,
zəngin və igid oğlan, bəlkə sən mənə
lazım oldun! Sabah axşamüstü yanıma gəl, bir
şey fikirləşərəm...
Manana
növbəyə başlayandan Tokay bir yerdə qərar tuta
bilmədi; evə getdi, tez də qayıdıb gəldi; gah
sahilə baş çəkir, gah hotelin böyründə
durur, gəlib-gedən turistlərə baxır, gah da
qızın müştərilərlə necə mehriban və
nəzakətlə davranmasına tamaşa edir, bu möhtəşəm
hoteldə bir gün o da işləyə biləcəyinə,
sevgilisi ilə bərabər pul qazanacağına, xoşbəxt
günlər yaşayacaqlarına inanıb xəyallar qururdu.
Bayaq ikiotaqlı darısqal mənzillərinə baş
çəkib anası Dilrubəyə Manananın işə
başladığını, daha sonra Nodarla söhbətin
ucundan-qulağından danışdı; dedi ki, Manananın
yanında olacaq, evə gəlməyəcək...
Səhər səkkizə iyirmi dəqiqə
qalmış hotelin qabağında taksi dayandı;
maşından bir qadın, iki uşaq düşdü, xaricdən
gəlmişdilər. Manana onların gələcəyini
bilirdi, beşinci mərtəbədəki 19 nömrəli otaq
onlar üçün hazırlanmışdı. Qız
taksidən düşən xariciləri görən kimi
qapıçıya səsləndi:
- Aşot
əmi, almanlar gəldi, bayıra çıxın...
Aşot elə bil yuxudaydı, kreslodan dik atılıb
qapıya sarı cumdu. Qadın taksidən düşəndə
Tokay artıq sahildən qayıtmış, yenə gəlib
çardaqda bitmişdi. O, ayağa durub taksiyə
yaxınlaşanda qadın onun arıq vücuduna, nimdaş əyin-başına
baxıb istehzayla gülümsədi, sonra uşaqlara nəsə
pıçıldadı. Tokay bunu duydu, bir qədər
üzüldü; Aşot özünü yetirib irişə-irişə
canfəşanlıq göstərəndə Tokay dinməzcə
kənara çəkildi. Qapıçı
qadının təkərli çamadanlarını
götürüb hıqqana-hıqqana pilləkənləri
qalxdı, liftin qabağına qədər sürüdü.
Vestibüldə Manana ilə almaniyalı
qadın üz-üzə qarşılaşdı, ikisi də
gülümsədi. Manana alman dilində xanım
Şraynerə dedi ki, onların hər ikisinin eyni adı
daşımalarını biləndə çox sevinib.
Qonaq təbəssümlə
cavab verdi, nə barədəsə bir qədər
danışdılar; qız qaimə kağızlarını
printerdən çıxartdı, qadına verdi, əlavə
bir sənəd də uzatdı, qadın hər iki sənədi
imazalayandan sonra uşaqları ilə bərabər
(uşaqlardan biri qız, o biri oğlan idi) ətrafı maraqla
seyr etməyə başladı.
Xanım
Şraynerin təxminən qırx-qırx beş yaşı
olardı; o, iyirmi beş il bundan qabaq qoyub getdiyi
Gürcüstanı tanıya bilmirdi; günəş şəfəqlərinin
oxşadığı tünd-mavi hotel şüşələrindən
görünən dənizin mürgülü sularına, ətrafdakı
dağ-dəniz mənzərələrinə heyrətlə
tamaşa edirdi; bir tərəfi dəniz, bir tərəfi
zümrüd meşəli dağlar, təpəliklər,
güllər, çiçəklər, şam
ağacları, limon, portağal, narıngi bağları,
cır meyvəliklər, qayalıqların üstündəki
restoran və istirahət guşələri, dağətəyi
çəmənliklər, bir qədər yuxarılarda
gözoxşayan qırmızı, sarı, çəhrayı,
yaşıl örtüklü yaşayış evləri,
kotteclər, şüşə kimi asfalt magistral yollar, səliqə-səhman...
Burda möcüzələr yaratmışdılar! "Gürcü xalqı axır ki ağ günə
çıxdı!" Qadın
düşündü. "Çimərliklər
qaynaşır! Gör nə qədər adam
var? Hələ saat səkkiz deyil!"
Xanım Şrayner o tərəf bu tərəfə
yüyürən, möhtəşəm təbiət mənzərələrindən
vəcdə gəlib almanca bir-birlərinə ucadan nəsə
qışqıran, sonra da əlləri ilə artıq adamla
dolu çimərliyi göstərən uşaqlarına
qayğısız-qayğısız nəzər yetirirdi. Qadın
otağın açarını alanda barmağındakı
iri qaşlı üzük Manananın diqqətindən
yayınmadı. Üzüyün
üstünə düşən gün işığı
qızın gözlərini qamaşdırdı. "Kaş mənim də belə bir
üzüyüm olaydı!" deyə ürəyindən
keçirtdi. Bu, təbii
qadın arzusu idi! Amma belə bir üzüyü almaq
üçün o, gərək əlli il
fasiləsiz işləyəydi və heç nə yeməyəydi!
Əlbəttə, qız burasını bilmirdi.
Xanım Şrayner şəstlə liftin düyməsini
basdı və uşaqlarla birgə beşinci mərtəbəyə
qalxdı.
Manananı əvəz
edəcək növbəti inzibatçı qız gəlmişdi,
qızlar bir-birlərinə gürcü dilində nəyisə
başa saldılar. Bir azdan Manana hoteldən
çıxdı və Tokayla bərabər sahil boyunca evə
yollandı.
- Sən
bütün gecəni yatmadın! - Manana dedi. - Keşik çəkirdin?
- Əlbəttə! Səni qoruyurdum da... - Tokay
güldü.
- Nədən
qoruyursan məni, ay dəli?
-
Qurd-quşdan... Sən axı qorxaq pişiksən...
- Mən
qorxaq deyiləm... Sənsən qorxaq.
Qorxursan ki... - Manana bir qədər susdu, sözünün
dalını deyə bilmədi.
- Nəsə
demək istəyirsən, amma demirsən... Mənsə,
sənin ürəyindən keçənləri bilirəm.
- Nə
bilirsən?
- Deyim?
- De!
- Demirəm!
-
Yaxşı da, Tokay! De görüm mənim
ürəyimdən nə keçir?
-
Nişan üzüyü!
...İkisi də susdu. Tokay davam etdi:
- Mən
pul yığıram, səninçün mütləq
üzük alacam. Yüz əlli larim var. Anama demişəm ki, bu
pullara dəyməyin... Hotelə işə girsəm
bəlkə də tez alaram. Bu
dalğıclar xəsis şeydilər. Günə beş lari verirlər... Görəsən
Nodar məni işə götürəcək? Lap
Aşot kimi qapıçı da olmağa razıyam. Təki
bir yerdə işləyək...
- Tokay!..
Oğlan qıza baxdı, baxışları toqquşdu. Manana o baxışların
alovuna tab gətirə bilmədi, gözlərini
daşlı-çınqıllı sahilə dikdi. Yenə susdu.
- Tokay, sən
məni... qısqanırsan? - soruşdu.
- Bu nə
sözdür? Hardan ağlına gəldi?
- Elə
bil məni qısqanırsan. Nəsə ürəyimə
damıb. Yoxsa bütün gecəni yuxusuz..
- Dəlisən,
nədir? - oğlan qızın
sözünü kəsdi, - sən özün də yuxusuz
qaldın... Bir halda ki, sən yatmırsan,
işləyirsən... mən nə üçün
yatmalıydım, hə?
Qız susdu. Gözünə düşən
açıq şabalıdı tellərini əliylə geri
itələdi, dalğın-dalğın dənizi seyr etdi,
sanki orda əsrarlı, nazlı gözləriylə nəyisə
axtarırdı; birdən mövzunu dəyişmək qərarına
gəldi.
- Bilirsən
bayaq gələn o qadın kim idi? Frankfurtda yaşayan gürcü qadın.
İyirmi beş ildi köçüb ora,
almana ərə gedib. Deyir, bu iyirmi beş
ildə birinci dəfədi gəlir buralara. Gözlərinə
inanmır. Hər şey dəyişib.
Adı da Mananadır. Almanca danışır...
- Bəlkə
heç gürcü dilini bilmir?
-
Soruşdum, bilir. Özü danışmır.
Deyir, Yurgenlə Klara gürcü dilində
danışa bilmirlər. Ona görə də məcburdu
almanca danışsın... On günlük
istirahətə gəliblər.
- Nə əcəb
ərsiz gəlib?
-
Soruşmaq ayıbdı! Sən də ki, əməlli-başlı
qısqancsanmış! Nəyinə lazımdır axı, ərsiz,
ya ərli gəlib! Bir də ki, onlarda bunun əhəmiyyəti
bir o qədər yoxdur. Ər də, arvad da
ayrı-ayrı istirahət edir. Ruslar da belədir də! Amma
siz... Allah eləməsin... Qoyma, vay, birdən yeyərlər!
Kişilər arvadlarını, arvadlar da kişilərini
gözlərindən qırağa qoymurlar!
- Bu pisdi
ki?
- Pisdi, əlbəttə!
İndi hansı dövrdü? Mən bax,
dünən gecə Nodarın yanında biabır oldum! Bunu sənə
demədim! Axı o, nə fikirləşər,
hə?
-
Heç nə!
- Necə
yəni heç nə! Hələ o, bilsə
ki, sən səhərədək hotelin qabağında
keşik çəkmisən, nə düşünər?
Aşot əmi xəbərləməsə yaxşıdı!
- Xəbərləsin
də! Uzaqbaşı məni bu gün qəbul etməyəcək,
vəssalam! Mən də yaxşı iş tapan kimi səni
ordan...
- Nə?
Nə dedin? - qız püskürdü, -
Tokay, bu nə sözdür danışırsan? Səni
tanıya bilmirəm!
- Zarafat
edirəm, əzizim! - Tokay ucadan güldü. -
Qaşqabağını sallama!
- Necə
yəni zarafat edirsən! Belə də zarafat
olar? Heç bir gün deyil işləyirəm! Axı mən
də işləməliyəm! Toyumuza pul
yığmalıyam... Belə çıxır
ki, sən mənə inanmırsan, hə?
-
İnanıram, əzizim, inanıram! Neyləyim, ürəyimi
dəyişə bilmərəm ki!
- Ürəyini
yox, düşüncəni dəyişməlisən...
-
Düşüncəmə nə olub görəsən?
(Ardı var)
Kamran NƏZİRLİ
Ədalət.-2013.-29 mart.-S.6.