BARIŞ ABİ
OXUYURDU, MƏN AĞLAYIRDIM...
Züleyxa Nadir
Həyatımda
heç unutmadığım, daha
doğrusu, unuda bilmədiyim,
acısı-şirini ilə yaddaşıma hopan, ən
xırda detalları ilə xatirələrimdə yaşayan
çox az sayda günlər var. Onlardan biri də 1996-cı il martın
23-dür. Həmin gün Anadolu rok musiqisinin əfsanəsi
Barış Mançonu yaxından
gördüm, ünlü sənətçini canlı
dinlədim, şirin, məzəli söhbətlərinə
qulaq asdım. Bir zamanlar
adını eşidib,
üzünü televiziyadan
gördüyümüz, sehrinə
düşdüyümüz şarkılarını sevə-sevə
dinlədiyimiz və bu səsi
"tutub" onun ardınca getdiyimiz Barış Manço bizə
gəlmişdi - işlədiyim redaksiyaya. Bu gəliş tarixi bir
gəliş idi - mən belə düşünürəm...
Onda
"Xalq qəzeti"ndə işləyirdim. Söz vaxtına
çəkər, deyiblər. İlin-günün elə bu vaxtları idi. Baş
redaktorumuz dedi ki, Barış Manço
redaksiyamızın qonağı olacaq. Doğrusu, öncə
inanmadıq. Çünki
baş redaktorumuzun zaman-zaman bu və buna bənzər zarafatları olurdu. Ona görə də az
qala hamımız tək-tək,
ayrılıqda soruşduq ki, doğrumu söyləyir? O isə
bizə eyni cavabı verdi: Etibar Babayevlə gələcək. Bəli, möhtəşəm
Barış Manço gəldi. Gerçəkdən şaka
deyilmiş. Korifey sənətçi
jurnalistlərin əhatəsinə düşdü. Və
Allah bizə bu sevimli insanla
yaxından ünsiyyət
qurmaq şansını
verdi. Nə mutlu bizə -
"Xalq qəzeti"nin o zamankı əməkdaşlarına!
İndi
bu sətirləri yaza-yaza həmin günü təfsilatı
ilə xatırlamağa çalışıram. "Xalq qəzeti"nin iclas zalı
dolu idi. Redaksiyanın bütün əməkdaşları,
eləcə də bizimlə
bir binada yerləşən AzərTAcın
kollektivi türk
dünyasında sevilən, sayğı görən, dünya uşaqlarının dostu
Barış Mançonu görmək üçün bu
salona
yığışmışdı. Ayaq üstə duranlar da var idi. Bu, hər zaman rəngbərəng
kaftanlar geyinən, uzun
saçlı, barmaqlarında
çürbəcür gümüş üzüklər,
qolbağlar, kənardan
ağır görünən
iri boyunbağılarla ekranlarda görməyə adət etdiyimiz Barış
Manço deyildi. Barış Abi kostyum geyinmişdi,
üzündəki mehriban və xoş təbəssümü çox səxavətlə hər
kəsə
paylayırdı. Söhbətləri ilə elə bir
aura yaratmışdı ki, sanki bu salonda oturanlarla Barış
Manço uzun illərin tanışı idilər. Çiyninə
tökülən saçları və barmaqlarındakı üzüklər isə hər kəsin diqqətini cəlb edirdi.
Görüş zamanı ünlü
sənətçi dedi ki, geydiyi kaftanların,
barmaqlarını dolduran bu üzüklərin hər biri bir
amac üçündür.
Biz öncə ondan oxumasını istəmədik,
suallarımıza cavab verməsini
rica etdik. Bu, jurnalist peşəsinin özünəməxsusluğu,
yoxsa onunla daha çox birlikdə olmaq istəyimiz, ya hər kəsin Barış Manço
şəxsiyyətinə vurğunluğunun təsdiqi idimi? Bilmirəm. İndi də bu
sualın cavabını verməkdə çətinlik çəkirəm.
Bircə onu bilirəm ki, korifey
Barış Manço həmin
gün mənim taleyimdə yeni bir
qapını açdı. Barış Abi
danışırdı - baməzə sözlərlə,
bir qədər tez-tez, amma çox
səmimi. Anlamadığımız ifadələr də var idi. Bu zaman Etibar müəllim
köməyimizə gəlirdi, başa düşmədiyimiz
sözü izah edirdi. Amma olsun, şəxsən mənim
üçün fərqi yox idi, söhbətlərinə nəfəs
almadan diqqət kəsilir, su kimi içməyə
çalışırdım. Lap bilmədiyim ingilis,
fransız dilində danışsa
belə Barış Abini dinləyərdim. Jurnalistlərdən
kimsə Barış Mançonun saçları ilə
bağlı sual verdi. O, əlini saçlarına toxundurub
dedi:
-Belçikada
ali təhsilimi başa vurub Türkiyəyə bu uzun saçlarla döndüm. Amma
saçlarımın uzunluğunu
qəbul etmədilər, onu kəsməyimi tələb
etdilər. Mən isə dedim
ki, Allahın mənə verdiyi
bu saçlara əl vurmaram, çünki mənə belə
rahatdı. Yalnız bircə dəfə saçımı kəsiblər.
Əsgərlərlə görüş zamanı bir türk əsgəri
dedi ki, Barış Abi, saçlarını kəsmək istəsəm
rahatsız olarmısın? Cavab verdim ki, yalnız qəhrəman
türk əsgəri nə istəsə yapa bilər. Əsgər
qayçını götürüb saçımı kəsdi.
Vəssalam. O gündən sonra saçlarıma toxunan
olmadı, bu saçlar mənimlədir...
Barış Mançonun əlində bir jurnal var
idi. Dünyanın
120-dən çox ölkəsində
olmuşam, dedi. Hər yerdə də
məni çox gözəl qarşılayıblar.
Dünyanın bütün çocukları
benim çocuklarımdı.
Hansı ölkədə
olsam, orada məni o ölkənin vətəndaşı kimi
qəbul edirlər, hətta hər millət özünə
bənzətməyə çalışır.
Baxın, bu jurnal bütünlüklə
Yaponiya konsertimə həsr olunub. Rəssam şəklimi çəkib.
Amma məni necə də yapona oxşadıb...
Jurnalistlərin xeyli sayda suallarını
cavablandırdıqdan sonra
ünlü sənətçidən
oxumasını xahiş
etdik. Səhnədə piano var idi.
Redaksiyanın əməkdaşı
Rafiq Salmanov piano arxasına keçdi.
Barış Manço
oxumağa başladı:
Kurumuş bir çiçek
buldum mektupların arasında,
Bir tek onu saklıyorum onu da çok
görme bana.
Aşkların en güzelini yaşamıştık
yıllarca,
Bütün hüzünlü şarkılar
hatırlatır seni bana.
Unutma ki, dünya fani, veren Allah alır canı...
Ben nasıl unuturum seni, can bedenden çıkmayınca?..
Zaman o zaman idi ki, taleyimin
çox ağır bir kədər yükünü çiyinlərimə
götürmüşdüm. Həyatın mənim üçün dözülməz olan bir acısını yaşayırdım. Çox sevdiyim
həyat yoldaşımın
cavan yaşındaykən
həyatdan köçməsi
ilə barışa bilmirdim. Amma Barış Manço bu şarkısı ilə, həm də canlı ifası ilə az qala itirmək üzrə olduğum ümidimi qaytardı mənə. Umutsuzluğumun üzərinə sanki, işıq saldı Barış Manço şarkısı.
O oxuyurdu, mən isə səssizcə ağlayırdım... (Bir
də üç
il sonra Barış Abi ölümü ilə məni ağlatdı).
O anlarda nədən göz yaşlarımı
saxlaya bilmirdim? Nədən yanımda oturan Təranə xanımın
"sakit ol, Züleyxa, niyə ağlayırsan?" sualına
cavab verə bilmirdim? Bilmirəm. Lakin onu
deyə bilərəm
ki,
ünlü sənətçi
bu görüşdə
mənim üçün
yeni həyatın giriş qapısını
üzümə açdı.
Oxuduğu bu şarkı
mənə unutmamağı,
amma qəlbimin gizli bir yerində
saxlamağı öyrətdi. Əslində əvvəllər də bu mahnını dinləmişdim, amma əfasanəvi sənətkarın
canlı oxuması ruhumu oyatdı, həyata
yeni baxış bəxş etdi. Həmin gündən sonra mən taleyimin həyatıma yüklədiyi
ağır kədəri
özümdən uzaqlaşdırmağa çalışdım.
Və sonralar da həmin görüşü
xatırladıqca qəlbimdə
Barış Mançoya
olan minnətdarlığımı,
ona bir şükran
borcu olduğumu çatdırmaq üçün
hər dəfə Tanrıdan bir fürsət
istədim. Amma bu görüş
təkrar olunmadı.
Və 1999-cu ilin 2 fevralında - Barış
Abinin dünyadan köç etdiyi soyuq qış günündə - bir daha onu yaxından
görə bilmək istəyim, üç il əvvəl yaşadıqlarımı, xoşbəxt
dəqiqələrimi Barış
Manço ilə paylaşmaq arzum həmişəlik olaraq ürəyimdə
qaldı. Lakin indi düşünürəm
ki, bəlkə də qismət bu günə imiş. Mən Barış Abiyə
deyəcəyim sözləri
yazmaqla o zamankı istəyimin reallaşmamasından
dolayı keçirdiyim
narahatlıqlara son qoymuş
oluram. Ruhu şad olsun!
Korifeylərin doğum günü də, ölüm günü də bəlli olmur. Çünki
bu gəlimli-gedimli dünyanın iki ucu arasındakı zaman kəsiyində ucalan,
yaddaşlara hopan, heç vaxt unudulmayan korifeylərin yalnız əməlləri
bəlli olur. Onların doğum və ölüm günləri elə də önəm daşımır, insan yaddaşı rəqəmləri
özünə yaxın
buraxmır. Çünki
yaddaş deyilən nəsnə özünə
hopdurduğu gözəlliklər içində
quru, sxolastik rəqəmlərə yer
saxlamır. Barış Manço korifeydi. Onun doğumu ilə
ölümü arasındakı
zaman məsafəsində
hər anın, hər günün, hər ayın, ilin öz rəngi,
öz çaları olub. Və indi söylədiyim bu zaman kəsiyində
Barış Abinin bizimlə olan görüşünün təəssüratlarına
varmaq üçün
onunla çəkdirdiyimiz
şəkilə baxıram,
o günün bütün
detallarını xatırlayıram...
Bu şəkil mənim üçün çox əzizdi, 16 ildi onu tutiyə
kimi saxlayıram.
Daha bir məqamı da yazmaqdan vaz keçə bilmirəm. Şəkil çəkdirməmişdən
öncə Etibar müəllim soruşdu ki, yenə kiminsə
sualı varmı? Barış Abidən birinci
oxuduğu mahnını
təkrar ifa etməsini xahiş etdim. Səsim içimdə qırıldı
sanki... səbəbinə
varmadığım göz
yaşlarım axdı.
Bu dəfə Barış
Abi özü pianonun arxasına keçdi:
...Sen üzülme,
sevdiciğim, bir daha çıkmam karşına,
Sana son kez yazıyorum
hatıralar yeter bana.
Unutma ki, dünya fani veren Allah alır canı,
Ben nasıl unuturum seni, can bedenden çıkmayınca?..
Barış Manço
bəlkə də
bu mahnısını
yaddaşlarımıza ona
görə hopdururdu ki, onu unutmayacağımızı
yaxşı bilirdi, fəhmlə hiss etmişdi
ki, hələ sağlığında qəlblərdə
heykəlləşib və
zaman gələcək
onu sevənlər də, sevməyənlər
də bu "heykəlin" önündə
baş əyəcəklər.
Evet, Barış Abi, "Ben nasıl unuturum seni, can bedenden çıkmayınca"?..
Qeydlərimə İskəndər Palanın
Barış Manço
haqqında söylədiyi
bu fikirlərlə nöqtə qoymaq istəyirəm: "O, Osmanlı
idi və ən son bəstəsini Osmanlı üçün
yapmışdı. O, 700 ildən
süzülüb gələn
bir Alp Ərən idi".
Nə mutlu ki, Allah mənə bu Alp Ərənin əlindən
tutmaq xoşbəxtliyini
nəsib etdi...
P.S. Bu xatirənin yazılmasının səbəbkarı
telejurnalist, sənətşünaslıq
namizədi, dosent, Azərbaycan Televiziya və Radio verilişləri
Qapalı Səhmdar Cəmiyyəti nəzdində
yaradılmış Teleradio
Akademiyasının rektoru
Etibar Babayevdir. Təşəkkür edirəm Etibar
müəllimə.
Ədalət.-2013.-29 mart.-S.6.