Mübariz İbrahimov türk serialında qürurla anıldı

 

Türkiyənin "TRT1" kanalında yayımlanan məşhur "Sakarya Fırat" serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığı nümunə göstərilib.

Filmdə əsgərlərdən biri əsgər yoldaşlarına Mübariz İbrahimov haqqında danışır.

"Mübariz İbrahimov Azərbaycanın milli qəhrəmanlarından biridir. 2010-cu ildə şəhid olub. Qarabağda xidmət edən gizir idi.

Bir gün səhər komandirləri Mübarizin atasına zəng edib oğlunun hərbi hissənin tərk etdiyini bildiriblər. Atası isə deyib ki, oğlum hərbi hissədə deyilsə, düşmənin olduğu tərəfə baxın, mütləq ora gedib. Elə də oldu. Mübariz həmin gecə təkbaşına ermənilərin hərbi hissəsinə hücum etdi. Silah anbarını ələ keçirdi və oradakı silahlarla sabaha qədər döyüşdü. Sonra isə süngü ilə yenə təkbaşına hücumunu davam etdirdi. Şəhid oldu. Amma şəhid olana qədər düz 45 düşmən əsgərini öldürdü.

Hətta cəsədinə də işgəncə verdilər. Azərbaycanlılar şəhidin nəşini ancaq iki aydan sonra ala bildilər. Hələ də əlləri bağlıydı. Adamın cəsədindən belə qorxmuşdular.

Mübariz İbrahimov həmin Mübariz İbrahimovdur", türk əsgəri qeyd edir.

Digər epizodda isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli türk şəhidlərinin şəkillərinin yer aldığı Şərəf Lövhəsinə vurulur.

Filmdəki daha bir epizodda isə ağsaqqal müəllim əsgərə məsləhət verərək deyir: "Saray Bosnanı, Kipri, Kasqarı, Qarabağı unutmayın! Qarabağın şəhid övladı Mubarizi unutmayin!"

Həm Türkiyə həm də Azərbaycan ictimaiyyətinə xoş təsir bağışlayan bu addımın təşəbbüskarı, filmin ssenari müəllifi Süleyman Çobanoğlu müsahibəsində "Mübariz İbrahimovun qəhrəmanlığına heyran oldum" deyib.

"TRT Azərbaycan" saytının suallarını cavablandıran film ssenaristi Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun hekayəsini mətbuatdan oxuduğunu, sonra bunu araşdırdığını deyib.

"Mübarizə heyran oldum. Elə o vaxtdan da bu qəhrəmanlıq hekayəsinə ssenaridə yer verməyi düşünürdüm. Bilirsiniz, "Sakarya-Fırat"ın mövzusu da vətənpərvərlik, qəhrəmanlıqdır. Ssenaridə yeri gəlincə, atmosfer yaranınca Mübarizin hekayəsini də işləmək qərarına gəldim. Bu vasitəylə Mübarizi də yad etmiş olduq. Buna görə çox xoşbəxtəm. Şəhidlərimiz unudulmamalıdır. Yeddi nəsil sonraya bu hekayələr çatdırılmalıdır".

 

 

Ədalət.-2013.-29 mart.-S.4.