YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR
İSTEDADLI
ŞAİR TOFİQ HÜSEYN
"Altmışıncılar" dedikdə
adətən yazıçıları nəzərdə tuturlar və bütün
vur-həşir də bildiyimiz kimi hər zaman onların
başında olur. Bunun
nədən olduğunu mən
araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR
təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini
göstərməkdə idi. Və mənə
elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim
məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah
illəri kimi yaddaşlara
həkk olunub.
Məsələn,
sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR
adıya bir dərnək də var. Həmişə
könlüm keçib belə bir təşkilat və ya dərnək
bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə
ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət
adamları sonrakı nəsil tərəfindən heç də
könül xoşluğu ilə qarşılanmayıb. Bir
ucu da gəlib yetmişlərə və səksənlərə
çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə
onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.
"O İLLƏR SÖZÜN BƏXTİNİN
AÇILDIĞI İLLƏR İDİ"
-
Altmışıncıların haqqında düşüncələriniz.
- O
illərdə təkcə ədəbiyyatda, poeziyada deyil,
ictimai fikirdə, milli azadlıq mücadiləsində
yavaş-yavaş oyanış duyulurdu. Universitetdə, ali məktəblərdə
gizli siyasi dərnəklər yaranırdı. Bəxtiyar
Vahabzadənin "Gülüstan" poeması qeyri-leqal şəkildə
yayılsa da dillər əzbəri idi. Xəlil Rzanın
"Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram. Qolumdakı zəncirləri
qıram gərək, qıram-qıram" şeirini
aman Allah necə
şövqlə deyirdik. Dilindən "Təbriz",
"Araz", "Cənub"
düşməyən Xəlil bəylə
durub-oturmağı özümüzə şərafət bilirdik. Balaş Azəroğlunun,
Əli Tudənin, Mədinə Gülgünün,
Söhrab Tahirin vətən
həsrətli şeirləri hamımızın qəlbində
sızıltıya dönmüşdü.
Sizin bir dostunuz var idi
Tanrıqulu adında. Elə sizin evdə onunla tanış olmuşduq.
Aramızda yaş fərqi olduğundan
onunla bir az ehtiyatla
davranırdıq. Az danışan, qaraqabaq, bir az da zəhmli
Tanrıqulunu başa deşmək bizdən
ötrü xeyli
çətin idi. Siz
də heç nə demirdiniz.
Sonradan, xeyli sonradan başa düşdük ki, Tanrıqulu sən demə elə-belə adam deyilmiş, gizli siyasi fəaliyyətdə
imiş. O illərdə heç
nədən çəkinməyib imperiyanı, müstəmləkəçiliyi
açıq-saçıq şəkildə öz
alovlu çıxışları ilə
tənqid edən Sabir Rüstəmxanlının
cəsarəti bizi heyrətə gətirirdi.
O illərdə ya tələbə, ya da aspirant
olan Əbülfəz Elçibəyi də
gendən-genə tanıyırdıq. Bir
sözlə, ali məktəbdə oxuduğum altmışıncı illərə
məxsus dörd il
şəxsən məndən ötrü
Çingiz Aytmatov
demişkən, bir əsrə bərabərdir.
- Mənə
elə gəlir ki, bir az qapalı həyat yaşayırsan. Bakının
Yazarlar camiəsində az görünürsən. Nədir bu
özünə qapanış? Bir incikliyinmi var? Dostlardanmı
xəyanət görmüsən, yoxsa...
- Əzizim Tofiq, təxminən iki il bundan əvvəl axırıncı dəfə görüşmüşük. Yadımdadır ki, o vaxt bir-birimizə qarşılıqlı arzumuz olmuşdu. İndi onların bəzisi gerçəkləşib. Mənim 2 cildliyim nəşr olunub, sənin gərgin, fədakar əməyin dövlət tərəfindən qiymətləndirilib; "Respublikanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülübsən, bir daha təbrik edirəm.
Nikbin
notlarla başladığım bu görüşdən sonra mənə
bir qədər bədbinlik gətirən sualının
cavabına keçmək istəyirəm.
Əziz
qardaşım, Yazarlar camiəsi dediyin şey mənə
tamamilə yad anlayışdır. Mən həmin camiədə
nəinki görünməmişəm, heç onun həndəvərində
də dolanmamışam. Yazarlar camiəsi, yaxud əbədi
mühit məndən ötrü cəmisi 4 il - 1963-1967-ci illərdə
Universitetdə oxuduğum vaxt olub və deyim ki, o 4 il
bütün ömür boyu ədəbi mühitin, ədəbiyyatın
nə demək olduğunu müəyyənləşdirməkdə
mənə kifayət edib. Aman Allah, o illər necə qaynar illər
idi. Elə bil SÖZÜN bəxti
açılmışdı. Hamı nəinki şeir
oxumağa, şeir əzbərləməyə can
atırdı. Küçədən keçəndə
qulağın misralar eşidirdi. Ədəbiyyat mübahisələri,
müzakirələr ara vermirdi. O illər yadındadırsa, sən,
mən, digər dostlarımız şeir dərnəklərində
iştirak edirdik. Tofiq Mütəllibov, Tofiq Bayram, Cabir Novruz,
Ağacavad Əlizadə, Kələntər Kələntərli
kimi ədəbiyyatı dərindən bilən, poeziyaya ilahi
qüdrət kimi baxıb onun məsuliyyətini bizlərə
dərk etdirməyə çalışan savadlı, mədəni,
səviyyəli dərnək rəhbərlərimiz var idi.
Allah onlara qəni-qəni rəhmət eləsin. O illərin hər
günü, hər saatı məndən ötrü qiymətlidir.
Məndən ötrü "Yazarlar camiəsi" məhz həmin
illərdə mövcud idi. Yadındadırsa cavan şair olan
bizləri ali məktəblərə, peşə məktəblərinə,
fəhlə yataqxanalarına, lap elə qızlar
yataqxanasına görüşə dəvət edirdilər.
Şəxsən məndən ötrü o görüşlərdə
səslənən alqış sədaları ilahi səs kimi
indi də qulaqlarımdadır. Xəlil Rza bir dəfə Sabir
Rüstəmxanlı ilə məni Siyəzəndə
keçirilən şeir gecəsinə apardı. Böyük
mədəniyyət sarayı ağzına kimi dolu idi. Bizi necə
alqışladılar... İsa İsmayılzadə, Səyavuş
Sərxanlı, Ramiz Rövşən, Sabir Rüstəmxanlı,
Tofiq Abidin, Vidadi Məmmədov, adını çəkmədiyim
digər dostlarımı o illərdə qazandım. Sonrakı
illərdə mənim əlimdən yapışan da elə
sizlər oldunuz. Sabir Rüstəmxanlı
"Yazıçı" nəşriyyatının baş
redaktoru olmasaydı sovet dövründə çap olunan ikicə
kitabım işıq üzü görməyəcəkdi.
"Ulduz", "Azərbaycan" jurnallarında İsa
İsmayılzadə baş redaktorun müavini olmasaydı məni
həmin dərgilərə yaxın buraxan kim idi. Beləliklə,
mən ədəbi mühitdə 4 il olmuşam, vəssalam.
Özün bilirsən, Yazıçılar Birliyinin də
üzvü deyiləm ki, heç olmasa arayışdan-filandan
ötrü o tərəflərdə görsənim. Ancaq ədəbi
mühitdən kənar qalmağı da qəhrəmanlıq
hesab etmirəm. Bir para məsələlərdə kənarda
qalmağım mənə ziyan gətirməsə də əsəb
gətirib. Təsəvvür elə, uzun siyahılar tutulur. Məsələn,
tutaq ki, bölgələrdə yaşayan yazarların
siyahısı. Həmin siyahıda 30-40 adamın adı olur, məndən
başqa. Bunu qəsdən edirlər, ya necə, deyə bilmərəm.
Masallı rayonunun rəhbərləri xeyirxah iş
görüb "Masallının söz çələngi"
adlı almanax buraxıblar. Dostumuz Vaqif Yusifli almanaxa giriş
sözü yazıb. - ---Almanaxdakı bütün
yazarların adını çəkib. O siyahıda da mən
yoxam. Lütfən həmin almanaxı götürüb oxu,
özün qiymət ver. Mənim orda gedən şeirlərimdən
güclü şeir olsa denən Vaqif Yusifli düz eləyib. Və
soruş, mən bu adama, yaxud bu adamlara neynəmişəm. Bax
belə... Yazarlar camiəsi deyilən
şey budur.
Bundan
sonra orda görünməyə dəyər, ya dəyməz. İndi
Azərbaycanın Səməd Vurğunu, Əliağa Vahidi, Bəxtiyar
Vahabzadəsi yoxdur ki, bu adamların sənətinə
uşaqdan böyüyə köhnə dillə desək,
ümumxalq sevgisi olsun. İndi hər bir yazarın olsa-olsa bir
az böyük, bir az kiçik oxucu auditoriyası var.
Siyahılarda mənim adımı unudanlar bilsinlər; bu
auditoriya məndən ötrü də istisna deyil, Azərbaycan
şerində Tofiq Hüseyn adlı yazar var və olacaq...
- Çox işlənmiş sual
olsa da bilmək istərdim, YAZI-POZUNU seçməyinizdə
bir təkan olubmu?
- Bu
sualın cavabı xeyli uzaqlara gedib çıxır. Orta məktəbdə
dəqiq fənlərdən yaxşı qiymət
almamışam. Buna səbəb lap erkən vaxtlarımdan bədii
kitablara marağım olub. Əvvəl məktəb, sonra kənd,
sonra rayon kitabxanasında nə qədər bədii əsər
var idi hamısını oxumuşdum. Allah rəhmət eləsin,
riyaziyyat müəllimimiz var idi, sonra respublikanın Əməkdar
müəllimi fəxri adına layiq görüldü; Niftiyev
Nadir. Yoldaşı Leyla müəllimə ədəbiyyat
müəllimi olsa da Nadir müəllim ədəbiyyatı
ondan az bilmirdi. Bir dəfə bizə sərbəst mövzuda
inşa yazdırdı. Dəftərləri yoxlayıb qiymətləri
elan eləyəndə dedi: "Tofiq ya jurnalist olacaq, ya da
yazıçı. Güclü qələmi var. Nə bilim
vallah, bəlkə Nadir müəllimin həmin sözlərini
sən dediyin "təkan" hesab eləmək olar.
- Ömür yolu deyilən bir yol təbii
ki, hər bir adam üçün təkrarsız hesab olunur.
Keçdiyin bu ömür yolundan razısanmı?
- Bir
tərəfdən razıyam, başqa tərəfdən
narazı. Bir azərbaycanlı kişinin öz ailəsinə,
balalarına mümkün olan nələri edə bilirsə, mən
həmin işləri görmüşəm. Kişi
özünə ev tikməlidir, tikmişəm.
Övladlarımın tərbiyəsindən,
qanacağından şikayətim yoxdur. Onların hər ikisi
ali təhsil alıb, hər ikisi ev-eşik sahibidir.
Məsələnin
bir tərəfi belədir, yaradıcılıq tərəfinə
qalanda keçdiyim ömür yolundan bir elə razı deyiləm.
Yaradıcılıqla daha ciddi, daha məsuliyyətli məşğul
ola, potensialımı tam üzə çıxarda bilərdim.
İçimdən gələn çoxlu arzu-istək var idi.
Onları reallaşdırmağa sadəcə olaraq tənbəllik
elədim.
(Davam edəcək)
Tofiq Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2013.-30
mart.-S.15.