Heydər Əliyevin 90 illik
yubileyinə layiqli hədiyyə
Ukraynanın Kiyev Milli Linqvistik
Universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzi
açıldı
Dünyanın
nüfuzlu mədəniyyət mərkəzləri və ali təhsil
ocaqları ilə səmərəli əməkdaşlıq
Bakı Slavyan Universitetinin fəaliyyətinin prioritet istiqamətlərindən
biridir.
BSU-nun
ölkə hüdudlarından kənarda apardığı
işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin,
ümumilikdə azərbaycanşünaslığın təbliği
dayanır.
"Azərbaycanşünaslıq"
ixtisası üzrə kadr hazırlığı istiqamətində
böyük təcrübə toplamış Bakı Slavyan
Universiteti dilimizi və mədəniyyətimizi təbliğ
etmək məqsədilə müxtəlif ölkələrin
universitetlərində Azərbaycan dili və mədəniyyəti
mərkəzlərinin yaradılması və onların fəaliyyətinin
təmin edilməsi istiqamətində mühüm rola malikdir.
Bu gün Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti,
Belarusun Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti
və Ukraynanın Poltava İqtisadiyyat və Ticarət
Universiteti kimi nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan
dili və mədəniyyəti mərkəzləri fəaliyyət
göstərir. Mərkəzlərdə müntəzəm
olaraq müvafiq məşğələlər keçirilir,
tələbələr üçün vaxtaşırı Azərbaycanın
görkəmli elm və mədəniyyət xadimləri,
tanınmış ziyalıları və ictimai xadimləri ilə
görüşlər, Azərbaycan
yazıçılarına, şairlərinə həsr
olunmuş gecələr təşkil olunur, milli və dövlət
bayramları, Azərbaycanın unudulmaz tarixi hadisələri
qeyd olunur. Bu mərkəzlərin yaradılması yalnız
universitetlərarası əlaqələrin inkişafı
üçün deyil, həm də ölkələrarası siyasi,
tarixi, mədəni-kulturoloji və elmi əlaqələrin
möhkəmlənməsi baxımından böyük əhəmiyyət
kəsb edir.
Dünən
sözügedən mərkəzlərin sırasına yeni bir
mərkəz də əlavə olunmuşdur. Belə ki, 2010-cu
ilin oktyabrında Bakı Slavyan Universiteti ilə Ukraynanın Kiyev
Milli Linqvistik Universiteti arasında uzunmüddətli əməkdaşlıq
haqqında imzalanmış müqaviləyə əsasən
universitetlərarsı tələbə-müəllim
mübadiləsi, müştərək elmi konfransların,
seminarların təşkil olunması, birgə elmi əsərlər
məcmuələrinin və elmi-metodik vəsaitlərin
hazırlanması və ən əsası, KMLU-da Azərbaycan
dilinin tədrisi və Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin yaradılması barədə mühüm
razılaşma əldə edilmişdir.
Artıq
Kiyev Milli Linqvistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin açılması ilə bağlı
hazırlıq işləri sona çatdırılmış
və mərkəz Azərbaycanın ədəbiyyatına,
tarixinə, siyasətinə dair materiallarla təchiz
olunmuşdur. Qeyd etmək lazımdır ki, Bakı Slavyan
Universiteti bu mərkəzi yalnız metodik vəsaitələrlə
təmin etməklə kifayətlənməmişdir. Burada
müasir texniki avadanlıq quraşdırılmış,
xüsusi kitabxana fondu yaradılmış,
xalqımızın mədəniyyətini və tarixini, zəngin
milli adət-ənənələrini əks etdirən
eksponatlar yerləşdirilmişdir. "Azərbaycanşünaslıq"
ixtisası istiqamətində Azərbaycan dilini, ədəbiyyatını,
mədəniyyətini, tarixini tədris etmək məqsədilə
filologiya elmləri doktoru, BSU-nun professoru Rafiq Novruzov KMLU-ya ezam
edilmişdir.
Martın
29-da, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin
90 illik yubileyi ərəfəsində Kiyev Milli Linqvistik
Universitetində Heydər Əliyev adına Azırbaycan Dili və
Mədəniyyəti Mərkəzinin rəsmi
açılışı olmuşdur.
Açılışda Azərbaycanın Ukraynadakı səfirliyinin
təmsilçiləri, BSU-nun və KMLU-nun rektorları,
Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin
nümayəndələri, Azərbaycan televiziyasının
Ukrayna və Şərqi Avropa üzrə nümayəndəliyinin
başçısı, KMLU-nun tələbələri və
Kiyevin ali təhsil müəssisələrində təhsil
alan azərbaycanlı tələbələr iştirak
etmişlər.
Giriş
sözü ilə KMLU-nun rektoru prof R.V.Vasyuk
çıxış edərək, iki universitet
arasındakı müqaviləyə əsasən fəaliyyət
göstərəcək Mərkəzin
açılışını əlamətdar hadisə kimi
qiymətləndirdi. O qeyd etdi ki, bu hadisədən öncə
daha bir mühüm hadisə baş verimşdir: Azərbaycan
dili universitetin Şərqşünaslıq fakültəsində
öyrənilən dillərin kadastrına daxil edilmişdir.
Artıq üçüncü kürs tələbələri
fəaliyyətdə olan Mərkəzdə məşğul
ola bilərlər. Burada onlar Azərbaycan dili, tarixi və mədəniyyəti
ilə bağlı zəngin ədəbiyyatla tanış
olmaq imkanı əldə etmişlər.
BSU-nun
rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev bu əlamətdar
hadisə münasibətilə bütün tədbir
iştirakçılarını təbrik edərək,
bildirdi ki, bü, Poltava İqtisadiyyat və Ticarət
Universitetində fəaliyyət göstərən Mərkəzdən
sonra BSU-nun təşəbbüsü ilə Ukraynada
açılmış ikinci mərkəzdir. O əlavə
etdi ki, Ümummilli Lider Heydər Əliyevin adını
daşıyan və açılışı onun anadan
olmasının 90 illiynə təsadüf edən bu Mərkəz
iki dost xalqın daha da yaxınlaşmasında əvəzsiz
rol oynayacaqdır.
Daha
sonra tədbirdə Azərbaycanın Təhsil naziri Misir Mərdanovun,
Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli
səfiri Eynulla Mədətlinin və Ukraynanın ölkəmizdəki
Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr
Mişşenkonun, eləcə də Azərbaycan Dili və Mədəniyyyəti
Mərkəzinin fəaliyyət göstərdiyi Poltava
İqtisadiyyat və Ticarət Universitetinin rektoru prof. Aleksey
Nestulyanı təbrik məktubları oxundu.
ARDNŞ-ın
nümayəndəsi öz çıxışında qeyd
etdi ki, neft şirkəti də Mərkəzi linqafon kabineti və
interaktiv lövhəylə təchiz etməklə onun təşkilinə
öz töhfəsini vermişdir. Ukraynada Azərbaycan diaspora
təşkilatının sədri Rövşən
Tağıyevin qeyd etdiyi kimi bu mərkəz Kiyevdə Azərbaycanın
təhsil və mədəniyyət guşəsi kimi fəaliyyət
göstərəcəkdir.
Tədbirin
sonunda azərbaycanlı və ukraynalı tələbələr
milli geyimlərdə konsert proqramı ilə
çıxış etmişlər. Açılışda
xatirə şəkilləri çəkilmişdir.
Qeyd
etmək lazımdır ki, Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq
istiqamətində fəaliyyəti bununla məhdudlaşmır.
Hazırda BSU-nun təşəbbüsü və dəstəyi
ilə bir sıra xarici ölkələrin nüfuzlu
universitetlərində yeni Azərbaycan tədris-mədəniyyət
mərkəzlərinin təşkili istiqamətində intensiv
iş aparılır və imzalanmış əməkdaşlıq
müqavilələri çərçivəsində Azərbaycan
dilinin, ədəbiyyatının, mədəniyyətinin,
tarixinin geniş təbligi, tədrisi və tədqiqi sahəsində
uğurlu addımlar atılır. Belə ki, BSU ilə
Almaniyanın Yohannes Quttenberq Universiteti (Mayns), Rusiyanın Ural
Federal Universiteti, Bolqarıstanın Müqəddəs Kliment
Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq
müqavilələri imzalanmışdır. Müqavilələrin
önəmli tərəflərindən biri də
sözügedən universitetlərdə Azərbaycan dili və
mədəniyyəti mərkəzlərinin
açılması ilə bağlıdır və bu məqsədlə
artıq müvafiq hazırlıq işləri aparılır.
BSU-nun Mətbuat xidməti
Ədalət.-2013.-30 mart.-S.14.