GÖZƏLLİYƏ
ÇAĞIRIŞ
ƏDƏBİ
HƏYAT
(Tanınmış
yazıçı-jurnalist Sədaqət Kərimovanın 60
yaşına)
Onun
imzası ilə çoxdan tanışam. Bu
tanışlığın 40 ilə yaxın tarixi var. Hər
hansı müəllifi təbii ki, yazılarına görə
tanıyırlar və sevirlər.
On il
əvvəl, əlli yaşı tamam olanda haqqında iki kitab
çapdan çıxmışdı. "Sədaqət Kərimova-50"
(bu metodik vəsaiti M.F.Axundov adına Azərbaycan Dövlət
Kitabxanası nəşr etmişdi) və jurnalist həmkarı
Müzəffər Məlikməmmədovun "Sədaqət"
kitabı (həyat və yaradıcılığı barədə
qeydlər, düşüncələr, fikirlər).g Bu kitablar
həyatını publisistikaya, poeziyaya və nəsrə həsr
edən, istər Azərbaycanda, istərsə də
Dağıstanda yaxşı tanınan Sədaqət
xanımın bir az da məşhurlaşmasında az rol
oynamadı. Oxuculara, xüsusən onu yaxşı
tanımayanlara məlum oldu ki, Sədaqət Kərimovanın
bir ziyalı və jurnalist, şair və nasir kimi
formalaşmasında, heç şübhəsiz, Azərbaycan ədəbi
mühitinin müstəsna rolu olmuşdur. O, mənsub oduğu
ləzgi xalqının dilində də
yazıb-yaratmış, bu dildə 7 kitabı, ümumiyyətlə
isə 17 kitabı işıq üzü
görmüşdür.
Sədaqət
xanım həm də musiqili xanımdır, bəstələri
var, Bakıda ləzgi "Suvar" instrumental ansamblını
yaratmışdır, onun bədii rəhbəridir. Bu, həmin
Sədaqət xanımdır ki, Bakıda Dağıstan
Dövlət Universitetinin filialında Dağıstan filologiyası
fakültəsinin ləzgi və avar dilləri bölməsinin
yaradılmasının təşkilatçılarından
biri olmuş, Azərbaycanın ləzgi gənclərindən
burada oxumağa 10 nəfəri cəlb etmişdir. Özü
də burada ləzgi dili və ədəbiyyatı fənnini tədris
etmişdir. Bu, həmin Sədaqətdir ki, Bakıda "Ləzginka"
adlı rəqs məktəbini yaratmışdır.
Və
Sədaqət Kərimova neçə illərdir
"Samur" qəzetinin redaktorudur.
Sədaqət
Kərimovanın - 1953-cü ilin martın 30-da Qusarda
dünyaya gələn, ilk şeiri də Qusar rayonunda
çıxan "Qızıl Qusar" qəzetində
çap olunan, sonralar Azərbaycan və ləzgi dillərində
neçə-neçə nəsr və şeir kitabı nəşr
edilən bu ziyalı xanımın öz doğulduğu
diyara, onun milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə,
musiqisinə və hər şeydən əvvəl
insanlarına sevgisini çox təbii hesab edirik. Fikrimizcə,
onun bu yöndə fəaliyyəti digər azsaylı
xalqların ziyalıları üçün də bir örnək
ola bilər.
Ancaq
mən Sədaqət Kərimovanı ilk növbədə,
bütün varlığı ilə Azərbaycan ziyalı
mühitinə bağlı bir insan hesab edirəm. Çünki
onu bir publisist və şair-nasir kimi tanıdan işlədiyi
qəzetlər olmuşdur - "Sovet kəndi", "Həyat",
"Azərbaycan", "Günay". O, bu qəzetlərdə
çap etdirdiyi yüzlərlə məqalə və
oçerkləri ilə oxuculara üz tutmuş, onlar da bu
müəllifi sevmişlər. Sədaqət Kərimova Azərbaycan
dilində gözəl şeirlərin və nəsr əsərlərinin
müəllifidir və onun şeirləri də, nəsr əsərləri
də Azərbaycan ədəbi dilinin gözəlliklərini
özündə əks etdirir. Onun şeirlərini və nəsr
əsərlərini də bizim milli ədəbi prosesin məhsulu
kimi qiymətləndirmək lazımdır.
Budur,
onun povest və hekayələrindən ibarət "Hal"
kitabı.
"Hal"
povesti bu kitabın təkcə adı yox, həm də bəzəyidir.
Sədaqət xanım bu povestlə insan xarakterləri
yaratmağın gözəl bir nümunəsini ortaya qoyub.
Budur, onun qəhrəmanı Rəhman və onun
dünyası: "Təbiətin qoynunda, tək-tənha məhəbbətə,
nəvazişə, qayğıya təşnə ürəyini
xatirələrlə ovundururdu. Bəzən onların təsirindən
kövrəlir, uşaq kimi ağlayır,
ağrısını, acısını, nisgilini, həsrətini
boşaldırdı. Arxayın idi ki, adamlardan uzaqlarda onu
görən olmaz. Amma yox, onu nəinki görən, hətta
duyan, anlayan, dərdlərinə şərik olanlar vardı:
başı üstə çətir tutmuş palıdlar,
tozağacları, ağcaqayınlar, vələslər,
qarağaclar budaqlarını əyib zərif yarpaqları ilə
onun dən düşmüş saçlarını
sığallayır, quşlar öz şən nəğmələrinə
ara verib həzin-həzin ötür, böcəklər
vızıltılarını kəsirdi". Bu təsvirlər
deyim ki, təbiətə, onun rənglərinə, səslərinə
yaxşı bələd olan bir insanın qələmindən
çıxıb və təkcə bu əsərində
deyil, hekayələrində də təbiət sevgisini bax beləcə
ifadə edən bir yazıçının incə
müşahidələrindən, təbiət duyğusundan
yaranır.
Povestin
qəhrəmanı Rəhman təbiətin özü kimi təbii
və safdır, təbiətin qoynunda yaşamağı -
meşəbəyilik vəzifəsi onu təbiətin bir
parçasına çevirmişdir. Təbiətə məxsus
müxtəlif otlar və bitkilərlə - el təbabəti
ilə də məşğul olur, neçə xəstəni
ölümdən qaytarır. Rəhmanın dostu Adildən
ötrü Sərvinazı qaçırması onun həyatında
dərin izlər buraxır. İllər keçir və məlum
olur ki, Sərvinaz da onun kimi mənəvi qayğıya və əsl
sevgiyə möhtacdır. İstər-istəməz bu hisslər
iki insanı birləşdirir. Amma Rəhman bu münasibətlərdə
özünü və Sərvinazı
aşağılamır, əri həbsdə olan bu
qadını yad təsirlərdən qoruyur və həyat
yoldaşı Mayisənin, həbsdən qayıdan Adilin təhqirlərinə
baxmayaraq, öz hisslərinə xəyanət etmir. Onun sevgisi
və Sərvinazın da ona məhəbbəti öz
saflığını, təbiiliyini qoruyur.
Sədaqət
Kərimovanın nəsr əsərlərində
başlıca məkan kənddir, əsas qəhrəmanlar -
personajlar isə kənd adamlarıdır. Bu hekayələrdə
kəndin mənəviyyat aləmi canlandırılır.
Ömrünün qürub çağını yaşayan qocalar,
sevgi duyğuları ilə yaşayan cavanlar, kənd
ziyalıları bu yazıların rəngarəng mühitini
canlandırır. "Səhərlər xoruz banından tez
durub axşamlar hamıdan gec yatmağa adət edən,
ayaqları altında yer titrəyən, bir an işsiz oturmayan
Xədicə arvad" ağır xəstəliyə tutulur və
özü də başa düşür ki, gec-tez gözlərini
əbədi yummalıdır. Amma dünyadan köç eləməmiş
bir məktub qoyur və övladlarına, gəlinlərinə
vəsiyyət edir ki, bir-birinizi qoruyun, qoca atanızdan
muğayat olun ("Vəsiyyət"). Xalis didaktik mahiyyət
daşısa da, bu hekayədə sırf həyat həqiqəti
ifadə olunmuşdur.
Sədaqət
Kərimova həyat müşahidələrinə malik bir
nasirdir və xüsusilə bir-birindən fərqli müxtəlif
insan obrazları yaratmaqda bu, daha çox nəzərə
çarpır. O, maraqlı insan portretləri yaradır və
bədii portret ustalığını nümayiş etdirir.
Bir qarımış qızın - Ayişənin bədii
portretini bütün zahiri və daxili cizgiləri ilə rəsm
edən müəllif "Qarımış" adlı
gözəl bir hekayə ərsəyə gətirmişdir.
İnsanın təbiətlə ünsiyyət və təmasını
əks etdirən "Gecikmiş bənövşə",
"Qaratoyuq oxuyurdu" hekayələri də təbiidir.
Sədaqət
xanımın həyatında dərin iz buraxan bir hadisə
ustad, korifey sənətkar Aşıq Şəmşirlə Kəlbəcərdə
görüşü olmuşdur. Çox çətinliklə
olsa da, Sədaqət xanım ustadla
görüşmüş, bu görüşdən
"Ustadın yanında" adlı gözəl bir hekayə
də yaranmışdır. Budur, həmin hekayədən bir səhnə:
"Ustadın barmaqları sazın tellərində gəzdikcə
otaq şirin musiqi ilə dolurdu. Sonra oxumağa başladı.
O oxuduqca dağların sinəsindən
qıvrıla-qıvrıla keçən yollar, bu yollar boyunca
uzanan zümrüd meşələr, allı-güllü
yamaclar gözümdə canlandı. Hər saat bir şəklə
düşən, dəlisov igidi xatırladan Dəlidağı
gördüm, Murovun zirvəsində, qarın lap yanında
bitmiş dağ çiçəklərinin xəfif ətri
burnuma dəydi. Gəlin qayasının xınalı
daşlarından dırnaqlarıma xına qoydum.
Söyüdlü yaylağındakı alaçıqların
yanında çələng toxuyan qızların
tamaşasına durdum. Uzaq əsrlərin əmanəti Vəng
qalasına heyran kəsildim. Az qala hər qaya altından bir
çeşmə çağlayan bu gözəl yurdun
Xanım bulağının, yüz gözlü
Yüzbulağın, bol sulu, gecə-gündüz hayqıran
Ayqır bulağın, Lilpar, Çınqıl
bulaqlarının, Vurğunun bir zamanlar heyranı olduğu
Ceyran bulağının dadlı suyundan içdim.
Aşıq
Şəmşir oxuyurdu. Bu, elə gözəl, elə məlahətli
səs idi ki, uzun müddət, Ağdabanla vidalaşıb geri
qayıdanda da qulaqlarımda səslənirdi".
Sədaqət
Kərimovanın nəsr dili məhz bu cür təbiidir,
dilimizin zərifliyini, incəliyini əks etdirmək
baxımından da təsirlidir.
Sədaqət Kərimovanın şeirləri toplanan "Qəlbinə boylan, insan!" kitabını vərəqləyirəm. Əslində, bu şeirlərin əksəriyyətini işlədiyim "Azərbaycan" curnalından tutmuş müxtəlif qəzet və jurnal səhifələrində izləmişəm, tanış olmuşam. Ən çox da xoşuma gələn onun təbiətlə bağlı şeirləri olub. "İntizar" şerini xatırlayıram:
Turaclı,
qumrulu, ağ leyli meşə,
Dodağı
şərbətli, həm meyli meşə.
Yaşıl
tellərini sərib çəmənə,
Məcnunu
soraqlar bu Leyli meşə.
Marallar
köçünü yığıb gedəli,
Kəkliklər
həsrətdən qübar edəli,
İnlədər
yanına gəlib-gedəni,
Bu həzin
kamanlı, bu neyli meşə.
Yas tutar hər sınmış budağa,
qola,
Dərdini danışar ağaca,
kola,
Dikib gözlərini cığıra,
yola,
Kimisə gözləyər gileyli meşə.
Bu şeir sırf
peyzaj təbiətlidir. Təbiət Sədaqət Kərimovanın
şeirlərində həm
də insan hisslərinin və duyğularının ifadəsi
olan obraz kimi də iştirak
edir. Xüsusilə, sevgi şeirlərində
təbiət obrazları
hisslərin, duyğuların
daha poetik ifadəsində mühüm
rol oynayır.
Bilirdim,
haçansa dumana dönüb,
Dağdan yavaş-yavaş çəkiləcəksən.
Üfüqdə qızaran dan yeri kimi,
Bir gün ürəyimdə söküləcəksən.
Bilirdim,
sakitcə uyuyacaqsan,
Ruhumu meh kimi öpə-öpə sən.
Bilirdim,
axır ki qovuşacaqsan,
Mənim dənizimə ləpə-ləpə
sən.
Sədaqət Kərimovanın şeirləri
müasir Azərbaycan
şeirinin doğma vəzni olan hecada qələmə alınıb və bu vəznin yaşarı ənənələrini
davam etdirmək mənasında da maraqlı nümunələr
kimi diqqəti cəlb edir. Təbii ki,
mən bu şeirlərin mövzuları
üzərində dayanmaq
istəmirəm. Ona görə
ki, əksər şairlərimizin şeirlərində
işlənən və
zərif duyğuları
ifadə edən mövzuların hamısına
biz Sədaqət xanımın
da şeirlərində
rast gəlirik. Vətən,
ana məhəbbəti,
təbiət gözəlliklərinin
tərənnümü, günün,
çağdaş dünyamızın
müxtəlif problemləri
onun şeirlərində
də əks-sədasını
tapır. Ancaq Sədaqət
Kərimova bu məlum mövzularda öz poetik səsi və sözü ilə seçilə bilir. Bircə bəndlik "Şeh" şeirinə diqqət edək:
İnci
tək parlayan ətirli şehdə
Əks olub güllərin ağı,
sarısı.
Yaz burda gəzəndə otların üstə
Qırılıb düşübdür boyunbağısı.
Başqa
bir kiçik şerinə də diqqət yetirək: "Yoxdur üçüncü
yol".
Səndən ayrı düşmək
çətindir yaman,
Səninlə olmaq da deyil
səadət.
Yoxdur üçüncü yol,
üçüncü cığır,
Bəlkə elə budur əsil məhəbbət?
Sədaqət Kərimovanın şeirlərinin
əsas qəhrəmanı
müasir Azərbaycan
insanıdır və
altmış illiyi münasibətilə qələmə
aldığım bu yazını da onun insanlığa, gözəlliyə çağırış
motivləri kimi səslənən "Qəlbinə
boylan, insan!" şerindən bu misralarla bitirmək istəyirəm:
Hər gün söküləndə
dan,
Günəş şəfəqlərinin
Rənginə boyan, insan.
Dünyanın axarına,
Çəminə boylan, insan.
Tələsmə, ayaq saxla,
Sözlə doludur sinən.
Bu gün keçmişə
dönən,
Dünənə
boylan, insan.
Üzgün,
yorğun qəlbinin
Harayına
yetməsən,
Kövrək
pıçıltısına,
Himinə
boylan, insan.
Barı
bir az
vaxt tapıb,
Qəlbinə boylan, insan!
Qəlbinə boylan, insan!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-30 mart.-S.13.