Şeir təhlilləri
IV yazı
Hüseyn Cavid.
Öksüz Ənvər.
Doquz yaşında zəki, uslu bir çocuq: Ənvər...
Sinifdə
tam iki ildir, birincilikdə onun
Şərəfli
bir adı var; daima müəllimlər
Sevərdilər onu. Lakin o şimdi pək
yorğun.
O imdi
çox mütəfəkkir... cahanda iştə onun
Həyatı, nəşəsi, ümmidi tək bir annəsi
var.
Fəqət
o, bəlkə üç ay var ki, xəstə, giryənümun
Nəzərlərilə üzər binəvayı
leylü nahar.
Zavallı
annəsi söndükcə yavrucuq yanıyor,
Yanıb
da qavruluyor; ən böyük düşüncələri
Yarınki
matəmi güldürmək üzrə aldanıyor,
Fəqət qadın ərimiş, onda yoq həyat əsəri.
Çocuq
davam ediyor dərsə hər sabah; lakin
Nə söylüyorsa müəllim, o bir şey
anlamıyor.
Dalıb,
dalıb gediyor, dərs için, vəzifə için,
Toqat yeyirsə də biçarə susmuş,
ağlamıyor.
Səkiz
gün oldu ki, artıq xəbər yoq Ənvərdən,
O
şimdi dərsə dəvam etmiyor, qadıncığazın
Qoşar
məzarına öksüzcə ağlar, inlərkən
Gəlincə xatirə mazi, düşüb qalır
bayğın.
Sorar
sinifdə müəllim o kimsəsiz çocuğu,
Qızar
da söylənərək hər gün arqasınca onun;
"Aman, nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi
Nə bir xəbər, nə bir iz var? Demək o bir
çapqın..."
Yarınki
gün o soluq çöhrə pürməlali təəb,
Sinifdə ərzi-vücud etdi. Dərsə başlanaraq
Müəllim
əkşi, çatıq yüzlə püritabü qəzəb,
Görüncə
Ənvəri, qaldırdı:
- Ey!
Çocuq, bana baq!
Sən, iştə hanki cəhənnəmdə, söylə,
nerdə idin?
Düşünmə,
söylə!
- Əfəndim,
şey...
- Ah, dəni
yaramaz!
Nasıl
da baq dalıyor, sanki tilkidir qurnaz!..
Çocuqcığazda
cavab: iştə bir sükuti-həzin...
Gözündə
dalğalanır incə bir bahar buludu,
O həp
baqıb duruyor, yoqdur onda hiylə və suç...
Sükuta
qarşı müəllim qəzəblə bir, iki,
üç
Toqatlayınca,
çocuq bircə kərrə hıçqırdı:
"Aman,
vay, annəciyim!..", sonra qəşş
olub getdi;
Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.
Şeirin mövzusu, məzmunu və
ideyası
Azərbaycan romantizm cərəyanının ən
tanınmış və sevilən nümayəndəsi
Hüseyn Cavid ədəbiyyatımızda səhnə əsərləri
ilə yanaşı həm də lirik-fəlsəfi şeirlər
müəllifi kimi tanınmaqdadır. Bu şeirlərin əksəriyyətində
Cavidin hələ İstanbulda təhsil aldığı illərdə
yaradıcılıqları ilə yaxından tanış
olduğu yeni Osmanlı ədəbiyyatının təsiri
duyulur. Xüsusən "Sərvəti-fünun"çuların
təsiri ilə onun poeziyasında mənzum hekayə şəkli,
sosial mövzular və məzmun qabarmağa başlayır.
"Öksüz Ənvər" də bu təsir
altında yazılmış şeirdir.
Doqquz yaşında olan Ənvər məktəbdə
müəllimlərin sevimlisidir, dərslərində
birincidir. Onun yalnızca anası vardır. Ancaq üç aydır ki, anası xəstədir.
Ənvərin bütün fikri xəstə
anasının yanında olduğundan müəllimlərinin
dediklərindən bir şey anlamır, "dalıb gediyor",
şillə yesə də, susub ağlamır. Artıq səkkiz gün olar ki, Ənvər məktəbə
gəlmir, vəfat etmiş anasının məzarı
başında ağlayıb analı günlərini
xatırlayınca bayğın hala gəlir. Sinifdə bütün bunlardan xəbərsiz müəllim
onu soruşur, qızlar arxasınca dedi-qodu edirlər. Sabahı gün məktəbə gələndə
müəllim qəzəb içində və turşumuş
bir üzlə ondan "hansı cəhənnəmdə"
olduğunu soruşur. Ənvərdən
aydın bir cavab almayan müəllim onu şillələyir.
Şeir uşağın "vay annəciyim"
deyərək huşunu itirməsilə sona çatır.
Əsəri şərti olaraq dörd hissəyə ayıra
bilərik: a) Ənvərlə tanışlıq. Şair
uşağın bacarıqlarından, məktəbdə
sevimli şagird olmasından söhbət açmaqla oxucunu
onunla tanış edir və ona qarşı bir rəğbət
hissi oyadır; b) Ənvərin anasının xəstə
olması və məktəbli uşağın xəstə
anaya münasibəti; c) anasının ölməsindən
sonra Ənvərin keçirdiyi hallar və dərsə gəlməməsi,
məktəbdə ona olan münasibət; d) məktəbə
gəldikdən sonra müəllimin ona qarşı
davranışı və Ənvərin düşdüyü
vəziyyət.
Hər bir hissədə məzmun sadə, yığcam
bir şəkildə anladılmışdır. Şeir
bütünlükdə romantizmin, o cümlədən Cavidin
humanizm ideyasını əks etdirir. Azərbaycan
romantizmini Avropa romantizmindən fərqləndirən ən
üstün cəhəti bu şeirdə görə bilərik.
Azərbaycan romantikləri Avropa romantizmindəki
məşhur "bəşəri kədər"i
ümumilikdən çıxararaq ona konkret məzmun
aşılayırdılar. Məzlum,
köməksiz, yardıma ehtiyacı olan insanların həyatından
yazmaq Azərbaycan romantizminin vətəndaşlıq və
sosial istiqamətini müəyyənləşdirirdi. "Öksüz Ənvər" də məhz bu
humanizm ideyası, məzluma acımaq, insana məhəbbət
və qayğı göstərmək ideyası əsasında
yazılmışdır.
Bir müqayisə...
Sadə
oxucunun məlumatı olsun deyə bildirək ki, Türkiyə
ədəbiyyatında "Sərvəti-fünün"çular
arasında şair kimi çox da tanınmayan İsmayıl Səfanın
da "Öksüz Əhməd" adlı bir əsəri
vardır. Səfanın əsərində
göstərilir ki, dul bir qadın zəngin bir evdə xidmətçi
olaraq işə düzəlir. Qadına maaş
verilmir, əvəzində özünün və yetim
uşağının yeyib içməsi bu evdəndir. Körpə Əhməd uşaq olmasına baxmayaraq
hər zaman döyülür, ətrafındakılardan daima
pis sözlər, təhqirlər eşidir. Bunları
görən ana bir il içində qəhrindən
xəstələnir və ölür. Ev sahibləri
anasının cənazəsini Əhmədə göstərmək
istəyirlər ki, uşaq anasından ötrü
darıxıb ətrafdakıları narahat etməsin. Lakin Əhməd anasının üzünü
görcək "istəməm" deyib qaçır.
Diqqət edilsə, hər iki şeir ad etibarilə bənzərdir,
hər ikisi mənzum hekayə tərzində
yazılmışdır, hər ikisində dul bir
qadının və yetim uşağın taleyindən söhbət
açılır. Hər iki şeirdə ananın
ölümü və uşağın yetim, köməksiz
qalması, ətrafdakıların onlara münasibəti əsərlərin
fakt, hadisə materialını və kompoziyasının
qurulmasını təşkil edir. Lakin demək
olmaz ki, Cavidin şeiri tamamilə Səfanın şeirinin
kopyasıdır. Əsərdə müəyyən
fərqlər də nəzərə çarpır. Fərqli cəhətlər budur ki, İ. Səfanın
qəhrəmanı Əhmədin yaşı haqqında
şeirdə bir şey deyilmir. Bəlli
olan odur ki, o hələ oyuncuqlarıyla oynayır. Cavidin qəhrəmanı Ənvər isə doqquz
yaşındadır, məktəblidir,
çalışqandır, az-çox həyatdan baş
çıxarır. Qəhrəmanını
bir məktəbli olaraq tanıtması, sinfin birincisi
olmasını vurğulaması bir tərəfdən Cavid
romantizminin maarifçilik təbiətindən irəli gəlmişdirsə,
digər tərəfdən Ənvərin xaraketirini
açmağa, oxucuda ona rəğbət oyadaraq mərhəmət
ideyasının daha qabarıq canlandırılmasına xidmət
etmişdir.
İ. Səfanın
əsərində ana bir evdə qulluqçu olaraq
çalışır, oğluna olan münasibəti
görüb qəhrindən xəstələnir və
ölür. Cavid isə Ənvərin
anasının məşğuliyyəti, nədən xəstələnməsi
haqqında məlumat və ya hər hansı bir işarə
vermir. Səfanın əsərində
ananın övladına olan münasibəti haqqında söz
açılsa da, uşağın anasına
bağlılığı haqqında bir detal belə yoxdur.
Əksinə uşaq anasının meyitini
görüncə, "istəməm" deyə qorxub
qaçır. Caviddə isə tam əksinədir.
Ananın övladına münasibəti barədə
bir söz deyilməsə də, Ənvərin anasına olan
bağlılığı, sevgisi aydın və təsirli bir
şəkildə canlandırılmışdır. Cavidin qəhrəmanının "həyatı, nəşəsi,
ümmidi" tək anasıdır, "annəsi
söndükcə yavrucuq yanıyor, yanıb da qovruluyor."
Əhməddən fərqli olaraq Ənvər hər
gün anasının məzarına baş çəkir, onu
sevgi ilə yad edir. Fikrimcə, uşaq obrazının
qabarıq işıqlandırılmasında Cavid daha usta hərəkət
etmişdir. Çünki əsərin qəhrəmanı
Ana deyil, Ənvərdir.
Əhməd və Ənvərin adları bənzər
olduğu kimi, taleləri də oxşardır. Hər iki
uşaq döyülür, təzyiqlərə məruz
qalır. Əhməd evdəki davranışlarına
görə ev sahibləri, Ənvər isə
məktəbə getmədiyinə görə müəllimi
tərəfindən döyülür. Caviddə
uşağın döyülməsi daha konkret və
inandırıcı əsaslandırılmışdır.
Səfanın əsərinin başlanğıcı
bir qədər anlaşılmaz təsir
bağışlayır, Cavid isə əsl hekayəçi
ustalığı ilə mövzuya daxil olur.
Şeirin sənətkarlıq
xüsusiyyətləri
"Öksüz Ənvər"in bir çox
misraları, xüsusən ilk dörd misrası tamamilə nəsr
cümlələridir. Burada şeirə məxsus bədii ifadə
və təsvir vasitələri, məcazlar, şeir ahəngi
yoxdur. Hətta şair sözləri qafiyələndirmək
üçün misra daxilində cümlələri
qırmışdır. Bir cümlə digər
misranın ortasında bitmişdir.
Şeirin dili əsasən sadə və
anlaşıqlıdır. Ərəb-fars sözlərindən
ibarət tərkiblərə az bir şəkildə
müraciət edilmişdir. Sadəcə, tamamilə
Osmanlı şivəsinin və orfoqrafiyasının təsiri
altında yazılmışdır. O dövrdə dəbdə
olan "pək", "iştə", "cocuq",
"annə", "imdi", "tokat" kimi sözlərdən
bolluca istifadə olunmuşdur. "Gözündə
dalğalanır incə bir bahar buludu" kimi sadə və
aydın bir məcazdan istifadə Ənvərin ruh
halını, ağlar gözlərini dəqiq ifadə edə
bilmişdir.
Nəsrə məxsus təhkiyə və realistik bir təsvir
üsulu seçən Cavid özünün romantik
mövqeyini qabartmadan sadə və konkret bir həyat hadisəsini
qələmə almaqla oxucuda mərhəmət duyğusu
oyandırmağa çalışmışdır. Bu mövzuda
yazdığı digər şeirlərdəki
çağırış, ittiham, fəlsəfi ümumiləşdirmələr
"Öksüz Ənvər"də yoxdur. Məsələn, "Məzlumlar
üçün" şeiri ilk misrasından son misrasına
qədər məzlumun, əsirin halına yanmaq, onlara əl
tutmaq barədə çağırışdır.
"Kiçik sərsəri" də isə yetim, kimsəsiz
uşağın həyatını təsvir edən şair
sonunda bütün bəşəriyyətə xitab olaraq səslənən
fəlsəfi ümumiləşdirmə aparır:
Haqqa
varmaq, pərəstiş etmək üçü
Ucalır
bir tərəfdə məbədlər...
Daş,
çamur, haqq rizası namümkün...
Aldanır, aldanır zavallı bəşər.
"Öksüz
Ənvər" də adını çəkdiyimiz şeirlərdə
olduğu kimi şair mövqeyinin açıq ifadəsi olmasa
da, unutmayaq ki, Cavid realist bir sənətkar deyildi və öz
"mən"ini gizlədə bilməzdi. Odur ki,
ayrı-ayrı ifadələrdən (zəki, uslu cocuq, binəva,
biçarə, yoxdur onda hiylə və suç və s.)
şairin mövqeyi, kimin tərəfində olduğu
(duyğusuz, həssas olmayan müəllimin, yoxsa məzlum,
yetim cocuğun tərəfində olması) aydın
görünür.
Uşağın
kədərli halı, qayğıya, təsəlliyə
möhtac durumu ilə müəllimin duyğusuzluğu, qəzəbi
bir təzad şəklində verilmişdir ki, bu da vəziyyətin
faciəviliyini daha da artırmış olur.
Əsərdəki
insan obrazları ana, uşaq, müəllim və məktəbli
qızlardır. Şair Ənvəri ağıllı,
intizamlı, dərsə, biliyə qiymət verən,
duyğulu bir uşaq olaraq təsvir etmişdir. Şeirə
giriş hesab olunacaq ilk cümlələr Ənvəri oxucuya
tanıdır. Ana haqqında əlavə heç bir məlumat
yoxdur. Şairin təhkiyəsindən anlaşılır ki,
o, xəstədir və dünyasını dəyişmişdir.
Müəllim isə zalım, duyğusuz bir insan olaraq
qarşımıza çıxır. İlk üç obraz
konkert şəxsləri ifadə edirsə, məktəblilər
ümumi şəkildə təsvir edilmişdir. Onların
yalnızca sözləri verilmişdir. Burada Ənvərin
sinif yoldaşlarının ona münasibətindəki
psixologizm, fərdilik açılmamışdır. Bu da əslində
dramatik bir olayaın təsvirindəki dramatikliyi
azaltmışdır. Cavid nə zamanın, nə də məkanın
üzərində dayanmamış, qəhrəmanlarının
zahiri görkəminin, paltarlarının, əşyaların
təsvirinə yer verməmişdir. Təbii ki, bu da əyanilik
və dekorativlik, görümlülük baxımından
şeirə zərər gətirmişdir.
Cavidin
başqa lirik şeirlərində
rastlaşdığımız bədiilik, yüksək sənətkarlıq
"Öksüz Ənvər"də nəzərə
çarpacaq dərəcədə deyildir, məzmun isə bəsitdir.
Şeiri sevdirən ondakı hiss-həyəcan və mərhəmət
duyğusudur. Böyük romantikimizin istedadını
bütün qüdrətilə göstərə bilməsə
də, "Öksüz Ənvər" Cavid
yaradıcılığının bir faktı kimi, Cavid
hümanizminin bədii əksi olaraq diqqətçəkicidir.
VURĞUN ƏYYUB,
Filologiya üzrə fəlsəfə
doktoru
Ədalət.-2013.-30 mart.-S.4.