Mikayıl Müşfiq əsl Sovet
şairi idi
Görkəmli şair həyat
yoldaşının xatirələrində
Repressiya
dövrü qurbanları deyəndə ağla gələn ilk
adlardan biri şair Mikayıl Müşfiqdir. Əksəriyyət
belə düşünür ki, 37-39-cu illərdə əsasən
hökuməti tənqid edən, onu tərifləməkdən
boyun qaçıran insanların repressiyaya məruz qalıb və
Müşfiq də anti-Sovet şairidir. Ancaq Müşfiqin həyat
yoldaşı Dilbər Axundzadənin "Müşfiqli
günlərim" kitabını oxuyanda bunun belə
olmadığını görürsən. Müşfiq
yaradıcılığının ilk dövrlərindən
Sovet hakimiyyətinə, sosializmə qəlbən bağlı
olan, onu sevə-sevə təbliğ edən şairlərdən
olub. Bəs niyə repressiya qurbanı olub? Ona böhtanmı
atılıb? O, həqiqətən əsl Sovet şairimi
idimi?
Bu
suallara "Müşfiqli günlərim" kitabı əsasında
hazırlanan bu yazıda cavab tapa bilərsiniz:
Dosye:
Mikayıl Müşfiq 1908-ci ildə iyun ayının 5-də
Bakının Dağlı məhəlləsində, 2-ci Sovet
küçəsi, 6 nömrəli evdə dünyaya göz
açıb. İki bacısı və özündən
yaşca böyük bir qardaşı olub. Müşfiq
altı aylıq olanda anası Züleyxa, altı yaşı
olanda atası Mirzə Əbdülqədir vəfat edib.
Mikayılın atası müəllim, eyni zamanda
"Vüsuqi" ləqəbi ilə şeirlər, qəzəllər
yazan şair olub. O, 1902-ci ildə ata yurdu Xızıdan
Bakıya köçüb, mədrəsədə təhsil
alıb. Ancaq mollaxananın gənclərə fayda vermədiyini
görən Mirzə Əbdülqədir bir məktəb
açıb, gündüzlər balacalara, axşamlar
yaşlılara dərs deyib. Anası Züleyxa xanımın
ölümündən sonra atası Müşfiqi
Xızıdakı qohumu Səfiyyəyə verib. Müşfiq
3 yaşına qədər süd anası Səfiyyənin
yanında qalıb. Sonra atası onu yenidən Bakıya gətirib,
ancaq 3 ildən sonra dünyasını dəyişib. Bundan
sonra ailəyə nənə Qızqayıt və dayı
Cavad himayədarlıq edib. Müşfiq getdiyi rus-tatar məktəbini
uğurla bitirərək 27-ci ildə Ali Pedaqoji İnstitutuna
daxil olub. Şair uzun müddət müəllim kimi fəaliyyət
göstərib.
Müşfiqlə
tanışlıq
Mikayıl
Müşfiqlə Dilbər Axundzadənin
tanışlığı 1931-ci ilin bahar aylarına təsadüf
edir. Müşfiq Dilbər xanımın əmisi İdris
Axundzadə ilə yaxın dost, əmisinin arvadı Fəramuşla
isə tələbə yoldaşı olub.
Məşhurlaşmaqda
olan gənc şairlə də Dilbəri əmisi arvadı
tanış edib. Dilbər xanım ilk görüşü belə
xatırlayır:
"Müşfiqin
əynində səliqə ilə tikilmiş qəhvəyi
kostyum, ona uyğun üst köynəyi və qalstuk,
ayağında qəhvəyi ayaqqabı vardı.
Alnının üstünə düşən qara tellərini
əli ilə tez-tez arxaya atırdı".
"Müşfiq
ilk görüşümüzün təəssüratları
əsasında iki şeir yazmışdı. Bunlardan biri
"İşidir" rədifli qoşma, digəri "Əbədi
şevgi" şeiridir. Sən demə, müsamirədə
olduğumuz gecə mən sinəmə düşən uzun
qoşa hörüklərimi geri atanda Müşfiqin
üzünə toxunubmuş. Bəlkə də
toxunmayıbmış. Ancaq o məni inandırmağa
çalışırdı ki, guya o gün onu ətirli bahar
küləyi vurmuşdu...
Hayır,
hörüklərin deyildir ilan
O əski
şairlər söyləyir yalan,
Məni xəyal
kimi ayağa salan -
O
coşqun dalğalı telin işidir..."
Təsadüfi bir neçə görüşdən
sonra Müşfiq Dilbər xanıma sevgi məktubları
göndərir, hər görüşə yeni şeirlə gəlir,
bəzən də bədahətən şeirlər
deyirmiş.
"Müşfiq şeiri oxuyarkən əlini şeirin
ahənginə uyğun qaldırıb-endirir, məni büllur
səsi, saf və pak hissləri ilə heyran qoyardı".
31-ci ilin
sonlarında Dilbər xanımın dərs ilinin bitir və
cütlük bir müddət ayrı qalır: "Mən ona
Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu.
Üzünə kövrək təbəssüm
qondu. Elə ordaca "Ayrılıq" şeirini dedi.
Müşfiqin bu həyəcanlı və kövrək
halı mənə elə təsir etdi ki, gözlərimdən
qeyri-ixtiyari yaş axdı:
- İstəyirsən, getməyim, daha bundan ötrü
niyə narahat olursan?
Müşfiq
bu sözümə də şeirlə cavab verdi:
Deyirsən,
yanında qalacağam mən,
Çox
gözəl fikirdir, qal, sənə qurban!
Nə
zaman istəsən əziz canımı,
Qumral
gözlərinlə al, sənə qurban!..
Sən
Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə
qurban.
Səməd
Vurğunun "elçiliyi"
Dilbər xanım getdikdən sonra Müşfiq Səməd
Vurğunla Gəncəyə qonaq gəlir. Hamı
Bakıdan gələn gənc şairləri dairəyə
alıb onları evinə dəvət etməyə, sözlərini-söhbətlərini
eşitməyə çalışır. Amma şairlərin
gəlişlərinin ayrı bir səbəbi vardı:
"Bir də gördüm, Səmədlə
Müşfiq mənə tərəf gəlirlər. Onları
görəndə ürəyim uçunmağa başladı.
Səməd mənə mehriban bir nəzər salıb
gülümsündü:
- Dilbər
bacı, bizim bu dağlara gəlməyimizin, - dedi, - bir səbəbi
var. O da Müşfiqin aşıq Kərəmə dönməyidir.
Müşfiqi Kərəmdən ayıran cəhət odur ki,
o, Əslinin dalınca hər yana tək
gedərdi, bu isə utandığından məni özü
ilə gətirib. Siz bunu necə ovsunlayıbsınız ki,
şəhərdə nə gecəsi, nə də
gündüzü var. Gördüm bu gedişlə o, Kərəmi
ötüb Məcnun olacaq, dözməyib dedim ki, gedək Gəncə
dağlarına, bəlkə təskinlik tapa ürəyin. Müşfiq elə bil sözümə bənd
imiş. Söz ağzımdan
çıxan kimi durub düşdü yola. Bütün yolu şeir deyə-deyə gəlmişik.
Müşfiq, xahiş edirəm, yolda dediyin
şeirlərdən birini de.
Müşfiq
qığılcım saçan baxışlarını mənə
dikib uzun bir şeir dedi. Səməd də, mən
də böyük məftunluqla dinlədik. Səməd
dedi:
- Dilbər
bacı, qorxum bir bu Müşfiqdəndir. Məni
ötsə, ancaq o ötəcək.
...Ertəsi
gün Səmədlə Müşfiq Gəncədə
çıxışlar edib Bakıya qayıtdılar".
Dağüstü parkda nişan təklifi
Dilbər
xanım Bakıya qayıdar-qayıtmaz Mikayıl onu
dostları ilə tanış edir. Şair
Mehdi Hüseynlə yoldaşı Fatma xanımın M.F.Axundov adına parkın
yaxınlığındakı evlərinə qonaq aparır. Fatma xanım Müşfiq
yaradıcılığının böyük
heyranlarından olub, onun "Dilbərnamə" şeirlər
məcmuəsinə daxil olan bir çox şeirləri əzbər
bilirmiş. Hətta 56-cı ildə
Müşfiqin "Seçilmiş əsərləri"
üçün bir çox şeirlər Fatma xanımın
dilindən yazılıb nəşriyyata təqdim olunub.
Çünki şairin əksər kitabları
37-ci ildə tamamilə məhv edilmişdi.
Müşfiq Dağüstü parkdakı növbəti
görüşlərin birində Dilbərə elçi
göndərmək və tez vaxtda nişanlanmaq istədiyini
deyib. 1932-ci
ilin aprelində cütlük nişanlanıb:
"Dövrün
görkəmli ədiblərindən Hüseyn Cavid həyat
yoldaşı Müşkünaz xanımla, Abdulla Şaiq həyat
yoldaşı Şahzadə xanımla, Əhməd Cavad həyat
yoldaşı Şükriyyə xanımla, məşhur
müğənni Bülbül şagirdi Eloğlu ilə, gənc
şairlər və yazıçılardan Səməd
Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Hüseyn Mehdi
həyat yoldaşı Fatma xanımla, Rəsul Rza həyat
yoldaşı Nigar xanımla, Məmməd Rahim həyat
yoldaşı Mələk xanımla nişana gəlmişdilər.
Bülbüllə Eloğlunun şəlalə
tək şaqraq və məlahətli səsi məclisə
xüsusi gözəllik verirdi. Tez-tez
sağlıqlar, şeirlər deyilir, qədəhlər cingildəyirdi.
Hüseyn Cavidin xeyirxah, ata nəvazişi ilə
dediyi sağlıq hələ də xatirimdədir".
Cütlüyün kəbini isə təxminən bir ildən
sonra, 1933-cü ilin iyunun 20-də kəsilib. Növbəti il oğulları dünyaya gəlib:
"Müşfiq onun adını Yalçın qoydu. Sevinci yerə-göyə
sığmırdı. Dünyaya gəldiyi
gündən Müşfiqə sanki qanad gətirmişdi.
Təəssüflər olsun ki, sevincimiz
çox çəkmədi. Uşaq iki
aylıq olanda bərk xəstələndi, hərarəti
yüksək olduğundan bütün gecəni süst
düşdü. Həkimlərin müayinəsi
və müalicəsi fayda vermədi. Uşaq
gözlərini son dəfə əbədi yumanda Müşfiq
çığırtı ilə ağlayıb, fəryad
qopardı".
Mollaxana düşməni
Müşfiq
Həmin dövrlərdə şair "Azərinəşr"də
redaktor vəzifəsində və 18 nömrəli məktəbdə
müəllim işləyirmiş. Şagirdlərdən biri sevimli
müəllimlərini belə xatırlayır:
"Müşfiq müəllim dərs deyəndə zəng
səsini eşitməzdik. Dərs zamanı
şagirdlərə şeir oxumağı öyrədəndə
başqa müəllimlərimiz də gəlib bizim
sıralarda oturardılar. Çoxumuza
"qızım", "oğlum" deyə müraciət
edərdi. Əslində, bu ifadə onun
yaşına uyğun deyildi. Ancaq mehriban
olduğu qədər təvazökar olan Müşfiqə bu
sözlər çox yaraşırdı".
Şair özünün ən birinci vəzifəsi kimi
insanları məktəbə, elmə yönəltmək,
şagirdlərdə ədəbiyyata maraq oyatmağı
görürdü. Buna görə də, atası Mirzə Əbdülqədir
kimi mollaxanalar, mollaları heç sevməzmiş. Xalası oğlu Ağakərim Kərimov bir gün
8 yaşlı Mikayılı özü ilə mollaxanaya dərsə
aparıb. Dərsdən qayıdandan sonra
Müşfiq elə hey mollaları lağa qoyur, xalası oğluna
daha ora getməməyi məsləhət görərmiş.
Hətta bir həcv də yazıb:
Uşaqlar
əyləşib yerə,
Cındır
həsir-dolu birə,
Belə
molla yerə girə!
De
görüm, bu molla -
Hara mollasıdır?
Yoxsa bu molla qara mollasıdır?
Yarısı
oruc tutur,
Yarısı
namaz qılır,
Molla özü mürgüləyir.
De
görüm, bu molla -
Hara mollasıdır?
Yoxsa bu molla qara mollasıdır?
Nadir hafizə sahibi və huşsuz
şair
"Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə
arxayın olub çox vaxt qoşduğu şeiri uzun müddət
vərəqə köçürməzdi. Şeirlərini,
eləcə də bir çox klassik şairlərin əsərlərini
əzbər bilirdi. Bir dəfə məktəbdə
oxuyanda müəllim Tofiq Fikrətin həyatını
keçməyə hazırlaşırmış. Amma kitab yadından çıxdığından dərsi
təxirə salmaq istəyib. Müşfiq
isə müəllimə Tofiq Fikrətin bütün şeirlərini
əzbər bildiyini deyib və dərs boyu hamını təəccübləndirib.
Şeirdə nadir hafizəsi olan Müşfiqin
həyatda, məişətdə yaddaşı çox zəif
idi. Bu haqda dövri mətbuatda qəribə
bir yoldaşlıq şarjı çəkmişdilər.
Şarjın altından yazmışdılar ki,
guya o, papağını itirir və tapmaq üçün aləmi
axtarır. Birdən baxıb görür
ki, papaq qoltuğundadır. Huşsuzluğunu etiraf edən
Müşfiq S.Y.Marşakın "Huşsuza bax
huşsuza" əsərini dilimizə tərcümə edəndə
deyirdi:
- Şair lap mənim obrazımı yaradıb ki!"
Müşfiq əsl Sovet şairi kimi
"İndiki Azərbaycan Yazıçılar
İttifaqı o zaman "Proletar Yazıçılar
Asosyasiyası" adlanırdı. Bu cəmiyyət
üzvlərini tez-tez fəhlə qəsəbələrinə,
fabriklərə, məktəblərə, klublara göndərirdi.
Onlar fəhlələri sosializm quruculuğu
işinə ruhlandırdılar. Müşfiq
bu işdə fəaliyyət göstərir, tez-tez qəzetlərdə
təriflənərdi".
Dilbər
xanım Müşfiqin aşiqanə şeirləri əsas
yaradıcılıq hesab etmədiyini, daima günün tələbinə
uyğun şeir yazmağa cəhd etdiyini yazır:
"Keçən il bir neçə yoldaşla avralda
pambıq toplanışında olmuşam. Bu
haqda poema yazmaq istəyirəm".
Həmin pambıq toplanışına Müşfiq xalq
yazıçısı Süleyman Rəhimov və həkim
Quliyevlə getmişdi. Mənim məktəb yoldaşım
olmuş həkim Quliyev Müşfiqin səhərdən
axşama qədər kolxozçularla birgə işlədiyini
deyirdi. Səfərdən çox
keçməmişdi ki, Müşfiqin məşhur "Bəyaz
çöllər" poeması çapdan
çıxdı".
1931-ci ildən şair Bayıldakı mədəniyyət
evində təşkil olunan ədəbiyyat dərnəyinə
rəhbər göndərilir. Müşfiq bu rayonun hər işi
ilə yaxından tanış olaraq bir
sıra əsərlər yazıb: "İnqilabi mübarizə,
döyüş və əmək ənənələri
Müşfiqin şair qəlbini çoşdurmaya bilməzdi.
O, həmin vaxtlarda "Neft-İliç buxtası",
"Posyolka", "İşçi qız" şeirlərini,
"Buruqlar arasında" poemasını
yazmışdı".
"Gəncədə olarkən Mingəçevir
problemi Müşfiqi daha çox məşğul edirdi; o,
dostları ilə gələcəyin nəhəng tikintisi
olacaq Mingəçevir Su-Elektrik Stansiyasının yerinə
gedib layihə-quraşdırma işləri ilə
tanış olurdu. Bu zaman o, "Mingəçevir həsrəti"
əsərini artıq yazmağa başlamışdı".
Sosializm quruculuğu illərində həyata
keçirilmiş bir sıra reformalardan Müşfiq çox
razı olub. Ərəb
əlifbasının latın əlifbası
ilə əvəz olunması haqda şair hətta şeir də
yazıb. Ancaq həmin illərdə tarın
qadağan olunması ilə bağlı söz-söhbət
Müşfiqi də, yaxın dostu tarzən Qurban Pirimovu da bərk
sarsıdıb. Müşfiq evlərinə qonaq gələn
Pirimova tarın qadağan olunmasının xalqa ancvaq ziyan
vuracağını deyirmiş: "O, ustaddan tarı
götürüb çalmasını xahiş etdi. Qurban müəllim tarı sinəsinə
sıxıb "Yetim segahı" çalmağa
başladı. Tar dilə gəldi, tar inildədi,
tar hönkürdü. Tarın
qopardığı nanələr alında Müşfiq
özünü çəkdiyi papirosun dumanlarına
bürümüşdü. Birdən onu
gördüm ki, Müşfiqin yanıqlı səsi tarın
naləsinə qarışdı və həmin günlərdə
yazdığı "Oxu tar" şeirini söyləməyə
başladı. Xoşbəxtlikdən
onların həyəcanı uzun sürmədi. Tar
qadağan edilmədi..."
Haqsızlıq
və böhtanın gətirdiyi ölüm
Oğlunun
ölümündən (1934-cü il) sonra
şair böyük sarsıntı keçirir. Həmin
ilin sonlarında sevdiyi həmyerlisi Cəfər
Cabbarlının ölümü Müşfiqə
ağır zərbə olur. Şairin
ürəyini bu sıxıntılardan başqa, ona
qarşı yönələn haqsız tənqidlər də
sıxır.
"Mənim
bu dəryada bir sandalım var,
Hələ
bədr olmamış bir hilalım var" –
deyib bədbinliyə
qapılmamağa, möhkəm durmağa çalışsa
da, insanların, xüsusən qələm
yoldaşlarının ittihamları onu çox incidir:
"Bir gün
Müşfiq evə çox dilxor gəldi, başının
ağrıdığını dedi. Papiros
çəkmək üçün eyvana çıxdı.
Sonra dərindən ah çəkib sözə başladı:
- Dilbər,
bugünkü yığıncaqda bəzi bədxahlar məni
o qədər tənqid etdilər ki, az
qaldı ürəyim yerindən qopsun. Mənə
deyirlər, sən xırda burjua şairisən. Bu
söz mənə elə toxundu... Axı burjua
deyəndə bizim gənclərin təsəvvüründə
zəhmətdən qaçan, insanlıqdan kənar,
xalqını, cəmiyyətini, vətənini sevməyən
adamlar gəlir. Özün de, mən elə
sözlərə layiqəm?
Qəhər məni boğdu. Böhtan qılınc
yarasından pis olur. Axı bütün
varlığı ilə sosializmin quruculuğuna bağlı,
onun hər nailiyyətinə ürəkdən sevinən,
dövrünü, zəmanəsini sonsuz ilhamla tərənnüm
edən şairə bu cür böhtan atanların məqsədi
nə idi?
Birdən
"Duyğu yarpaqları"ndakı bir rübaini xatırladım:
Nə bir həsrətim var, nə bir qəmim var.
Dostlarım
bilir ki, nə aləmim var!
Lenin
dünyasına ithaf etməyə
Bir
şair ürəyim, bir qələmim var!
-
Heç xırda burjua şairi belə səmimi sözlər
deyə bilərmi?- dedim.
Müşfiqin
eyni bir az açıldı və mənə
iclasdan ətraflı danışmağa başladı. Bircə
o dövrün ictimai xadimlərdən olan Hökumə
Sultanovanın onu müdafiə etdiyini dedi. Sonra
Müşfiq ürək ağrısından şikayət
etdi. Ona ağrısını sakitləşdirmək
üçün dərman verdim, amma gecə səhərə
qədər gözünə yuxu getmədi. Səhər həkim çağırtdırdım.
O, Müşfiqin əsəb sarsıntısı
keçirtdiyini müəyyən edib dərman yazdı".
Müşfiq üçün daha ağır günlər
37-ci ildə-dostlarının repressiyaya qurbanı olması
getməsi ilə başlayır. Həmin ilin iyulunda Əhməd
Cavad həbs olunur, bir neçə aydan sonra güllələnir.
Cavadın həyat yoldaşı Şükriyyə
xanım və uşaqları Qazaxıstana sürgün edilir.
Hüseyn Cavid Sibirə sürgünə
göndərilir. 1938-ci ilin əvvəllərində
sıra Mikayıl Müşfiqə çatır və
yanvarın altısı güllələnir.
Günel ƏSGƏRZADƏ
Ədalət.-2013.-15 may.-S.8.