Dövlət Proqramı Ana dilimizə qayğı və məhəbbətin yeni təzahürüdür

 

Ümummilli lider Heydər Əliyev ana dilimizə xalqımızın özünəməxsusluğunun birinci amili kimi baxırdı. Onun uzunmüddətli və möhtəşəm rəhbərliyi dövrlərində Azərbaycan dili ən müxtəlif mövqelərdən təqdir olunur, onun tətbiqi, tədqiqi, tədrisi, ən əsası qorunması daim diqqət mərkəzində saxlanılırdı.

O, Sovet hakimiyyətinin milli dillərə qarşı olan məlum qısqanc və az qala qadağa səviyyəli münasibəti şəraitində Respublika Konstitusiyasında Azərbaycan dilini Dövlət dili kimi təsbit etdirməyə nail oldu (1978). Ən mürəkkəb siyasi, hərbi, iqtisadi vəziyyətdə olduğumuz vaxt Prezident H.Əliyev ümumxalq səsverməsi ilə ana dilimizi - Azərbaycan dilini Ana Yasamızda - Konstitusiyamızda Dövlət dili elan etdirməyi vacib saydı. 90-cı illərdən başlayan əlifba hərc-mərcliyi (kiril, latın, bəzən ərəb əlifbası) qarışıqlığında Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında 18 iyun 2001-ci il tarixli günümüzün vacib sərəncamını verdi. Elə həmin il 9 avqust tarixli fərmanı ilə 1 Avqust ölkəmizdə "Azərbaycan əlifbası və Azərbaycan dili" günü elan edildi. Az sonra Azərbaycan Respublikasında "Dövlət dili haqqında Qanun" qəbul olundu. Nüfuzlu alimlər, yazıçılar, dövlət xadimlərindən ibarət Dövlət Dil Komissiyası yaradıldı.

Bütün bunlar, eləcə də həmin Sərəncam və Qanunlara uyğun olan sonrakı tədbirlər ana dilimizin inkişafına, ona olan bəzi laqeyd münasibətlərə güclü əks-təsir göstərdi. Əlbəttə, həyat inkişaf edir, ölkəmiz iqtisadi-siyasi yüksəlişin zirvələrinə doğru irəliləyir. Dünyada gedən qloballaşma, ölkəmizin Avropaya, dünyaya inteqrasiyası, Respublikanın ümumdünya iqtisadi, elmi, mədəni, mənəvi və idman tədbirlərinə tez-tez ev sahibliyi etməsi cəmiyyətdə bütün sahələrə olduğu kimi, dilə də təsirsiz ötüşmür və müsbət əlamətlərlə yanaşı, neqativ təsirlər də olur. Bütün bunları diqqətlə müşahidə edən və ümummilli lider H.Əliyevin ənənələrinə həmişə sadiq qalan möhtərəm Prezidentimiz İ.Əliyev yeni - daha sanballı bir sərəncam verdi: - "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında. Həmin Proqram artıq hazırdır və ölkə başçısı 9 aprel 2013-cü il tarixli sərəncamı ilə onu təsdiq etmişdir. Mən Proqramın məzmunundan əvvəl onun adına diqqəti cəlb etmək istəyirəm; "Azərbaycan dilinin qloballaşma şəraitində ... istifadəsi". Bu o deməkdir ki, ölkəmiz yeni iqtisadiyyat, siyasət, mədəniyyət sahələrində dünya birliyinə daxil olur, müxtəlif adət-ənənə, mənəvi dəyər, dünyagörüşü, o cümlədən dil təmasları ilə qarşılaşmaq məcburiyyətində qalır, belə hallarda özünəməxsusluğumuzun neqativ (yad) təsirlərdən qorunması təmin edilməlidir. Dilin "... zamanın tələblərinə uyğun istifadəsi" deyəndə də, sözsüz, o nəzərdə tutulur ki, inkişafımızın indiki dövründə dilimizyeni şəraitə uyğunlaşmalı, öz struktur-qrammatik təbiəti çərçivəsində inkişafa doğru yönəldilməlidir. "... ölkədə dilçiliyin inkişafı" ifadəsi bütün əvvəlki tələbləri tamamlayır; məlumdur ki, dilin tədqiqatı yetərincə aparılmasa, onun inkişafı, yeni keyfiyyətləri düzgün qiymətləndirilə bilməz. Bütün bunlar göstərir ki, Dövlət Proqramı çox ciddi, düşünülmüş bir ada malikdir və məni bir tədqiqatçı və ana dilimizin qocaman təlimçisi kimi o da sevindirir ki, təsdiq olunan Proqram adına uyğun olaraq ölkəmizdə dil siyasəti ilə bağlı bütün məsələləri əhatə edir. Onun bütün müddəa və göstərişləri yeddi ilə - 2020-ci ilə kimi həyata keçirilməlidir. Bu, çox qanunauyğun müddətdir.

Proqramda tam aydın göstərilib ki, onun məqsədi dilimizə Dövlət qayğısını artırmaq, onun mürəkkəb siyasi-iqtisadi şəraitdə istifadəsinə nəzarəti gücləndirmək, dil tədqiqatlarını məzmun və mahiyyət baxımından genişləndirmək, onun elmi-nəzəri sanbalının artmasına, müasir Dünya dilçilik elminin təcrübəsinə daha çox əsaslanmasına şərait yaratmaqdır. Proqramda ana dilimizin elə bir sahəsi yoxdur ki, onda öz əksini tapmasını "3. Dövlət Proqramının əsas vəzifələri" bölməsində "3.1.8. dilin inkişafını və dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi" maddəsi üzərində bir qədər dayanmaq istəyirəm. Əslində belə bir qanunvericilik bazası var: ümummilli lider H.Əliyevin 2001-ci il sərəncamında və "Dövlət dili haqqında Qanun"da bununla bağlı göstərişlər, hətta qadağalar nəzərdə tutulub. Ancaq müəyyən qurumlar, ayrı-ayrı şəxslər ya bilərəkdən, ya xəbərsizlikdən dilimizin tətbiqinə, onun normalarının gözlənilməsinə diqqət yetirmirlər. Məsələn, hər hansı fəaliyyətlə məşğul olan hüquqi şəxs öz obyektinin divarlarında yalnız əcnəbi dildə məlumatlandırıcı lövhələr vurur (özübu lövhələr çox dəbdəbəli olduğundan baha da başa gəlir), yeni açılan fərdi biznes mülkiyyətlərinə (telekanal, bank, şadlıq sarayı, dükan, gözəllik salonu, kafe, restorans.) verilən adlar, əsasən, özgə dillərdə olur (?!). Elektron xəbər vasitələrində əlifbamız tam əks olunmur, sözlərimiz eybəcər orfoqrafiyada yazılır. Ən təəccüblüsü budur ki, rəsmi dövlət idarələrinin adları mütləq iki dildə (Azərbaycan və ingilis) yazılır, bəzən Dövlət dilindəki lövhə solda yox, sağda vurulur(?), radioteleviziyalarda dilimizin istifadəsi ilə bağlı qüsurlar barədə çox deyilib, çox yazılıb. Təəssüflə xatırladıram ki, bəzi qəzet, jurnal, kitab səhifələrində də dilimizin qaydalarının, nitq mədəniyyəti normalarının pozulması hallarına da rast gəlirik. Mən əminəm ki, bütün bu çatışmazlıqlar Dövlət Proqramının tələblərini həyata keçirəcək məsul icra qurumlarının diqqətindən kənarda qalmayacaq.

Proqramda Dövlət dilinin tədrisi ilə bağlı da mühüm göstəriş və maddələr yer alır. Yeri gəlmişkən, deməliyəm ki, qeyri-humanitar ali məktəblərimizdə, o cümlədən bizim universitetdə dilimizin tədrisinə olan münasibət müsbət dəyərləndirilir. Hazırda ana dilimizin ikinci dili kimi tədrisi ilə kafedramızda 18 müəllim məşğul olur ki, onların 11-i elmlər namizədidir (9-u dosentdir). Hər il kafedramızın dərs yükü 12-14 min saat arasında müəyyənləşir. Əlbəttə, ümumölkə miqyasında ana dilimizin tədrisi ilə bağlı yeniliklər bizim də işimizə kömək edəcək. Mən uzun illər dilimizin və ədəbiyyatımızın tədrisi ilə məşğul olan bir adam kimi bir məsələni yada salmaq istəyirəm; qəbulda iyirmi ildən bəri tətbiq edilən test üsulunun üstünlüklərindən çox danışılıb. Ancaq bir həqiqət vardır ki, gənclərimiz, ümumiyyətlə, vətəndaşlarımız yaxşı danışmağı və yazmağı (fikir ifadə etməyi) yadırğayıblar. Bunun səbəblərindən biri (bəlkə də, birincisi) biliyin, necə deyərlər, "tapmacasayağı" yoxlanmasıdır, şagird nə gözəl yazmağa, nə də gözəl danışmağa hazırlaşır; oxşar 5 cavabdan birini tapmağı öyrənir. Bunu nəzərə alaraq şagirdi danışmağa və yazmağa həvəsləndirən yol tapmaq lazımdır. Məncə, 1-ci növbədə qəbul imtahanlarında bütün qruplar üzrə ədəbiyyatdan da suallar olmalıdır (əgər dilimizi öyrənmək istəyiriksə, ədəbiyyatımıza üz tutmalıyıq; dil ən yüksək səviyyədə ədəbi əsərdə əks olunur). Orta məktəbin buraxılış imtahanında yazı ilə bağlı (inşa, esse olmasa da) nə isə bir tapşırıq olmalıdır.

Elə etmək lazımdır ki, təkcə gənclər deyil, bütün fəal vətəndaşlarımız dilimizə hörmətlə yanaşsınlar, onun təəssübünü çəksinlər ("yamaqlı" dildə danışmasınlar). Böyük yazıçı M.Şoloxovun qəhrəmanı kimi, ana dilində söyülməkdən də ləzzət alsınlar. Heç uzağa getmək lazım deyil, qardaş türklər bizim üçün yaxşı örnəkdir; 6-7 il Azərbaycanda oxuyur, işləyir, yaşayır, ancaq öz türkçələrində "konuşurlar". Əlbəttə, bunun üçün vətəni, onun dilini onlar kimi sevmək lazımdır.

İndi ölkəmizdə türk dünyasının böyük oğlu, millətimizin və dövlətimizin yetişdirdiyi nadir şəxsiyyəti H.Əliyevin 90 illik yubiley tədbirləri keçirilir. Belə əlamətdar günlərdə möhtərəm Prezident İ.Əliyevin dilimiz haqqında Dövlət Proqramını öz sərəncamı ilə təsdiq etməsini, Azərbaycan dili ilə bağlı bu çox möhtəşəm dövlət sənədinin icrasına başlanılmasını mən (bəlkə də bu xoş təsadüfdür, amma mən burda mənəvi bağlılığın olduğunu düşünürəm) Ana dilimizin bilicisi və himayədarı olan ümummilli lider H.Əliyevin əziz xatirəsinə, sanki bir ehtiram, onun ənənələrinə bir sadiqlik hərəkəti kimi qiymətləndirirəm. Ümumxalq məhəbbəti qazanmış bu böyük şəxsiyyət ana dilimizi dövlətçiliyimizin, azərbaycançılığın əsası hesab edirdi: "Müstəqil Azərbaycan dövlətçiliyinin əsas ideyası azərbaycançılıqdır.

Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, milli - mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Ulu öndərin bu tövsiyələrinin həyata keçməsinə indi bizdə möhkəm inam vardır. Bu, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş və artıq icrasına başlanmış ana dilimizə aid Dövlət Proqramından, onun milli-mənəvi dəyərlərə söykənən, müasir inkişaf prinsiplərinə əsaslanan məqsəd və vəzifələrindən irəli gəlir.

 

 

A.F.Miriyev,

Azərbaycan Tibb Universitetinin

Azərbaycan dili kafedrasının müdiri,

Dosent

 

Ədalət.-2013.-15 may.-S.7.