Kürdəmirdə Məmməd Araz sevdası

 

May ayının 13-dür, səhər çağlarıdır. Neçə gündü baharın ahəngi pozulmuşdu; göydə buludlar ora-bura topalanır, gah da bozarıb-qaralıb ağacların, çəmənlərin, gül-çiçəklərin üstünə çən, çiskin ələyirdi. Bu səhər isə tamam başqa havada açılıb, elə əsl bahar səhəri kimi – ilıq və günəşli... Bu səhər Kürdəmirin küçələri daha işıqlı, daha izdihamlı, daha gözəl görünür. Küçələrdə, park və meydanlarda, yol kənarlarındakı çəmənliklərdə şehli gül-çiçəklər günəşə boylanır, xoş ovqat yaradır. Şəhər sakinləri bir-birilə rastlaşdıqca sevinclə salamlaşırlar. Təbiətin də, insanların da üzü gülür. Bir də... Elə bil ki, çox doğma, çox əziz misraların səsi gəlir. Bu kiçik, ama çox şirin, ama çox səmimi şəhərdən həm də şeir, poeziya qoxusu gəlir.

Hər şey mümkündü. İnsanın əhval-ruhiyyəsi nəyə köklənirsə hissləri, duyğuları da o cazibənin əsiri olur. Başqa nə haqda düşünəsən ki? Həm də səbəbin özü dahiyanədir... Bütün Azərbaycanın, bütün Türk dünyasının sevimli oğlu, əzəmətli şairi Məmməd Araz şeirləri, xatirələri pərəstişkarları ilə sanki bu yurda yeni bir ovqat gətirib. Gerçəkdən belədir. Bu gün Kürdəmir şəhərində böyük Məmməd Araz yaradıcılığının, Məmməd Araz şerinin bayramıdır.

Artıq hamı bilir ki, bu il həm də Məmməd Araz ilidir, unudulmaz şairimizin 80 illik yubileyidir. Bu gün Kürdəmir də bu sevincə tutulub, bu sevinclə qucaqlaşıb...

Saat 11-də böyük tədbir başlanacaq. Poeziya həvəskarları, Kürdəmir sakinləri dəstə-dəstə şəhər mədəniyyət evinin qarşısına toplaşır, foyeyə daxil olanlar Məmməd Araza həsr edilmiş guşələrə həvəslə baxırlar. Kürdəmir Rayon İcra Hakimiyyətinin AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi ilə birgə hazırladığı bu gözəl poeziya şöləni böyük şairə sonsuz məhəbbətin ifadəsidir.

Tədbir başlamazdan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı hörmətli İrşad Əliyev paytaxtdan gələn qonaqlarla görüşərək belə günlərin əhəmiyyətindən danışdı. Başçı Azərbaycanın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da Məmməd Araz poeziyasının hədsiz sevildiyini vurğuladı. O, özününbir Azərbaycan vətəndaşı və ziyalısı kimi Məmməd Araz yaradıcılığının pərəstişkarı olduğunu səmimi sözlərlə bildirərək şairlə unudulmaz görüşlərindən də söhbət açdı.

... Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş tədbir təbii ki, şeirlə, musiqilə başlandı. Tədbirin aparıcısı və quruluş müəllifi, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi Aran regional şöbəsinin müdiri Yaqut Bahadurqızı giriş sözü ilə böyük şairimizin bənzərsiz yaradıcılığından, qəlblərdə əbədi sevgi yuvası qurmasından danışdı.

Bu gözəl yubiley tədbirində hər şey yerli-yerindədir. Gənclər növbə ilə şairin şeirlərini söyləyir, xanəndə və müğənnilər muğam və mahnılar səsləndirir, sözü, istəyi olanlar çıxış edirlər. Səhnə kənarındakı iri monitor da elə qurulub ki, Məmməd Araz bir an belə bu gözəl məclisdən ayrılmır. Sanki şair bu dünyadan köç etməyib, heç yerə getməyib... Doğmaları, oxucuları, sevdikləri haradadırsa, o da oradadır. Bu böyük salonun hər yerində onun səsi, sözü eşidilir, hara baxsan Məmməd Araz görünür. O, iti addımlarla yeriyir, o, şeir söyləyir, o, şeir dinləyir, o, dostları ilə birgədir, o, ulu öndərlə söhbət edir, o, həyat yoldaşı ilə, qızları, nəvələri ilədir, o, oxucuları ilə bir yerdədir, o, həmişə oxucularıyladır...

O, özünün 80 illik yubileyinə gəlib...

Çıxışlardan:

Vaqif Alıyev – Kürdəmir Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri: "Böyük şairin Kürdəmirdə olan pərəstişkarlarının sevincini bu gün bu böyük salona diqqət yetirərəkən hər bir iştirakçının baxışlarında daha aydın görürük...”

Sabir Rüstəmxanlı – Azərbaycanın xalq şairi, millət vəkili: "Məmməd Arazla eyni vətənin, eyni torpağın övladı olmaq xoşbəxtlikdir...”

Sabir Rüstəmxanlı özünün şeirini də söyləyir.

Rəşad Məcid – Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru: "... Bütün bunlar Məmməd Araz poeziyasına misilsiz məhəbbət nümunələridir”.

Rəşad Məcid sevimli şairimizin dalbadal üç şeirini söyləyərək alqışlanır.

Gülxanım İbrahimovaBöyük şairin həyat yoldaşı: "Mən Məmməd Arazın yarımçıq qalmış şeirlərini, sanki iri həcmli şeirlər əvəzi olan qısa-qısa misralarını, indiyəcən çap olunmamış nələri varsa hamısını toplayıb hazırlayıram, mən o kitabı oxuculara, sizlərə çatdıracağam...”

Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Əli Nur, III Respublika muğam müsabiqəsinin qalibləri Mirələm Mirələmov və Nigar Şabanova öz çıxışları – söylədikləri şeirlər, oxuduqları muğam və mahnılarla tədbiri daha da gözəlləşdirir, şirinləşdirirlər.

Aqil Abbas – yazıçı-publisist, millət vəkili: "Məmməd Araz poeziyasının pərəstişkarlarına, bu günkü tədbir iştirakçılarına, Kürdəmir camaatına, Kürdəmir rayonunun rəhbərliyinə Məmməd Araz ailəsi adından dərin təşəkkürlərimizi bildirirəm...”

Bir nüans. Son vaxtlar belə tədbirlər üçün görünməmiş bir əlamət, bir ovqat! Fasiləsiz olaraq 3 saatdan artıq davam edən tədbirdən sonra da iştirakçılar salondan çıxmağa tələsmirdilər...

P.S. Reportajı hazırlayan bir müəllif kimi mənim də ayrıca deyəcəyim var. Biz 70-ci illərin tələbə-gəncləri, Məmməd Araz pərəskiştarları yaşı hələ 40-a çatmamış cavan şairə canlı klassik deyirdik. Cəmiyyətin bütün ağıllı zümrəsi də beləcə.

 

 

MƏZAHİR ƏHMƏDOĞLU

 

Ədalət.-2013.-15 may.-S.5.