NURLU ADAM

 

Qarşımda bir məktub vardır. O, müdriklər, uzunömürlülər və ağsaqqallar diyarı Lerikdən gəlmişdir. Lerik rayon Ağsaqqallar Şurası tərəfindən mənim adıma ünvanlanan bu məktubda Əməkdar jurnalist, "Qızıl qələm"li yaradıcı ziyalı Həmzə Ruhulla oğlu Vəliməmmədovun qarşıdan gələn baharda 75 yaşının tamam olacağını xəbər verir.

Nədənsə dərin bir fikirə getdimbu məqamda Lerikdən mənə ünvanlanan 9 noyabr 2008-ci il tarixli bir məktub gəlib gözlərimin önündə durdu. Hüsni-xətlə yazılmış, məzmunu dolgun, sözləri səmimi məktubun müəllifi Həmzə müəllim idi. O məni Lerikin ağsaqqalları və ziyalılıarı adından salamlayır, iki il əvvəl "Ovqat" verlişində mənə qulaq asdığını, mənimlə görüşməkçün Şəkiyə gəlmək istəsə də, səhhətinin buna imkan vermədiyini yazırdı. Məktubunun hər bir sətirində Həmzə müəllimin özünə, ətrafına və dünyasına qarşı hörmətlə və məhəbbətlə vuran ürəyinin döyüntüləri hiss edilirdi. "Dünən Təbrizdən qayıtdığını, müalicə olunduğu müddətdə Şəhriyarın məzarını ziyarət etdiyini, ev muzeyində isə iki saat oturub çay içdiyini" fəxarət və məmunluqla mənim diqqətimə çatdıran Həmzə müəllimin məktubu bu sözlərlə qurtarırdı: "Bu gün səhər tezdən nəvəm məni yuxudan oyatdı: "Baba sevdiyin şəkili Vaqif Aslan yenə "Ovqat"ın qonağıdır" dedi. Böyük maraqla, acgözlüklə sizə qulaq asdım, şeirlərinizi və söhbətinizi dinlədim. Allah sizi qorusun. Şəkini görmək arzusundayam. Qismət olsa, əlinizi sıxaram, həmsöhbət olaram. Uğurlar, cansağlığı arzulayıram. Dərin hörmətlə".

Bu hadisədən sonra vaxtaşırı telefonlaşdıq və bir bahar günü Həmzə müəllimi Şəkidə qarşılamaq şərəfinə layiq görüldüm. Qarşımda qarayanız, ortaboylu, dolubədənli, ürəyindən doğan Günəşin şəfəqləri sanki üz-gözündə şölə verən, təbəssümü ulduz-ulduz sayrışan nurlu bir kişi dayanmışdı. Amma bu nurlu kişinin çöhrəsində kölgə kimi görünən kədər də var idi. Oturuşu və duruşundakı ağırlıq, yerişindəki ləngər, danışığındakı kəsəlik onun klassik Azərbaycan kişisi olmasından xəbər verirdi. Həmzə müəllimi Şəkiyə qədər, səhv etirmirəmsə, birisi gənc, ikisi yaşlı olmaqla üç nəfər müşayiət etmişdi. O ləyaqətli gəncin adı yadımda qalmasa da, o iki yaşlı adamdan birinin adının Akif, digərinin adının isə Hidayət olduğunu xatırlayıram. Onların Həmzə müəllimə necə bir qayğıkeşliklə yanaşdıqlarını gördükcə insan səmimiyyətinin böyüklüyünə heyran qalırdım. Akif müəllim də, Hidayət müəllim də ondan çox nigaran idilər. Ayrılıq məqamında onlar mənə dedilər: "Həmzə müəllim sənə əmanətdir, sən də Allaha ".

Mənim yanımda dostum və qələm dostum Rəsul İlməddinoğlu var idi. Daha dəbdə olmasa da, onun köhnəlmiş "QAZ -24"-ü ilə gəzəcəkdik. Həmzə müəllim hər addımda Şəki ilə Lerik arasında bir oxşarlıq görürdü. Bizim Kiş kəndini üç tərəfdən əhatə edən dağların əzəməti və hündürlüyü ona qəribə təsir bağışlayırdı. Onun evimizə gəlişi bizim üçün unudulmaz bir xatirəyə çevrildi. Keşməkeşli həyatı, valideynləri, qohumları, dostları haqqında etdiyi söhbətləri yaddaşımıza köçürdük. Həmzə müəllim övladlarından elə bir fəxrlə danışdı ki, bizim də ürəyimiz dağa döndü. Və birdən... nurlu simasında həmin o kölgəli kədər göründü. Mən isə nədənini bilməsəm də, o kədəri görən kimi tanıdım. Vaxtsız itirdiyi ömür-gün yoldaşı Səlminaz xanım haqqında danışmaq onun üçün çox çətin idi. Özünü tox tutan, şaxını sındırmayan Həmzə müəllim çiynində saxladığı göylərin ağırlığından dizə qədər torpağa batan Antey təsiri bağışlayırdı.

Olduğu qısa müddətdə Həmzə müəllim kəndimizin və Şəkimizin görkəmli yerləri ilə tanış oldu. Ancaq o hələ əvvəlcədən xahiş etmişdi ki, kimliyi və Şəkiyə gəlişi barədə heç bir rəsmi şəxsə məlumat verməyim. Bu da mənim ürəyimdən olmuşdu.

Çox təəssüflər olsun ki, Həmzə müəllim Şəkiyə çox az müddətə gəlmişdi. Bəlkə də, o məni çox sevindirməkdən qorxmuşdu. Qorxmuşdu ki, Vaqif Aslan sevincin çoxluğuna davam gətirməz.

Bundan sonra Həmzə müəllimlə daha bir dəfə görüşmək qismətim oldu. O, Balakənə yaxın bir qohumunu görməyə gedirdi, mənimlə görüşmək üçün yolüstü Şəkidə əyləşmişdi. Amma bu dəfə mənim dostum və qələm dostlarımla - Rəsul İlməddinoğlu, Ramiz Orsər və Çingiz Nağıyevlə birlikdə çay süfrəsi arxasında əyləşməli olduq. Bu bir saatlıq görüş Həmzə müəllimi Balakənə yola salmaqla başa çatdı.

Yenə vaxtaşırı telefonlaşırdıq. Dünyanın və özümüzün ovqatı necə olursa, biz də elə oluruq - Şəkinin və Lerikin, onların da fonunda dünyanın taleyini yaşayırıq. Biz də Həmzə müəllimlə birlikdə üzü bahara doğru gedirik.

 

Dostdan yazmaq da çətin, dosta yazmaq da çətin...

Kökü Allahdan gəlir insana məhəbbətin.

Atabir, anabirlər çoxsada bu dünyada,

Dar gündə, dar ayaqda həm dost düşür yada.

Müqəddəsdir ocaqlar, ziyarətlər pirlər...

Bununçün dost olurlar hər yerdə ruhubirlər.

Ruh kimi yaranışdan hamımız bir yaşdayıq,

Harada, hayanda olsaq, dost yanında başdayıq.

Rəvadırmı ki, dostlar arabir görüşməsin?

Dost sayılan kimsələr dost gözündən düşməsin.

Dost hər deyəndə olmur, olursa-başa tacdır.

Çünki dost insan üçün daim halal qazancdır.

Bir qarından çıxmadan, bir beldən gəlmədən

Doğmalaşmaq olarmış, olsan Allaha bəndə.

Dostluq halal qazancdır, bərəkəti bol olsun!

Gələcək nəsillərə xeyirli bir yol olsun!

75-in mübarək, əcəb şans düşüb mənə.

Dostların sevgi bəslər, Həmzə müəllim, sənə.

 

 

Vaqif ASLAN.

AYB Şəki bölməsinin sədri,

AMİ Şəki filialının baş müəllimi,

AMEA Folklor İnstitutu

Şəki sektorunun rəhbəri

 

Ədalət.-2013.-15 may.-S.6.