NEXT - ÖZGƏ MİLLƏT

 

Yusif Həsənbəyin "Azərbaycan" jurnalının 12-ci nömrəsində (2012-ci il) çap olunmuş növbəti romanı belə adlanır.

g 1988-ci ildə Yusifin "Kommunist" qazetində çap etdirdiyi "Ellərin Kür məhəbbəti" adlı şeirini xatırladım. Ciddi fəlsəfi və sosial səpkili bu şeirdə təbiətin bu dilbər guşəsinin insan qayğısına ehtiyacı olduğu göstərilirdi. Doğrudan da o zamanlar Kür çayı tez-tez məcrasından çıxır, çirkab sularının toplandığı bataqlıqlar antisanitariya ocaqlarına çevrilirdi. Qonşu dövlətlərin ərazilərində fəaliyyət göstərən qurğuşun, nikel zavodlarının kimyəvi tullantıları Kürün sularını zəhərə döndərirdi. Şairin səsini eşidirik:

 

Kürə qayğı yoxdur desək,

yalan olar!

Kürlə bağlı qərarları

çin-çin düzsək,

"Min bir gecə" dastanından

qalın olar!

 

Yusif Həsənbəy şair, nasir, dramaturq kimi püxtələşdikcə inkişafın, tərəqqinin ayağından çəkən problemlərə daha dərindən nüfuz edir. Müəllif zəbt olunmuş torpaqların azad olunmasının, qaçqın və köçkünlərin doğma yerlərə qayıtmasının mümkünlüyünü "Next-özgə millət" romanı boyu cərəyan edən hadisələrin fonunda göstərir.

Next kimdir? Və xalqa yad, millətə yabançı, özcə millət deyəndə müəllif kimləri nəzərdə tutur?

Bakıda Dəmir yol vağzalının perronunda "CB" vaqonuna tərəf ağır-ağır addımlayan çesen qadını Mədinə böyründən keçən naçilşik-arabaçının birdən yerində donub ona zilləndiyini görüb. Heyrətlənir:

- Noolub? Yolunu düz gedə bilmirsən? Nə baxırsan? Adın müsəlmandı, ancaq özün parazit! Sənin arvadun-zuddun yoxdu bəyəm?

- Varımıydı, indi yoxdu!

- Bəs nooldu?

- Ağdərədə qaldı.

- Siz Ağdərəni padnosda podarka verdiniz armelay gavurlara.

- Hə də, verdik. Elə arvadım da orda qaldı.

Yumruqları havada oynadı Mədinənin:

- Sənnən Azərbaycana övlad olmaz! Sən onun torpağına yad, dininə ləkə, millətinə özgə olan Nextsən! - deyərək tənəsinə bir qapaz endirdi.

Yusif mənim tələbə yoldaşım idi. Ötən əsrin 50-60-cı illərində V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alırdıq. Sevimli yazıçımız, həm də dünya ədəbiyyatının səlis bilicisi İsmayıl Şıxlının rəhbərlik etdiyi "Ədəbi Gənclik" dərnəyinin fəal üzvlərindən biri də Yusif idi.

Mən təbiətən sakit, amma tez-tez öz aləminə qapılan gənc şairin gələcəkdə sanballı əsərlər yaradacağına böyük ümid bəsləyirdim. Bu gün o, üslub və mövzu orijinallığı, yazı manerası və dərin müşahidə qabiliyyəti, mahiyyətə fəal nüfuz etməkı səriştəsiylə seçilən və sevilən yazıçılarımızdan biridi. Hər bir millətin ucalığına yabançı olan nextlərin - bu üzü dönük, qəlbi pozuq, satqın, nankor, düşük insanların nifrət hədəfinə çevrilməsi yazıçının vətəndaş mövqeyini açıqlayır.

Romandakı hadisələr gərginləşdikcə şəxsi hisslər öz sərhədlərini aşır, ortaya çıxan problemlərin həlli zamanı milləti millət edən şərtlər ön plana çəkilir. Qara dənizdəki "Kompozitor Qara Qarayev" gəmisini fəlakət gözləyir. Ermənilərin Moskvadakı havadarları Moskvadakı Gəmiçilik Nazirliyinin əliylə gəmimizi daşnaklara frakta verməsini planlaşdırmışlar. Niyyət baş tutarsa Azərbaycan hökuməti milyonlarla valyutan itirmiş olar. Vəziyyətdən çıxış yolu gəmi kapitanına Xəzər Dəniz Gəmiçiliyi rəisinin məktubunu çatdırılmaqdı. Tərslikdən Qara Dəniz sahillərinə təyyarə uçuşları da ləngidilir. Vəziyyətdən çıxış yolu varmı? Var! Məktub qatarla aparılmalıdı. Lakin Bakı-Moskva yolunun Çeçenstandan keçən hissəsi döyüş əməliyyatlarıyla cəhənnəmi xatırladır. Müəllif qatarı Çeçenistandan keçirməklə oxucuları, bu millətin vətənpərvər insanları ilə tanış etmək, onları başqalarına görk etmək imkanı qazanır. Bu torpağın qanla yoğrulan hər bir qarışı vulkan kimi püskürür. Məmə yeyəndən pəpə yeyənəcən bütün övladları Sovet imperiyasının zülmündən xilas olmaq arzusuyla yaşayır. Burda bütün xalq sıxılmış yumruq kimidir. Çeçen qadınları kişilərindən daha qətiyyətli, daha dönməzdilər. Onlar balalarının torpaq uğrunda qəhrəmancasına həlak olmaları ilə fəxr etməklə kifayətlənmir, hələ bundan sonra dünyaya gətirəcəklərinin də bu mübarizədə qəhrəmanlıqla döyüşəcəklərinə əminlik bildirirlər. Çeçen uşaqları qorxu bilməzdilər. Çeçen xarakterini daha qabarıq göstərmək üçün müəllif emosiyaları coşduran, güclü təsirə malik hadisə və epizodlar qurur. Əsər boyu inandırıcı, real, bədii lövhələrlə qarşılaşdıqca müəllifin çeçen adət və ənənələrinə bu dərəcədə bələdliliyinə heyran qalırsan. Qatar ormanlardan, dərin dərələrdən keçərək irəlilədikcə torpaq bütövlüyü ilə mübariz insanların bütövlüyü yeni-yeni boyalarla qabardılır, insanı rəqqətə gətirir. Bir ovuc xalqı ilə bu diyar milli müstəqillik uğrunda vuruşan bütün xalqlar üçün nümunəyə çevrilir. Yalnız çeçenlərin deyil, şəhid olmuş digər xalqların nümayəndələrini də ana torpaq öz doğma övladı kimi ağuşuna alır. Bir qrup çeçen-türk şəhidinin dəfn olunması mərasimində Mədinənin iştirakı, onun ötkəm, qətiyyətli qərarları rəğbətlə qarşılanır. Mədinənin dediyinə görə çeçənlər arasında doğma, ögey söhbəti yoxdur. Bütün çeçenlər anabir, atabir sayırlar özlərini. Buradakı əslən türk olan şəhidlər də hamıya doğmadır. Mədinə deyir ki, şəhid partizanlar anadan olduqları bizim Nohurlu aulunda yox, elə bu cəbhə xəttində - elə bu ərazidə çeçen analarının gözü qarşısında basdırılmalıdı. Mədinə general Batay Basmanın arvadıdır. Ana olmağa hazır qadının dünyaya uşaq gətirməsi üçün hər yerdə, hətta xarici ölkələrdə belə istənilən şərait yaradıla bilər. Lakin o, bütün bunlardan imtina edir. "Mən balamı heç Amerikada, heç Məkkədə də yox, Çeçen torpağında dünyaya gətirməliyəm. Mənim körpəm Çeçenistanda doğulmalıdır! İndi bizim səmamızda qurğuşun külləri, dəmir tozları, hər cür tüstü yağları bir-birinə qarışıb. Kislataya çevrilib havamız. Balam ilk nəfəsini bu torpaqda almalıdır. Bu zəhərli hava hopmalıdır balamın ciyərlərinə! Onda hər cür zəhərə qarşı immunitet yaranmalıdır ki, gələcək mübarizələri qələbələrlə başa vursun". Budur, çeçen qadınlarının öz balalarını gələcək mübarizəyə hazırlamaq yolları. Mədinə yas yerində də xalqı mübarizəyə kökləyir. Şəhid ərinin cənazəsi üstündə qan-yaş tökən gənc qadına deyir ki, ağlamaq, göz yaşı bizə heç nə verməz. İndi boşalan sıraları igidlərlə doldurmaq, dünyaya mümkün qədər çox övlad gətirmək tarixi və şanlı vəzifədir.

Hər bir xalqın ləyaqətli, igid övladları kimi alçaq, rəzil nextləri də olur. Razaq Raquna adlı biri bir zamanlar qatarlar saxlamış, vaqonlar açmış soyğunçuluq etmişdir. İnd idə vaqonlara soxulan Raquna Mədinənin boynundakı medalyona, jurnalistin qızıllarına tamah salır. Bunu başa düşən Mədinə Raqunaya deyir ki, mən sənin kimi nextlərin başına güllə çaxardım. Cəsədlərinizi də Çeçenistanda basdırmağa qoymazdım. Yandırardım ki, next bakteriyaları bulamasın torpağımızı. Lakin sonradan Raqunanın quldurluğunun əsl səbəbi üzə çıxır. O, topladığı pullarla xarici ölkəyə getmək, orada başına dəstələr toplayıb Vətənə qayıtmaq, burdakı azadlıq müharibəsinə qoşulmaq istəyirmiş.

Romanın nəzəri cəlb edən sürətlərindən biri də Yıldız Nurcadır. Müəllim-öyrətmən olan bu partizan indi vaqonlarda bufetçi vəzifəsini yerinə yetirir. Boynundan asdığı səbətdən limonad, kefir sata-sata vaqonları gəzir. Əslində onun etdiyi alış-veriş yalnız gözdən pərdə asmaqdır. Amma səbət-karzini qranad və bombalarla doludur. Bir ayağından şikəst olan Nurca Çeçenistana gələn, Çeçenistandan Azərbaycana, eləcə də hər hansı bir ölkəyə gedən döyüş sursatlarıyla dolu qatarları partladır, dünyanın hansı nöqtəsində olursa-olsun baş verə biləcək qırğınların qarşısını almaq üçün gizli şəkildə məharətlə iş görür. Bu çəlimsiz, təvazökar insan oxucuların nəzərində əsl xalq qəhrəmanına çevrilir.

Əsərdə olduqca maraqlı, ziddiyyətli surətlərdən biri də Şahmalı Muradovdur. O, Laçında Milis mayoru vəzifəsində çalışmışdır. Qarabağ müharibəsinin tüğyan etdiyi belə dar macalda o da öz canının hayına qalaraq əvvəl Moskvaya, oradan da Türkiyəyə mühacirət etməyi planlaşdırır. Müəllif el-obasını tərk edən mayoru danlamır, ittiham, tənbeh etmir, ləyaqət hissini itirməkdə, satqınlıqda, simasızlıqda, qorxaqlıqda günahlandırmır, ona "sənin yerin müharibə meydanı, döyüş yeridir" demir. Onu elə bir mühitə atır ki, ətrafda baş verən bütün hadisələr, gözlərinin qarşısında dəyişən, təzələnən insanların baxışları, çeçen partizanlarının mübarizə əzmi, qələbə ruhu yalançı tapança gəzdirən mayora "sən xalis nextsən", deyir. Vaqon bələdçisinin öz vəzifəsinə olan məsuliyyətli münasibəti, Mədinə və Nəynə ilə aralarında olan söhbətlər, çeçen türklərinin dəfn mərasimləri, torpaq uğrunda hərak olan qəhrəmanların papaqlarının şərəflə gəzdirməyə layiq olanların təqdimat səhnələri, Nurca ilə olan söhbətlər, hərbi sursat daşıyan eşalonun göyə sovrulması təntənəsi Raqunanın soyğunçuluq yolundan daşınaraq partizanlara qoşulmaq faktı da mayorun mənəviyyatında müsbət dönüşlər yaradır.

Yazıçı belə bir qənaətə gəlir ki, bəzən inam ruhunu yaratmaq üçün insanın bütün varlığını çalxamaq lazım gəlir. Onun yaratdığı çeçen döyüşçülərinin modeli mayorun təbiətində baş verən təbəllüatlar öz səmərəsini verir. Mayorun düzməramına oxucu inanır, buna şübhə yeri qalmır. Qaçqın və köçkün didərginliyindən, ürəkləri riqqətə gətirən müxtəlif səviyyəli bədii yazılar çox oxumuşuq. Dərdimizdi deyirik, danışırıq, yazırıq. Amma təəssüf ki, qaçmışların doğma torpaqlara qayıtması yollarını əks etdirən, bu bəşəri problemi geri dönüş imkanlarını və yollarını göstərən əsaslı, samballı bir əsər oxumamışıq. Bu nöqteyi-nəzərdən qətiyyətlə demək olar ki, Yusif Həsənbəyin "Next-özgə millət" romanı Azərbaycan nəsrində yeni hadisədir.

Əgər romanın bədii təsvir vasitələrindən, sujet xəttində bir-birini tamamlayan və gücləndirən uğurlu tapıntılarından danışmasaq fikrimizin tamlığına xələl gətirmiş olarıq.

Romanda yerinə düşən təbiət təsvirləri, hadisələrə fəal müəllif yanaşmaları şübhəsiz ki, gərgin axtarışların müvəffəqiyyətli nəticəsidir. "Səmada yumurta sarısına oxşayan bürkü layları bulama kimi öz-özünə burulub qatılaşır. Qaynar hava qatları bu bulamanı nehrə kimi çalxalayırdı", "Korrupsiya da, mafiya da, rüşvət də qara ilandır, sarmaşıb boğazımıza", "Nəfəsini çəkəndə cod bığları burun pərələrinə təpilir, buraxanda ordları zurnaçı ordları kimi şişirdi". "Vaqon yuxu çaşdıran qarı nənənin barmaqları ucundakı beşik kimi yırğalanırdı". "Gözlərindən qırma kimi səpələnən yaş damlaları koftasının yaxasını, ətəklərini də qaraltmışdı", "Su içən ilanı, beşik yırğalayan ananı, Allaha ibadət edəni ödürmək çox ağır günahdır" və s.

Yusif, qardaşım, çox yarpaqlar tökülüb, çox sənələr ötüşüb. Tələbəlik dostlarımızı barmaqla sayılan yadigarlarından biri kimi sənin uğuruna sevindim, qələminə məftun oldum. Lakin hadisələrin gələcək inkişafına - təzə bir romanın yazılacağına güman yeri var. Axı, "Kompozitor Qara Qarayev" gəmisinə məktub aparan şair hələ də yoldadır; Tuyans limanına çatmayıb...g

 

 

Tomas İsmayılov,

Əməkdar müəllim

Filoloji elmlər namizədi

 

Ədalət.-2013.-1 may.-S.7.