Torpağın dostu sahibkardır

 

(əvvəli ötən sayıımızda)

 

Beləcə işə başlanılır. Salyan rayonu ərazisində 70 hektar sahədə üzüm, 80 hektar sahədə isə nar bağı salınır. "Amerika gavalısı" adlanan bağa isə 20 hektar ayrılır. İşçi qüvvələri səfərbər edilir, sahələrə su kanalları, yollar çəkilir. Torpaqla insanın mübarizəsi başlayır. Hər şeyin ilki çətin olduğu kimi bu fermer təsərrüfatının da ilk günləri çətinliklə başlayır. Ağır zəhmətin nəticəsi də son anda uğurlu olur. İndi bu təsərrüfat haqqında nəsə demək olardeyilir də.

 

"Torpaq uşaq kimidir..."

 

Xeyli yorğun olmasına baxmayaraq "jurnalist dili" ilə Ələddin müəllimi söhbətə cəlb etmək istəyim nəhayət baş tutur. Yavaş-yavaş bu sahibkar öz işi barəsində həvəslə danışmağa başlayır:

- Elə fikirləşmə ki, heç bir jurnalist qonağım olmayıb. Müxtəlif qəzetlərdən, televiziya kanallarından bu təsərrüfat barəsində materiallar dərc olunub, sujetlər verilib. İndi təsərrüfatda işlərin qızğın çağıdır. Torpaq da uşaq kimidir, gərək həmişə nazını çəkəsən. Bir-iki gün əlin işdən soyudu, həmin sahə sənin deyil. Yaz olduğundan alaq otları aləmi götürüb başına. Ona görə də işimiz indi daha çoxdur. Əslində əkinçinin, bağbanın işi həmişə var. Ancaq yaz-yay aylarında doğrudan dincliyimiz yoxdur. Bir ildən çoxdur ki, mən öz evimə gedə bilmirəm. Novruz bayramında da səhər gedib, axşam qayıtmışam. İşin üstündə özüm olmasam əmələ gəlmir, ürəyimə yatmır. Açığı işçilər bəzən mənim humanizmimdən istifadə edirlər. Bu təsərrüfatda 60 nəfərdən çox adam çalışır, 200-300 manat arasında da ayda onlara məvacib verirəm. Ancaq görürsən ki, bəzən onların işinə nəzarət etməyəndə nəticə gözlənildiyi kimi alınmır. Nə bilim, bəlkə də mənə elə gəlir. Nə deyirsən, bəlkə söhbətimizi anbarda davam etdirək?

Razılaşırıq, yaxınlıqdakı anbara getmək üçün maşına əyləşirik: "Çöl-bayır adamının maşını elə toz-torpaqlı olar. Sahələri hər gün bu maşınla gəzirəm, yoxsa çatdırmaq olmur".

Doğrudan da maşında toz-torpaqdan başqa çöl adamına məxsus rezin çəkmələr, su dolu qablar, kənd təsərrüfatı alətləri "meydan sulayır".

 

Məhsulların qorunduğu və qurudulduğu yer

 

"Ofisdən" o qədər də uzaq olmayan anbara getmək üçün o qədər də vaxt sərf etmədik. Axşama hələ xeyli qalsa da, hava qaralmağa başlamışdı. Narahat-narahat göyə baxıb dərindən nəfəs aldı, deyəsən yağışın yağmasını heç istəmirdi.

"Ələddin Fermer" MMC öz məhsullarını saxlamaq üçün istehsal gücü 5000 tonluq soyuducu kamera inşa edib. Ümumi sahəsi 3 hektar olan bu ərazidə tikintiyə 2005-ci ildə başlanılıb. Hündürlüyü 12 metr olan bu anbarda 15 kamera var. Avadanlıqları İtaliyanın "Kapelan" firmasından alınıb. Metal konstruksiyasını və beton işini "AzərNeftKimya" ASC quraşdırıb. İşıqlandırma sistemini isə türkiyəli mütəxəssislər başa çatdırıblar. Məhsulları qablaşdırmaq üçün yeşik istehsal edən sex də artıq bu təsərrüfatın ixtiyarındadır. İstehsalı daha dinamik idarə etmək üçün 2010-cu ildən meyvəqurutma sexinin tikintisinə başlanılıb. Yaxın vaxtlarda inşası başa çatacaq bu sexdə hər növ meyvə qurudulacaq. İstehsal gücü 580 ton olan bu sexin də avadanlıqları və quraşdırılması yenə də etibarlı tərəfdaşa həvalə edilib. İtaliyanın "Kapelan" firması, "AzərNeftKimya" ASC və Türkiyədən olan "İzapoli" şirkəti hündürlüyü 12 metr olan bu sexi yaxın vaxtlarda ərsəyə gətirəcəklər.

 

Urumçidə Azərbaycan sözü

 

Bu fermer təsərrüfatı son vaxtlar yaranmasına baxmayaraq qısa vaxtda xeyli uğur qazanması nəticəsində ölkədə öz layiqli yerini tapıb. Buna görə də 2006-cı ildə Çin Respublikasının Urumçi şəhərində 50-dən çox ölkənin iştirak etdiyi rəsmi tədbirdə Azərbaycanı "Ələddin Fermer" MMC-nin sədri Ələddin Fərəcovla Konstitusiya Məhkəməsinin nümayəndəsi Müsəddiq Məmmədov təmsil etmişlər. Ekologiya, kənd təsərrüfatı və hüquq işçilərinin iştirak etdiyi bu mötəbər məclisdə Ələddin müəllim də çıxış etmişdir.

Bir həftə davam edən bu beynəlxalq tədbir onunla nəticələnmişdir ki, Ələddin müəllimə deklorasiya verilməklə bərabər, Urumçidə Azərbaycanın şərəfinə xüsusi abidə ucaldılmışdır. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr bu abidə önündə Azərbaycan haqqında təəssüratlarını söyləmişlər.

Qayğılar da, arzular da sonsuzdur

Çətinliklə sözə başlamasına baxmayaraq təsərrüfatı haqqında inamla danışan sahibkar Ələddin Fərəcov qayğılarını, istəklərini də bölüşməyi unutmadı:

- Bildiyiniz kimi, meyvəqurutma sexi yaxın vaxtlarda tam hazır olacaq. Oranın da öz tələbləri, öz qayğıları var. Tələb demişkən, yaxın əlaqədə olduğumuz Rusiyanın "Maqnit" firması bizimlə daha sız münasibət qurmaq istəyir. 690 ticarət şəbəkəsi olan bu firma gündə məndən 2 maşın məhsul istəyir. Bunu ödəmək üçün bilirsən nə qədər iş görmək lazımdır? Buna əl qoymaq yaxın vaxtların işi deyil. Yaxın vaxtlarda imkanımız daxilində istixanalar inşa edəcəyik. Bu istixanalarda pomidor, xiyar yetişdirmək məqsədimiz var. Düzdür, bu iş də xeyli əzab-əziyyət, diqqət tələb edir, ancaq müasir bazarla da hesablaşmaq lazımdır. İnanıram ki, sahibkarlara yaradılan çox münbit şəraitdən istifadə edib məqsədimizi həyata keçirə biləcəyik.

Meydan sizinkidir, sahibkarlar! Əliniz işdən heç vaxt soyumasın!

 

 

Səxavət Məmmədli

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

Ədalət.-2013.-1 may.-s.7.