Yüz yaşa, yazıçı Yaşar

 

"Mənim yazıçı işləmək imkanım yoxdu"

 

"Həyata öyrəşdiyin kimi ölümə də öyrəşirsən"

 

Yaşarın istedadlı yazıçı olduğunu ədəbi ictimaiyyət çoxdan qəbul edib. İlk hekayələri - "Canavar", "Oğul" dərc olunan gündən oxucular mətbuatda bu imzanı axtarır. Yaşar isə kəmiyyət arxasınca qaçmadığından az yazır. Ötən bu illər ərzində yazıçının "Tabut", "Rahatlıq", "Dəfn", "Zarafat", "Ayrılıq" və s. hekayələri çap olunub. İllər demişkən, Yaşarın 50 yaşı tamam olur. Yubilyarın yaradıcılıq işləri bu hekayələrlə məhdudlaşmır. "Divar" hekayəsi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb. Onun dünya ədəbiyyatından etdiyi tərcümələr Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Xəzər" jurnalında dərc olunub. Maks Frişin, Bertolt Brextin dünya teatrlarında tamaşaya qoyulan pyeslərinin qəhrəmanları Yaşarın tərcüməsi sayəsində Akademik Milli Dram Teatrının səhnəsində Azərbaycan dilində danışırlar.

Yaşar təkcə yazıçıların deyil, biz jurnalistlərin də həmkarıdı. Ötən əsrdən, lap dəqiqi, 1995-ci ildən "525-ci qəzet"in redaktorudu. Müəllifi olduğu "Şənbə qonağı" rubrikası bu qəzetin səhifələrində maraqla oxunub.

Xalq yazıçısı, görkəmli yazıçı-dramaturq Elçinlə müsahibəsi ayrıca kitab kimi dərc olunub. Özü demişkən, müsahibədə Elçin ədəbiyyat adlı böyük bir dünyanın maketini təsvir edə bilib.

Yüz il yaşamasını arzuladığımız Yaşarla 50 illik yubileyi ərəfəsində 5 sual ətrafında söhbətləşdik.

- 50 yaş sizin üçün nədir? İnsan ömrünün ekvatoru, yaxşı səslənən rəqəm, yoxsa...

- Sözün açığı özümü 50 yaşlı insan kimi hiss etmirəm. 20-25 yaşım olanda 50 yaş haqqında tamam başqa cür fikirləşirdim. Bu yaş mənə daha əzəmətli görünürdü. Amma indi görürəm ki, bu, cavanlıqda təsəvvür elədiyim kimi deyilmiş. İndi daha çox 80 yaş barədə düşünürəm. Allah ömür versə, 80 yaşımda da yəqin elə indi keçirdiyim hissləri yaşayacam.

İnsan ömrünü pillələrə bənzətsək, 40 yaşına kimi sanki sən o pillələri qalxırsan, 40 yaşından sonra isə pillələri enmə mərhələsi başlayır. Məlum məsələdir ki, enmə prosesinin özü sürətlə baş verir. Gənc yaşlarında sənə elə gəlir ki, illər çox ləng gedir. Yaşa dolduqca isə zamanın necə sürətlə ötdüyünün şahidi olursan. Mən indi bu ovqatdayam. İnsanın canında qəribə bir xof var. Xüsusi ilə yetkinlik yaşında bu xofu hiss edirsən. Bəzən sənə elə gəlir ki, bu gecə yatdın, səhər oyanmaya bilərsən. Lakin yaşa dolduqca həyata öyrəşdiyin kimi, ölümə də öyrəşirsən, ölümlə doğmalaşırsan.

- Ötən dəfə dostlarımızın birinin məclisində dediniz ki, xeyli vaxtdır içimdə yeni bir əsəri gəzdirirəm, amma oturub yazmağa imkan tapmıram. İllər boyu bu hisslə yaşamaq çətin deyil?

- Həmişə məndən soruşurlar ki, niyə az yazırsan? Az yazmağımın sadə bir səbəbi var. Bu vaxta kimi yazdığım hekayələr üzərində çalışanda hər şeydən təcrid olunmaq imkanım olub. Rəhmətlik atam sağ idi, qazanıb gətirirdi. İşləməyə ehtiyacım yox idi. Əsas yazdıqlarım da elə o illərə təsadüf edib. Amma illər ötdükcə evin, ailənin, övladların qayğısı məni oturub hekayə yazmaqdan məhrum elədi. Yazmaq istədiyim obrazlar yox, öz obrazım və doğma obrazlarım haqqında daha çox düşünməyə məcbur oldum. Çünki ailəni dolandırmalı, qayğıların, problemlərin həlli yollarını axtarmalı idim. Ona görə də tərcümələr eləməyə başladım. Sən də yaxşı bilirsən ki, son illər tərcümə ilə intensiv məşğul oluram. Bunun müqabilində aldığım qonorar da bayaq dediyim problemlərin bir qismini həll etməyə imkan verir.

- Bayaq dediniz ki, "niyə az yazırsan" - deyə soruşurlar. Yəqin həm də "niyə ancaq hekayə yazırsan" -deyə soruşanlar da çoxdur...

- Soruşanlar olur. Mənim də cavabım adətən belədir - hekayə yazanda özümü daha rahat ifadə edirəm. Argentina yazıçısı Xulio Kortasar deyir ki, hekayə fotoqrafiya, roman isə kinodur. Mən bu fikirlə tam razıyam. Hekayə elədir ki, fotoqrafiyada olduğu kimi, sən anı tutmağı bacarmalısan. Bu bir anın içərisində mənzərəni elə yaratmalısan ki, orada artıq heç bir detal olmasın. Amma irihəcmli əsərlərdə - povestdə, romanda vəziyyət fərqlidir. Müəllif necə deyərlər, səhifələrlə özünü boş buraxa bilər.

Roman yazmamağıma gəlincə, söhbətin əvvəlində bu məsələyə bir balaca toxunduq. Hekayə yazanda bir həftə, on gün bütün məişət qayğılarından təcrid olunub əsər üzərində işləməyə gücüm çatır. Amma irihəcmli əsər, tutaq ki, roman yazmaq üçün ən azı gərək 5-6 ay hər şeydən təcrid olunasan. Bu da indiki vəziyyətimdə mümkün deyil. Çünki mənim yazıçı işləmək imkanım yoxdu.

- Fransız şairi, tənqidçisi Alen Boske kinonu zamanəmizin ən güclü tiryəki hesab edir. Biz tamaşaçılar bu tiryəklə necə davranaq ki, o bizim axırımıza çıxmasın? Kinonun mətbəxini bilən, dünya kinosunun nəzəri məsələlərinə yaxından bələd olan Yaşar tamaşaçıya nə məsləhət görür?

- Əslində bu gün ciddi kinonun, elə kitabın da əvvəlki dövrlərdəki təsiri qalmayıb. Detektiv əsərlər oxucu beyninə virus salıb onu ciddi ədəbiyyatdan uzaqlaşdırdığı kimi, seriallar da ciddi kinonun qarısına sipər çəkib. Əgər ciddi kino insanı formalaşdırmağı bacarırdısa, seriallar bunun əksini edir. İnsanın beynini qurudur, mənəvi cəhətdən onu keyidir. Mən belə hesab edirəm ki, tiryək məsələsini indiki seriallara daha çox şamil etmək olar.

Dünya, rus, lap milli kinomuzda da elə filmlər olub ki, insanlar bu ekran əsərləri ilə öz həyatlarını qurublar. Təssüf ki, indi belə filmlərə maraq azalıb. Hamı seriala baxır, döyüş, qorxu səhnələri olan filmləri izləyir.

Azərbaycan kinosunda isə məni narahat edən başqa bir məqamdır. 100 illik Azərbaycan kinosunun simasını formalaşdıra bilməmişik. Gürcü filmlərinin titrlərində "Bu, gürcü flmidir" yazmağa ehtiyac qalmır. O dəqiqə bilinir ki, bu, gürcü filmidir. Özbək, hətta türkmən filmlərində belədir. Hələ mən fransız, italyan, amerikan kinosunu demirəm. İran kinosundan da geniş danışmağa ehtiyac yoxdur.

Bu gün Azərbaycan dövləti kinonun inkişafına diqqət, vəsait ayırır, yeni filmlər çəkilir. Lakin hələ biz milli kinomuzun simasını yarada bilmirik. Görünür bu sahədə çox görməliyik. Güclü kadrlar yetişdirməli, kinonun maddi-texniki bazasını müasir tələblərə uyğunlaşdırmalıyıq. Kino kollektiv sənət olduğundan bu məsələlərdən birində problem yarananda digərinin işinə mane olur. Yazıçılıqda tamam fərqli vəziyyətdir. Yazıçılıq intim sənətdir. İstənilən qələm adamı böyük ədəbiyyatı oxumaqla özünü yazıçı kimi formalaşdıra bilər. Kino isə dediyim kimi, kollektiv sənət növüdür.

- Xalq yazıçısı, görkəmli yazıçı-dramaturq Elçinlə müsahibəniz böyük maraqla qarşılandı. Hətta bu silsilə müsahibə "Elçinlə ədəbiyyat söhbəti" adı altında ayrıca kitab kimi çap olundu. Müəllif kimi bu müsahibənin uğur qazanmasının sirrini nədə görürsünüz

- Sən yaxşı bilirsən ki, bir vaxtlar "525-ci qəzet"dəki "Şənbə qonağı" layihəsində müxtəlif sahələrdə çalışan tanınmış insanlarla müsahibələr aparırdım. Bu müsahibələri götürməkdə bir məqsədim var idi. Əvvəllər insanlar bir-birinə məktub yazırdı. Hansısa klassik bir yazıçının, şairin 10 cild kitabı çap edilirdisə, bir cildi onun müasirlərinə, ailə üzvlərinə yazdığı məktublar olurdu. Tutaq ki, Bulqakovun bacısına yazdığı məktublar mənim üçün onun əsərləri qədər maraqlıdır.

Amma indi məktubları mesajlar əvəz edib. Mesaj isə çox qalmır, silinib gedir. Mən fikirləşirdim ki, məktubları indi müsahibələr əvəz edə bilər. Yazıçı kimi mənim üçün maraqlı idi, hansısa bir məsələyə müsahibimin münasibəti necədir, düşünür?

Elçin müəllimlə müsahibənin belə geniş alınacağını fikirləşmirdik. Lakin sonra elə alındı ki, biz onu təsnifatlaşdırdıq.

Təəssüf ki, bu gün jurnalistikaya gələnlər müsahibə janrına adi, səthi yanaşırlar. Elçin müəllimlə müsahibəni 30, lap 50 il sonra da oxumaq olacaq oradakı bir cümlə köhnəlməyəcək. Həmin müsahibənin əsas xüsusiyyəti nədir? Canında, qanında yazıçılıq istedadı olan hansısa bir gəncin institut oxumasına ehtiyac yoxdur. Elçin müəllim bu müsahibədə ədəbiyyat dediyimiz böyük bir dünyanın maketini, xəritəsini, marşrutlarını, yollarını, cığırlarını dəqiq təsvir edib.

Elçin müəllimin yaradıcılığına, ədəbi düşüncələrinə bələd olduğum üçün inanırdım ki, müsahibə uğurlu alınacaq. Həmin müsahibə bir daha sübut etdi ki, həmsöhbət olduğun insanın şəxsiyyətini yaxından tanıyanda, yaradıcılığını dərindən biləndə, necə deyərlər, obyekti düzgün müəyyənləşdirəndə müsahibə maraqlı alınır oxunur.

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.-2013.-4 may.-S.9.