Düşmənlə göz-gözə,
erməni qarının arabada gülməyi, cəhənnəm
dəqiqələri...
Qarabağ müharibəsinin
gerçək hekayətlərini Lent.az-a və "Ədalət"ə
kəşfiyyatçı Rey Kərimoğlu yazır
Layihə: "Kəşfiyyatçının
xatirələri"
Dost-tanış
yaxşı bilir, Qarabağ savaşında döyüşçü
gündəliyi yazmamışam. Yazanlara da həmişə
qibtə eləmişəm. Əvvəllər belə bir
fikrim olub, amma gündəliklərlə bağlı baş
verən bir neçə xoşagəlməz hadisələr
bu işdən daşındırıb məni. O günlər
elə hey beynimdə canlanıb nəsə yazmağa vadar
edir, yəqin yaddaşın elə qatları var ki, orda
yaşayan xatirələr mütləq yazılmalıdır.
Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa
yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt
unudulmur.
Digər
tərəfdən, düşündüm ki, bu həm də o
günləri yaşamış, döyüşlərdə qəhrəmancasına
şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü
nəticəsində sağ qalan insanların unudulmaması, gələcək
nəslə bizim müstəqilliyimizin ilk illərində
yaşadığımız keşməkeşli günləri,
ələlxüsus da torpaqlarımızın erməni
işğalçılarından müdafiəsi məqsədi
ilə çətin şəraitdə milli ordunun yaranması
prosesinin şahidi kimi hadisələri olduğu kimi
çatdırım. Əlbəttə, mən əsasən
1991-1993-cü illərdə gördüklərimi, çox
nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan
eşitdiyim hadisələri qələmə alacam...
Bu da
mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin
bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri
o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec
deyil, nə qədər ki, biz - bu qanlı səhnənin
gerçək şahidləri varıq, bu səhifələri
bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik.
Tamamilə oxunmaz hala gəlmədən...
27-ci yazı
Canyataq, Gülyataq
döyüşü...
Qeyd:
Canyataq, Gülyataq bizə qədər bir dəfə Qatır
Məmmədin (Yaqub Rzayevin), Ağdam Milis İdarəsinin tərkibində
yaradılan OMON-un qüvvələri və o ərazidəki
yerli döyüşçülərimiz tərəfindən
alınmışdı. Bu sözügedən kəndlərə
sayca ikinci hücum idi.
İyunun
sonları idi. Bizi əməliyyat adı ilə Ağdam
rayonunun Qalayçılar kəndinə apardılar. Orada məktəbdə
Bakıdan, Şəkidən və Ağdam mədəniyyət
evindən gələn musiqiçilər, sənət
adamları konsert verirdilər. Elə konsert yenicə
başlamışdı ki, ermənilər kəndi
ağır artilleriyadan atəşə tutdular.
Qarışıqlıq düşdü. Bizim kəşfiyyat
dəstəsinin əsgərləri ilə batalyonun əsgərləri
toplaşdıq. İndi unutmuşam, digər bir batalyon da bizimlə
orada idi. A.Qəmbərov bizə bildirdi ki, ermənilərin məskunlaşdığı
Canyataq və Gülyataq kəndlərini ermənilərdən
təmizləmək üçün əməliyyat olacaq.
Rasim Edilovun komandir olduğu və digər rotalarla birgə
Canyataqla Gülyataq istiqamətinə irəliləməyə
başladıq...
Rasimin qardaşı Şəfa Edilov da bizimlə idi. Elə də
hündür olmayan dağın başında ermənilər
mövqe tutmuşdu. Canyataq və
Gülyataq o dağların arxasında yerləşirdi.
Ermənilərin postuna xeyli yaxınlaşdıq və
Şirin Mirzəyevsiz ilk ağır döyüşə
başladıq...
Hücuma keçdiyimiz kəndlərin önündə
səngər kimi dayanan dağların əksəriyyəti
çılpaq dağlar idi. Yəni ağac yox idi,
eləcə kol-kosdan ibarət idi. İyun
ayının adamı yandırıb yaxan bir günü idi.
Havanın istiliyinə mərmi atəşlərindən od alan kol-kosun da istiliyini əlavə eləsək,
vəziyyətin necə ağır olduğunu təsəvvür
edin. Əsl cəhənnəm idi...
Bu azmış kimi biz üzərimizdəki güllələr,
qumbaralar və silahlarla dağ yuxarı qalxmalıydıq. Adi vaxtlarda bir
neçə dəfə yolboyu dayanıb asta-asta
çıxılan dağı indi birnəfəsə,
özü də qaça-qaça qalxmalıydıq. Biz dağın başındakı erməni postuna
yaxınlaşdıqca onlar atəşi daha da sürətləndirir,
erməni artilleriyasının atdığı mərmilər
sağ-solumuzda partlayırdı. Bəzən mərminin
düşəcəyini hiss etsək də, macal tapıb yerə
uzana bilmirdik. Çünki indi vaxtında
atılan hər addımın hədəfə çatmaq
üçün əvəzsiz dəyəri vardı. Rasim Edilovun gənclərdən ibarət
rotasının uşaqları cərgə ilə
düzülüb sağımızla üzü dağa,
dağın yanındakı dərəyə tərəf irəliləyirdilər.
Artıq ilk yaralılar var idi...
Erməni səngərində...
Dağın başındakı erməni postunu heç
cür susdura bilmirdik. Rasim uşaqlardan kiməsə qumbaraatanla
posta yaxınlaşıb oranı vurmağı
tapşırdı. İndi adlarını
unutmuşam, iki nəfər dağın sağ tərəfi
ilə yuxarı sürünüb erməni postuna
yaxınlaşmağa çalışırdı. Onlar posta daha da yaxın olmaq üçün bir qədər
də süründülər. Biri dizi
üstə dayanıb qumbaraatanı çiynində
rahatladı və atəş açdı. Atəşi hədəfə dəymədi. Əvəzində ermənilər onları hədəfə
götürdü. İndi kol-kosla yanaşı yayın
bu istisində dağın yamacındakı otlar da od tutmuşdu... Adam nəfəs
ala bilmirdi.
Uşaqlar imkan tapan kimi ikinci dəfə qumbaraatanla erməni
postunu tərəf atəş açdı. Bu dəfə
hədəfi vurdular.
Artıq gözləmək olmazdı, təcili hücuma
keçib postu tutmaq lazımdı. Bu sətirləri yazarkən
xatırlayıram ki, batalyonumuzun minaatanlar dəstəsinin
uşaqları da çox vaxt olduğu kimi o gün də
bizimlə çiyin-çiyinəydilər... Faxını,
Şamili, Əlini, Amili xatırlayıram...
İrəli atılıb dağ yuxarı irəli
qaçmağa başladıq. Daha həmin postdan bizi
atəşə tutmurdular. Dağ yuxarı
elə sürətlə qaçırdıq ki, adi vaxtda yəqin
ki bunu bacarmazdıq.
Arada hiss
elədim ki, nəfəsim çatmır...Öz-özümə
əmr verirdim ki, dayanaq olmaz, yalnız irəli! O zaman
bütün diqqətim öndəki erməni postu-səngəri
idi. Ha qaçırdıq, zəhrimara qalmış posta
çata bilmirdik. Elə bil biz qaçdıqca
postu da kimsə geri çəkirdi.
Nəhayət
çatdıq... Özümü aypara şəkilində
qazılmış səngərin bizə tərəf
qalaqlanmış sarı torpaq topasının üstünə
atdım. Əslində birbaşa səngərin
içinə atılmaq istəyirdim, amma gücüm buna yetdi...
Qumbaraatan öz işini görmüşdü, erməni səngərində
bir neçə meyit var idi...
Amma mən
bayaqdan can atdığım erməni səngərini ancaq
halsız şəkildə seyr edirdim. Çünki
dayanmadan dağ yuxarı qaçmağım nəfəsimi kəsmişdi,
üzüqoylu necə düşmüşdümsə, eləcə
də qalmışdım. Heysiz, halsız
ağzıüstə uzandığım yerdə sinəm elə
qalxıb enirdi ki, sanki ürəyim yerindən
çıxacaqdı. Hiss elədim ki, nəfəs
aldıqca torpaq ağzıma dolur... Amma
başımı qaldırmağa da taqətim
qalmamışdı, boğazımı torpaq tutmasın deyə,
üzümü yana-sola çevirdim. Ürəyimin
döyüntüsü qulaqlarıma havası
boşalmış nağara səsi kimi gəlirdi.
Erməni əsgəri ilə
göz-gözə...
Üzümü sola çevirəndə bir saqqalı
erməni ilə göz-gözə gəldim. Onunla
üz-üzə uzanmış vəziyyətdə biz-birimizə
baxırdıq. İri, yumru saqqalı sifəti
toza-torpağa bulaşsa da, üzündə qan yox idi. Nədənsə
hələ müharibədən çox illər qabaq-uşaq
vaxtı kəndimizdə Qarqar çayında çimib sonra
uşaqlıq dostum Sadayla baş-başa, üz-üzə
uzanmağım yadıma düşdü...
Erməni
hələ ölməmişdi... Əli
silahında eləcə baxırdı. Mənim
avtomatım isə yanımda idi. Əgər
sağ olsaydı, mən onu vurana qədər o məni o
dünyalıq edə bilərdi. Qəfil
gözünün qapaqlarının
bağlandığını gördüm, sonra göz
qapaqları yenə açıldı... Artıq
uşaqların bir neçəsi də erməni səngərində
idi. Onsuz da can üstə olan o ermənini
öldürmədim, açığı heç onu vurmaq
halında deyildim. Amma uşaqlardan kimsə onun canının əzablı
ağrılardan qurtardı...
R.Edilov və əsgərləri sol tərəfdə
meşənin içərisində daha bir erməni postunu
aldılar...
Özümüzə gəlib erməni səngərində
yaxşı mövqe tutduq. Artıq Canyataq tərəfdən
ermənilər əks hücuma başlamışdılar.
Onların sıraya düzülüb bizə tərəf
necə gəldiklərini ovuc içi kimi aydın
görürdük. Bir neçə güllə
atdıq, amma onlar hələ dəqiq nişan
almaq üçün güllə məsafəsindən
aralı idilər. Ona görə də elə
saymazyana gəlirdilər ki, elə bil harasa gəzməyə
gedirlər. Bu onların sırasından
bir neçəsini yerə sərənə kimi davam elədi.
Onlar gizlənə-gizlənə kəndin
dağa tərəf olan ağaclıq hissəsinə (bizim sol
tərəfimiz idi) və dağın çılpaq olan səmtinə
(bizim sağ cinahımız) tərəf irəliləməyə
başladılar. Dağın
başındakı erməni səngərində bir neçə
əsgər qoyub irəliyə doğru hərəkət
etdik.
İsti nəfəsimizi kəsdiyindən sərinləmək
üçün bir üsul tapmışdıq. Xəsarət
alarkən ilkin tibbi yardım məqsədi ilə bizə verilmiş
(Futbolçular meydanda ağır zədə alanda həkimlər
zədələnən əzanı keyitmək
üçün ağrıyan yerə
fışqırtdıqları maddə. R.K.)
25-30 qramlıq ampuldakı keyidici dərman
dadımıza çatırdı. Bu
ampulların əyri lüləyini qıran kimi oradan təzyiqlə
buz kimi hava-maye çıxırdı. Biz
həmin mayeni pambığın üstünə töküb
üzümüzü, sinəmizi,
boynumuzu-boğazımızı sürtürdük. Bununla da bizi qarsan istiyə qarşı müvəqqəti
müdafiə olunurduq.
Bu dəfə üzüaşağı gedirdik deyə,
işimiz bir qədər rahat idi...Bizim sürətlə
üzü aşağı yendiyimizi görən ermənilər
əvvəlcə dayandılar. Onlar bizim kəndə
daxil olmaq istəyimizin qarşısını almağa
çalışırdılar. Təxminən
25-30 nəfərlik bir dəstə açıq kolluq və
qaratikanlıq olan yerdə ilişib qaldıq. Erməni də bunu görüb bizi atəşə
tutmağa başladı. Biz nə irəli
gedə bilirdik, nə geri çünki sıx qaratikan
kolları paltarımıza ilişərək bizi elə tutub
saxlayırdı ki, tərpənə bilmirdik. Geri qayıtsaq daha açıq bir mövqeyə
keçmiş olardıq bu isə ermənilərin bizi daha
asan vura bilməsi demək idi.
Belə bir qeyri-müəyyən və təhlükəli
bir vaxtda yanğın bizim əraziyə də keçdi. Qaratikan və adi kol-koslar od tutub yanırdı, tüstü aləmi
bürüdü...Biz bunu tanrının bizə verdiyi fürsət
kimi dəyərləndirib irəli atıldıq. Bu dəfə qaratikan kollarının üstündən
tullanaraq sürətlə kəndə tərəf irəliləməyə
başladıq. Balaca bir çaya çatıb, (Sonralar
bildim ki, bu Cirgiz çayı imiş) keçərək
Gülyatağın ilk evinə çatdıq... Amma uzun bir binada (çox güman ki, sovxozun idarə
binası idi.) mövqe tutan ermənilər bizi kəndə
girməyə qoymadılar. Burada xeyli
üzbəüz vuruşsaq da ermənilərin mövqelərini
ələ keçirdə bilmirdik. Axırda
uşaqlar qumbaraatanla iki dəfə atəş açmaqla o
binadan atəş gələn yerləri vurduq. Ermənilərin öləni öldü, sağ
qalanlar da yaralılarını götürüb geri çəkildilər.
Artıq Ermənilər Canyatağa tərəf çəkilmişdilər. Gülyatağı
ermənilərdən təmizlədik. Açığı,
indi həmin döyüşdə bizim və ermənilərin
nə qədər itki verdiyini xatırlamıram,
xatırladığım odur ki, bir neçə nəfər
erməni əsir düşmüşdü.
Erməni qarını arabada
apardılar
Onların arasında güclə yeriyən bir qoca erməni
qarı da var idi. Onu evlərin birində çarpayının altından
tapmışdılar... Tutulan andan
ağlamağını kəsməyən bu qarını geri
aparmaq çətin olacaqdı. Buna görə
də uşaqlar onu kənddən tapdıqları əldə
düzəlmiş təkərli bir balaca arabaya (çox
güman ki, ermənilər onu heyvanlar olan pəyəyə yem
daşımaq üçün düzəltmişdilər)
qoyub apardılar. Uşaqlar arabanı
sürətli sürüb aparırdılar. Arabanın hər iki tərəfindən bərk-bərk
yapışan qarının sifətində qoxu, vahimə var
idi, arada onun sifətinə bir uşaq təbəssümü
çöküb tez də yox oldu. Çarəsiz
qarı bilmirdi ağlasın, yoxsa gülsün... Onu arabayla
çaydan keçirdib apardılar...
Yenə də fotolar...
Uşaqlardan bir dəstəsi Gülyataqda bəzi evləri
yandırmağa başladılar. Kəndin içərisində
yolların kənarı evlərdən
çıxarılmış əşyalarla dolu idi. Ermənilərin
illər əvvəl Sərsəng su anbarında,
Şuşada, Kəlbəcərdə, Laçında,
Turşsuda, İstisuda və Qarabağın digər yerlərində,
hələ dünyanın düz vaxtında, xoşbəxt
anlarını xatırladan yüzlərlə fotolar diqqətimi
çəkdi. Əyilib onlardan bir neçəsini
götürüb cibimə qoydum. Bununla
bağlı bir müddət əvvəl Lent.az yayılan
"Müharibə fotoları" adlı
(http://news.lent.az/news/109509) yazıda fikirlərimi qələmə
almışam.
Sovxoz
binasının qarşısında gümüşü rəngli
bir büst var idi, uşaqlar büstü vurub yerə
saldılar...
Sonra Canyatağa tərəf qayıtdıq. Ermənilər
Canyataqda əvvəlcə əməlli-başlı müqavimət
göstərsələr də, sonra geri çəkilməyə
məcbur oldular. Biz hər iki kənddə
postlar qoyub gözlədik.
Bu döyüşdə bir daha Şəfa və Rasim
Edilov qardaşlarının, Alış müəllimin və
adlarını çəkə bilmədiyim digər
uşaqların qəhrəmanlıqlarının şahidi
oldum.
Qarşıda
bizi mövqe döyüşləri, həyatımı dəyişən
kəşfiyyat əməliyyatı gözləyirdi...
Ardı var
Ədalət.-2013.-7 may.-s.7.