"MİŞA
DAYI"
(hekayə)
Mikayıl Qarayev əsgəri xidməti Sibirdə çəkmişdi. Onun həyatının sonrakı dövrü də şimal şəhərlərindən biri ilə bağlı olmuşdu. Mən Mikayıl Qarayevlə tanış olduğum günü bütün təfərrüatı, dəqiqliyi ilə indi də xatırlayıram.
Onda universitetin ikinci kursunda oxuyurdum. Bu yad şəhərdə
heç bir qohum-əqrəbam yox idi. Qəribçilik
hissi məni üzürdü.
Yaxşı xatırlayıram, yaz vaxtı, bazar
günü idi. Şəhər parkındakı skamyada əyləşib
kitab oxuyur, imtahana hazırlaşırdım. Günəşli, sakit bir gündü. Cökə,
qovaq, küknar ağaclarının ətri nədənsə
mənə arı şamından yenicə süzülən bal ətrini xatırladırdı. Bu ətir mənə
uşaqlıqdan tanış idi.
Parkda əsasən yaşlı adamlar və arabacıqda
uşaq gəzdirən gənc qadınlar gözə dəyirdi. Günün
ikinci yarısı idi. Qəfildən elə
bi ki, hava dəyişdi, bağda cavanların hay-küylü
bir dəstəsi peyda oldu. Çox
güman ki, onlar hansısa məclisdən
qayıdırdılar. Keflərinin duru
olduğu o dəqiqə bilinirdi. Dəstənin
önündə gedən sarışın, keçəl,
gödəkboylu bir oğlan gitara çalır, o biriləri
xorla oxuyurdu. Dəstədə qızlar da
var idi. Onlar əyləşdiyim skamyanın önündən
keçəndə qızlardan biri gülə-gülə mənə
söz atdı:
-Ey,
yadplanetli, özünü günün altında niyə
yandırırsan, gəl qoşul bizim dəstəyə.
Mən özümü eşitməzliyə qoydum.
Gitaraçalan mənə yaxınlaşıb
başımın üstündə dayanaraq oxumağa
başladı.
Onun oxuduğu mahnının, daha doğrusu
çastuşkanın sözləri, bayağı jarqonlarla
dolu idi. Oğlanlardan biri
gitaraçının qolundan tutub kənara çəkmək
istəyirdi. Amma keçəl öz
işində idi, vəcdə gəlib daha şövqlə
oxuyurdu. Bu sərxoş dəstənin xofu
mənim canımı bürümüşdü. Bilirdim ki, bir himə bənddilər, nəsə bir
söz desəm qollarının gücünü göstərməyə
çalışacaqlar. Görünür, onlar mənim
təhər-tövrümdən bu şəhərdə qərib,
gəlmə adam olduğumu hiss etmişdilər.
Canımı dişimə tutub yalandan gülümsəməyə
çalışır, oxunan mahnının ritminə
uyğun olaraq başımı astaca yellədirdim.
Gitara qəfildən susdu. Keçəl oğlan pişik
gözlərinə oxşar yamyaşıl gözlərini
üzümə dikib dedi:
-Bəlkə
bir rəqs edəsən, əziz dost. Hansı
havanı istəyirsən?
Dəstədəkilərin çoxu qəhqəhə
çəkib güldü.
Yaman yerdə axşamlamışdım. Dilim topuq vura-vura dilləndim:
-Mən təəssüf
ki, oynaya bilmirəm.
-Oynayarsan,
oynayarsan... Oynamasan, biz özümüz sənə
oynamağın qaydasını öyrədərik.
Mən, təbii ki, oynamağı bacarırdım, amma
ta belə şəraitdə, bu cür "şərtlər"
altında yox.
Oğlan
gitaraya təzədən dəm verdi.
Mən bayaqdan oxuduğum kitabı qoltuğuma vurub
ayağa durdum.
Yox, oynamaq istəmirdim, sadəcə olaraq bu
qanmazı başa salmaq istəyirdim.
Yaşılgöz
məni diqqətlə süzüb dedi:
-Hə,
buyur, indi meydan sənindir.
Mən yerimdə donub qalmışdım. Bu anlarda nə
edəcəyimi bilmirdim.
Adamlarsa yanımızdan laqeydcəsinə ötüb
keçirdilər.
-Dedim ki,
mən oynaya bilmirəm və buna görə də oynamaq
fikrim yoxdur...
Biz oğlanla döş-döşə dayandıq. Mənə elə
gəlir ki, biz o anlarda bir-birini didməyə hazır olan
dalaşqan xoruzlara bənzəyirdik.
Elə bu
əsnada mənə ilişən bu "şən" dəstəyə
iti addımlarla ucaboy, gur xurmayı saçları alnına
tökülmüş, qırxbeş-əlli yaşlarında
bir kişi yaxınlaşdı.
-Volodya,
utanmırsan, bu uşaqdan nə istəyirsən?..
Dəstənin üzvləri geri çəkildi, Volodya
deyilən keçəl oğlan kişini görüb cəld
geri çəkildi. İndi oğlan başını
aşağı dikmişdi, guya ki, utanırdı.
Kişi əlini
onun çiyninə qoyub ucadan dedi:
-Bura bax, əgər
Qriqori Vasilyeviç bu hərəkətindən xəbər
tutsa, sənə yaxşıca qulaqburması verəcək. Sənin istəyin nədir axı?
Sonra kişi üzünü mənə tutdu:
-Nədir,
nə olub, bunlar səndən nə istəyirlər?
Mən
dodaqaltı mızıldandım:
-Heç,
elə-belə... Bunlar çalıb-oxuyurdular...
Kişi nəsə
duyubmuş kimi gülümsədi:
-Sən
biz tərəflərin adamına oxşayırsan. Deyəsən, gəlməsən, yerliyik.
-Mən
Azərbaycandanam...
Kişi əlini
mənə sarı uzadıb doğma, şirin bir ləhcədə:
-Elə
isə tanış olaq, mənim adım
Mikayıldır, Mikayıl Qarayev, - dedi.
Mən də özümü təqdim etdim.
Uşaqlar diqqətlə bizə baxırdılar.
Volodya təəccüblə
kişinin üzünə baxıb soruşdu:
-Mişa
dayı, sən bunun dilini haradan bilirsən?
Kişi güldü.
-Bu, mənim
öz doğma dilimdir. Volodya, arxayın ola
bilərsən, mən sənin bu işlərin barədə
Qriqori Vasilyeviçə heç nə deyən deyiləm.
Amma bir şərtlə, gərək mənim bu gənc həmyerlimə
əl verəsən, onunla barışasan, olsun ki, gələcəkdə
siz lap dost oldunuz. Bizim xalq dostluqda çox
etibarlı olur.
Keçəl
oğlan dinməz-söyləməz əlini irəli
uzatdı:
-Vladimir...
Mən də
əlimi ona sarı uzadıb öz adımı dedim.
Həmin
adları ona görə indiyəcən xatırlayıram ki,
sonralar bu adların sahibləri ilə yaxından tanış oldum, hətta Volodya mənim
etibarlı dostlarımdan birinə çevrildi.
Dəstə bizdən aralanandan sonra Mikayıl Qarayev mənim
qoluma girib iş-gücümlə maraqlandı. Tələbə
olduğumu, burada təhsil aldığımı eşidəndə
sevindi.
- Hə,
bu başqa məsələ. Mən də burada ali
təhsil almışam. Əsgərlikdən
sonra qaldım, universitetə girdim. İndi
maşınqayırma zavodunda baş texnoloqam. Bayaq sənə
ilişən Volodyanın atası Qriqori Vasilyeviç mənim
həm iş yoldaşımdır, həm də qonşum.
Volodya pis uşaq deyil, texniki peşə məktəbini
bitirib, bizim zavodda tornaçıdır, amma arabir içməyi
var, işləri bu korlayır...
Mikayıl
Qarayev mənə ev və iş telefonunun
nömrəsini verdi. Yaşayış yerimlə
maraqlandı. Mən yataqxanada
yaşayırdım. Orada hər şeyin normal
olduğunu dedim.
Mənim təzə tanışım şəhərin
hörmətli adamlarından biri imiş. O, adamları özünə
maqnit kimi çəkirdı. Tanıyanlar onu
sevir, onunla hesablaşırdılar. Bir müddətdən
sonra mən Mikayıl Qarayevin evinə gəlib-getməyə
başladım, onun ailəsi, dost-tanışları, yaxın
çevrəsi ilə tanış oldum. İndi mən də ona məhəllənin
uşaqları kimi "Mişa dayı" deyə müraciət
edirdim.
Mikayıl Qarayev mənə dərs deyən müəllimlərin
bir çoxunu tanıyırdı. Açığını
deyim ki, həmyerlimlə müəllimlərimin dostluğu bəzi
imtahanlarda mənim karıma da gəlirdi.
Mən onun evinə tez-tez gedib zəhlə tökmək
istəmirdim.
Doğrusu, bundan bir az da utanırdım. Amma insaf naminə deməliyəm ki, Mikayıl Qarayevin
təkcə özü yox, elə arvadı Vera xala,
qızı Sveta da mənə xoş üz göstərir, əllərindən
gələn hörməti əsirgəmirdilər.
Vera xala evdar qadın idi.
Sveta isə
ali məktəbdə təhsil
alırdı. O, gələcəkdə mühəndis olub
atasının yolunu davam etdirmək istəyirdi.
Hiss
edirdim ki, "Mişa dayı" mənim Sveta ilə
münasibətimə ciddi diqqət yetirir. O, bəlkə də
ürəyinin dərinliyində mənim gələcək həyatımın
öz qızı ilə bağlanmasına ümid edirdi. Mənə elə gəlirdi ki, elə Vera xala da
qızla mənim xoş ünsiyyət qurmağımıza
şərait yaradırdı.
Sveta çox ciddi qız idi. Qısa, yığcam
danışmağı xoşlayırdı. Müsahibini eynəyinin altından iti, sərt nəzərlərlə
süzərdi. Qətiyyən zarafat etməyi
xoşlamazdı. Qızın elə mənimlə
münasibəti də bu cür idi: ciddi,
ölçülü-biçili, soyuq. Mən
bu münasibətin əvəzində hansısa daha sərfəli,
daha əlverişli bir təşəbbüsdə bulunmaq
fikrində deyildim. Nə olsun ki, onun
atası ilə xoş münasibətim vardı? Bəlkə
Sveta kimisə sevir, kiməsə ehtiram bəsləyir... Onun Sibirin özü kimi sərt təbiəti
vardı və bu, mənim, cənub adamının coşqun,
qaynar "havasına" qətiyyən uyğun gələ
bilməzdi. Deyəsən, bunu onun valideynləri
də hiss edirdilər. Lakin nə
"Mişa dayı", nə də Vera xala mənə olan
münasibətlərini heç zaman dəyişmədilər
və mən o ailənin hər zaman arzuolunan qonaqlarından
biri idim.
Mən boş vaxtlarımda, möhkəm
dostlaşdığım Volodya ilə, gənclərin klubda təşkil
etdikləri tədbirlərində olur, tələbə
dostlarımla şəhər kənarına köbələk
yığmağa gedirdim. İdman
yarışlarından da qalmırdım.
Zaman hissolunmadan ötüb keçirdi.
İndi də
xatırlayıram, mən dövlət imtahanlarını verib
diplom alarkən Mikayıl Qarayev bu münasibətlə
restoranda böyük bir qonaqlıq verdi. Məclisdə
"Mişa dayı"nın ailə
üzvləri və yaxın çevrəsindəki adamlar, bir
də ki, mənim tələbə dostlarım iştirak
edirdilər. Volodya gitarada çalır, cavan
cütlüklər rəqs edir, qonaqlar yeyib-içir, tost
deyirdilər. Məclisin canı və
aparıcısı isə, təbii ki, Mikayıl Qarayevin
özü idi.
Mən Sibirdə təhsilimi başa vurandan sonra
qayıdıb vətənə gəldim. Arabir "Mişa
dayı" ilə telefonda danışır, Sibirə gedib-gələn
tanışlarla salam göndərirdim. Hətta, ona bir neçə dəfə nar
bağlaması göndərdim, bilirdim ki, o, bu cənub meyvəsi
üçün sinov gedir. Hərdən Volodya ilə zəngləşirdim,
bir dəfə o, mənə dedi ki, Sveta işlədiyi zavodda
bir mühəndis həmkarı ilə ailə qurub və nədənsə
tezliklə də ayrılıb. Mən sonralar
qızın xəstələndiyini eşitdim. Amma zəngləşəndə
"Mişa dayı" nədənsə qızı haqda
heç nə demir, hər dəfə təkcə Vera
xalanın salamını yetirirdi.
Vaxt keçdikcə bizim münasibətlər məndən
və Mikayıl Qarayevdən asılı olmayaraq tədricən
səngiməyə, seyrəlməyə başladı. Sonra elə
bir vaxt gəldi ki, hər şey Sibirin havası kimi soyudu,
bizim əlaqələrimiz qırıldı.
Telefonlarımız, ünvanlarımız, iş yerlərimiz
dəyişdi. Mən ailə qurdum, artıq mənim
üçün əlçatmaz olan Sibiri yalnız arabir
yuxularda görürdüm. Bu
qarlı-şaxtalı yuxularda adətən Sveta həmişə
bəmbəyaz buz kürkdə olurdu. Bu
görkəmi ilə o qar qıza oxşayırdı. Zalım qızı yuxuda da buz kimi sopsoyuq idi və
bir zamanlar olduğu kimi yenə eynəyinin altından sərt
nəzərlərlə məni süzür, bir kəlmə də
danışmırdı.
... Bu yaxınlarda həyətimizdəki
tanışlardan biri rəhmətə getmişdi. Mən də qonşulara qoşulub mərhumun dəfn
olunduğu yerə, yəni qəbiristanlığa getdim.
Soyuq payız küləyi əsirdi. Mərhumun yaxınları cənazəni torpağa
tapşıran zaman mən yaxınlıqdakı qəbirlərin
başdaşına nəzər salmağa başladım.
Diqqətimi üstünə təzə gül dəstəsi
qoyulmuş bir qəbir cəlb etdi; qəbrin yanında iki kişi vardı. Mən əvvəlcə
başdaşında mərhumun anadan olduğu və
öldüyü tarixi oxudum. Belə məlum oldu ki, bu,
yaxınlarda, daha doğrusu ötən il,
rəhmətə getmiş adamın qəbridir.
Başdaşının üstündəki şəkil mənə
tanış gəldi, eləməyib tənbəllik
qəbrə yaxınlaşdım. Mərhumun haqqıda
yazılan "məlumatı" oxudum: "Mikayıl Qarayevə
qardaşlarından". Başdaşından mənə
"Mişa dayı"nın
tanış, gülümsər çöhrəsi
baxırdı. Elə bil içimdən Sibirin
qandonduran sərt soyuğu, sazağı keçdi.
Qəbrin yanında heykəl kimi durub qəribə nəzərlərlə
mənə baxan kişilərə yaxınlaşdım. Onların bir
suyu mərhuma, yəni Mikayıl Qarayevə
oxşayırdı.
Mən irəli
yeriyib ehtiyatla soruşdum:
-Mərhum
nədən rəhmətə gedib?..
Qəbrin yanındakı kişilər əvvəlcə
bir-birinə, sonra da mənim üzümə baxıb susdular.
Mən
onların təəccübləndiyini hiss edib dedim:
-Mən
vaxtilə Mikayıl Qarayevlə Sibirdə tanış
olmuşam. Xeyirxah adam idi. Allah
rəhmət eləsin.
Kişilərdən
biri zəndlə məni süzüb dedi:
-Biz onun
qardaşlarıyıq. Sonra köksünü
ötürüb əlavə elədi: -Mikayıl
qızını Vətənə müalicəyə gətirmişdi...
Mən
dilləndim:
-Svetanı?
-Bəli.
Qız sağalmaz xəstəliyə
düçar olmuşdu. Dedik bəlkə
burada sağala. Amma xeyri olmadı. Xəstəlik dərinə işləmişdi.
Gələndən bir həftə sonra qız rəhmətə
getdi. Təsəvvür edin, Sveta sübh
tezdən ölmüşdü, axşamsa Mikayıl
canını tapşırdı. Qızın
ölümünə dözə bilmədi, ürəyi
partladı onun. Veraya xəbər göndərdik,
gəldi. Biz həm Mikayılı, həm
də Svetanı burada dəfn eləmək istəyirdik, amma
Vera razı olmadı. O da öz əzizlərinin Sibirdə
torpağa tapşırılmasını istəyirdi. Axırda belə qərara gəldik ki, Mikayıl
burada dəfn olunsun, Sveta isə orada, Sibirdə. Belə də oldu. Bu gün
Mikayılın anadan olan günüdür, gəldik ki,
baş çəkək.
Mən:
-Allah rəhmət
eləsin, qəbri nurla dolsun,-dedim.
Bir daha
"Mişa dayı"nın
başdaşından boylanan şəklinə baxdım. Mənə elə gəldi ki, o, indi bu şəkildə
bayaq olduğu kimi gülümsəmir, qaşqabaqlıdır.
Soyuq payız küləyi daha da güclənmişdi.
Firuz MUSTAFA
Ədalət.-2013.-8 may.-S.7.