Vətən torpağının
müştağı oğul...
1972-ci
ilin 15 oktyabr günü Nəbiyevlər ailəsi sevincdən
qanad açmışdı. Dörd il idi ki, övlad həsrəti
çəkən gənc ailəni Tanrı birdən-birə
oğul payı ilə sevindirmiş, nur topası kimi övlad
bəxş etmişdi. Gənc ata gözlərini bu balaca,
möcüzəli varlığa diksə də, toxunmaqdan sanki
qorxurdu: "Əlimi vursam birdən qeybə çəkilər,
yuxudan ayılaram" - düşünürdü. Gənc ana
isə süd qoxulu balasını bağrına basıb
qızılgül kimi iyləməkdən doymurdu. Nübubət
nənə: - "Əhd eləmişdim ki, nəvəm olsun,
qurban kəsəcəm. Şükürlər olsun Tanrıya
ki, bu ahıl çağımda muradımı gözümdə
qoymadı, 9 aylıq yolu 4 ilə gələn nəvəmin
adına qurban kəsməyi mənə nəsib etdi" -
söylədi.
Neçə
gun nəzir-niyazlar paylandı, qurbanlar kəsildi Nizami prospekti
- 154 saylı evdə. Adını Müşfiq qoydular körpənin.
"Müşfiq "müştaq" sözündəndir,
biz də sənə müştağıq, vurğunuq" -
dedilər. Amma nə biləydilər ki, illər keçəcək,
körpə Müşfiq böyüyəcək və vətən
torpağının muştağı, vurğunu olacaq.
Çox əzizləyirdilər balaca Müşfiqi. Bütün nəsil-kök yelinə uçurdu. Hər zaman qoruyur, hər şeydən ehtiyat edirdilər. Oxuduğu 6 saylı orta məktəb evlərindən o qədər uzaq olmasa da, maşın yolunu keçdiyinə görə atası hər səhər əlindən tutub məktəbə aparır, dərs vaxtı bitəndə gedib gətirirdi. Nəhayət 6-cı sinifdə oxuyanda Müşfiq dilə gəldi: - Axı nə vaxtacan körpə uşaq kimi hər addımıma göz qoyacaqsınız? Xahiş edirəm, ata, daha ardımca gəlmə.
Müşfiq orta məktəbi qurtarıb sənədlərini
indiki Azərbaycan Dövlət Aqrar Universitetinə verdi.
İqtisadçı olmaq arzusunda idi. Lakin arzusu daşa dəydi. Sonra Azərbaycan
Texnologiya Universitetinə daxil oldu. Birinci
kursu başa vurduqdan sonra isəg 1993-cü ilin əvvəllərində
709 nömrəli hərbi hissəyə gedib
könüllülər sırasına yazıldı. Əslində isə ailənin tək oğlu
olduğu üçün dövlət qanununa görə əsgəri
xidmətə getməməli idi. Nə bu
imtiyazlı möhlət, nə də ailəsinin
yalvarışları onu yolundan saxlaya bilmədi.
***
Neçə
gün idi ki, evdə davam edən söz-söhbət bu
gün daha da kəskinləşdi. Anası xoş gün -
oğul toyu üçün tədarük etdiyi əşyaları
ortaya tökdü: - Bax, oğlum, briliyantın ən iri dənəlisini,
qızılların ən əyarlısını
seçmişəm sənə. Atan adına ayrıca mənzil
alıb. Bu həyət, mal-mülk də sənindir.
-
Ana, məgər bu saydıqların vətən
torpağından qiymətlidir?
-
Axı, sən bizim yeganə oğlumuzsan. Başına bir
iş gəlsə...
-
Qorxma, ana, qorxma. Amma... dediyin olarsa, bacım var. Məgər
bacım həmişə demirdi ki, mən sənə on
qardaş əvəziyəm?
-
Bacının yeri başqa, sənin yerin başqa.
- Əlbəttə. Axı mən oğulam. Oğul isə
nənəm demiş, düşmən çəpəridir.
Düşmənə çəpər olub
yolunu kəsmək mənim borcumdur, ana. Məni
yolumdan saxlamağa çalışma.
Saimə ana ömrünü müəllimliyə həsr
etmişdi. Bu illər ərzində yüzlərlə şagird
yetişdirmişdi. Lakin indiyə qədər
belə "inadkar", belə "tərs" uşaq
görməmişdi. Pedaqoq fəhmi ilə
anladı ki, Müşfiqi inandığı,
tapındığı həqiqətdən yayındırmaq, əqidəsindən
döndərməyə çalışmaq haqq yolunun
işığını söndürməyə bərabər
olardı. Oğlu bu qaranlıqda azar, yolunu
itirib zülmətə qərq olardı. Odur ki, ürəyinə
daş bağlayıb xeyir-dua verdi
balasına: - Özündən muğayat ol. Unutma
ki, bizi - ata-ananı həyata bağlayan qüvvə sənsən.
-
Unutmaram. Amma muharibənin öz qanunları var.
Müşfiq Rəcəb oğlu Nəbiyev
könüllü olaraq cəbhəyə yollandı. İlk
döyüş yeri Ağdam bölgəsində oldu. Şelli, Muğanlı, Mərzili,
Laçının Güləbird kəndləri uğrunda gedən
döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarının
sorağı doğmalarına da çatdı. Muğanlı kəndində isə yoldaşları
ilə düşdükləri mühasirəni bir neçə
günlük gərgin döyüşdən sonra yarıb hərbi
hissəyə dönəndə, hər kəs onların
şücaətindən danışırdı. Bu döyüşdən sonra ona qısa müddətli
məzuniyyət verdilər. Məzuniyyətdən
qayıtdıqdan sonra Beyləqan rayonunun Harami düzünə
- ön cəbhəyə göndərildi.
Bir neçə aydan sonra səhhətində ciddi
problemlər yarandı. Atası Rəcəb kişi komandirindən
icazə alıb onu müalicə üçün evə gətirdi.
Bu ərəfələrdə əmisi oğlu
İlhamın toyu idi. Şənlik,
toy-düyün darıxdırdı Müşfiqi.
Dostları, tələbə yoldaşları, qohum-əqrəbaları
da sıxılan qəlbinə məlhəm ola
bilmədi. "Bizim bu günümüzə toy
yaraşmır - düşündü, - vuruşmaq,
azğın düşməni yurd-yuvamızdan qovub
çıxarmaq zamanıdır".
- Ana, mən
geri - cəbhəyə dönməliyəm, - dedi.
Ananın
sevinci gözündə dondu:
- Boyuna
qurban, Muşfiq. Bir-iki gün qal, dincəl.
Səngərin tozu, barıtın qoxusu
canından çəkilsin. Hələ sənə
doyunca baxmamışam. Müalicəni
yarımçıq qoyub getmə.
- Yox, ana.
Qala bilmərəm. İnşallah,
muharibədən sonra istədiyin qədər nazımı
çəkərsən. Sən nə desən,
o da olacaq. İndi isə icazə ver gedim.
Getdi
Müşfiq. Amma bu gedişi ilə
ata-anasının, yeganə bacısı Lamiyənin,
doğmalarının, əzizlərinin ürəyinə
dağ çəkdi. Bu gediş onun son gedişi oldu...
..."Müşfiq
yaralıdır, Gəncə qospitalına gətiriblər"
- xəbərini alan ailə qospitala
çatanda "aldandıqlarını" anladı. Qospitala onun mübarək şəhid cəsədini
gətirmişdilər. Müşfiq 1993-cü il noyabr ayının 11-dən 12-ə keçən
gecə həlak olmuşdu. O, silahdaşları ilə
mövqelərini bərkidib səhər tezdən başlayacaq
döyüşü gözləyirdi. Birdən
düşmən tərəfdən atılan qrad səsi gecənin
sükutunu pozdu. Mərmi Müşfiqgilin
yaxınlığına düşüb mövqelərini
darmadağın etdi. Dağıntıların
altında qalan döyüşçülər arasında
Müşfiq də var idi.
***
Saimə ana qəribə yuxular görməyə
başladı.
Gördü ki, Aşura günüdür.
Qonum-qonşu ilə İmamzadəyə gedirlər.
İmamzadənin qarşısında bir dəstə
gənclə Müşfiqini görür. Müşfiq:
"Sən burda neynirsən, ana?" - soruşur.
"Mən ziyarətə gəlmişəm,
oğul, bəs sən bura niyə gəlmisən?" - təəccüblənir ana.
- Mən
də ziyarətə gəlmişəm, ana. Dostlarımla, -
deyir Müşfiq.
İllər keçdi. Oğul itkisinə
dözməyən ata dünyasını dəyişdi. Bir gün "yolunu" ömür-gün
yoldaşının yuxusundan saldı. Hələ də
oğlu üçün göz yaşı tökən, nakam
taleyinin ağrı-acısında qovrulan anaya şəfqətlə
baxıb gülümsədi: - Daha dərd çəkmə,
Saimə, mən uşağın yanındayam. Ondan muğayat
oluram, - dedi.
***
Müşfiqin
dəfnindən bir həftə sonra Saimə ana dərd
ortağı Rəcəb kişi ilə
birlikdə Beyləqanın Harami düzünə - oğlunun
döyüşdüyü cəbhə bölgəsinə
üz tutdu. Müşfiqinin ayaq izləri
qalmış səngərləri, əlinin hərarəti
çökmüş əşyaları, qanı
tökülmüş torpaqları öz gözləri ilə
görmək, oğlunun nəfəs aldığı yerlərin
havasını ciyərlərinə çəkmək,
gördüyü yerlərə onun gözləri ilə baxmaq
... ölümqabağı qəlbindən keçənləri
hiss etmək istədi. Çox qəribə
duyğu idi. O yerləri birinci dəfə idi
görürdü. Lakin o yerlər ona
doğulduğu torpaqdan da doğma, məhrəm
göründü. Bu qədim Harami
düzü istilik, mehr-ülfət bəxş etdi şəhid
anasına. Təkcə mümkün
olmayacaq bir arzusunu gerçəkləşdirə bilmədi.
Axı, həyatda belə möcüzələr
olmur, Saimə ana. Yəni doğrudanmı
oğlunun burada səni qarşılaya biləcəyinə
inanırdın?! Bir anlıq da olsa səngərdən
başını çıxarıb həmişəki kimi
"axı, niyə gəldiniz, yoldaşlarım deyəcək
ki, Müşfiqin ata-anası uşaq kimi onu gözdən
qoymurlar" - desə də, elə uşaq kimi də
boyunlarına sarılacaq, "sizə qurban olum, sizsiz elə
darıxmışdım ki. Nə yaxşı
ki, gəldiniz" - deyəcək. Amma...
belə olmadı.
Ağladı Saimə ana. Ürəyi
parçalandı Rəcəb atanın. Ürəklərinin
Müşfiq yanğısını əsgər balaların
ülfəti ilə söndürməyə
çalışdılar. Ana
qarşısına çıxan hər bir əsgəri
bağrına basdı, boyunu oxşayıb üzündən
öpdü. "Müşfiqimin ətri gəlir sizdən"
- dedi. Ata qarşısına çıxan hər
bir hərbçinin əlini sıxdı, kürəyinə
sığal çəkdi. "Müşfiqimə bənzəyirsən"
- dedi. Əsgərlərsə
günahkarmış kimi başlarını yerə dikib
doluxsundular. Axı heç bir söz,
heç bir təsəlli bu dərdli ata-ana üçün
övlad itkisinin ağrısını yüngülləşdirə
bilməzdi. Odur ki, susmaqdan başqa
çarə yox idi.
***
... Boy-buxunu, yaraşığı ilə də
çoxlarından seçilirdi Müşfiq. Əli Kərim
demişkən:
...gur,
çatmaqaş, gensinə,
Bir oğul böyütdü ki, oğul deyirəm sənə.
Atlını
atdan salıb küləklərlə ötüşür,
Baxışından
qızların ürəyinə od
düşür...
Müşfiqin
də baxışlarından bir gözəlin ürəyinə
od düşmüşdü.
Könlünü ovlamış bu gözəli bir gün
uzaqdan-uzağa bacısı Lamiyəyə göstərib: -
Qardaşının zövqünü bəyəndinmi, necədir ? - soruşdu. Lamiyə:
- Qardaşıma da qurban olum, onun sevib-seçdiyi qıza da. Bəyəndim, əlbəttə, bəyəndim.
Amma bəyənmək azmış. Gərək
qismətlə də hesablaşasan. Qismətdə
isə ... ayrılıq adlı dərdinə dərman
tapılmayan bir bəlaya tuş olmaq varmış bu
bacı-qardaşın. Bütün
insanların qorxduğu, adı çəkiləndə
baxışlara ağrı, iztirab pərdəsi çəkən,
səndən aldığını heç zaman qaytarmayan
zalım ayrılıq. Çoxları kimi
Lamiyənin də gücü çatmadı ona. Əzizini, bircə dayağını, bircə fəxrini
əlindən aldı. Sanki rəssam
fırçası ilə çəkilmiş simasına,
boy-buxununa baxdıqca qəlbi qürurla dolan bacının dəmir
caynarları ilə qəlbini parçaladı ayrılıq.
Qardaş toyu üçün qurduğu
arzuları, xəyalları darmadağın etdi. Onların yerinə bacı ürəyinə
qardaşının özü boyda, özü
ağırlıqda ağrı-acı toxumu səpdi. Qardaş toyu görmək arzusu heç vaxt
gerçəkləşməyəcək xatirələrə
yol aldı.
Gerçəkləşən isə o oldu ki,
Müşfiqin qismətində şəhid olub vətən
göylərinə ucalaraq zirvədə qərarlaşmaq
varmış.
Bu isə hər kəsə nəsib olmayan bir
qismətdir.
Fərruxə,
ABDURƏHMANQIZI
Ədalət.-2013.-8 may.-S.6.