GÖYÇAY: ŞİRVANIN ARAN TACI

 

(əvvəli ötən sayımızda)

 

Aqrar sahəyə xüsusi diqqətin vacibliyi

 

Aqrar sahənin inkişafı, əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması və torpaqların münbitliyinin artırılması üçün müəyyən tədbirlər həyata keçirilmişdir. 2013-cü ilin məhsulu üçün 15129 hektar sahədə payızlıq dənli bitkilərin əkini aparılmışdır ki, bu da keçən illə müqayisədə 748 hektarya 5,2 faiz çoxdur. Ötən ilin müvafiq dövrünə nisbətən yazlıq bitkilərin əkin sahəsi 198 hektarya 15 faiz artaraq 1514 hektara çatmışdır.

Heyvandarlıq sahəsində məhsul istehsalında, həmçinin mal-qaranın baş sayında dinamik artım vardır. 2013-cü ilin aprel ayının 1-i vəziyyətinə mal-qaranın baş sayı 47476-a, qoyunların baş sayı 65620-yə çatmışdır ki, bu da keçən ilin birinci rübünə nisbətən müvafiq olaraq 0,4 faiz və 0,7 faiz çoxdur. Yanvar-mart aylarında ət istehsalı 2012-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz, süd istehsalı 0,2 faiz, yumurta istehsalı 2,0 faiz artmışdır. Bütövlükdə cari ilin birinci rübündə kənd təsərrüfatının ümumi məhsulunun həcmi 8,8 milyon manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 3,6 faiz çoxdur. Ümumi məhsul istehsalında kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi 22,1 faiz təşkil etmişdir.

Rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artımına "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamı böyük təkan vermişdir. 2013-cü ilin birinci rübündə dövlət büdcəsinin vəsaiti hesabına 2424 nəfər buğda istehsalçısına 287326 manat yardım verilmişdir.

Əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində də xeyli işlər görülmüşdür

2013-cü ilin yanvar-mart aylarında rayonun kollektor-drenaj şəbəkələrinin 10,3 km-lik hissəsində 21,4 min kub.m. həcmində lil və çöküntülərdən təmizlənmə işləri aparılmışdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 54km uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənmiş və arxların su ötürmə qabiliyyəti artırılmışdır.

 

Rayon əhalisinin həyat səviyyəsi yüksəlir

 

Yanvar-mart aylarında rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,7 faiz artmışdır. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə 1,2 faiz çox istehlak malları satılmışdır. Ötən 3 ay ərzində işləyənlərin orta aylıq əmək haqqı 226,8 manat olmuşdur ki, bu da 2012-ci ilin ötən dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.

Rabitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər görülmüş, rabitə xidməti üzrə əsas iqtisadi göstəricilərə artıqlaması ilə əməl edilmişdir. Yanvar-mart ayları ərzində əhaliyə 158,2 min manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

Əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görülmüş, bütün poçt şöbələri müasir kompüter avadanlıqları ilə təmin olunmuşdur. Milli Bankın bank əməliyyatlarının aparılması üçün lisenziya verməsi ilə əlaqədar Göyçay regional poçt filialı tərəfindən bank əməiyyatlarının aparılmasına başlanılmışdır.

2013-cü ilin birinci rübündə rayon üzrə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından 1,1 milyon manat gəlir əldə edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.

Avtomobil nəqliyyatı ilə yük daşınması həcmi 8,2 faiz, sərnişin daşınması 8,7 faiz artmışdır.

Rayon əhalisinin elektrik enerjisi, təbii qaz və digər yanacaq növləri ilə təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, hesabat dövründə rayonun Cəyirli və Qubadlı-şıxlı kəndlərinə təbii qaz verilişi bərpa edilmişdir. Abadlıq-quruculuq işləri və müasirləşmə daha böyük uğurlardan xəbər verir.

Abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində xeyli işlər görülmüşdür. Şəhərin mərkəzində bayraq meydanının tikintisi və abadlaşdırılması işləri başa çatdırılmış, H.Əliyev prospektində çoxmənzilli yaşayış binalarının, Göyçay bələdiyyəsinin inzibati binasının fasad hissələrinin müasir tələblər səviyyəsində üzlənməsi və üst örtüklərinin yenilənməsi işləri aparılır. Hazırda şəhərin mərkəzi meydanında Gənclər evinin, şahmat məktəbinin tikintisi sürətlə davam etdirilir. Rayon Statistika və Maliyyə idarələri üçün inşa edilən inzibati binalarda son tamamlama işləri görülür. Cari ilin ötən dövrü ərzində rayon ərazisində 15 mindən artıq ağac və bəzək kolları əkilmişdir.

 

(ardı gələn sayımızda)

 

Məzahir Əhmədoğlu

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2013.-9 may.-S.7.