POEZİYA -
2011-2012
ƏDƏBİ
HƏYAT
(əvvəli ötən
saylarımızda)
IX
Keçən ilin dekabrında modernist şair Adil
Mirseyidin 60 yaşı tamam oldu.
Müasir Azərbaycan poeziyası Adil Mirseyidin
timsalında maraqlı və orijinal bir sima qazanıb, - desək,
qətiyyən səhv eləmərik. Elə şairlər
var ki, onların yaradıcılığı olmadan da ədəbi
inkişaf öz axarındadır. Amma Adil Mirseyidi bu
prosesdən kənar et, o zaman kiçik də
olsa, bir boşluqla üzləşəcəksən.
Onu modernist şair adlandırdım. Bunu şərh
edəcək yazılar da çap olunub və təkrara yol
vermək istəməzdim. Bircə onu deyə
bilərəm ki, Adil Mirseyidin şeirlərində təsvir
olunan Dünya bizim real dünyamızdan tamam fərqli bir
Dünyadır. Orada Adilin özünün
yaratdığı rənglər, naxışlar, mozaik elementlər,
çiçəklər, axşamlar, səhərlər bizim
hər gün, hər saat rastlaşdığımız nəsnələr
deyil. Hətta röyalar belə. Elə buna görə də, onun şeirlərində
bizim ənənəvi şeirə, onun poetikasına
uyuşmayan təsvir vasitələri, rənglər,
çalarlar diqqəti cəlb edir. "Rəng" dedim, Adil Mirseyid həm də rəssamdır.
Vaxtilə Vaqif Səmədoğlu onun haqqında
yazmışdı ki: "Adil nəinki maddi varlıqları,
eləcə də bir çox hallarda külək, sükut, tənhalıq
və s. kimi qeyri-maddi aləmləri rəssam gözü ilə
görür və əks etdirir". Adil Mirseyidin tədqiqatçısı,
həm də ona şeirlər həsr etmiş Elçin
İsgəndərzadə yazır: "Şeirləri rəsm
kimidi, rəsmləri şeir kimi. İşıq
saçır tablolar öz içindən, misralar dua kimi,
ovsun kimi, sirr kimi. Zamanın
dışından baxır dünyaya, ölüm belə
gözlərində bir röya".
göy
üzündə ulduzlar
qarmaqarışıq,
ulduzların arasında uçur
titrək
bir işıq.
ölümün yaxınlaşan addım
səslərini eşidirəm
hələ də gənc və gözəl
ürəyim alma kimi titrəyir
budağında
bəzən insan ölümündən utanır
şirin
bir təsəllidi
ruhumuzun
nəğməsi
ulduzlar
qeyb olur birdən
bir soyuq
yağış yağır
pəncərənin şüşəsindən
yağış damlaları axır
mən
siqaret çəkirəm çay içirəm
pişik
pəncərədən dişarı baxır
bütün umudları yox olmuş
adamın
kədəri var pişiyin gözlərində
gedib pəncərənin
önündə
durdum
mənim
pəncərəmdə
qara
kvadrat
qara
kvadratda eşq, ölüm, həyat
şəhərin üstündə bulud hıçqırır
bir
ağac var qaranlıqda
pəncərənin önündə
ağac
görür məni, ağac qışqırır
didir
ürəyimi köhnə bir günah,
pəncərə önündə ölürəm,
Allah.
Adil Mirseyidin ilk şeirlərindən son oxuduğumuz şeirlərinə qədər bir neçə əsas obraz diqqəti cəlb edir ki, onlardan birincisi ÖLÜMdür. "Pəncərə önündə ölürəm, allah", "və ölüm mələyi girir yuxuma", "ölümün nəfəsini duyuram ənsəmdə", "ölüm mələyi nə desə gerçək mən nə söyləsəm yalan", "ölümü düşünməkdən qorxmadım heç bir zaman" və s. misralara Adilin 2012-ci ildə çap edilən şeirlərdə rast gəldik, amma yüzlərlə belə misallara o vaxta qədər yazdığı şeirlərində təsadüf edə bilərik. 90-cı illərin əvvəllərində gənc tənqidçi Rüstəm Kamal yazmışdı ki: "Adil Seyidzadə (hələ Mirseyid deyildi - V.Y.) ölümə tapınmağı özünə şərəf bilir. Şairləri gözəlləşdirən ölümləridir. Adilin şeirləri poeziyamızın batmış səsidir ki, indi ruh şəklində bizə qayıdır və şairin təhtəlşüur təlatümlərini, gecə ovsunlarını sözə çevirə bilər".
Fikrimcə, Adilin şeirlərindəki ÖLÜMü fiziki anlamda onun özünə müncər eləmək doğru olmazdı. Modernist poeziya xas olan obrazlardan biridir ÖLÜM və Adilin şeirlərində də tez-tez işlənməsi bununla əlaqədardır. Yoxsa Adil şeirlərinin birində deməzdi ki: "bir şikayətim yoxdu ölümdən, yaşanmış bir eşqin izi qalıb ürəyimin çatlarında, ürəyimin çatlarında bir qızılgül qönçəsi, gecələr ulduzların çığırtısı tökülür dənizə".
Vaxtilə Xalq yazıçısı
Elçin Adil Mirseyidin yaradıcılığına həsr
etdiyi "Elitar poeziya" məqaləsində yazırdı:
"Adil Mirseyidin poeziyası "açıqlamalar"
poeziyası deyil və mən istərdim ki, o özü də
buna tamam əmin olsun, öz oxucusuna inansın".
Adil
Mirseyidin də özünə görə oxucuları var və
o oxuculardan biri kimi mən Azərbaycan modernizminin
hal-hazırkı avanqardına uğurlar arzulayıram!
X
Yaradıcılıqda "kişi-qadın" bölgüsü olmamalıdı. Əsər var.
Amma eyni dövrdə yaşayıb-yaradan
kişi və qadın şairlərin şeirlərini oxuyun.
Bir neçə misradan, öəlkə elə birinci misradan
bilinəcək ki, kim yazıb onu-kişimi, qadınmı?
Saqi, mey
ver, genə bir tazə günah istəyirəm,
Qara göz, nameyi-əmalı siyah istəyirəm.
Şeir oxunur və professional oxucu bilir ki, bu, Seyid Əzim
Şirvaninin ləfzidir. Heç bir qadın şair söyləməzdi
ki, sənə görə qapınızdakı itlə məhrəm
olmaq, dostluq etmək istəyirəm. Amma
kişi-aşiq bunu deyir.
Eşq
sultanı mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taəti fərman etdim.
Bu beyt Natəvanındır-Füzuli poetik məktəbinin
ən layiqli davamçılarından biri. Şəxsi kədəri, dərdi,
içinin bütün yanğısı onun qəzəllərinə
hopub, bu, kişi fəryadı deyil, Ana-Qadın
fəryadıdır.
Zəriflərin poeziyası elə adından da
göründüyü kimi zərifliyi, incəliyi, kövrəkliyi
ilə seçilir. Hətta üsyankar ruhlu bir şairənin
də ləfzində o incəliyi, o zərifliyi hiss edərsən.
Bizim poeziyada Məhsəti xanım Gəncəvi
ilk üsyankar şairimizdi ki, dinin qoyduğu bütün
qadağaların üstündən cəsarətlə
keçib. Hətta daşqalaq edilsə də.
İnadından dönməyib. Azərbaycanın "qadın Xəyyaiı"
eşqi, məhəbbəti, insan azadlığını tərənnüm
edib. Məhsəti xanımın açdığı
yolla sonrakı əsrlərdə Tahirə Qürrətüleyn,
Fatma xanım Kəminə, Natəvan, Ağabəyim Ağa,
XX əsrdə isə Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə
Gülgün irəlilədilər.
Bu gün Azərbaycan poeziyasını təmsil edən
zəriflər isə həm sayına, həm də
sanbalına görə (yaradıcılığına-V.Y.)
diqqəti cəlb edirlər. Budur onlar: Füruzə Məmmədli,
Kəmalə Ağayeva, Nurəngiz Gün, Nisə Bəyim,
Ofelya Babayeva, Mahirə Abdulla, Məlahət Yusifqızı, Fərqanə
Mehdiyeva, Rəsmiyyə Sabir, Səhər, Fəridə
Hacıyeva, Mahcamal, Sona Vəliyeva, Narıngül, Kəmalə
Nəsrin, Mina Rəşid, Ayişə, Həyat Şəmi,
Xuraman Hüseynzadə, Gülnarə Cəmaləddin, Səyyarə
Məmmədli, Simuzər Nüsrətbəyli, Mənsurə
Qaçayqızı, Nazilə Gültac, Aysel Əlizadə,
Xatirə Fərəcli, Nuranə Nur, Xatirə Sadıqlı,
Ay Nur, Feyziyyə, Rəbiqə...g
Adlarını çəkdiyim bu zəriflərin hər
biri özünəməxsusluğu ilə seçilir. Təbii ki,
onların poetik səviyyəsi eyni deyil, amma yazı tərzi,
poetik ləfzi etibarilə biri digərinə bənzəmir.
Bənzərlikləri başqa nöqtədədir (bu haqda az sonra).
Füruzə Məmmədli müasir Azərbaycan
poeziyasının zərifləri önündə gedir - bu, mənim
fikrimdir. Belə düşünürəm ki, onun
poeziyası öz professional səviyyəsi, həyata,
dünyaya, gözəllik aləminə münasibətinin
özünəməxsusluğu, lirik qəhrəmanın mənəvi
dünyasının zənginliyi ilə seçilir.
Ayağımda-ağrıların
möhürü,
Məni nə Yer, nə də ki Göy
götürür.
Allah,
Allah, bir xoş gündən ötürü,
Neçə günün əzabına dözmüşəm.
Gecə
baxıb qaşqabaqlı Ay mənə,
Gündüz
olub o buludlar tay mənə.
İnnən
belə nə güzərangVay mənə,
Vay mənə ki, hesabına dözmüşəm.
Bəlkə
elə söz atından düşüm ta,
Uçdum bəsdi, qanadımdan düşüm ta.
Yenilməmiş..İnadımdan düşüm ta,
Yetər bunca əsəbinə dözmüşəm.
Bu şeiri ("Azərbaycan", 2012, № 12)
dünyanın gərdişindən, zamanın gedişindən,
həyatda, cəmiyyətdə baş verən təzadlı,
mürəkkəb hadisələrin, ziddiyyətli olayların
varlığından bezən, hərdən tənhalığa
tapınan, hərdən dünya ilə həsb-hal aparan
müasirimiz Füruzə Məmmədli yazmışdır.
Füruzə Məmmədli kimi Nisə Bəyim də
narahat şairdir. Qaynar ədəbi mühitdən uzaq olsa
da, Nisə Bəyim mətbuatda çap etdirdiyi hər yeni
şeirlər silsiləsi və yeni kitabı ilə
oxucuların diqqətini cəlb edir. Ona "ürəyi
ilə danışan şair" demək mümkündür
və mənim fikrimcə, Nisə Bəyim hələ ki,
ürəyiylə danışıb qurtara bilməyib, daha
doğrusu, ürəyindən Dünya adlı nəhəngə
bir körpü salmaq istəyir, Dünyanı dərk etdikcə
dərk etmək istəyir. Allaha üz tutur.
Amma:
Sular
kölgə kimi çökdü gözümə,
Qaranlıq göründü dünyanın dibi.
Mən də
tanımadım, mən də sevmədim,
Gəlib bu dünyadan gedənə kimi.
Nisbəyim
deyəndə ki: "Dünya mənə can qəfəsi,
ölməyə yuvam çatmır" - bunu qətiyyən
pessimizm kimi dərk eləmirəm. Bu misraların arxasında
o qədər mətləblər durur ki...g
Təbii ki, bu yazıda adlarını çəkdiyim zəriflərin
hər birinin şeirləri barədə lap yığcam da
olsa, söz açmaq imkanı yoxdur. Ancaq son illərin zərifləri
içərisində diqqəti cəlb edən Məlahət
Qaramuradlı barədə bir neçə kəlmə...
Məlahət
Qaramuradlı kifayət qədər cəsarətli şairdir
və bu "cəsarət" - sözü üzə deməklə,
haqqın silləsini nahaqqın üzünə
çırpmaqla əyan olur. Azərbaycan cəmiyyətində
cəsarətinə görə hətta kişilərdən də
ötkəm olan qadınlar var və mən o sırada Məlahəti
də görürəm. Kimisi ictimai fəaliyyətilə,
kimisi elmi hünəriylə, Məlahət də şeirləriylə.
Məlahət Qaramuradlı cəsarətli
şeirlərində susqunluğa, mənəvi ətalətə,
meşşan miskinliyinə atəş açır.
Özü də onun ilk tənqid hədəfi kişilərdir:
Allahın
sağ əli olmalıydı kişilər;
vurub,
tutan,
çalıb, çapan,
yaraq
tutmaqdan qabar olan əli.
Oldumu?!
Yer dağılmalıydı ötkəmliyindən.
Ağırlıq yaraşır hər insana.
Dağdan
ağır gəlirdi mənə
Kişi zəhmi,
çünki
dağdan
ağırını görüb gəlmişdim
bu şəhərə.
Amma o, həm də qadına məxsus kövrəkliyi, həssaslığı
da şeirlərinin ruhuna hopdurur. "Qaçqın bənövşəyə"
şeirində Məlahət beş əsrdən
artıq gözəlliyinə, zərifliyinə şeirlər
yazılan, poeziyada bir obraza çevrilən bənövşənin
halına acıyır. Bu bənövşə
Göyçədə bitib. Elə
yurdundan, yuvasından didərgin düşən göyçəlilərin
də taleyi bu bənövşəyə oxşayır. "Çoxunun gözündə Göyçə
həsrəti, Çoxu bizim kimi çıxmadı yaza".
Məlahətin Xocalının və Kəlbəcərin
işğalının 16-cı ilinə həsr etdiyi şeirləri
də həyəcansız oxumaq olmur. Hiss edirsən ki, bu
şeirlər "qara yubileylərlə" bağlı
yazılan bəzi şablon şeirlərə oxşamır, dərddən
və dərdin havasından yaranan şeirlərdir. "laçın qanad çalıb, arana qondu, Kəlbəcər
istəyim Murovda dondu, Haqqam deyənlərin haqqımı
dandı, Qisas qiyamətə qaldı, ilahi!"
Məlahət Qaramuradlı bu günün şairidir və
şeirlərində də dövrün, zamanın bir şair
ürəyinə yığılmış qəm
dağlarını, kədər yağışlarını,
həyatın, gerçəkliyin
ağrı-acılarını görürük. Görürük ki:
"Torpağın altında gorum çatladı,
Üstümdən yol, cığır saldılar, heyf!"
Görürük ki: "Qəhrəmanın başı dilənçiliyə,
Dilənçinin başı milyonçuluğa,
Qarışır milyonlar səltənətində. Haqqı olmayanlar durub döyüşə,
Yarışır milyonlar səltənətində".
Görürük ki: "Səf-səf durub; düşmən
diş-diş, düşmən dən. Məndən
deyil yurdu satıb, sovanım". Görürük ki:
"Dünyanın ən ağır dərdidi torpağı
yaddaşda gəzdirmək; üzü soyuqdu deyib,
anamızı qoyduğumuz torpağı". Misalların
sayını istənilən qədər artırmadan da deyə
bilərik ki, Məlahət Qaramuradlı içində
yaşadığı gerçəkliyin olaylarını
şeirə də gətirir, həm özü, həm də
bizim üçün bədii bir tarix yaratmağa səy edir.
Çox arzu edərdim ki, bəzi zəriflərimiz də
sözü bu sayaq cəsarətlə söyləsinlər.
O ki
qaldı onların yaradıcılığındakı bənzərliyə,
oxşar cəhətlərə, bu, daha çox özünü
müəyyən bir mövzuya həsr olunan şeirlərdə
hiss etdirir. Xüsusilə, sevgi şeirlərində,
talelərinin uğursuz məqamlarını təsvir etmək
məqamı gələndə çox zaman eyni situasiyalar təkrar
olunur. Hamı ayrılığı dar
ağacına bənzədir, hamı gedənin bir daha geri qayıdacağına
inamını itirmir və s.
Əlbəttə, müasir poeziyamızda zəriflərin
yaradıcılığı ayrıca, həm də geniş
bir söhbətin mövzusudur.
XI
Əziz
oxucu! 2011-2012-ci illərin poeziyası ilə
bağlı bu mülahizələr fraqmentlər şəklində
sənə təqdim olundu. Bu, nə icmaldı,
nə də problem məqalə, sadəcə, bizim zəngin,
çoxçalarlı müasir poeziyamız haqqında
düşündüklərimdi. Kimsə
inciməsin ki, onun adı çəkilmədi, şeirlərindən
söz açılmadı. Sizin
iradınızı da, gileylərinizi də qəbul edirəm.
Yazını
sona çatdıranda 2011-2012-ci illərin poeziya nümunələrindən
birini seçdim ki, bütün bu yazıda söylədiklərimə
sonuncu fraqment olsun:
Hər
gün bir yeni ümidlə
açılır pəncərəmizdə səhər.
Ümidlərimizin
səhəridi
qoynunda
yaşadığımız şəhər.
Buludlar ağ ümiddi üfüqdə,
dəniz
masmavi ümid.
Hər səhər
pəncərəni açıb
günəşi salamla-
və
içini gəmirən
bütün dərdləri unut...
Ümidlə
yaşamaqdı
röyalarımızı xeyirə yozmaq,
rəsm
çəkmək,
nəğmə oxumaq
və
sevgi şeirləri yazmaq.
(Elçin İsgəndərzadə)
Vaqif YUSİFLİ
Ədalət.-2013.-11 may.-S.13.