Bütövün bir hissəsi,
Gümüşü rəngin cazibəsi və ya adilik içində
qeyri-adilik...
İstənilən bədii mətnə müxtəlif
rakurslardan yanaşmaq mümkündür. Məsələn, təhlilin
nüvəsini hansısa bir problem təşkil edə bilər;
ya da təhlilə cəlb edilən mətn müstəqil bir parça
tək (tədqiqatçı istəsə, onu
yazıçının və şairin ümumi
yaradıcılıq müstəvisindən kənara da
çıxarar) araşdırıla, zəif və
güclü tərəfləri, bədii məziyyətləri,
məzmunundakı orijinallıq və ya bəsitlik, dili,
üslubu, sənətkarlıq xüsusiyyətləri və
s. müəyyənləşdirilə bilər. Eyni zamanda, mətnin
başqa mətnlərlə müqayisədə (müəllifin
özünün və ya digərinin) tədqiqi də
maraqlı alınır - xüsusilə ortada ortaq cəhətlər,
üst-üstə düşən məqamlar, təsir və əks-təsir
faktları mövcuddursa... Və ya hər hansı bir mətndən
müəllif şəxsiyyətinə aparan yolun izinə
düşmək, xarakterin ən ziddiyyətli tərəflərini,
düşüncəsinin bütün stixyiyasını
anlamaq, dünyaduyumunun, təfəkkürünün, ruhunun ən
incə məqamlarını müəyyən etmək
mümkündür...
Bir sözlə, bütün bunlar tədqiqatçının
nəzərdə tutulan materiala hansı məqsədlə
yanaşmasından, onu hansı rakursdan müşahidə etməsindən
asıldır və bu təhlil formalarının hər biri
ortaya çox maraqlı nəticələr
çıxarır.
Amma hər
hansı bir yazıçının və ya şairin
yaradıcılığını bütöv, tam şəkildə
- janrından, yazılma zamanından, formasından və s.
asılı olmayaraq diqqətdən keçirdikdə meydana
çıxan faktlar, əldə olunan nəticələr daha
cəlbedici, daha gerçək, daha hərtərəfli, daha əhatəli,
hətta daha gözlənilməz alınır. Ona
görə ki, yaradıcılığın ümumi halda -
bir axın kimi üz tutduğu istiqamət, meyl, müəllifin
maraq dairəsindən, intellektindən, dünyaduyumundan
asılı olaraq bədii mətnə gətirilən (və
ya qeri-ixtiyari daxil olan) problemlər, situasiyalar, mənzərələr
birdən-birə bütöv, tam halda göz önündə
sərgilənir və sən də istər-istəməz
axına qoşulub addım-addım onunla birlikdə irəliləməli
(və ya geriləməli) olursan. Hətta bu cür
müşahidə zamanı ortaya çıxan faktlar tədqiqatçının
"qulağına" elə informasiyalar, elə hiqiqətlər
"pıçıldayır" ki, bunu konkret halda
götürülmüş hansısa yeganə mətn çətin
ki, ifadə edə, ötürə bilsin.
Bu cür
təhlil zamanı yazıçının qət etdiyi yol
boyu dəfələrlə təkrar "keçilən"
və ya "qayıdılan" "duraq nöqtələri"nin mövcudluğu da, mətnlərin birindən
digərinə ötürülən obrazlar, birindən o birinə
atılan ziddiyyətli məqamlar, xarakterlər, situasiyalar da,
təkrar-təkrar araşdırılan psixoloji-mənəvi
qabarmalar, dəfələrlə müraciət edilən
problemlərin varlığı da ortaya çıxmış
olur. Əlbəttə, bütün bu
sadalananların səbəblərinin tapılması zərurəti
mövcuddur və bunsuz mümkün deyil. Cavab mütləq
verilməlidir: niyə bu yazıçı bu və ya digər
problemə dəfələrlə qayıdır, bu və ya
digər xarakteri dəfələrlə (hər dəfəsində
də yeni ştrixlər artırmaqla) yaratmaq ehtiyacı hiss
edir, niyə eyni psixoloji situasiya, gərgin durum fərqli ədəbi
qəhrəmanlar üçün dəfələrlə
qurulur və s. niyə, niyə, niyə...
Cavabın
tapılması ayrı məsələdir, amma prosesin
özü - yazıçının bütün
yaradıcılığı boyu "hərəkət istiqaməti"nin, təkrar-təkrar gəlib keçdiyi
"duraq məntəqələr"inin, bilərəkdənmi,
yaxud təhtəlşüurmu (bunların hər ikisi ola bilər)
olduğunun aydınlaşdırılması
maraqlıdır... Tədqiqatçı bu
prosesin iştirakçısına, hətta bir detalına
çevrilə bilir. Bu, çox fərqli
təəssüratdır. Onu da deyək ki, bu cür
ümumi müraciət və ardıcıl mütaliə bir
xüsusiyyətinə görə də əhəmiyyətlidir:
o, yazıçının yaradıcılığı boyu qət
etdiyi məsafə ilə bərabər yoldakı enişini də,
yüksəlişini də bütün
çılpaqlığı ilə sərgiləmiş olur.
Açığı,
çox az yazıçı var ki,
yaradıcılığının bu cür Tam - Bütöv
halda araşdırılması proses olaraq diqqət çəkə
bilsin. Amma Elçinin
yaradıcılığı - hekayələri, povestləri,
romanları, məqalələri, tənqidi əsərləri,
monoqrafiyaları, pyeslərig - bu Tamı araşdırmaq
üçün çox zəngin, çox koloritli material
verir.
Onun
kiçik mətnlərdə də, böyük həcmli əsərlərində
də təsvir etdiyi situasiyaların, qoyduğu problemlərin,
yaratdığı konfliktlərin orijinallığı, bədii
mətnə gətirdiyi xarakterlərin qeyri-adiliyi, ilkinliyi, sadə
təsvirdən mürəkkəb prosesə - konfliktli
situasiyaya doğru aparan yolun mövcudluğu, əsərlərindəki
mif və folklorizm qaynaqlarının varlığı,
yazı üslubu, təhkiyəsindəki özünəməxsusluq,
hətta fikrin ifadəsi üçün seçdiyi cümlə
quruluşları belə ayrı-ayrılıqda nəzərdən
keçirildikdə haqqında
danışdığımız Bütövün çox fərqli
parçalarını təsəvvür etmiş olarıq...
Burada həm rənglərin qəribə bir qamması -
ümum halında - diqqəti çəkir, həm xarakterlərin
sadəliyi içərisindəki mürəkkəblik
maraqlı görünür, daxili ziddiyyətlərin bəsit
və sadə təqdimi-dərki mövcuddur və ya əksinə,
sadə təsvirlərin alt qatında qoyulmuş mürəkkəb
konfliktlər özünü büruzə verir, magik
situasiyalar və təəssüratlar oxucu təxəyyülünü
çaşqınlıqlara doğru sürükləyir, eyni
zamanda, çox real, çox həyati, çox gerçək
faktların təsviri dinamikasını da müşahidə
etmək mümkündür.g Bir sözlə, o Tamın
içində təqdim olunan Abşeron həyatından,
Abşeron təbiətindən - bağlarından tutmuş
qumsallarına qədər, dənizin anlatdıqlarından
tutmuş, dəniz dilini anlayan insanlarına qədər,
öz tənahılığı ilə baş-başa olsa
da, hansısa bir konkret günə və ya hadisəyədək
bu tənhalığın mövcudluğundan bixəbər
olan qəhrəmanlarına qədər, daxilində hər
zaman olmasa da, aradabir Xeyir-Şər qarşıdurması
yaranan personajlarına qədər - hər şey, hər
şey Tamı yaradır, Tamın bitkinliyinə,
tamamlanmasına xidmət edir...
Tənhalığından bixəbər
tənhalar
Əslində, tənhalıq İnsanın adi və təbii
halıdır.
Kimininsə alışdığı, kimininsə alışa bilmədiyi, kiminisə etiraf etdiyi,
kimininsə etmədiyi bir hal... Onun Yaradıcı
Dünyasının qəhrəmanları (istər
"Gümüşü furqon"un Məmmədağası,
Məsməxanımı, istər "Sarı pencəy"in
S.Qayıblısı, istər "Toyuğun diri
qalması"ndakı Zübeydə, istər "Qatil"ini
qəhrəmanı və s. və s.) öz mənəvi tənhalıqlarından
bixəbər tənhalardılar... Və onların xoşbətlikləri
də, bədbəxtlikləri də, faciələri də məhz
bu tənhalıqları ilə bağlıdır... Bixəbər olduqlarına görə xoşbəxtdirlər
- çünki var olan tənhalığın acısı
keyləşmiş bir ağrı kimidir.
Sızıltısı olsa da, hələ ki narahat etmir, silkələmir...
əlbəttə, konkret bir situasiyaya, konkret bir məqama qədər...
Bədbəxtdirlər ona görə ki, bu dərketmə
olmadığına görə həyatları adilik içərisində,
yeknəsəklik içərisində axıb gedir və bu
axını "həyat" adlandıraraq nəyisə dəyişməyi
heç ağıllarına da gətirmirlər... Nəyisə gözləyirlər? Amma nəyi
- bilmirlər... Bu gedişlə də hansısa bir gün gəlir
və hansısa bir məqam onları öz tənhalıqları
ilə üz-üzə, göz-gözə qoyur... Hansısa
(məsələn, "Toyuğun diri qalması"ndakı
Zübeydə) əlində bıçaq, gecə köynəyindəki
görünüşü ilə hətta
özü-özünə də vahiməli
görünür, indiyə qədər haqlı saydığı
yaşanmış yola tamam başqa bir gözlə nəzər
salmalı olur, hansısa ("Sarı pencəy"in
S.Qayıblısı kimi) hallusinasiya kimi qəribə situasiya
ilə üz-üzə qoyulur, məişətinin adi əşyası
- pencəyi az qala "dil açaraq" gündəlik yeknəsəklikdən
qurtulmağa, onu tənhalıqdan qoparmağa
çalışır və "rəngini dəyişməklə"
yeknəsəkliyin bir predmeti, yalnızlığın bir
atributu, simvolu olmasına etiraz edir... Hansısa
("Baladadaşın məhəbbəti"ndə olduğu
kimi) təsadüfi bir hadisə, təsadüfi bir
görüş nəticəsində adi yaşam müstəvisindən
çıxır, içindəki tənhalığın var
olduğunu görür və həyatına tamam başqa
gözlə baxmağa başlayır... Lap müvəqqəti
olsa belə...
Tamın
bir parçası olan Tənha İnsanların ən xarakterik
cizgisi, ən böyük kaloriti onların öz tənhalıqlarından
bixəbər yaşamalarıdır: "Məmmədağa
kənddən gələn işıqlara baxdı, baxdı və
ona elə gəldi ki, bütün günü səhərdən
axşamacan adamlarla olsa da, əslində o bu taxta
dovşanın, tülkünün, ayının, şirin və
naməlum heyvanın yanında tək-tənhadı. Məmmədağa
ömründə belə şeylər fikirləşməzdi
və bilməzdi ki, vaxt olar, onun başına belə fikirlər
gələr..." (Bir görüşün tarixçəsi")
İçlərində gedən prosesləri hələ ki dərk
etmirlər... Amma bir gün gəlir və... Hər şey dəyişir...
Bu məqamda
onu da qeyd edək ki, tənhalıqdan bixəbərlik təəssüratını
daha da möhkəmləndirən, ona daha böyük
canlılıq verən bir cəhət də var: o da bu
obrazların təsvir edildikləri məkanın, yerin, hadisələrin
baş verdiyi əraziyə fon olan
görüntünün tənhalığıdır. Tənha
dəniz, dənizə üzüb gedə biləcək qədər
canlı olan qayalar, suya düşən gümüşü
ayın işığı, uzaqdan işıldayan ulduzlar, səsini
çıxarmayan dalğalar və s. və s.g"Məsməxanım
həmin qəribə yay gecəsi əllərini yelləyə-yelləyə
öz ulduzunu bərkdən səsləmək istədi:
"-E-he-he-hey!", amma özünü
saxladı, çünki, onsuz da, içini bayır eləyib
qoymuşdu ay işığının altına"
("Gümüşü furqon").
Və bu
Tamda hər şey tənhalığından bixəbər
İnsanların o Tənhalığı dərk etməsi ilə
başlayır... Sevinci də, ağrısı da,
acısı da, təəssüfü də...
Adilik içində qeyri-adilik...
Bu
tamlığın içərisində hər şey - istər
sahil kəndlərində olsun, istər şəhərdə
("Qırmızı ayı balası", "Günlərin
bir günündə"), istər ucqar bir dağ kəndində
("Gümüşü, narıncı, məxməri")
hər zaman adilikdən başlayır. Hər
şey adidir - öz adi gözəlliyində, öz adi səmimiyyətində,
öz adi axarında. Amma eyni zamanda da bu adiliyin içərisində
bir qeyri-adilik, qəribəlik mövcuddur ki, bunu əsər(lər)in qəhrəmanları
özləri də hiss edir, anlayır, dərk edirlər. Bu
qeyri-adiliyin nədə olduğunu tapa bilməsələr,
tapmağa çalışaraq anlamasalar belə, onun
varlığını fəhmlə, intuisiya ilə duyurlar
Sanki illərlə məhz onu gözləyirlərmiş
kimi... Və o gün yetişir... Əlbəttə,
tapılan və duyulan qeyri-adiliyin elə qeyri-adilik səviyyəsində
qalıb-qalmayacağı bəlli deyil. Amma
fərq etməz. Əsas olanı adilikdən,
yeknəsəklikdən qurtuluşdur. Əsas olan adini
qeyri-adiyə adlatmaqdır ki, bu, da Tamın vacib hadisəsi
kimi baş verir...
Elçin yaradıcılığının ən əhəmiyyətli
xüsusiyyətlərindən biri də məhz budur - adinin
alt qatında olan qeyri-adi şeyləri görmək və
oxucuya göstərmək. Bununla da yaxşı mənada
təəccübləndirə bilmək.
"Məsməxanım
dedi:
- Mən
xoşlayıram gilavarı... Gilavar dənizə əsir də...
Gilavar əsəndə dənizlə danışmaq olur...
- Sən
dəniz qırağına gəlib dənizlə
danışırsan?
-
Nöşün, evdə danışmaq olmur bəyəm?
Gilavar sözləri aparır dənizə..."
Qeyri-adilik ondadır ki, bu qəhrəmanlara (məsələn,
"Gümüşü furqon"dakı Məsməxanıma)
baxıb, onların sadə, avamyana
görünüşünün altında qəribə,
gözlənilməz düşüncələrin,
bacarıqların, xəyalların gizlənə biləcəyini
düşünmürsən. Bəzən bu cür adi insanın
dilindən çıxan hansısa bir söz lap bir şapalaq
kimi də təsir edə, insanın içinə qədər
işləyə bilir... Ucqar bir dağ kəndində
böyüyən bir oğlan - aldığı sevgi məktubuna
əhəmiyyət verməyəcək, ondan həyəcanlanmayacaq
qədər laqeyd olan biri intuitiv olaraq həyatının dəyişən
axarını hiss edir, duya bilir və
qarşılaşdığı situasiyada bir anın
içindəcə böyüdüyünü nümayiş
etdirirgonun həyatının da adi axarının gətirdiyi
hadisələr bolluğu özünə
pıçıldanırdı - hissi, duyumu, öncəgörümü
ilə...
Beləliklə
də, bu Tamın istənilən bir parçası ilə
tanışlıq zamanı hansı məqamda nə ilə
üzləşə, nə ilə qarşılaşa biləcəyin
bəlli deyil, yəni hər an sürpriz ola
bilər...
Rənglər qamması...
Bu
Tamın özünəməxsus rənglər qamması
var... Bəzən sənə elə gələ
bilər ki, əsas olanı mavidir. Mavilik içərisində
uzanan və onunla yanaşı vurulmuş - salınmış
sarı qumsal rəngidir... Yaxud, bənövşəyidir... Məxməridir...
əlbəttə, bunların hamısı var... Amma Tamın içindən "çıxan" və
sənin gözlərini qamaşdıran daha çox
gümüşüdür. O bir ay
işığının gümüşüsü də ola bilər, bir maşının ətrafı
bürüyən gümüşü parıltısı da,
bir qar sevgisinin, qarlı qış səhərinin gözləri
qamaşdıran gümüşü ağlığı
da... Əsas olan bu gümüşünü doğuran və
dünyanı bu gümüşüyə bürüyən
şeyin nə olduğu deyil... Əsas olan o
gümüşünün cazibəsi, təmizliyi,
saflığı, müəmması və qeyri-adi ovqat
bağışlaması, insanı özündən, öz mərtəbəsindən,
olduğu "aşağılardan" qoparıb göylərə
qaldıra bilmək bacarığıdır...
Dairə boyunca hərəkət
Bu
dünyanın - bu tamın qəribə bir hərəkət
amplitudası var - dairə boyunca inkişaf... Məgər
dairə boyunca hərəkətdə inkişaf
mümkündürmü? Mümkündür?
Ola bilərmi? Deməli, ola
bilirmiş... İnkişaf var, amma hərəkət məhz
bu dairənin daxilində gedir... Və bu təkcə o dairə
boyu hərəkət amplitudasına salınmış
epizodlarda (....), obrazlarda (....), situasiyalarda (....) xarakterlərdə
özünü göstərmir, həm də təhkiyədə,
yazı manerasında boy verib görünür... Bir neçə
melodik parça arasında təkrar-təkrar vurulan, sonra yenə
qayıdılan, qayıdılan və qayıdılaraq təkrar
səslənən akkord kimi bir şeydir bu...
Təkrar
gedişlər, təkrar qayıtmalar baş verir... Dənizdə
üzə biləcək qədar canlı görünən
qayalıqlara dəfələrlə təkrar-təkrar
dönülür, milisoner Səfər kimi, Ağagül kimi,
Baladadaş kimi obrazlara yenidən üz tutulur (hələ də
tutulmaqdadı), gümüşü çalara, kaloritli bənzətmələrə,
poetik detallara təkrar qayıdışlar baş verir...
Eyni şey yazı manerasında da istifadə edilir. Hər hansı situasiya, hər
hansı bir təsvirə mətn daxilində bir neçə
dəfə təkrar qayıtmaqla sanki yaradılmış təəssürat
təzələnir, unudulmaması, yaddan çıxmaması
üçün yeni bir əlavə ilə təqdim edilir...
Sadə insanların bir cümləlik
xarakteristikası
Bu Tamda personajlar əsasən uzun-uzadı təqdim
edilmir. Onların xarakterik xüsusiyyətlərini,
dünyalarını, necə insan olmalarını hansısa
situasiyalar müəyyən edir. Bunun
üçün müəllif öz mövcudluğunun vacib
olduğunu heç xatırlatmır da. Konkret
situasiya - və sən əsərdəki personajı
tanıyırsan. Kimliyini, xarakterini dərk edirsən... Bircə cümlə və o bütün kaloriti ilə
ortadadır.
"Milisioner Səfər heç vaxt heç kimin
ürəyinə dəymək istəməzdi. Onun fikrincə,dünyada ən pis şey kiminsə ürəyini
sındırmaq idi" ("Bir görüşün
tarixçəsi").
Vəssalam. Bir uşaq atası olan, sovet dövründə alverə
qarşı mübarizə aparan və dilinə haram tikə dəyməmiş
milisoner Səfərin obrazı da, xarakteridə aydın olur...
Aldığı şapalaqdan sonra şikayət etməməsi
ilə, pomidor-xiyar satan Məsməxanıma
"Özünü heyf etmə" deməsi ilə kimliyini
nümayiş etdirir....
Və
ya... uşaqların ucuna pul bağlayaraq ələ saldıqları
molla Süleyman: "Ən qəribəsi bu idi ki,
üç-dörd gündən sonra molla Süleyman yenə də
özünü saxlaya bilməyib, ucuna ip bağlanmış
manatlığı götürmək üçün
aşağı əyilirdi". ("Bir
görüşün tarixçəsi")...
Bu Tamda
heç bir xarakterin uzun-uzadı təqdimatına ehtiac belə
hiss etmirsən... Hər şeyi situasiya, hadisə
danışır...
Maraqlı bənzətmələr, kaloritli
detallar
Bu Tamda diqqəti çəkən xüsusiyyətlərdən
biri də yazıçının detallı təsvir
bacarığı, detal orijinallığı, bənzətmələrdəki
qeyri-adi və ən əsası özünəməxsus
çalarlardır. Məsələn, bu cür rənglərə tez-tez
rast gəlmək olur: "Molla Süleyman Məmmədağagilin
məhəlləsində olurdu və onun haqqında
danışmaq köhnə Sarı hamam, köhnə məscid,
yan-yana iki adam güclə yeriyən Dar
dalan haqqında danışmaq kimi bir şey idi" ("Bir
görüşün tarixçəsi").
Və ya:
"Bu Qaçaq Nəbinin qalstuk taxması kimi bir
şeydir" ifadəsi...
Bu cür
bənzətmələr də Tamda tez-tez xatırlanır,
yada salınır... Ən əsası isə... Onun
yararlandığı poetik detallar, ştrixlər
yaratdığı xarakterlərin bütövlüyünə,
təsvir etdiyi hadisələrin canlılığına, təsirliliyinə
xidmət edir və heç vaxt da qurulmur,
quraşdırılmır... Həyatdan
götürülür... Real dünyadan alınır...
P.S. Bu
yazını ixtisarla təqdim edirəm... Əslində,
bu, yaradıcılığının müxtəlif mərhələlərini
tədqiq etdiyim xalq yazıçısı Elçini 70 illik
yubileyi münasibətilə təbrik etmək
üçün bir bəhanədir.
Nərgiz Cabbarlı,
AMEA, Ədəbiyyat İnstitutunun
elmi işçisi
Ədalət.-2013.-11 may.-S.10.