UĞURUNA CAN ATDIĞIM ÜNVAN

 

Bəzən gedəcəyin ünvana səni borc, məsuliyyət hissi, cavabdehlik duyğusu, kiməsə yaramaq istəyi sürükləyir. Getməlisən, düşünürsən... sənin varlığının, sənin gedişinin orada yaradacağı ab-havanın, xoş auranın bəlkə də, səndən də çox onlara lazım olduğunu bildiyindən.

İkinci yol da var. Həmin yolun aparacağı ünvansa özü səni çağırır, çəkir içinə. Özündən asılı olmayaraq, hansısa gözəgörünməz qüvvə, bəlkə də, özünün də hiss etmədiyin daxili istək səni dartıb aparır həmin yerə. Əslində sən hər an, hər saat yol gedirsən həmin səmtə sarı. Fikirlərinlə, düşüncələrinlə, o ünvandakı insana bəslədiyin ülvi hisslərinlə, onunla görüşüb yüngülləşmək arzunla, bu ünsiyyətdən rahatlıq tapmaq ümidinlə, ona yetişirkən ruhunun dincələcəyi ehtimalınla, mənəviyyatında daim duyduğun əbədi bir ehtiyacla...

Düz 15 ildir məni Sona Çərkəz adlı ünvana çəkib aparan, onun dünyasına cəlb edən əslində, dərd adlı cəlladın ovuna doğru həmləsini ürək ağrısıyla seyr edərək çarəsizcəsinə göz yaşı töküb acıya şərik çıxmaq istəyi deyil. Dərd adlandırdığımız o adsız, isimsiz duyğununmu deyim, çəkilməz yükünmü deyim... bilmirəm, məhz həmin o dərdin insanın daxilindən bir rentgen şüası kimi keçərək bütün həyatını işıqlandırması və ona yaxşıları və pisləri göstərməsi, əlçatmazlara həsrət duyğusu yaratması, vazkeçilməzlərin insan ömründə yaratdığı əbədi məmnunluq, rahatlıq, xoşbəxtlik və sonsuz bəxtəvərlik hisslərini təkrar-təkrar yaşatması həm də o insanın kamillik zirvəsinə ucalmasına bərabər bir şeydir. Bu zaman dərd artıq insanı yumağa çevirə bilmir, hörümçək toru kimi onun əl-qolunu bağlayıb o kiçik dairədə necə çabalamasına rişxənd edə bilmir. Çünki insan dərdləriylə, acılarıyla düşmən yox, sirdaş olanda bəzən, o da buna yaxşı qarşılıq verir və çokdüyü qəlbə simsarcasına yanaşır. Bu dəm artıq dərdin əbədi ünvan saldığı o insan həqiqətən sənin üçün, toplum üçün maraqlı, arzuolunan bir varlığa çevrilir. O zaman dərd qarşındakını usandırmır, yormur, əksinə hansısa bir cazib qüvvə səni ora çəkir... dinlənmək üçün, rahatlanmaq üçün, kamilləşmək üçün, insanı ayaqda tutan sadiqliyin, vəfanın, təmənnasız sevginin və qarşılıqsız fədakarlığın şahidi olmaq üçün.

İndi respublikada kifayət qədər imzası tanınan Sona xanım 19 il bundan öncəyədək universitetin müəllimi kimi tələbələri və həmkarları arasında dərin hörmət sahibi idi, gözəl ana və sadiq həyat yoldaşı idi, etibarlı dost idi, qayğıkeş əqrəba idi... bir sözlə, allahın sevimli bəndəsində görmək istədiyi bütün xüsusiyyətlər onda vardı. Amma ətrafı, çevrəsi o qədər də geniş deyildi. Sevimli ömür-gün yoldaşı, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllimi, cəfakeş alim və gözəl pedaqoq Çərkəz müəllim qəfil dünyasını dəyişdiyi gündən Sona xanımın da həyatı büsbütün dəyişdi. Əslində bu dəyişməni edən yaşadığı həyat, qədərin qara yazısı desək, daha doğru olardı. Ailəsinə üz verən bu qəfil itkinin sarsıntısını bü günə kimi qəlbində yana-yana daşıyan, həyatının əvəzsiz varlığının birdən-birə yox olmasına, onu istəmədən belə tərk etməsinə inanmaq istəməyən Sona xanım Çərkəz müəllimsiz ötən bu 19 ildə ömrünün kamillik sayılan illərini boşuna yaşamadı, sevimli ömür-gün yoldaşının, həyat dostunun adını soyadında əbədiləşdirməklə bərabər ona olan təmiz, ülvi hisslərini xatirələrə, şeirlərə, esselərə, hekayələrə çevirərək çap etdirdi, yaşadıqlarını geniş oxuculara anlatmaqla özünə minlərin qəlbində sədaqət heykəli, vəfa heykəli ucaltdı. Bu yazılarda nələr yoxdu... 12 kitaba yerləşdirə bilmədiyi hiss və duyğularının yenə də davamı var. Amma yazmaqla insanın içində tüğyan edən cavabsız suallar, ədalətsizliklərə ünvanlanmış haqlı ittihamlar bitərmi görən? Onlara cavab almayınca yaradıcı bir insan rahatlıq taparmı, qələmini əlindən yerə qoyarmı? Sona xanım da qoymadı və narahat ürəyinin, çarpaşıq hisslərlə uğraşan iç dünyasının üsyanını təxəyyülünün gücünə güvənərək yatırtmaq istədi.

 

Bu gün ad günümdür, gəlmədin, niyə?

Danışmadın niyə, dinmədin niyə?

Yarımçıq ömrünə yanıb-yaxıldım,

Nələr çəkdiyimi bilmədin niyə...

Sona Çərkəz

Bu dünyada çox şey pulla alınar

Namus, qeyrət, bir vicdan alınmaz

Onun, bunun kölgəsində sürünən

Öz evindən başqa yerdə tanınmaz.

 

"Çərkəzli, Çərkəzsiz günlərim", "Sənsiz səninlə", "Ağla, iydə çiçəyi", "Xatirələr karvanı", "İkimizin kitabı", "Taleyim mənim", "Sənin xətrinə", "Nələr gördüm dünya səndə", "Bəxtimə düşən dünya", "Daş olmaq istəyirəm"... Sona xanımın ürəyinin qanıyla, tükənməz həsrətiylə, nisgiliylə, ayrılıq təşnəsiylə yazdığı kitabları oxuyan hər kəs bir həyat məktəbini bu nəşrlərlə bitirmiş olur. Doğru deyiblər ki, könüldən könülə yollar görünür. Bu yolların yolçuları məhz Sona xanımın həyat dolu, yaşam dolu, sadiqliyin, etibarın demək olduğunu hər sətrində insanlara bağıran kitablarında görə bilirlər. Gördükləri üçün , duyduqları üçün hər kitabından sonra Sona xanımın oxucularının da, dostlarının da sayı birə-on artır. Çünki Sona xanımın yazılarında gerçəklik var, həyat həqiqətləri var, çoxumuzun unudaraq keçmiş sandığımız ailə sədaqəti var, təmiz məhəbbət var, həyat yoldaşını müqəddəslik dərəcəsinə çatdıran ülvi hisslər var, təmiz sevgiylə qurulmuş evliliyin insana qədər xoşbəxtlik gətirdiyinin canlı nümunəsi var. Çünki bu cür həyatı yaşayıb da Sona xanım kimi dəyərləndirən bir insanın zəkasının məhsuludur bu yazılar.

 

Özüm öz bəxtimə ağır qınağam,

Piltəsi qorlanan köhnə çırağam,

Sənə qovuşmaqçün hazır yarağam,

Ölüm atlı olub, mənsə piyada...

 

deyən müəllifi hər kəlməsində, hər nəfəsində olduğu kimi başa düşən oxucu onun şeirlərinin izinə düşərək bu təlatümlü qəlb sahibini daha yaxından tanımağa cəhd edir. Sonunda heyrət etdiyi, onu illər boyu düşündürəcək həyat həqiqətlərinin nəzmə alınmış nümunələrinin məhz indiki qarışıq dövrümüzdə, milli adət ənənələrimizin, dəyərlərimizin itib-batmaqda olduğu bu günümüzdə çox qiymətli bir sərvət, saxlanc olduğunun fərqinə varır.

Hamımızın tapındığı məşhur bir deyim var: "Dünya bir pəncərədir, hər gələn baxar keçər..." Ömrünün kamillik yaşını - 65-ci baharını yaşayan Sona xanım Çərkəz bu dünyanın pəncərəsindən sadəcə baxmadı, daha doğrusu, baxıb keçmədi, bunu bacarmazdı da. O, dünyanın insan adlı məxluqa çəkdirdiklərini, səadəti iynənin ucunda göstərib , ayrılığı, qopmaları, itkiləri qucaq-qucaq ona ötürməsinə səssiz qala bilmədi, qəlbində, beynində daim çulğaşan hisslərini ədəbi nümunələr kimi elə həmin vəfasız dünyaya, onun zamanda ilişib qalan illərinə, aylarına, günlərinə, anlarına əta etdi. Mən sənin zalımlığına, qəddarlığına susa bilmərəm söylədi bu yazılarıyla, üsyan etdi, bircə an da olsun mücadilədən usanmadı. Çünki, həyatın üzünün bərk dönük olduğunu bildiyindən ona qarşı eyni mövqedən çıxış etdi, üsyankar ruhunu heç öləziməyə qoymadı.

Bəzən mənə elə gəlir ki, Sona xanım yatanda da dincliyin olduğunu bilmir, gecə-gündüz düşünür, həyatın adi sandığımız heç bir olayı onun yaddaşından izsiz keçmir, onu beyninin zəkasının süzgəcindən keçirir sonunda bir şeiri, bir essesi doğulur. Həyat həqiqətən , dərin düşüncəyə, iti zəkaya sahib olanlara ironiya edə bilmir. Sona xanımın həyatla mücadiləsi həmişə onun zəfəriylə bitir.

May ayının 10-u çox sevdiyim, insanlığına yaradıcılığına sonsuz hörmət bəslədiyim bir insanın ad günüdür. Sona xanımın 65-ci baharına təbrik əvəzi qələmə aldığım bu yazımı nəfəs belə çəkmədən bir kitab həddinə çatdıra bilərdim. Çünki, gözəl bir insan, çox sadiq bir dost, təəssübkeş müəllim, dəyərli zəka sahibi, dövrümüzün ziyalı qadını, mehriban ana, əvəzsiz nən, ən başlıcası da huzur tapdığın, varlığına rahatlıq bəxş edən bir ünvanın sakini kimi onun haqqında söyləyə biləcəyim çox fikirlərim var. Qalsın növbəti yubileylərə...

 

 

Əntiqə QONAQ,

əməkdar journalist

 

Ədalət.-2013.-11 may.-S.12.