BALAKƏN:
YÜKSƏLİŞİN SON MƏRHƏLƏSİ
Yaxın, uzaq ellərdən...
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının uğurlu icrası qeyri-neft sektorunun da inkişafının stabil göstəricisidir. Regionların iqtisadi potensialının hərəkətə gətirilməsi, yerlərdə təşəbbüskarlığa geniş meydan verilməsi nəticəsində şəhər və rayonlar müasirləşmiş, inkişaf etmiş, bir sıra mühüm infrastruktur layihələr reallaşdırılmışdır.
Ölkənin şimal-qərb bölgəsinin xaricə sonuncu sərhəd rayonu olan Balakənin də son illərdəki inkişafı göz qabağındadır. Məsələ burasındadır ki, əhalisi 100 min nəfərə yaxınlaşan və Gürcüstanla Rusiya Federasiyasının sərhədləri boyunca həm də sosial-mədəni baxımdan xüsusi diqqət çəkməkdə olan bu ucqar dağ rayonumuz dövlətçilik strategiyamızın da bariz nümunəsidir. 10-15 il bundan əvvəl Balakəndən çıxıb başqa yerə gedənlər indi qayıdıb gördüklərinə inanmırlar. Rayon mərkəzi kimi, kəndlər də tanınmaz dərəcədə dəyişməkdə, müasirləşməkdədir. Bu tendensiya son illər daha intensiv və planlı şəkildə davam etməkdədir. Baxmayaraq, hələ ötən il bölgədə baş verən zəlzələnin vurduğu ziyanların aradan qaldırılması da əlavə bir qayğı yaratdı. Yenidən tikilən və ya təmir edilən inzibati və yaşayış binalarının, məktəblərin, digər qurğuların timsalında Dövlətin gücü və ölkə rəhbərliyinin vətəndaşlarına göstərdiyi misilsiz qayğı və diqqətin də şahidi olduq.
Mayın əvvəllərində ölkənin
hər yerində olduğu kimi
Balakən rayonunda da ümumilli lider Heydər Əliyevin
90 illik yubileyi təntənəli
mərasimlərlə qeyd olundu.
Bütün bu tədbirlərdə
vurğulandı ki, bugünkü
Azərbaycan məhz dahi rəhbərin
görmək istədiyi, arzuladığı Azərbaycandır.
Vətənin bir parçası -
dağ vüqarlı Balakən
...Balakən rayonu da vətənin bir parçası, daim inkişafda olan bölgəsidir. Rayonun inkişafı, ayrıca olaraq bu il ərzində görülən işlər barədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev söhbətlə çıxışlarında daha geniş məlumat verir:
- Ölkədə gedən quruculuq, inkişaf təmayülləri rayonumuzda da geniş büsət almış, 2013-cü ilin birinci rübündə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri sürət və keyfiyyətlə aparılmış, istehsal və xidmət sahəsində göstəricilərimiz artmışdır. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsində cari ilin məhsulu üçün 2012-ci ildə 366 ha payızlıq taxıl, o cümlədən 188 ha buğda, 168 ha arpa əkilmişdir. Cari ildə istehsalın və məhsuldarlığın artırılması üçün payızlıq əkinlərə aqrotexniki xidmət göstərilmiş, sahələrdə qış şumu aparılmış, 355 ton üzvü gübrələr verilmiş, suvarma məqsədləri üçün 7,1 km uzunluğunda kanallar qazılmış, sel-sularına qarşı mühafizə tədbirləri həyata keçirilmişdir. 1 aprel 2013-cü il vəziyyətinə 1704 ha sahədə yazlıq bitkilər, o cümlədən 877 ha tərəvəz, 9 ha qarğıdalı, 549 ha kartof, 236 ha yonca, 33 ha lobya əkilmişdir. Rayonda yazlıq bitkilərin əkilməsi davam etdirilir.
Rüb ərzində 1237 ton ət, 4199 ton süd, 1870 min ədəd yumurta istehsal edilməklə əvvəlki ilin müvafiq dövründən ət - 8 ton, süd - 96 ton, yumurta - 184 min ədəd artıq istehsal edilmişdir. Heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilmişdir. Aqrar sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün kəndlər üzrə hədəf göstəricilər müəyyən olunmuş və gündəlik nəzarət edilir.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2007-ci il tarixli 1907 nömrəli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamının icrası ilə bağlı ardıcıl işlər aparılır. Buğda istehsalının stimullaşdırılması məqsədilə 63 nəfər istehsalçıya hesablanmış 7036 manat yardımın istehsalçıların hesablarına köçürülməsi təmin olunmuşdur. İstehsalçıların texnika ilə təminatının yaxşılaşdırılması, mineral gübrələrə olan tələbatın güzəştlə ödənilməsi üçün müvafiq işlər görülmüş, təsərrüfatın bütün sahələrində istehsalçılara köməklik göstərilmişdir. "Aqroservis" filialı tərəfindən istehsalçılara 50 % güzəştlə 85 ton azot gübrəsi satılmışdır. Yazlıq əkinlərə başlanması ilə əlaqədar istehsalçıların mineral gübrəyə olan tələbatının ödənilməsi üçün əlavə 135 ton azot gübrəsinin gətirilməsi təmin edilmişdir.
Qeyd olunmalıdır ki, istehsalçıların toxuma olan tələbatının ödənilməsi üçün "Azəryemsənaye" MMC ilə birgə müvafiq tədbirlər həyata keçirilmiş, quraqlığa davamlı müxtəlif növ qarğıdalı toxumlarının xaricdən gətirilməsi təşkil edilmişdir. Bu da öz növbəsində qarğıdalı istehsalının artırılması sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir.
Cari ildə meyvəçiliyin
inkişaf etdirilməsi məqsədilə
Qullar kəndində və "Təpəçöl"
ərazisində əvvəlki illərdə
salınmış intensiv meyvə
bağlarına aqrotexniki qulluq
göstərilmiş, istehsalın artırılması üçün əlavə tədbirlər görülmüşdür. Rayonun
Katex kəndində əlavə olaraq 48 ha sahədə yeni intensiv meyvə bağları
salınmaqla rayon üzrə cəmi intensiv bağların sahəsi 151 hektara çatdırılmışdır.
Ümumi tədbirlər və zəlzələnin
nəticələrinin aradan qaldırılması
I rübdə şəhərin küçə və parklarına ümumilikdə 400-dən çox qızılgül kolu və 800 ədəd həmişəyaşıl dekorativ ağaclar əkilmişdir. Heydər Əliyev adına parkda 500-dən çox eldar şamı, küknar və digər ağacların əkilməsi təmin edilmişdir. Şəhərin müxtəlif yerlərində olan yaşıllıqlara xidmət göstərilmiş, Katex-Balakən magistral yolunun kənarlarında 3500-dən çox katalpa, akasiya, qızılağac və digər növ ağacların əkilməsi təmin edilmişdir.
Meşə əkinlərinin
artırılması, meşələrin mühafizəsi,
yaşıllıqların salınması, yol
kənarlarında, park və bağlarda gül və
ağacların əkilməsi və onlara
qulluq göstərilməsi diqqət mərkəzində
saxlanılmalıdır. Aparılan tikinti-quruculuq və abadlıq işləri barədə
məlumat verməzdən əvvəl ötən il rayonda baş
vermiş zəlzələnin nəticələrinin
aradan qaldırılması istiqamətində
görülən işlər barədə məlumat vermək
istəyirəm. Əhalini ən çox narahat edən məsələlərdən
biri olan zəlzələnin
nəticələrinin aradan
qaldırılması məqsədilə ziyan
dəymiş fərdi yaşayış evlərinin
siyahısının dəqiqləşdirilməsi və fəsadların
aradan qaldırılması istiqamətində
işlər davam etdirilir.
(ardı gələn
sayımızda)
MƏZAHİR ƏHMƏDOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı
ilə
Ədalət.-2013.-15 may.-S.7.