OXUCU
SEVGİSİ
Elçin Əfəndiyevin
doğum gününə gecikmiş məktub
Bu yazını yazmaq
mənim üçün son
dərəcə çətindir. Amma həm də çox ürəyimdən olan,
içimdən gələn istəkdir. Çünki
bir oxucu kimi demək olar ki, əksər kitablarını oxuduğum, öz kitab rəfimdə yerləşdirdiyim, hətta
uşaqlarıma da oxumağı tövsiyə
etdiyim tək-tək
yazıçılardan biri olan Elçin müəllim
mənim sözə, həyata münasibətimin
formalaşmasında önəmli rol
oynayıb.
Açığını deyim
ki, Elçin müəllimlə
cəmi bir neçə dəfə tədbirlərdə
qarşı-qarşıya gəlmişəm. Xüsusilə də
böyük ustadımız İlyas Əfəndiyevlə bağlı tədbirlərdə.
Ancaq onunla
qarşılaşdığım hər məqamda ürəyimdən
çox qəribə hisslər keçir. Ola bilsin ki, kimsə məni düzgün anlamasın, kimsə öz prizmasından mənim yazdıqlarıma
baxıb qiymət versin. Mən həmin o baxışı da, o yanaşmanı da elə
indidən görürəm, duyuram, amma heç bir əhəmiyyət vermirəm. Ona görə ki, mən bir oxucu olaraq
öz iç
dünyamı, öz düşüncələrimi,
fikirlərimi kağıza köçürürəm. Mənim
yazdıqlarımın Elçin müəllim
üçün bəlkə də heç bir əhəmiyyəti
yoxdur və yaxud da bir oxucunun
müəllifə ünvanladığı məktubdan, o məktubda əks olunan
fikirlərdən başqa heç
nəyi ifadə etmir. Ancaq mən onu
bilərəkdən, düşünərəkdən
kağıza yazıb mətbuata çıxarıram və
istəyirəm ki, hamı, o cümlədən də Elçin
müəllim mənim onun
yaradıcılığı ilə bağlı, onun şəxiyyəti ilə bağlı oxucu fikirlərimi, oxucu
düşüncələrimi görsün,
bilsin...
Hər
dəfə Elçin müəllimlə
qarşılaşanda mənə elə gəlib ki, onun
çöhrəsindəki nur, onun yerişindəki
ağayanalıq, onun jestlərindəki ağsaqqallıq
adamı dayanmağa, düşünməyə və
içindəkini gizlətməkdə çarəsiz
olmağa məcbur edir. Sanki elə bir maqnit sahəsinə
düşürsən ki, orda dərhal anlayırsan:
-
Kiminlə qarşı-qarşıya gəlmisən, kimin
önündə dayanmısan və sənin
gördüyün bu şəxsiyyətin kimliyini dərk edə
bilirsənmi?
Təbii
ki, mən Elçin müəllimi görəndə bu suallar
məni o qədər həyəcanlandırır ki, ona
"salam"dan başqa ikinci bir söz deyə bilmirəm.
Özümü nə qədər toparlamaq istəsəm də,
gücüm çatmır. Hətta qəribə də olsa,
bir az o hisslərin içərisində çox qalanda sonradan
özümün özümə gülməyim gəlir,
Elçin müəllimin ən çox sevdiyi qəhrəmanlarından
biri Baladadaş yadıma düşür!
Doğrudan
da həyatda gördüyüm çox müdrik insanların
demək olar ki, hamısında bir işıq toplumu, bir
işıq cazibəsi var. Mən ilk dəfə o
işığı evində qonaq olduğum mərhum xalq
yazıçılarımızdan birində
görmüşdüm. Sonra mərhum İlyas Əfəndiyevin
özünün də seyr etdiyi "Mahnı dağlarda
qaldı" tamaşasına baxanda İlyas müəllimin əyləşdiyi
lojaya yaxın oturduğumdan onun çöhrəsində
gördüm. Bu iki təsadüf mənim ürəyimdə
söz adamlarının işıq topası olmasına inam
yaratdı. Bax həmin işıq topası olan, çeşməsi
olan insanlardan biri də mənim anlamımda Elçin Əfəndiyevdir.
Burda bir məqamı da qeyd edim ki, Elçin müəllim təkcə
öz yaradıcılığından, öz əsərlərindən
danışanda yox, həm də ümumiyyətlə, ədəbiyyatdan
danışanda, xüsusilə İlyas Əfəndiyevdən
danışanda doğrudan-doğruya çöhrəsi nura
boyanır. Mən İlyas Əfəndiyevin
yaşadığı binanın önündə xatirə
barelyefinin açılışını xatırlayıram.
Həmin o gün Elçin müəllim mənim
üçün çox qəribə bir aura
yaratmışdı. Ona baxırdım, onu dinləyirdim və
elə bilirdim ki, o danışmır, o sadəcə
işıq kimi axıb ürəyimə dolur. Elə bu
günlərdə də özünün yubileyi ilə
bağlı möhtəşəm teatrımızın
binasında keçirilən tədbirdə də onu həmin
o işıq kimi gördüm. İnanın ki, televiziyanın
"Mədəniyyət" kanalının
çıxışında da o, mənə həmin
işığı xatırlatdı.
Mən
bu yazımda Elçin müəllimin bütün əsərlərinin
adını sadalaya bilərdim. Onun teatrımızın səhnəsində
sevə-sevə izlədiyim tamaşalarının qəhrəmanlarından
bəhs etmək imkanım da var. Hələ üstəlik,
Elçin müəllimin yazıçı Yaşarla olan
müsahibəsi də mənim üçün çox
maraqlı olub. Ancaq mən bunların heç birini
yazmıram. Çünki mən tənqidçi deyiləm. Mən
o əsərləri oxucu kimi mütaliə etmişəm, oxucu
kimi sevmişəm. O əsərlərin bir çoxu mənə
Bakını, Abşeronu tanımaq imkanı verib, onun iç
dünyasına baş vurmaq imkanı yaradıb. Necə deyərlər,
mənim üçün bir bilgi mənbəyinə
çevrilib. İstər göyrəçin bəsləyən,
istər itinin adını "dolça" deyib boyunu sevən,
istərsə də sevgisini etiraf etməkdə tərəddüd
yaşayan, dili topuq vuran insanların arasında gəzib
dolaşa-dolaşa mən Bakı kəndlərinin
qonağı olmuşam.
Bu
gün Elçin müəllimin butun oxucuları öz
yazıçılarının, öz söz
adamlarının yubiley ovqatını yaşayırlar. Mən
Qarabağda doğulmuşam... Doğulduğum Tuğ kəndi
düşmən tapdağı altında qalıb...
Özüm müharibənin, qaçqınlığın nə
olduğunu çox gözəl bilirəm... Amma təkcə
xatirələrim deyil, həm də Elçin müəllimin
Qarabağla bağlı əsərlərini, o cümlədən
"Şuşaya duman gəlib", "Qarabağ şikəstəsi",
"Bayraqdar"ı oxuyanda mənim kəndimlə,
böyüdüyüm yurd-yuvayla bağlı olan bütün
həyatım gözlərimin önündə canlanır. Elə
bilirəm ki, Elçin müəllim bu əsərləri
şəxsən mənim üçün yazıb... məni
o yerlərə qaytarmaq üçün yazıb...
Bəli, bu gün yaradıcılığını və
şəxsiyyətini ürəkdən sevdiyim
Elçin müəllimin 70 yaşına dair çoxlu məqalələrin,
yazıların bolluğu içərisində
adi bir oxucunun
ürək sözləri heç bir iddia ortaya
qoymadan elə ürəklə də
kağıza köçürüldü.
Çox istərdim ki,
mən də sevdiyim insana
- yazıçı, dramaturq, tənqidçi,
publisist, professor,
dövlət xadimi, "Şərəf"
ordenli Elçin
müəllimə öz arzularımı
çatdırım, ona daha
böyük uğurlar
arzulamaqla, Yubileyiniz
mübarək olsun! - deyim.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2013.-16 may.-S.6.