MOLLA CÜMƏ İRSİ

 

Azərbaycan ədəbiyyatının mühüm sahəsini folklor, xalq yaradıcılığı təşkil edir. Qədim dövrlərdən başlayaraq inkişaf edən bu zəngin yaradıcılıq ənənəsi əsrlər boyu davam etdiyi kimi, hal-hazırda da öz yolu ilə getməkdə, yaşamaqda, davam etməkdədir.

Azərbaycan aşıqlarının xüsusi adət-ənənələri, qayda-qanunları vardır. Aşıq Abbas, Aşıq Ələsgər, Hövrəs İman, Aşıq Hüseyn Bozalqanlı öz yaradıcılıqlarında həmişə bu mövzudan bəhs etmiş, aşıqlığın xüsusən mənəvi keyfiyyətlərini yaxşı açıqlamışlar. Bu ustadların təsvirinə görə aşıq hər şeydən əvvəl xalqın dərd-kədəri ilə, sevinc, fərəhi ilə bağlı şəxsiyyət olmalıdır.

Aşıq şeirinin gözəl nümunələrini yaradan Ələsgər ustadnamələrinin birində aşıqlıq sənətini belə qiymətləndirmişdir:

 

Aşıq olub tərki-Vətən olanın

Əzəl başdan nurkəmalı gərəkdir.

Oturub durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdir.

 

Bu misralarla Aşıq Ələsgər aydın göstərir ki, xalq aşığının qarşısında çox mühüm vəzifələr durur.

Öz əsərlərini xalq ruhunda yazan Qurbani, Tufarqanlı Abbas və Xəstə Qasım kimi yaradıcı sənətkarların müəyyən hissəsi saz çalmaq, məclis keçirmək peşəsindən kənar olsalar da onların yaradıcılığı aşıq şeirinin bütün xüsusiyyətlərinə uyğun olduğu üçün ustad dədə aşıq kimi şöhrətlənə bilmişlər. Bu hal aşıqlıq sənəti yaranandan bu yana daima davam etmişdir. Saleh Şirvani, Vidadi, Vaqif, Molla Cümə və s. kimi xalq ruhunda yazıb-yaradan şairlərin aşıq kimi tanındıqlarını, onların əsərlərinin aşıq repertuarında ifa olunduğunu görürük.

Elə sənətkarlar da vardır ki, onlar yalnız aşıq musiqisi, aşıq havaları yaratmaqla məşğuldurlar. Gözəl saz havalarını məharətlə ifa edən, lakin səsləri olmadığına görə məclisdə oxumayan bu sənətkarlar cavan aşıqlara saz çalmaq öyrədir, özləri də yeni-yeni havalar düzəldib klassik və müasir aşıqların yaratmış olduğu əsərlərin bu havalarda oxunması üçün gənc aşıqlara kömək edirlər. Lakin elə aşıqlar da vardır ki, onlar yalnız aşıq tərzində yazan sənətkarların və ustad aşıqların yaratdığı qoşmaları, dastanları ifa etməklə kifayətlənir, özləri yazıb-yaratmır, musiqi havaları düzəltmirlər. Belə sənətkarlar öz səslərinin məlahətli, aşıq sənətinə vaqif olmaq bacarıqları ilə şöhrətlənirlər. Gözəl və məlahətli səsi ilə məclis keçirmək qabiliyyətinə malik olan belə sənətkarlar aşıq yaradıcılığının mühafizə edilməsində mühüm rol oynayırlar.

Klassik şeirimizdə qəzəl və qoşma janrlarında əsasən məhəbbətdən bəhs edilir, məhəbbət mövzusu qələmə alınırdı.

Böyük sənətkarlarımızdan ustad Füzuli də öz qəzəllərində açıq-aşkar aşiq olmasıyla fəxr etmiş, vurğunu olduğu "Söz"də, əsiri olduğu eşqdə minbir məna axtarmışdı. Özünün aşiq sənətkar olduğunu böyük şənətkar bir şeirində belə vurğulayıq:

 

Məndən Füzuli, istəmə əşari mədhizəm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

 

Lakin aşıq şairində məhəbbət daha real, daha həyati bəzən də daha açıq-saçıq şəkildə ifadə edilmişdir:

 

Axşam səhər çeşmə, sənin başına.

Bilirsənmi neçə canlar dolanır?

Büllur buxaq, alma yanaq, ay qabaq,

Şahmar zülfü pərişanlar dolanır.

O gözəl xudanın haqqı-sayına,

Camalı bənzəyir bayram ayına,

Belə bir gözəlin xaki-payına

Mənim kimi çox qurbanlar dolanır.

 

"Dolanır" şeirində Aşıq Ələsgərin bu təbii, aydın və sadə təşbihlərlə verilmiş təsviri klassik aşıq şeiri üçün səciyyəvi sayıla bilər.

XIX əsrdən etibarən aşıq şeiri güclü inkişaf etmiş, adları dillərdə dastan olan klassik sənətkarlar nəsli yetişmişdir. Bu əsrdə Aşıq Alı, Aşıq Musa, Məhəmməd Hüseyn, Aşıq Ələsgər, Əziz, Əhməd, Aydın, Bəylər, və s. görkəmli aşıqlar yazıb-yaratmışlar.

Klassik Azərbaycan şeiri və aşıq poeziyasının görkəmli nümayəndələrindən biri də Molla Cümədir. Molla Cümə həyatı, yaradıcılığı, poetik aləmi etibarilə olduqca maraqlı, ədəbiyyatımızda hələ də sirri açılmamış qalan "İsmi Pünhan"a həsr edilmiş bir-birindən gözəl şeirlər qoyub gedən bir şəxsiyyət olmuşdur. Şair zəngin ədəbi irs qoyub getmişdir. Onun irsinin öyrənilməsinə gec başlanmış, xalq yaddaşında yaşayan yüzlərlə şeiri itib-batmışdır. Molla Cümə irsini filologiya elmləri doktoru, professor Paşa Əfəndiyev araşdırmışdır. Professor altmışıncı illərdə bir neçə dəfə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının kəndlərinə getmiş, ayrı-ayrı şəxslərdən aşığın şeirlərindən ibarət əlyazmalar əldə etmişdir. O, qocalarla, aşıq sənətini sevən insanlarla görüşmüş, söhbət aparmış, onların dilindən çoxlu şeirlər, xatirələr yazmışdır. Bu axtarışlardan sonra, 1966-cı ildə Paşa Əfəndiyevin toplayıb-tərtib etdiyi birinci "Molla Cümə" şeirlər kitabi işıq üzü görmüş, 1983-cü ildə ikinci "Molla Cümə" - "Seçilmiş əsərlər" kitab nəşr olunmuşdur. Bu, professorun Molla Cümə irsinə verdiyi yüksək qiymətin bəhrəsi, folklor araşdırıcısı alimin şairin yaradıcılığına xüsusi diqqət idi desək, yəqin ki, səhv etmərik.

Molla Cümənin hansı ildə doğulduğu barədə oğlu Həsənə müraciətlə yazdığı bir şeirində oxuyuruq:

 

Min üç yüz otuz iki,

Tarixdir indi sənə.

Altmışa çatmış yaşım,

Sevda sərdə durur yenə.

Üzülüb bürcü-bədən,

Üstdən gedir gündən-günə.

Tapşırır Molla Cümə,

Oğul, sənə dönə-dönə:

Sidq ilə yaxşı tutub,

Göz yetir dəftərə, Həsən!

Yazdığım bu dəftəri.

Saxla yadigar, Həsən!

 

Bu şeirlə Molla Cümənin doğulduğu tarix təxminən 1854-cü il sayıla bilər. Molla Cümənin əsil adı Süleymandır. Cümə adını isə o şairliyə başladığı vaxt təxəllüs götürmüşdür. O, ilk təhsilini Aşağı Göynük kəndində, Hacı İbrahim Əfəndinin mədrəsəsində almış, az müddətdə ərəb, fars dillərini də öyrənmişdi. Şairlik istedadı, şeirə-yaradıcılığa həvəsi Molla Cüməni mədrəsədən erkən ayırmışdır. Azərbaycan klassiklərini, aşıq yaradıcılığını öyrənməsi Molla Cümənin gözəl bir sənətkar kimi yetişməsində böyük rol oynamışdır.

 

Aşnayam, gedərəm doğru yol ilən,

Bülbüləm, söhbətim olar gülünən,

Danışsalar yetmiş iki dilinən,

Ol qədər arifəm, qanasıyam mən.

 

Molla Cümənin atası Saleh kişi əkinçiliklə məşğul olmuşdur. Şair də kiçik yaşlarından etibarən bütün yaşıdları kimi, təsərrüfat işlərində atasına kömək göstərmişdir. Təbiət vurğunu olan kiçik Cümə sinədən şeir qoşmağa başlamışdır. Təbii istedada malik olan uşaq dövrünün tanınmış sənətkarları səviyyəsinə yüksələ bilmişdir. Molla Cümə ömrünün sonuna qədər əkinçi olmuşdur. O, Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və qazandığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Qızı Reyhanın dediyi kimi, Molla Cümənin əlindən oraq və yaba ölüncə düşməmişdir.

Molla Cümənin ölümüdə qaranlıqdır. O, öz əcəli ilə ölməmiş, "guya" onu səhvən güllə ilə vurmuşlar. "Nuxa fəhləsi" qəzeti Molla Cümənin ölümü haqqında belə bir qeyd vermişdir ki, 1920-ci ilin may ayının əvvəllərində XI Qızıl Ordunun hissələri Nuxadan Zaqatalaya gedərkən, bu yolun ətrafındakı kəndlərin varlıları orduya müqavimət göstərmək fikrinə düşürlər. Atışma zamanı bir çox yoxsul ordu ilə onlara qarşı çıxanların arasında qalır. Molla Cüməyə və digər yoxsul kəndlilərə güllə dəyir. Lakin güllənin "səhvən" və ya "qəsdən" olması bəlli olmamışdır. Belə ki, bölgələrdə Sovet hökumətinə, sovetləşməyə qarşı qalxan xalq üsyanlarını yatırmağa gedən qoşun hissələri "cəza dəstələri"nin içində son dövr tarixi materiallarından göründüyü kimi, çoxlu sayda erməni olmuşdur. Lazım gəldi-gəlmədi günahsız xalqa divan tutan bu dəstələr bir çox ziyalının, elm-maaarif fədaisinin qanına bais olmuşdur. Fikrimizcə Molla Cümənin də ölümü bu qəbildəndir.

XI Qızıl Ordunun Azərbaycana vurduğu mənəvi zərər-Molla Cümənin guya ki "səhvən öldürülməsi" yeganə hal deyildi. Və onu da yaddan çıxarmaq olmaz ki, heç XI Qızıl Ordu da kiçik bir "ordu", kiçik bir qurum deyildi. Neçə-neçə Molla Cümələr, neçə-neçə dəyərli sənətkar və ziyalı bu ordunun, ordu strukturlarının əlilə məhv edilmiş, millətimin başı qapazlı qalmışdır.

Molla Cümənin əksər şeirləri "İsmi Pünhan" adına müraciət ilə başlanır. Çoxlu sayda şeirlər ona həsr olunmuşdur. Şeirlərdən belə aydın olur ki, Molla Cümə gözəl bir qıza aşiq olmuş və onun adını gizli olaraq "İsmi Pünhan" adlandırmışdır.

Şairin həyatını araşdıranda belə təsəvvür yaranır ki, o varlı bir adamın qızına aşiq olmuş və onun adını gizli saxlamağa məcbur olmuşdur:

 

Fələk məni döndəribdi Məcnuna,

İnsan salmaz insanı bu zülüma.

Göynüyün ətrafın bu Molla Cüma,

Hər günə dörd yolla ziyarət eylər.

 

Bu misralardan da görünür ki, özünü Məcnun hesab edən Molla Cümə hər gün yollar dolanmaqla sevgilisini görməyə çalışır:

 

Könül dönsə, bu dostluğu atarıq,

Yol uzaqdır, özüm bihal, at arıq.

Cümə səni sevən dəydi a tarıx,

Min iki yüz doxsanıncı sənədə.

 

Şeiri diqqətlə nəzərdən keçirəndə aydın olur ki, Molla Cümə aşiq olanda onun 19 yaşı var imiş. Çünki şeirdəki vaxtı miladi tarixə çevirəndə 1873-cü il alınır və buradan da aşığın neçə yaşda bu sevgiyə tutulduğu məlum olur. Həmin qız isə sənətkarın dərs aldığı mədrəsə sahibinin, o yerin ən böyük din xadiminin qızı imiş:

 

Ay həzərat, sevdim xublar şahını,

Döndü dərhal, mən deyəni demədi.

Umud ilə tutdum eşqin rahını,

Qaşı hilal mən deyəni demədi.

Anladım ki, sevda sərdə qalacaq,

Getdikcə əhvalım yaman olacaq.

Bu gül rəngim saralıban solacaq,

Bəxti iqbal mən deyəni demədi.

 

Şeirdən şeirə keçdikcə, İsmi Pünhan ümumiləşir, ülviləşir, poetikləşir və Molla Cümənin bütün yaradıcılığına hakim kəsilir. Aşığın dediyi kimi "İsmi Pünhan üstədi hər xeyri-şərim".

 

Cüməyəm, ölkəyə verdi əşirikən,

İsmi Pünhan üstədi hər xeyri-şərim,

Dostlar deyər yerbə-yerdən "afərin!"

Düşmən başın əysin, küsən xər kimi.

 

Şairin bir sıra şeirlərində "İsmi Pünhan" Molla Cümə ilə məclis apardığı, dost-müsahib kimi onun dərd və sevincinə şərik olduğu təsvir olunur. Bu şeirlərilə şair dünyaya bir aşiq kimi İsmi Pünhanın gözüylə baxmış və onu ideala çevirmişdir. Xalq dastanlarında, ustadlarımızın yaradıcılığında hər bir qəhrəmanın yeganə bir idealı olduğunu görürük. Və araşdırma sırasında bu idealın onların ömrünün məğzinə, mənasına çevrildiyinin şahidi oluruq. Bəziləri bu ideala qovuşur, bəziləri isə qovuşa bilmir.

Molla Cümə də ömrü boyu belə təmiz və müqəddəs idella can atmışdır. O, məhəbbətə toxunulmaz və ülvi bir hissə kimi baxmışdır.

Çarizmin yerlərdə apardığı siyasət, dini qaragüruhun, xürafatın baş alıb getdiyi, varlıların at oynatdığı bir dövrün digər sənətkarlar kimi, Molla Cümə yaradıcılığına da təsirsiz ötüşməmişdir. Şair də bu ağrılı mövzunun üstündən sükutla keçə bilməzdi. Bu ağır qanunlar altında əzilən şair dünyadan şikayətlənmiş və dövrünü lənətləmişdi. Onun belə əsərləri bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, biz bununla onun dünya görüşünün hansı səviyyədə olduğunu öyrənmiş oluruq. Şairin bu mövzuya dair, "qarğışdan" ibarət çoxlu sayda şeirləri vardır.

Şair həmişə haqsızlığı, varlı-yoxsul, güclü-zəif məsələlərini demokratik yöndən təhlil etməyə çalışmışlar. O, bu problemləri yalnız öz dərdi kimi düşünməmiş, el-xalq dərdi kimi düşünmüş və yaradıcı dillə fikrini ifadə etmişdir.

Molla Cümə yaradıcılığında fırıldaqçı din xadimlərinə güclü nifrət hiss olunur. Şair özünə "Molla Cümə" ləqəbi götürsə də çəkinmədən mollaları ifşa etmişdir. Bu yolla o əməkçi xalqa, "qara camaata" fırıldaqçı mollaların və din xadimlərinin onları neçə aldatdıqlarını başa salmışdır:

 

Ucuz mətah alıb, baha satarsan,

And içib malına haram qatarsan.

Aşqın sirrinə haçan çatarsan?

Nə anlar bülbüldən kol, ağa molla!

Mənim köftarıma yaxşı deməzsən,

Nə keçir könlündən, kimə əvəzsən,

Yediyin haramdır, halal yeməzsən,

Gəl çəkmə xalçanı qırağa molla!

 

Molla Cümənin ictimai mövzuda olan şeirləri də vardır. "Ay arvad", "Sərçələr" rədifli şeirləri bilavasitə əmək və zəhmətlə bağlı şeirlərdir:

 

Necələrin üstümüzdə borcu var,

Saldat pulu, bir də mirab xərci var.

İki qövlə, otuz manat töycü var,

Az deyirəm, hələ çoxdur, ay arvad.

Arif insan daha bəsdi bu yanğı,

Qəm ağardıb bu saqqalı, bu bığı.

Göy zamanı oğradılar fındığı,

Qonum-qonşu oğru çıxdı, ay arvad!

 

"Sərçələr" şeirində "sərçələrə" müraciətlə Molla Cümə:

 

Əkdiyim olmasa məətdəl qallıq,

Ruzumuz olmasa acınnın öllük.

Yeməyin, axırda üç yerə böllük,

Siz də olun biznən yarı, sərçələr!

 

deyir:

Şairin bu mövzulu şeirlərində vergilər altında inləyən, ehtiyac içində yaşayan xalqın dərdləri öz əksini tapmışdır.

Molla Cümə azərbaycan aşıq yaradıcılığının, xalq şeirinin bütün şəkillərindən səmərəli istifadə etmiş, çoxlu sayda əsərlər qoyub getmişdir. Onun yaradıcılığında istifadə etdiyi aşıq şeiri nümunələrindən qoşma, gəraylı, divani, təcnis, cığalı təcnis, hərf üstə təcnis, yedəkləmə təcnis, sallama qafiyə, əvvəl-axır, əlifləmə, bayatı, müxəmməs, bağlama, deyişmə, ustadnamə, hərbə-zorba, həcv, dastan və s. göstərmək olar.

Molla Cümənin "Səyyad və Səyalı", "Molla Cümə və aşıq Köplü" dastanları aşıq ədəbiyyatı üçün qiymətli sənət nümunələridir.

 

Qədir allah, nesə bədbəxt yarandım,

Düşüb dildən-dilə çağrılan canım.

Ah-vaynan günüm qara keçibdir,

Cəfası illərə sürülən canım.

 

Molla Cümə incə zövqə malik, insanın daxili aləmini, ruhu hisslərini gözəl, təsirli ifadələrlə əks etdirməyə bacaran lirik bir şair olmuşdur. Molla Cümə irsi öyrənilməli və qorunub saxlanılmalıdır. Şairin ədəbi irsində hələ də öyrənilməli, araşdırılmalı məqamlar çoxdur və öz tədqiqatçısını gözləməkdədir.

 

 

Göyərçin Mustafayeva

filologiya üzrə fəlsəfə doktoru

 

Ədalət.-2013.-17 may.-S.  5.