"Aqil elmə qaçar, naşı sərvətə"

 

Bu millət özünə sahib çıxmayır,

Yamanca qarışıb başı sərvətə.

Bir kitab, bir dəftər açıb baxmayır,

Aqil elmə qaçar, naşı sərvətə.

Böyük də, kiçikobaşdan durur,

Aldadır, aldanır, min dad eyləyir.

Kim isə özünə xaniman qurur,

Kim isə birinə imdad eyləyir.

Tərəzi gözündə batman imanlar,

Bir zərrə hiylədə bir qismət yatır.

Hamilə qalıbdı yüklü limanlar,

Bir kəsim çörəkdə min ismət yatır.

O kimdir, dayanıb yol qırağında,

Qolları qoynunda balınca dönüb.

Çiçəklər titrəyir kol qırağında,

Alıcı baxışlar qılınca dönüb.

Tərifcil şairin kəlməsi baha,

Baxırsan, elə bil bülbül oxuyur.

Qoşması, düzməsi, gülməsi baha,

Burnuna tutursan - alver qoxuyur.

Harınlar özünü verir sərinə,

Qıraqda dayanır, bığ eşir elə.

Əli gətirməyən düşür dərinə,

Palçıqda, löhmədə lığ eşir elə.

Tamam bilməcədi - satan - həm alan,

Qardaşlar bacıyla alver eləyir.

İşə bax, iməkdən təzə ayrılan

Allahdan özünə alver diləyir.

İmanı olanlar Haqq imiş demə,

Bilibdi harada növbə deyibdi.

Nizami, Füzuli yox imiş, demə,

Bu millət kitaba tövbə deyibdi.

gBu millət özünə sahib çıxmayır,

Yamanca qarışıb başı sərvətə.

Bir kitab, bir dəftər açıb baxmayır,

Aqil elmə qaçar, naşı sərvətə.

 

 

Həqiqət

 

Min illərdi gəzirik,

Haralara çapmırıq.

Bir xəyaldı, deyəsən,

Tapmırıq ki, tapmırıq.

 

***

 

Yalanlara bükülür,

Boylanır bir xəbərdən.

Üzlərə çırpılanda

Acı olur bibərdən.

 

 

Sevən bizik

 

Biz bir şerin şah misrası,

Şah misranın sözləriyik.

Yerin çiçək boylanışı,

Göyün ulduz gözləriyik, -

Bizim kimi sevən hanı?

Dünya elə gözəlləşib,

Elə gülür gözümüzdə.

Min əfsanə, dastan yatır

Baldan şirin sözümdə, -

Bizim kimi sevən hanı?

Uca dağlar sıralanıb

Boylanırlar bizə necə.

Ancaq bizi görmək üçün

Növbələşir gündüz, gecə, -

Bizim kimi sevən hanı?

Yağış yağır narın-narın,

Tər çiçəklər sırğalanır.

Müjdələnir gəlişimiz,

Göy zəmilər yırğalanır, -

Bizim kimi sevən hanı?

Yal-yamaclar yaşıllaşıb,

Çiçək-çiçək bizə baxır.

Dönüb biz baxışırıq,

Gözümüzdə şimşək çaxır, -

Bizim kimi sevən hanı?

Biz sevgidən yaranmışıq,

Leyli yalan, Məcnun yalan.

Əfsanədir hər birisi,

Vallah, bizik sevib qalan, -

Bizim kimi sevən hanı?

Bizim kimi sevən hanı?..

 

 

Həyat dərsi

 

Orta məktəb, ali məktəb...

Bitirmişəm hər birini.

Böyümüşəm, əvəzləyib

Bu məktəblər bir-birini.

Hər birində dərs deyənlər

Adlı-sanlı.

Hər birində keçilən dərs

Qaynar, canlı.

Öyrədiblər, öyrənmişəm

Filan əsər, kitab belə.

O toplanan, bu çıxılan,

Sifət belə, xitab belə.

Sonra... sonra...

Atılmışam həyata mən,

Qatılmışam həyata mən.

Görmüşəm ki, toplanan az,

Çıxılan çox.

Sifət min-min...

Yıxılan çox.

Görmüşəm ki, filan yerdə

Görülən düz olmayıb.

Ha toplayıb cəmləmişəm,

İki əllin yüz olmayıb.

Oxuduğum bu məktəblər

Necə deyim ali imiş.

Kitablardan öyrəndiyim

Alilikdən xali imiş.

İnciməsin müəllimlər,

Çəkməyirəm sözü tərsə.

Yüz-yüz ali məktəb çatmaz

Həyat verən bircə dərsə.

 

 

Köhnə dünya

 

Dünya köhnə dünyadı,

Təzələnən bizik elə.

Oyunlardan çıxa-çıxa

Məzələnən bizik elə.

Dəyişirik gündən-günə,

Gün bizə bəs eləmir.

İstəyimiz dopdolu teşt,

Kündə bizə bəs eləmir.

Biclik bizdə itinə tök,

Giclik bizdə itinə tök.

Gic bicliyə yüyürürük,

Bic bicliyə yüyürürük.

İştahamız dərəağız,

Dartışırıq, çarpışırıq.

Bir tikəyə min əl gedir,

Hayqırırıq, qarpışırıq.

Bilmək olmur kim apardı,

Bilmək olmur kim qopardı.

Murazımız daşa dəyir,

Qəm eləyir, vaysınırıq.

Əldən çıxan bir qisməti

Özümüzüə vay sanırıq.

Gah onunla dilləşirik,

Gah bununla felləşirik.

Səpilirik yer üzünə,

Dolaşırıq hər yanı biz.

Arvad-arvad deyinirik,

Qarğıyırıq dünyanı biz:

Dağıl, dünya!

Xislətimiz ortalıqda,

Qismətimiz butalıqda.

Soruşmuruq özümüzdən

Dünya bizə verməyib,

Süfrə-süfrə sərməyib?

Dağlarından dağları var,

Bağlarından bağları var.

Meşələri orman-orman,

Hər çiçəyi min bir dərman.

Dünya susur, dünya baxır,

Gülü açır, çayı axır.

Zaman atlı, biz piyada,

Baxırıq ki, bir gümanıq.

Ömür adlı nağıllara

Hər birimiz qəhrəmanıq.

Əyişirik ancaq elə,

Deyişirik ancaq elə.

Apar, qopar xislətimiz,

Qopar, apar xislətimiz.

Neyləyirik, dözür dünya,

Susur elə qaya kimi.

yaxşı ki, biz gedirik,

Dünya qalır dünya kimi.

 

 

Allah, bizi özün qoru

 

Dünya yaman dəyişibdi,

Düzələnə oxşamır heç.

Ata-oğul əyişibdi,

Düz gələnə oxşamır heç,

Çürük qoza dəymir soru, -

Allah, bizi özün qoru.

Böyük-kiçik itib daha,

Bin-bərəkət yoxa çıxıb.

Ümid, güman yox sabaha,

Diş tamaha arxa çıxıb,

Tükənibdi yaş quru, -

Allah, bizi özün qoru.

Tərif deyən saya gəlmir,

Haqqı hələ yazan yoxdu.

Doğmalar da haya gəlmir,

Qəbrimizi qazan yoxdu.

Bu bostan, bu uru, -

Allah, bizi özün qoru.

Mahalları itirmişik,

Sarılmırıq yarağa biz.

Bolluca vəd bitirmişik,

Qurşanmışıq arağa biz,

Gözləyirik dünya zoru, -

Allah, bizi özün qoru.

Namus, qeyrət tərəzidə,

Aman, güman qalmayıb heç.

Hey yan vurur tərəzi ,

Yaxşı-yaman qalmayıb heç,

İsrafilmi çalan suru, -

Allah, bizi özün qoru!

Allah, bizi özün qoru!

Məni Allah qoruyur

Çox sınaqdan keçmişəm,

Arxayınam özümdən.

Hələ heç yayınmır

Mənim qırğı gözümdən.

İstəyirsən min cürə

Corab toxu, kələk qur,

Keçməyəcək biri -

 

 

Məni Allah qoruyur.

 

Şeytanları yığmışam,

Bağlamışam axurda.

Mənə quyu qazanlar

Özü düşüb axırda.

Xısınlaşma yüzüylə,

Ya çıx döşə, ya gen dur.

Bəndə kimdir, neyləyə, -

Məni Allah qoruyur.

Çevrəm iblis yığnağı,

Düşməyirəm tora mən.

Arxayın gedəcəyəm

Gedəndə gora mən.

Sevgim qəlbimə hakim,

Üzüm ayna, içim nur.

Mən Allaha bağlıyam,

Məni Allah qoruyur.

Yazıqlar mənə

Hər kəsə özünün eli gözəlmiş,

El sevən kəslərə eli əzəlmiş.

Elsiz keçən günlər saman - xəzəlmiş,

Necə yanmamışam, yazıqlar mənə.

Pisi pis kimi doğmaymış, demə,

Loxması şipşirin loxmaymış, demə.

Özgələr sevgisi boğmaymış, demə,

Necə qanmamışam, yazıqlar mənə.

Günlərim ötüşdü, ay oldu getdi,

İllərim düzüldü, say oldu getdi.

Bir ömür yaşadım, zay oldu getdi,

Necə anmamışam, yazıqlar mənə.

Daha qocalmışam, karsız olmuşam,

Üzümə durmuşam, arsız olmuşam.

Yarlı görünmüşəm, yarsız olmuşam,

Necə sınmamışam, yazıqlar mənə.

Qaralmış kösövə kömür deyilmiş,

İllərin cəminə ömür deyilmiş.

Sürdüyüm bu ömür ömür deyilmiş,

Ömür sanmamışam, yazıqlar mənə.

 

 

Özünə adam demə

 

Daldalarda girlənirsən,

Kölgələrdə hərlənirsən.

Yeyib-içib, tirlənirsən,

Sən özünə adam demə.

Necəliyin göz önündə,

Sözün yoxdu söz önündə.

Bir ləkəsən öz önündə,

Sən özünə adam demə.

Gilin bəlli, badın bəlli,

Doğman bəlli, yadın bəlli.

El içində adın bəlli,

Sən özünə adam demə.

Dildə gəzən anan məlum,

Sual məlum, sınan məlum.

Görən məlum, qanan məlum,

Sən özünə adam demə.

Danışırsan, biliyin yox,

Qocalmısan, çəliyin yox.

Bucağında çiliyin yox,

Sən özünə adam demə.

Bir quruca özəksən ki,

Görüntüsən, bəzəksən ki.

Bəzək altda təzəksən ki,

Sən özünə adam demə.

Adamların dərdləri var,

Həlimləri, sərtləri var.

Adamlığın şərtləri var,

Sən özünə adam demə.

Cavad deyər yadam sənə,

Gündə olsun qadam sənə.

Kim deyr ki, adam sənə?

Sən özünə adam demə,

Sən özünə adam demə.

 

 

Cavad Zeynal

 

Ədalət.-2013.-17 may.-S.7.