AĞSTAFA: SÜRƏTLİ İNKİŞAF YOLUNDA

 

Ölkənin kənd təsərrüfatı rayonlarından biri olan Ağstafa bu gün geniş bir tikinti meydançasını xatırladır. Təbii ki, bu da regionların inkişaf etdirilməsinə dair Dövlət Proqramının tələblərindən irəli gələn bir göstəricidir. Artıq bütün regionların, o cümlədən Ağstafa sakinləri də bu abadlaşmaya, bu tikinti-quruculuğa alışmış, onlar özləri də bu prosesin iştirakçısına çevrilmişdilər. İndi Ağstafanın təkcə rayon mərkəzində deyil, həm də onun qəsəbə və kəndlərində də həyat qaynayır, sosial binaların tikintisi, yolların çəkilməsi, abadlıq işlərinin görülməsi günbəgün vüsət alır.

Təkcə illərlə böyük problem olan və sakinləri həmişə düşündürən Ağstafa şəhərinin kanalizasiya xətlərinin əsaslı şəkildə tikilib, istifadəyə verilməsi insanları böyük bir qayğıdan azad edibdi. Diqqətçəkən məsəllərdən biri də odur ki, bu gün Ağstafada görülən hər bir işin təkcə kəmiyyəti yox, həm də keyfiyyəti əsas tələb və göstəricidir. Ona görə də bütün güclərin səfərbər edilib həyata keçirilən bu quruculuq və abadlıq işləri ürək açır, göz oxşayır. Bunun müqabilində də müasir, gözəl və təmiz yeni Ağstafa sakinlərin və qonaqların üzünə gülür.

Statistik rəqəmlərə diqqət yetirəndə məlum olur ki, bu rayonda görülən işlərin kifayət qədər böyük əhatəsi, mənzərəsi var. bir məqamı xüsusi ilə xatırlatmaq yerinə düşər ki, ötən ilin aprel ayının 12-də Ağstafaya səfər edən prezident İlham Əliyevin rayon sakinləri ilə görüşü və elə yerindəcə verdiyi tapşırıqlar burada aparılan quruculuq işlərinə sözün həqiqi mənasında böyük təkan vermişdi. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, Ulu Öndərin abidə kompleksinin, Gənclər Mərkəzinin, Bayraq və Saat meydanlarının, Səməd Vurğun adına parkın, "Kitab-abidə" kompleksini, Yazıçılar Evinin və digər möhtəşəm binaların tikilib və yaxud bərpa edilib yenidən istifadəyə verilməsi sakinlərin razı qaldığı məqamlardan biridir.

İlləri müqayisə etdikdə məlum olur ki, rayonda yol tikintisi işləri böyük sürətlə aparılır. Ötən il Toylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun prezident İlham Əliyevin rayona səfəri zamanı istifadəyə verilməsi bu bölgənin sakinlərinin qayğılarını xeyli yüngülləşdirmişdi. Elə həmin səfər zamanı o da vurğulanmışdı ki, rayonun digər kənd və qəsəbə yollarının da tikilib-qurulması diqqət mərkəzində saxlanmalıdır. Bununla bağlı "Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamın verilməsi də dediyimizi bir daha təsdiq edir.

Ötən il Ağstafada böyük uğurların əsası da qoyulmuşdur. Öncədən müəyyənləşdirilmiş layihələrə və planlara uyğun olaraq müəyyən edilmişdir ki, həmin sosial-iqtisadi layihələri gerçəkləşdirmək günün tələbidi. Məhz bu tələbdən çıxış edən rayon rəhbərliyi və aidiyyəti qurumların əlbir işinin nəticəsi olaraq, ümumiməhsul istehsalının həcmi 2003-2013-cü illərdə 4,2 dəfə, sənayə məhsulu istehsalı 4,3 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,5 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 23 dəfə, nəqliyyat xidməti 2 dəfə, rabitə xidməti 2,3 dəfə, ticarət dövriyyəsi 5,1 dəfə artmışdır. Paralel olaraq əhaliyə göstərilən pullu xidmətlərin həcmi də 10,8 dəfə, pərakəndə əmtəə dövriyyəsi 4,3 dəfə yüksələrək orta aylıq əməkhaqqının 7,8 dəfə artmasına səbəb olmuşdur.

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf proqramının tərkib hissələrindən biri də rayon sakinlərinin işlə təminatını məsələsidir. Rəqəmlərə müraciət etsək, onda görərik ki, ötən il bu məsələ 56,6 faiz yerinə yetirilmiş, yəni 797 nəfər işlə təmin olunmuşdu. İnsanların işlə təmin edilməsində özəl sektorun xüsusi çəkisi var. Belə ki, rayonda ümumi məhsul istehsalının 40 faizini kənd təsərrüfatı məhsulları təşkil edir. Bu məhsulların istehsalını da gerçəkləşdirən həmin özəl sektorda çalışanlardı. Ötən il rayonda istifadəyə verilən "Ağstafa süd" kompleksinin tikintisi və bu kompleks üçün ayrılmış 6500 hektar ərazidə yem və heyvandarlıq təsərrüfatı, 6600 baş iribuynuzlu mal-qara kompleksin nəznində saxlanıb, bəslənmişdi. Təbii ki, bu da həmin kompleksin xam malla təchiz edilməsinin əsas mənbəyi olmuşdur. Rayonda tutumu 30 min ton olan taxıl anbarının, saatda 30 ton istehsal gücünə malik olan dəyirmanını, çörək və qənnadı məmulatları zavodlarının tikintiləri də sürətlə aparılır. Bu da özlüyündə 300-ə yaxın insanın işlə təmin olunması deməkdi. Ötən il Ağstafa rayonunda 11966 hektar sahədə taxıl əkilmiş, 31502 ton məhsul toplanmışdır. Əgər hesablama aparsaq onda məlum olar ki, bu nəticə 2011-ci illə müqayisədə 7102 ton çoxdu.

Ağstafada kənd təsərrüfatının digər sahələri də sürətlə inkişaf etdirilir. Burada üzümçülüyə xüsusi diqqət ayrılır. Təkcə ötən il 441 hektar bağdan 5621 ton üzüm toplanmışdı. Bu yüksək göstəriciyə baxmayaraq, rayonda emal müəssisələri həmin məhsulu bütünlüklə qəbul edib istehsalı ilə məşğul ola bilməmişdir. Bu da haqlı narazılıqlara səbəb olmuşdu. Rayon rəhbərliyi bu mövcud problemi aradan qaldırmaq üçün gərəkli olan bütün addımları atmış və cari ildə həmin problemin olmayacağına əminlik ifadə etmişdi.

Ümumiyyətlə 2012-ci ildə havaların sərt keçməsinə baxmayaraq, rayonda heyvandarlığın inkişaf etdirilməsi, mal-davarın baş sayının artırılması üçün də xeyli iş görülmüşdü. Nəticədə ət istehsalı 126 ton, süd istehsalı 1001 ton, yun istehsalı 3 ton, yumurta istehsalı 629 min ədəd artmışdı.

Göründüyü kimi, bu gün Ağıstafada yüksək inkişaf və abadlıq tempi təkcə qorunub saxlanılmır, həm də ona əlavə stimullar verilir. Bu da təbii olaraq həm əhalinin sosial-məişət durumunun yüksəlməsinə, həm də ayrı-ayrı sahələrdə uğurlar qazanmasına səbəb olur. Bunu da kökündə ölkə rəhbərliyinin, eləcə də rayonunu aidiyyəti qurumlarının məqsədyönlü işi dayanır. Həmin işin də məram və mahiyyəti insan faktorudu. Bunu Ağstafada da çox gözəl başa düşürlər.

 

(Ardı var)

 

Ceyhun RÜSTƏMOV

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

Ədalət.-2013.-17 may.-S.7.