AĞSTAFA:
SÜRƏTLİ İNKİŞAF YOLUNDA
(əvvəli
ötən sayımızda)
Ağstafada aqrar bölmənin inkişafı və məsuldarlığın daha yüksək göstəricilərlə qeydə alınması üçün aqro-texniki tədbirlər, xüsusilə suvarma işləri çox əhəmiyyətli bir şəkildə qurulmuşdu. Elə ötən ilin səyyar qəbulları, həmçinin icra strukturlarında vətəndaşlarla keçirilən görüşlər zamanı da rayonun suvarma məsələləri gündəmdə olmuşdu. Nəticədə işi daha da rahat tənzimləmək üçün Sudan İstifadə Edənlər Birliyinin yarıtmaz işi xüsusi tənqid olunmuş və bu sahədə qəti addımların atılması vacibliyi səsləndirilmişdi. Artıq cari ildə bu məsələdə demək olar ki, köklü dəyişikliklər baş vermişdi. İndi rayonda Ağstafaçay Hidroqovşaq İstismar İdarəsi və Suvarma sistemləri İdarəsi məsələləri tam nəzarət altında saxlamağa müvəffəq olubdu.
Rayonun heyvandarlıq sahəsinin də inkişaf etdirilməsi, bu sahə ilə məşğul olanlara vaxtında köməklik göstərilməsi məsələsi də icra strukturunun diqqət mərkəzindədi. Bu işdə rayon baytarlıq idarəsinin üzərinə böyük vəzifələr düşür. İcra aparatı rayon baytarlıq idarəsinin fəaliyyətindəki nöqsanların aradan qaldırılması istiqamətində də ciddi tədbirlər görülmüşdü. Nəticədə artıq heyvandarların tez-tez qarşılaşdığı çətinliklər, xüsusilə müxtəlif xəstəliklərin yayılması halları aradan qaldırılmışdır.
Bu gün Ağstafada ekoloji vəziyyət də diqqət mərkəzində saxlanılır. Respublikanın bütün bölgələrində olduğu kimi, burada da təbii mühitin sağlamlaşdırılması, yaşıllıqların qorunması, əlavə yaşıl örtüklərin salınması, yeni meşə zolaqlarının salınması və mövcud meşə zolaqlarındakı seyrəkliyin aradan qaldırılması, həmçinin meşələrin mühafizəsi istiqamətində uğurlu addımlar atılır. Rayonda meşələrin mühafiəzi və bərpası, həmçinin Qarayazı Dövlət Qoruğunun təbii sərvətlərinin qorunub inkişaf etdirilməsi də diqqətdə saxlanılır. Ölkə prezidentinin ekoloji sahəyə ayırdığı diqqəti öz əməli işlərində tətbiq etməyi bacaran Ağstafa rayon icra hakimiyyəti demək olar ki, ağac əkini kampaniyasının, yeni yaşıllıqların salınması işinin kəmiyyət və keyfiyyətinə xüsusi diqqət ayırır. Necə deyərlər rayonda xüsusi göstəriş gözləmədən yerli təşəbbüslərlə bu sahədə uğurlara imzalar atılır.
İndi Ağstafada rayon mərkəzinin, yəni Ağstafa şəhərinin inzibati ərazisinin genişləndirilməsi üçün xeyli işlər görülmüşdü. Layihələr hazırlanmışdı, xəritələr çəkilmişdi. Paralel olaraq rayon torpaqlarından istifadənin səmərəliliyinin artırılması da nəzarətə götürülmüşdü. Kimlərinsə torpaq sahələrini zəbt etməsi, qanunsuz istismara məruz qoyması halları ciddi şəkildə aradan qaldırılmaqla günahkarların cəzalandırılması məsələsi də diqqətdən yayınmamışdı. Bu da təbii ki, qanunların pozulması hallarına yol verənlərin kimliyindən asılı olmayaraq cəzalandırılması deməkdir.
Ağıstafa rayonunda təhsilin maddi texniki bazasının daha da möhkəmləndirilməsi, günün tələbləri səviyyəsində qurulması də diqqətdə saxlanılır. Bəllidir ki, təhsil öncə məktəbdən, onun maddi-texniki bazasından asılı olur. Bax, buna görə də ötən il rayonda bir xeyli məktəb binası təmir olunmuş, bərpa edilmiş və yaxud yeniləri tikilmişdi. Onların sırasına rayonun Tatlı kəndində 220 yerlik və Düzqışlaq kəndində isə 180 şagird yerlik məktəb binalarının, həmçinin 4 saylı körpələr evini və uşaq bağçasını da göstərmək mümkündür. Artıq adlarını sadaladığımız bu müəssisələr istismara verilmişdi. Eyni zamanda Ağstafa şəhərində 1 və 2 saylı, Dağ Kəsəmən kəndində 1 və 2 saylı, Qiraq Kəsəmən, Aşağı Göyçəli kənd tam orta məktəblərində müasir tipli fizika və kimya laboratoriyaları yaradılmışdı. Aparılmış monitorinq nəticəsində bəlli olmuşdu ki, rayondakı məktəb binalarından 15-i qəzalı vəziyyətdədi. Ona görə də təcili və təxirəsalınmaz tədbirlərin görülməsi qərara alınmışdı. Rayon icra hakimiyyəti tərəfindən müvafiq orqanlar qarşısında qaldırılan məsələlər nəticəsində indi Göyçəli kəndində 360 şagird yerlik, Soyuqbulaq qəsəbəsində 220 şagird yerlik, Köçüəsgər kəndində 200 şagird yerlik məktəb binaları, Ağstafa şəhərində isə 115 yerlik uşaq bağçasının tikintisi artıq tamamlanmaq üzrədir.
Bəli, bu gün Ağstafada təhsilə ayrılan diqqət şagirdlərin bilik və səviyyələrin artırılmasında da öz sözünü deyib. Elə bunun nəticəsidir ki, ötən il Ağstafada 803 nəfər imtahanları müvəffəqiyyətlə verərək orta təhsul attestatı almışdı. Onlardan 482 nəfəri ali məktəblərə sənəd vermiş və nəticədə 215 nəfəri tələbə adı qazanmışdır. Bu göstərici nə qədər sevindirici olsa da amma Ağstafada həm adidiyyəti qurumlar, həm də təhsillə məşğul olanlar daha yaxşı nəticələr göstərmək uğrunda səylə çalışmaqdadırlar.
Ağstafada səhiyyə məsələləri də digər sahələr kimi diqqət mərkəzində saxlanılır. Ona görə də xəstəxanaların, tibb məntəqələrinin müasir avadanlıqlarla təmin edilməsi, həkim və tibbi personalın peşə hazırlığının yüksəldilməsi üçün böyük işlər görülür və demək olar ki, rayonda səhiyyə sahəsindəki nöqsanların aradan qaldırılmasına müəyyən qədər nail olunubdu. O ki, qaldı rayonun mədəni həyatına, bu sahədə də diqqət çəkən məqamlar var. İstər rayonunun mədəniyyət ocaqlarının, kitabxanaların, klublarının, həmçinin rayonda keçirilən kütləvi tədbirlərin miqyasına demək olar ki, bu sahədəki göstəricilər qənaətbəxşdir. Ancaq ağstafalılar bu nəticələrlə kifayətlənmirlər. Çünki rayonda keçirilən zona və respublika səviyyəli müsabiqələr, yarışmalar rayonun böyük potensiala malik olduğunu xəbər verir.
Bütövlükdə isə rayon idmançılarının,
yaradıcı gəncliyin, eləcə də ictimai-siyasi
həyatın fəallığı göstərir ki, Ağstafa Azərbaycanın
digər bölgələri kimi öz imkanlarından və dövlət
qayğısından yararlanaraq uğurlu inkişaf yolunda qətiyyətlə irəliləyir.
Bütün göstəricilər, konkret rəqəmlər
buradakı uğurli inkişafın sadəcə
müəyyən məqamları barəsində təəsürat
yaradır. Əsl gerçək isə həm
ağstafalılara, həm də bu
bölgəyə qonaq gələnlərə
bəllidi.
Ceyhun RÜSTƏMOV
Azərbaycan
Respublikasının Prezidenti
yanında kütləvi informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi
fondunun
maliyyə yardımı ilə
Ədalət.-2013.-18 may.-S.4.