Əjdahanı yaşatmaq
Hər
yaşam mərhələsinin öz mənzərəsi var. Və
zaman-zaman bu mənzərələri xatırlayanda göz
önünə gələn parlaq, ya da solğun rənglər
içində yaşatdıqlarının nə qədər
sağlam olduğunun sığortasıdı bəlkə də...
Müəyyən bir dövrdə kimlər qurub bu mozaik mənzərəni?
Yəqin əsas sual budu - kimlər?
Və hər dəfə bir mərhələdən
o birinə qədəm qoyanda, özünə verdiyin
sözü tuta bilməyəndə, həyatına yeni-yeni
insanlar daxil olanda bu çək-çevirin içində
dörd istiqamətə baxa-baxa düşünürsən -
qurulanlar dağılır, bəs kimlər bu viranənin
altından salamat çıxacaq? Sən özün qərar
verəcəksən ömür adlanan bu zəlzələnin
sonrakı yaşamzədələri kim olacaq deyə... Bəzən
itirdiklərinə təəssüf, bəzən də oxqay
hissi ilə. Amma yeniliklərin qarşısın ala bilmərik...
Gələn gələcək, olan olacaq...
***
Şvartsın nağılları... Son vaxtlar bu nağılları nədənsə tez-tez xatırlayıram. İndi deyəsən elə bir mərhələ gəlib çatıb ki, yenidən inanmaq istəyirsən həmin qəhrəmanların gələcəyinə. Yenidən "Adi mocüzələr" olacaqmı? Yenidən içimizdəki "Əjdahanı öldürmək" istəyəcəyikmi? Az qalıb axı. Vaxt azdı. Şvartsın nağıllarında Xeyir və Şərin mübarizəsi ədalətlidi. O, həyatı yazır - bəzəksiz, düzəksiz. Hər kəsin içindəki Əjdahanı öldürmək haqqında düşünür. Özümüzdən aralanmış kölgələrimizin saldığı qorxunc Kölgələrdən yazır. Hər şeyi dəyişəcək adi möcüzənin sevgi olduğuna inanır. Mən də buna inanmaq istəyirəm - vaxt azdı. Və bu vaxt azlığında əjdahanı öldürüb də, yenidən insanlara səadət bəxş edəcək Əjdaha kimi bir qəhrəmanın varlığına inanmaq istəyirəm.
"İnsanın tutduğu yola inamı olmayanda, işin sonunu əvvəlcədən görməyəndə tərəddüd edir. İnsan tərəddüd edəndə isə qorxağa çevrilir. Yazıçının da, şairin də, rejissorun da qəhrəmanları, obrazları belədir. Tutduğu yola inamı olanlar və tərəddüd edənlər. Çoxluğa qarşı duran, sonradan çoxluğun onun tərəfinə keçən qəhrəman!"
Bu fikirlər isə yazıya qəhrəmanlıq
edəcək Əjdahaya aiddi. Drakona... Rzaya ...
***
"Dərd də bitkilər, ağaclar kimi iqlimlə bağlıdır. Necə ki, bitkilər, ağaclar iqlimə, fəsillərə uyğun olaraq bitirlər, yaşayırlar. Hər ürəkdə dərd də bitmir, yaşamır. Ürək var ki, dərd düşür ora, boy atmır, böyümür, soyuq alır dərdi. Soyuq ürəkdə, yanmayan ürəkdə dərd nə gəzir? Dərd üçün o ürək qışdır. Ürək də var ki, dərd düşür ora, boy atmağa, böyüməyə, çəkilməyə başlayır.
Dərd çəkən ürəkdə dərdə bahardır!
Dərdsiz insan yoxdur, dərdini çəkməyən, dərdini anlamayan insan var".
Neçə il əvvəlin söhbətidi,
dostumuz Əlabbas Bağırov zəng edib
naxçıvanlı bir oğlanın mənim haqqımda
yazı yazdığıni deyir, yazını tərifləyir.
Mən də "göndərsin poçtuma" deyirəm.
Kompumun monitorundan bu sözləri oxuyuram, təəccüblü
gəlir mənə. Açıb yazını oxuyanda xoş
mənada heyrətləndirir məni. Tanıyır müəllif
deyəsən məni. Yazının sonunda bəyənmədiyim
fikirlər də yer alıb. Razılaşmadığım...
Baxıram, telefon nömrələrini də yazıb.
Danışaq görək bu naməlum müəlliflə... Dəvət
edirəm onu redaksiyaya, nə vaxt gələcəyini söyləyir.
Və təşrif buyurur... Ay aman, qapıdan içəri elə
əjdaha kimi bir oğlan girir. Öz qabında hiss eləmir
özünü deyəsən, sıxılır elə bil. Mən
də müşahidə edirəm və hətta dilimi də
saxlaya bilmirəm, "nə qəşəng oğlansan"
- deyirəm. Qızarır uşaq kimi və bu nəhəng
vücudun içində uşaq kimi biri olduğun
görürəm. Az sonra yazının aqibətin soruşur məndən.
Bəyəndiyimi deyirəm, "amma çap eləməyəcəm"
- deyirəm. Niyəsini soruşur, "çox özəl
yazıdı" - deyirəm. Həm də yazının
sonunda dostlarımla bağlı xoşuma gəlməyən
ifadələr işlədilib. "Yazının bu hissəsini
çıxarmaq lazımdır" - deyirəm. Və
qarşılıqlı etirazlar şəraitində yazı
kompumun yaddaşında qalır. Özü də yadımda
qalır. İnadıynan, ağıllı mühakimələriynən,
şirin Naxçıvan ləhcəsiylə. Və
razılaşırıq ki, Rza bizə yazılar yazacaq. Mənim
haqqımda yazdığını çap eləməsəm
də.
***
"Bir şəxs, insan bu gün haqqında yazanda, danışanda yalnız bugünkü məqsədlər, vəzifələr və problemlər haqqında yazmır, danışmır. Həm də öz daxilində öncədən yaranmış, yaşanmış təcrübələri, müşahidələri, bilikləri, baxışları xaricləşdirir, mənalandırır. Həm də özü haqqında danışır, yazır. Özünü ifadə edir. Kimliyini başqaları qarşısında müəyyənləşdirir.
İstənilən məqalənin, fikrin, cümlənin, sözün alt qatı var. Bu qatda müəllifin xarakteri, ruhu, həyat tərzi var. Məqalədə hansısa söz, cümlə, abzas ayrılıqda başa düşülməyə bilər, lakin məqalə, kitab bütöv oxunduqda tam məna, ruh aydın olur. Başa düşülməyənlərə, dərk edilməyənlərə həmin ruh aydınlıq gətirir, işıq salır. Həmin ruh, işıq yazılan sözlərdə deyil, deyilən, yazılan sözlərin içindədir, alt qatındadır, sözlə deyilə bilmir. Deyilən sözlərin cəmidir. Axırıncı cümlədən, sözdən, nöqtədən sonra gəlir "O SÖZ". Deyilən sözlər "O SÖZ"ün qabığıdır. Qabığın içindədir "O SÖZ".
Bilik əldə etmək çox vaxt, zaman alır. Mükəmməl bilik əldə etmək üçün insan olmazın əziyyətlərə qatlaşır. Hər şeyi dərk edən insan üçün yaşamaq çətinləşir. O, öncədən çox şeyi görür, dərk edir. İnsanlara mənfi təsir edəcək proseslərin qarşısını ala bilməyəndə əzab çəkir. Necə ki deyirlər: Biliyini artıran şəxs qəmini, dərdini də artırır. Hər şeyi dərk etmək, dərk edib yaşamaq çox çətindir. Şəxsiyyətlərsə bunu könüllü seçirlər.
Prosesləri, hadisələri şərh və təhlil edən insanlar, bir də yozan insanlar var. Hadisələri və prosesləri yozan insanlar yuxu yozanlara bənzəyirlər. Necə ki, biri yuxu görür, gəlir yuxu yozanın yanına ki, onun yuxusunu yozsun. Yuxu yozan da öz dünyagörüşünə, biliyinə, yuxu görənin halına, şəxsi marağına, yuxu görənə olan şəxsi münasibətinə görə yuxunu yozur. Yəni yuxu yozmağın ümumi müəyyən olunmuş qayda-qanunu yoxdur, heç nəyə əsaslanmır. Yuxu yozan necə istəyirsə, yuxunu eləcə də yozur. Lakin şərhin, təhlilin isə qayda-qanunu, əsasları var. Şərh və təhlil edən insan elmə, təcrübəyə, sübutlara əsaslanır.
Cəmiyyətimiz elə dövr yaşayır ki, bir çox insanlar o şeylərdən danışırlar ki, onların özündə o yoxdur. Vətənpərvərlikdən, insanpərvərlikdən, sədaqətdən, dostluqdan və s. Bəzi insanlar bu dəyərlərdən çətir kimi istifadə edirlər".
Yazılar gəldikcə mən bu orijinal müəllifin
qəlbini də oxumağa başlayıram. Görünür
kimləysə iltibat, rabitə qurmağın ən vacib şərti
də elə budu. Qəlbləri oxumağı bacarmaq.
***
İnsan tək qalmağı sevmir. Daim tənha olsa da. Hər yaşam mərhələsində isə bəlli bir çevrə yaranır. Uşaqlığımızın o əziz günlərindən bu günümüzə daşıya bildiyimiz nə qədər insan qalıb yadımızda? Azdı, bəlkə də heç yoxdu... Amma o vaxtlar hamıya dost deyirdik axı... Çox idilər, yox oldular. Və illər keçdikcə həyatın, zamanın xəlbirindən keçə bilmədilər. Ya da keçirtmək istəmədik. Lazım deyildi artıq. Maraqlarımız dəyişdi, dünyaya baxışımız dəyişdi, sevdiyimiz adlar, rəgbətimiz olan ünvanlar dəyişdi. Kimsə bizə yuxarıdan baxmağa başladı, kiməsə biz baxdıq... Türlü səbəblərdən... Dəyişir bizi zaman, dəyişir...
Gələn təhlükədən qorunmaq anlayışı genetik koddur. İbtidai insanın beynində necə varsa bizə də elə ötürülüb. Onlar öz qorxularını gizlətməyiblər, sığındıqları kimsələrə də rəğbətlə yanaşıb tabe olublar. Müasir insan bunu gizlədir, ya da çox teatral şəkildə ifadə edir.
İcma anlayışından fərqli olaraq
dostluqda qan qohumluğu prinsipi yoxdu, burda ruh qohumluğu var. Və
bu qohumluğun nə dərəcədə möhkəm
olması isə rəğbətdən, anlayışdan,
ürək açıqlığından, təmənnasızlıqdan,
inamdan, ümumi maraqlardan, əyləncələrdən,
ideallardan asılıdı.... Demək asılılıq
prinsipi var - çətin məsələdi kiməsə dost
demək. İndi burda nə qədər məşhur
filosofların kəlamların da döşəmək
olardı, amma istəmirəm. Elə özümüzə nə
olub ki? Özümüzdən danışaq da ...
***
"Bir də var vurub-tutan dəlilər. Bunlara
Koroğlunun dəliləri də deyərlər. İndi Koroğlu yoxdu deyə, belə dəlilərin
sayını da bilmək mümkün deyil. Yəni dəliləri bir yerə yığan yoxdu.
Bəlkə də yığmaq istəyən
var, amma Çənlibel məsələsi bu saat çox
çətin məsələdir. Gərək
milyonların ola, neçə xanı
(naziri) soyub-talayasan ki, Çənlibelin yarısı qədər
torpaq ala biləsən. Amma bir yazıda oxudum ki,
baş redaktor gileylənir ki, harada dəli var gəlir məni
tapır, dəlilərimin yeri boş qalmır. Bir dostu da deyib ki, harada özün kimi dəli var,
yığırsan başına. Mən o
baş redaktoru tanıyıram, o qədər pulu yoxdu Çənlibel
ala, amma oturduğu otaqda dəli də bir gün oturmaz".
Yadımdadı, bu abzası oxuyanda qəhqəhə
çəkib gülmüşdüm. Rza bu yazısında
çox mətləblərə toxunub, amma mənə də
sataşıb. Və hər dəfə
onun duzlu yazılarını oxuduqca sevinmişəm ki, yeni bir
imza gəlib mətbuata. Hərənin bir
ulduz saatı var. İndiki yaşına gələnə qədər
Rzanın çox məşğuliyyətləri olub yəqin.
Amma mənə görə, onun ən doğru
yeri ədəbiyyatdı. Baxmayaraq ki, son vaxtlar film, filmdəki
Drakon onu qadınların xəyalına çevirib, bura onun
yeri deyil, - deyə duşünürəm. Deyil.... Görün nə maraqlı mühakimələri
var.
"Əsas məqsədim dəli kimdir sualına cavab
tapmaqdır. İnsan niyə dəli olur? Hansı
insana insanlar dəli kimi baxır? Dəlilərin
fərqi nədir? Keçmişdəki dəlilər.
Dəli insan görəndə niyə qaçır? İnsanlar dəlini
görəndə niyə daşlayırlar?! Məni düşündürən, dəli edən əsas
məsələ budur. İnsanlar dəlini
ona görə daşlayırlar ki, dəli insanlara dəli kimi
baxır. Dəli - insanların kimliyinin, necəliyinin dəlilidir!
Bu dəlilləri qəbul etmədiklərindən
insanlar dəlini daşlayırlar.
Başqalarına yüz daş atırsan dəymir. Dəliyə
yüz daş atırsan biri boşa çıxmır. Niyə atılan daşların hamısı dəliyə
dəyir?! Bilirsiniz, niyə? Dəli daşdan qaçmır, yayınmır.
Onu atılan daşlar dəli edib. Dəli
elə daşın dəlisidi də! Dəliyə
hər daş atan günah qazanır, hər dəyən
daş dəlinin günahını azaldır.
Dəli
göyə baxa-baxa qaçır, daş atanlar yerə
baxa-baxa! Dəli göydə Allahı axtarır, daş atanlar
yerdə daş! Dəli Allaha inanır, daş atanlar daşa! Dəliyə atılan daşlar göydən nə
vaxt yağacaq?!"
Və ya
"Bir də var minalanmış sahə. Bilə-bilə
bu sahə minalanıb, nə vaxtsa minalardan birini ayaqlaya bilərsən,
amma yenə sənə minalanmış sahədə gəzmək
zövq verir, nəfəsin zövq alır.
Bir
gün hiss edirsən ki, ayağını qoydun minalardan birinin
üstünə, indi nə ayağını minanın
üstündən çəkə bilirsən, nə də
ayağını minanın üstünə basa bilirsən.
Kimisi ayağını minanın üstünə daha möhkəm
basır, kimisi səhvini düzəltmək istəyir,
ayağını minanın üstündən çəkir -
Partlayış! Hər iki halda mina partlayır.
Kimisi ölümün üstünə gedəndə
ölür, kimisi ölümdən qaçanda
ölür!"
Tanış
düşüncələrdi... Doğma...
***
Bilirəm ki, ürəyində tutduğu böyük
arzusu var. Film çəkmək. Hətta bunu onunla
müzakirə də eləmişik. Təhsil
üçün xarici ölkələrdən birinə getməsə,
mümkün olacaq bir şey deyil - demişəm. Amma istək olan yerdə bütün olunmazlar olur,
keçilməzlər keçilir. Olar, inşallah...
***
Həə...
Mətləb... Nəydi? Əjdaha
vücudlu, uşaq qəlbli Drakonun ad gününə həsr
olunub sanki. Amma mən əslində dostluq
haqqında yazmışam bu yazını. Nə zaman
arasam, bulduğum, ürək qızdırıb dediyin sözləri
də sakit tavırla dinləyib, ehtiyatla məsləhət də
verməyə çalışan təmənnasız dost
haqqında yazmışam. Öz problemlərini gizlədib də
hamıyla ilgilənməyə çalışan, hamıya
ürəyinin işığıyla baxan və bundan hər
zaman ziyan çəkən dost. Ürəyinin tavanı
çat verən, ürəyi daman dost...
Telefonuna gələn mesajlara yazı yazan dost... Çox əziz
bir dostumun sözləridi bu - "sevdiyim adamları
yaxından tanımaq istəməmişəm heç vaxt . Fikirləşmişəm
ki, gördüyüm bir qüsur məni uzaqlaşdırar
sevgimdən". Bu da maraqlı
yanaşmadı, deyilmi? Amma mən
insanları tanıya-tanıya ya yaxınlaşmışam, ya
da tamam uzaq bir diyara çəkilmişəm. Elə yerə ki, orda mənim görmək istədiyim
insanlar var. Orda adi möcüzələr baş verir, orda
kölgələr qorxunc Kölgəyə çevrilmir.
Orda insan içindəki Əjdahanı
özü böyüdüb başqalarının
başın yemir.
"Söz
var ki, demək istəyirsən, deyə bilmirsən, sözlər
ürəyində ölür, can verə bilmirsən sözlərə,
ürəyini çevirirsən söz qəbiristanlığına,
sonra bir dənə də olsun diri söz tapa bilmirsən. Nə
danışırsan heç kim səni
eşitmir, dinləmir, heç demə öldürdüyün
sözlərlə bərabər ürəyin də
ölüb, sən də ölmüsən. Bütün
başdaşlarının üstündə yazılan son kəlmə
- Ölü sözdü.
Həyatda elə insanlar var ki, o heç kimə daş
atmır. Amma hamı onu daşlayır - daş
atmadığına görə. Həyatın
qanunu budur - gərək, daş atasan. Amma
bir adamın bədəni antibiotik götürür, birininki
götürmür. Bədəni antibiotik
götürməyən insana antibiotik vuranda, insan şoka
düşür. Hamının nə
etdiyini anlayırsan, hamının nə edəcəyini
yaşxı bilirsən. Edilənləri,
ediləcəkləri edənlərdən daha yaxşı edə
bilərsən, amma etmirsən, etsən şoka düşəcəksən".
Mən öz diyarımdakı gerçəklərə
inanmaq istəyirəm. Mən buna inanmaq istəyirəm - vaxt
azdı. Və bu vaxt azlığında əjdahanı
öldürüb də, yenidən insanlara səadət bəxş
edəcək Əjdaha kimi bir qəhrəmanın
varlığına inanmaq istəyirəm. Əjdahadan
qorunmağın yeganə yolu öz Əjdahanın
olmasıdı... Əjdahanı yaşatmaq lazımdı...
P.S. Hələ
ki həyatımızdakı nöqtələri əvəz edəcək
söz tapmamışıq....
YERDƏ
YER YOXDUR YERİ OLANLARA, ƏZİZİM!!!
İradə TUNCAY
Ədalət.-2013.-18 may.-S.6.