Qaranlıqdan aydınlığa

 

Paytaxtdan, ayrı-ayrı bölgələrdən, lap elə rayon mərkəzi Masallıdan da bura yolu düşənlər özlərini sanki başqa bir aləmdə, başqa bir məmləkətdə hiss edərdilər. Onun saldığı kənd, qurduğu sovxoz yamyaşıl bir adaya bənzəyirdi, adı da - "Qızılavar adası..."

Torpağa, əkin-biçinə, tarlalara, bağ-bağata bağlılıq, adamların biri-birinə olan sevgisi, isti, doğma münasibəti, səmimiyyəti kənar adama mehriban bir ailəni xatırladardı... Toy şənliklərində, hüzür mərasimlərində bir nəfər də olsun özünü kimsəsiz, arxasız hiss etməzdi. Bütün qızılavarlıların hamılıqca bir dayağı, bir arxası vardı - evdə də, çöldə-rizdə də Ağa deyə çağırdıqları İsmayıl oğlu Xalıq Qurbanov.

Özündə mənəvi, əxlaqı dəyərləri, ağalığı yaşadan, bu gün şirin nağıla, dastana dönmüş, şərəfli bir ömür yaşamış Qurban kişinin nəvəsi, İsmayılın oğlu Xalıq Qurbanova həsr etdiyim bu roman-poemanın bir parçasını oxuculara təqdim edirəm. Qloballaşan dünyanın sinəsində günü-gündən əriyən, itib-batan dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasında hər kəsin bir mənəvi borcu var. Yoxsa ki, bir millət kimi, toplum kimi yer üzündən silinib yox olmamıza nə müharibə, nə də atom bombası gərək... Çox gəzdim, çox dolaşdım - heç bir ölkədə, heç bir millət içində bizim xalqda olan keyfiyyətləri (nə qədər narazı olduğumuz hallar olsa da) - bir-birinə olan sevgini, səmimiyyəti, doğmalığı, yıxılana əl tutmaq istəyini, arxasıza arxa durmaq xislətini görmədim, hiss etmədim... Hər bir xalqın mədəniyyəti, incəsənəti, ədəbiyyatı onun güzgüsüdür. Bütün milli dəyərlərin, adət-ənənələrin yaşamasında, qorunub saxlanılmasında ədəbiyyat qədər gücü olan ikinci bir güc görmürəm. Hər bir xalqı yaşadan onun ana dilidirsə - dil və ədəbiyyat əkizdi, özü də bir beşikdə...

 

***

 

Hamıdan Uca Allah deyir: - "Ey Adəm övladı! İmanınız saflaşarsa, əməlləriniz də, qanınız və canımız da saflaşar. İmanınız yararsız olarsa, əməlləriniz də, qanınız və cisminiz də yararsızlaşar..."

- "Ey insan, özünü, insanlara işıq vermək üçün odun əvəzinə yandıranlardan olma!.. Dünya sevgisini qəlbindən çıxart. Həqiqətən Mən, Mənə və dünyaya olan sevgini bir qəlbdə yerləşdirmirəm..."

- Dünya malına tamahında həddini aşma, həqiqətən o mal artıq çoxdan bölünüb... Tamahkar insan - bədbəxtdi, simic - miskindi. Allahın onlara Rəhmi elə də uzun sürməyəcək".

"Dünya malına görə narahatlıq - böyük bəladı. Həyatın sonu (Axirət) - Haqdı". "Allahın verdiyi ən böyük müdriklik - tövbədi: ən dəyərli varidat - azla qane olmaqdı; ən doyumlu ərzaq - Allahdan qorxudu..."

... Sən bu dünyada elə çalışıb-vuruşursan, elə bil sabahı günü ölən - sən olmayacaqsan, var-dövləti elə yığırsan, elə bil burda əbədi yaşayacaqsan..."

"Ey bu dünyanın olanlar!.. Qaçın sizə tamah salan insandan!.. Sizdən qaçanlara sarı gedin, sizləri kənardan seyr edənin olun!..

"Ey Adəm övladı! Sənin bu dünyada yaşamağın - şipşirin balın başına hərlənib-hərlənib, hər dəfə də dolaşıb içinə düşən milçəyin uçuşuna bənzəyir..."

"Ey Adəm övladı! Sən gəl, Məndən sabahkı günün üçün ruzi tələb eləmə, Mən ki, səndən sabahkı gün edəcəklərini tələb eləmirəm?!."

Hamıdan Uca Allahın kəlamları barədə Məhəmməd Peyğəmbərin söylədikləri.

Ömürdən səhifələr

Taxıl, çəltik zəmilərini, çoxlu sayda bostan-tərəvəz sahələrini, su dəhnlərini, bir sözlə, var-dövlətini "könüllü" olaraq Şura hökumətinə bağışlayan İsmayıl kişinin ailəsi özlərini o illərin amansız bolşevik repressiyalarından qorumuş oldu... hamı kimi, İsmayıl kişinin ailəsi də o illərin sərt kollektivləşmə dövründə ölkəni bürümüş qıtlığa, ağır həyat şəraitinə tuş gəlmiş, min bir əzab-əziyyətlərə qatlaşmışlar.

Xalıq kişi elə o illərdə, 1923-cü ilin 20 iyununda Qızılavarın Dəlləkoba məhəlləsində dünyaya göz açmışdı. Onun ulu babaları bu kəndin təməlini qoymuş ilk sakinlərdən olmuşlar. Uşaqlıq illəri çox ağır bir dövrə təsadüf edən Xalıq məktəbə gec getmişdi, - təxminən on yaşında. İbtidai sinfi bitirəndə amansız repressiyaların başladığı, Sovetlər tarixinin yaddaşında qara ləkə kimi iz buraxmış "37"-ci il idi... Qonşu Bədəlan kəndində səkkizinci sinfi əla qiymətlərlə başa vuran Xalıq, elə həmin il, 1942-ci ildə ordu sıralarında Böyük Vətən müharibəsinə yollandı, - Krım, Novorossiysk, Anapa, Kerç, Taman yarımadası, Gelençik, "Kiçik torpaq" (Misxakoya) adlanan yerlər uğrunda döyüşlərdə fəal iştirak etmiş, qəhrəmanlıqlar göstərmişdi. O, əfsanəvi 18-ci orduda, sonralar Sovet rəhbəri olmuş (1964-1982) L.İ.Brejnevlə bir yerdə vuruşmuşdu. Kerç uğrunda gedən qanlı döyüşlərin birində, ciyərindən ağır yaralanan Xalıq hərbi hospitalda səkkiz ay müalicə olunur və 1944-cü ilin may ayında müharibə əlili kimi ordudan tərxis olunub arxa cəbhəyə yola salınır, oradan da vətənə, doğma kəndi Qızılavara qayıdır.

Müharibədə göstərdiyi şücaətə, igidliklərə görə o, I və III dərəcəli "Şöhrət" ordenləri, I və II dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunur. Bunlar o dövr üçün böyük dövlət mükafatları sayılırdı və demək olar ki, keçmiş Sovet İttifaqı qəhrəmanına bərabər mükafat sayılırdı. Xalıq 1970-ci illərdə keçmiş SSRİ-yə rəhbərlik etmiş Brejnevdən belə təbrik məktubları alırdı, çünki Brejnevlə bir hərbi hissədə qulluq etmiş, bir yerdə vuruşmuşdu. Olduqca təvazökar və sadə bir adam olduğu üçün bunları yaymır və onu əlində bir bayraq etmirdi. 1945-ci ildə Masallıda üç aylıq mühasiblik kursunu bitirib əmək fəaliyyətinə başlayır. 1955-ci ildə axşam fəhlə-gənclər orta məktəbini bitirib, həmin ildə Kənd Təsərrüfatı Akademiyasının (İnstitutunun) zootexnika fakültəsinə daxil olur və 1962-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurur. 1962-ci ilə qədərsə (qiyabi təhsil ala-ala) rayonun Qədirli, Bədəlan, Ərkivan, Tatyan, Qızılavar kəndlərindəki kolxozlarda - kollektiv təsərrüfatlarında baş mühasib, 1962-1964-cü illərdə isə Bədəlan kəndində kolxoz sədri işləyir.

1964-cı ildən öz doğma kəndi olan Qızılavara, M.F.Axundov adına kolxoza sədr seçilir. Sonralar kolxoz sovxoza çevrilir. Sədr seçiləndən sonra Qızılavarın "qızıl günləri" başlayır. Kəndin sosial və mədəni cəhətdən inkişafı üçün çox işlər görür - üçmərtəbəli böyük məktəb binası (o zamanlar üçün analoqu olmayan...), ikimərtəbəli uşaq bağçası, xəstəxana, məişət evi, poçt-rabitə evi, bir neçə ictimai-iaşə obyektləri, kəndlərarası asfalt yollar çəkdirməyə nail olur. Kəndə qaz, su, telefon xəttinin çəkilməsi işlərini təşkil edir. Rəhbərlik etdiyi təsərrüfatı irəli aparmaq üçün yeni torpaq sahələrinin istifadəyə verilməsi işini çox bacarıqla həyata keçirə bilir. Kiçik bir təsərrüfat olan M.F.Axundov adına sovxoz rayonun ən qabaqcıl çayçılıq, tərəvəzçilik və heyvandarlıq təsərrüfatına çevrilir. Heç kim inana bilmirdi ki, az torpaq sahəsinə, zəif maddi-texniki bazaya malik olan Qızılavar kəndi necə oldu qısa müddət ərzində rayonun ən qabaqcıl təsərrüfatına çevrildi. Sovxoz keçmiş Sovetlər İttifaqının və respublikanın ən yüksək dövlət mükafatları, Keçici Bayraqlarla təltif olundu. Bircə onu demək yetər ki, 1968-ci ildə 222 ton tərəvəz yetişdirilmişdisə, 1987-ci ildə dövlətə 5300 ton tərəvəz, 400 ton yaşıl çay yarpağı, 34 ton ət, 210 ton süd təhvil verilmişdi. Son illər Qızılavarın görkəmi tamamilə dəyişmiş, yeni, müasir bir yaşayış məntəqəsinə çevrilmişdi. Sovxozun yeni inzibati binası, tibb feldşer-mama məntəqəsi, idman meydançaları, bərbərxana, quşçuluq kompleksi inşa olunub istifadəyə verilmişdi. Artezian quyuları qazılmış, kənd camaatı içməli su ilə təmin olunmuşdu. Bütün evlər elektrik və telefon xətləri ilə təmin edilmişdi. Küçələrdə elektrik dirəklərinə gecə lampaları quraşdırılmışdı. Böyük Vətən Müharibəsində həlak olmuş qızılavarlıların xatirəsinə iki yerdə abidə, kəndin mərkəzində isə Şərqin ilk materialist filosofu, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun abidəsi ucaldılmışdı. Kənd əhalisi əldə etdikləri gəlirlərin hesabına üstü lığdan olan palçıq evlərini söküb yerinə yaraşıqlı, müasir daş və bişmiş kərpicdən evlər tikmişdi. Şəxsi minik avtomobillərinin sayı artmışdı. Qızılavar kənddən çox müasir tipli qəsəbəyə oxşayırdı.

Xalıqın özü o zamanların ən ali dövlət mükafatları, - "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", "Qırmızı Bayraq", "Xalqlar Dostluğu", "Oktyabr İnqilabı", "Əmək igidliyinə görə" orden və medallarla təltif olunsa da, ömür yolu çox çətin olmuşdu. O zamanların "hakimi-mütləqləri" - rayon rəhbərliyilə işləmək asan məsələ deyildi. Yuxarılarda "arxaları" olan bu rəhbərlərin əksəriyyəti səriştəsiz idi. Onlarla dil tapmaq, normal şəraitdə işləmək müşkül məsələydi. Donoslar, yersiz yoxlamalarla onu ləkələməyə çalışanlar çoxuydu. Xalıq kişinin başına qəribə bir əhvalat da gəlmişdi, ümumi rayon müşavirələrinin birində Raykom katibi Xalıqın ünvanına ağır ifadələr səsləndirir, sonda "səni məhv edərəm" deyir. Səbri tükənən (buna qədər çox səbirli və təmkinli olan...) Xalıq kişi, icazə almadan ayağa durur, "Siz kimsiniz ki, məni tutdurmaq və məhv etməklə hədələyirsiniz? Müharibə illərində məni faşistlər belə öldürə bilmədi. Tərbiyən, qanacağın olsun, utan bir, abırsızın biri", - deyib salonu tərk edir.

Bu xəbər ildırım sürətiylə rayona, rayon hüdudlarından kənara yayılır. Camaat: "Axır ki, bu "faraonu" öz yerində oturdan bir kişi tapıldı", - deyir. Raykom katibi haqqında dolaşan qorxunc mif beləcə dağılır...

O zamanlar təkcə Qızılavardan Böyük Sovetlər Birliyinin 900 şəhərinə faraş tərəvəz yola salınırdı. Olduqca böyük rəqəmdi.

Sovxozda çalışanların orta əməkhaqqı 300-350 rubl təşkil edirdi ki, bu da o zamanlar üçün böyük, tutarlı əməkhaqqı idi.

Savadlı, təcrübəli mütəxəssis, kamil rəhbər olan Xalıq kişi sübh tezdən tərəvəz sahələrində, çay plantasiyalarında, fermalarda, heyvandarlıq komplekslərində, taxıl, çəltik zəmilərində zəhmət adamları ilə bir yerdə olur, onlarla da bir süfrədə çaya-çörəyə oturardı. Sovxoz direktoru olsa da, özünü sadə kənd camaatından, zəhmət adamlarından əsla ayırmazdı...

Xalıq adının ona verilməsi, görünür ulu Tanrının - Xaliqin özu tərəfindən rəva bilinmişdir. Uca Yaradan ona adıyla birlikdə paklıq, ağıl, sadəlik, mədəniyyət, ən ülvi hisslər, insanlara gərək olmaq şövqü, ailəsinə, qohumlarına, dostlarına qarşı hədsiz məhəbbət, elinə, vətəninə sədaqət, Allaha hədsiz dərəcədə inam və digər əxlaqi keyfiyyətləri də lütfkarlıqla bəxş etmişdi. Xalıq Cənab Allahın alicənab bir qulu idi...

Sanki qeybdən gələn bir səs onu silkələyib daldığı dumanlı düşüncələrdən, qaranlıq fikirlərdən ayırdı: "Görəsən biz hara gedirik?" - başını qaldırıb dilləndi. Gözlərini bayaqdan bəri söhbətləşib dərdləşdiyi Şirvana, İmrana, Hacı Müzəffərə dikdi. Onların üçü də - Hacı Müzəffər də, Şirvan və İmran Əbilov qardaşları da onun yaxınları, əzizləri və dostlarıydı. Yaşda onlardan böyük olsa da, həmyaşıd kimiydilər, yaşını büruzə verməzdi, onlarla tay-tuş kimi davranardı. Onlara həm qardaş, həm də övlad gözüylə baxardı.

Xalıq kişi gözlərini gah Şirvana, gah Müzəffərə, gah da İmrana dikib verdiyi sualın cavabını eşitmək istəyirdi. Amma özü dərin duyuma, savada, yozuma malik bir ziyalıydı və verdiyi sualın cavabını da bilməmiş deyildi. Onu ağrıdan, içini göynədən 34 ilə yaxın rəhbərlik etdiyi, kənd camaatı ilə ələ-ələ, çiyin-çiyinə, alın təriylə, min bir zəhmət hesabına, əzab-əziyyətlə qurduqlarının göz görə-görə dağılması, talanmasıydı. Taxıl, çəltik zəmiləri, çay plantasiyaları, bostan-tərəvəz sahələri tapdaq altındaydı, baxımsızlıqdan məhv olub gedirdi. Torpağın iniltisi Xalıq kişinin qulaqlarından çəkilmirdi... Fermalardakı mal-qara, çay fabrikindəki ləvazimatlar talanıb satılmışdı. Populist Qarabağ, azadlıq şüarları altında ölkədə hərc-mərclik, xaos baş alıb gedirdi. Dünənə qədər bir süfrədə duz-çörək kəsənlər, bir-birinin xeyir-şərinə şərik adamlar ayrı-ayrı qruplara bölünmüşdü.

- Azadlıq məsuliyyət deməkdi, qanun çərçivəsində hərəkət deməkdi. Azadlıq - təhqir, söyüş, şər-şəbədə demək deyil. Hamı əlini qulağına qoyub ağına-bozuna baxmadan ağzına gələni deyir" - deyə üzünü İmrana tutdu. İmran cavan vaxtından üzü bəri rəhbər vəzifələrdə çalışmışdı. Kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə (heyvandarlıq üzrə) qədər yüksəlmiş, Nazirlər Kabinetində məsul vəzifə tutmuşdu. - Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. O baş-bu başı cəmi 40 dəqiqəlik təyyarə yolu olan bir ovuc məmləkətin sakinləri neçə cəbhəyə bölünməlidi ki? Səməd Mənsurun bir məşhur şeiri var, yəqin oxumusuz: -

 

Uyma ev dil, xəlqdə yoxdur sədaqət, rəngidir

Məscidü meyxanə rəng, eyşü ibadət rəngidir.

Mey, riya, məşuqə, fəs, hüsnü-vəcahət rəngidir.

Rəngidir hər dürlü matəm, hər məsərrət rəngidir.

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.

 

***

 

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,

Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,

Külli-əbnayi-bəşər öz nəfsinə olmuş fəda,

Nəfsi uğrunda görərsə hər bəla, hər macəra,

Məsləkə isnad edər, məslək, dəyanət rəngidir.

 

- Necə də zamanla səsləşir, - deyə Hacı Cəbrayıl dilləndi.

- Bilirsən, Müzəffər, 1941-1945 müharibə illərində ayrı-ayrı dinlərin, dillərin nümayəndəsi olan Sovet adamının hamılıqca bircə amalı vardı - Vətəni yağı düşməndən azad etmək! Bəs indi? Əslində Qarabağ savaşı ətrafında hamı birləşməliydi, birgə hərəkət etməliydi. Guya bu problemi yaradanı, bir təzyiq kimi istifadə edəni bilmirik, içimizə uzanan əlləri görmürük? Rusiya öz təsir dairəsində saxlamaq üçün Azərbaycanda, Gürcüstanda, Moldovada bu tipli problemlər yaratdı. SSRİ-nin çökəcəyini çox-çox əvvəllər bilib Rusiyanın strateji institutları bunları planlı şəkildə gizlicə hazırlayıblar. Başı çıxan-çıxmayan dünyada gedən prosesləri anlayırmış, bilirmiş kimi danışır, populist şüarlarla camaatın beynini doldurur.

Kənardan düşmənlər, içəridən isə Vətəni beş quruşa satanlar ölkəmizi içindən qurd kimi gəmirir. Yüz minlərlə adamsa bu populist şüarlara, vədlərə uyur... Düz demirəmmi, Şirvan? Böyük siyasətin qoca dəyirmançıları var. Həmin dəyirmançılar istədikləri adamları dən-dən yetişdirib siyasət dəyirmanında bir-bir üyütməyindədi. Ucuz, yüngül həyata meyllənənlər nə qədər istəsən. Dəyərlər əriyib itir, mənəviyyat, əxlaq, adət-ənənələr yox olur. Yalan, riya, fırıldaq baş alıb gedir, zəhmətə, əməyə, torpağa olan sevgi aşınır... Dəhşətdi...

 

***

 

Gözlərinə yuxu getmədi. Əynini geyinib eşiyə çıxdı. Kəndin kənarındakı maşın yolunu keçib, kol-kosa bənzəyən yarpaqları quruyub tökülmüş çay kollarının arasıyla kiçik təpəyə qalxdı. Bir neçə il öncə bu yerlər yamyaşıl çay kollarıyla örtülüydü, göz oxşayardı. Səhərlər qız-gəlinin plantasiyalardan ucalan gülüş səsləri, oxuduğu nəğmələr yaxınlıqdakı dağların ətəyinə qədər gedib çıxardı.

Qız-gəlinin ətri yaşıl çay yarpaqlarının ətrinə qarışıb ətrafı bürüyər, havadan gül-çiçək qoxusu gələrdi. Qarşıda görünən yamyaşıl dağlar rəssam fırçasından çıxmış füsunkar, göz oxşayan tabloya bənzəyərdi... ətrafa baxan gözləri yol çəkirdi Xalıq kişinin... Səməd Vurğunun məşhur "Dünya" qoşması səsləndi içində:

 

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur;

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir siradaşa dünya.

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömür amanat.

Əldən-ələ keçir vəfasız həyat,

Biz gəldi gedərik, sən yaşa, dünya.

Buludlar dağılır uzaqda lay-lay,

Yenə öz yerində yuvarlanır ay;

Fəqət nə Cəlal var, nə də ki Humay,

Nə ömrə acıyır, nə yaşa dünya.

 

Dərindən köks ötürdü Xalıq kişi... Sahibsiz qalmış torpağın iniltisi gəlirdi qulağına. Gecənin yarısı olsa da, hava o qədər işıqlıydı ki, qarşıdakı dağlar apaydın görünürdü. Başını qaldırıb gözlərini Aya zillədi. Aya bir salavat da çevirdi. Uşaqlıqdan yadında qalmışdı, - deyərdilər ki, Aya çox baxma, Ay səni çəkib aparar. Nə qədər baxsa da, Ay onu yox, bu bərəkətli torpağı, çölü-düzü özüylə çəkib aparırdı...

 

Ay işığı yannan keçdin,

Tanımadın yoxsa bizi?

Qaranlıqlar yıxa bilməz

İşıq yıxar yıxsa bizi!

Aldanmazdıq Ay işığı,

Səndəki nura aldandıq...

Qaranlıqda öz nurunla

Qurduğun tora aldandıq.

Düşdük tora Ay işığı

Əlləşdik, çıxa bilmədik.

Qarşımızı divlər kəsdi

Güləşdik, yıxa bilmədik...

 

İşıqlı gələcək, işıqlı günlər, işıqlı dünya, işıqlı həyat... Bəlkə də bu işıq görüntüdü, adamlar bu görüntüyə aldanıb? İşıqlı günlər, işıqlı həyat, işıqlı cəmiyyəi, işıqlı quruluş, işıqlı dövlət arzusu hansı ürəkdə baş qaldırmayıb ki? Min illərdir ki, bu cür davam edir və hər işıq bildiyimizin sonu qaranlıq... Gündüzlər də yerini axşama, - qaranlığa verir, deyə Xalıq kişi düşündü...

Sərin meh əsirdi. Sübh mehi xırmandan gətirdiyi taxıl qoxusunu havaya çiləmişdi, burnunun ucundaydı o qoxu.

Xatirələr onu uzaq keçmişə apardı. Sapsarı saralmış, dən dolu cərgə-cərgə sünbülləri görəndə o ruzuya, bərəkətə sevindiyi, üzü-gözü güldüyü günlər yadına düşdü. Əlləriylə sünbüllərin saçaqlarını necə də tumarlayar, oxşayardı Xalıq kişi, canından əziz tutduğu balaları kimi... Necə də nəğməli, çal-çağırlı günlər keçdi ömürdən... Sünbüllərin arasıyla göydə gəzirmiş kimi dolaşardı...

 

Bax, bu cərgə Tahirin

Bu az oldu deyəsən

İki cərgə Mahirin

Bu sıra Fədahirin

Bax bu balaca sünbül

Bax bu sütül-sütül dən

Balaca Sübahirin.

Başını yerə əymiş

Bu sünbül də Şairin.

Bax, bu sahə dövlətin

Bax, bu sahə millətin...

 

- deyə-deyə dolaşardı Xalıq kişi, dolaşardı dənli sünbüllərin arasında...

Əkin, biçin, torpağa bağlılıq necə də unuduldu. Dərz-dərz bağlanmış sünbüllər necə də həvəslə, sevgiylə xırmanlara daşınar, öküz vəlinə qoşulub döyülər, sonra dəyirmanda üyüdülərdi. Adamın burnundan getməzdi taxılın ətri. Sacda bişmiş isti fətirə heç yavanlıq da gərək olmurdu... Bunları xatırlaya-xatırlaya içi göynədi, ruhu titrədi. Doluxsunmuş gözlərini sıra dağlara zillədi. Nədənsə, dağlar adamda kövrək, yanıqlı bir qəriblik hissi oyadır, adamı dunyadan qoparıb harasa aparır dağlar...

 

***

 

Şəhid verən torpaq

Yad ayaqlar altında

Özü də bir şəhiddi!

Qəm çəkmə

Xalıq ismayıl oğlu

Heç nə unudulmur...

Unudulmaz zəhmətin

Torpağı sulayan alın tərin

Allah özü şahiddi!

Əbəs yerə deməmişlər

- "Torpaq əgər uğrunda ölən varsa Vətəndi!"

Allah adamları

sevgisində də,

acısında da

torpaqla təndi!

Bəla göylərdən gəlməz

Xalıq İsmayıloğlu,

Adəm övladı özü bir bəladı.

Necə deyərlər,

qalaları daşlanan,

dəyərləri daşlanan,

hər yurd bir Kərbəladı...

 

Zirvədəki şiş qaya elə bil ki, bir telli sazıydı, göylərdən uzanan görünməz bir əl o sazı çalırdı və lal-dinməz dağlar yanıqlı bir səslə üzünü Qurban kişinin nəvəsi, İsmayılın oğlu Xalıqa tutub oxuyurdu...

 

Tikdiyin qalanın özülü uçdu,

Daşı-daş üstünə qalandı, Xalıq!

Bilirdin dünyanın axırı puçdu,

Bilirdin ki, dünya yalandı, Xalıq!

Dəyərlər əridi, bir-bir aşındı

Var-dövlətin torba-torba daşındı.

Daşınanlar öz torprağın, daşındı,

Baxanda gözlərin sulandı, Xalıq!

Yüz yol sinənə vur, yaxanı yırt da,

Öz içindən yeyər meyvəni qurd da...

Gör nələr yaşandı qurduğun yurdda,

Sağdan da, soldan da talandı, Xalıq!

Sevgilin Tacrübə başında zər tac,

Süfrəndə bir çıraq, ocağında saç...

Qıymazdı kimsəyə olasan möhtac,

Hər zaman başına dolandı, Xalıq!

Qocalıq yetişdi, nəfəs təntidi,

Dövran ömür biçən bir kərəntidi...

Xoş gün, xoş güzəran bir görüntüdü

Düz yolun son ucu dalandı, Xalıq!

 

15.05.2013

 

 

ZAKİR FƏXRİ

 

Ədalət.-2013.-18 may.-S.8-9.