BİR AKTYORUN
ŞEİR DÜNYASI
ƏDƏBİ
HƏYAT
Onu teatr tamaşalarından, bədii filmlərdən,
seriallardan tanıyırdım. Müxtəlif səpgili,
bir-birindən fərqli rollar oynayırdı. Ağlıma belə sığışdıra
bilmirdim ki, Nazir Rüstəm həm də şairdir. Amma günlərin bir günü yaşadığı
Sumqayıt şəhərində, bir tədbirdə şeir
söylədiyinin şahidi oldum. O, əzbərdən
dediyi şeirləri yaşaya-yaşaya ifa edirdi və deyim ki,
sonralar da Bakıda və Sumqayıtda Nazirin müxtəlif
şairlərdən (ən çox Ramiz Rövşəndən)
söylədiyi şeirlərdə bir həqiqəti özüm
üçün kəşf elədim: böyük
istedadların poeziyası təkcə kitablarda deyil, SƏSdə
də yaşayırmış. Nazir bu mənada
istənilən şairi (bəli, zəifini də,
ortababını da) "dirildən", ehya edən
istedadlı SƏS SAHİBİdir.
Amma Nazirin şeir yazmağı artıq SƏSin SÖZə
çevrilməsi, onların vəhdətindən yaranan
poeziyanın dünyaya gəlişi, imzalar içində
öz yerini tutmasıdır. İndi Naziri həm də
şair kimi tanıdım və bəri başdan qeyd edim ki,
onun yazdığı şeirlər bir həvəskarın,
qeyri-professionalın cəhdi deyil. Nazirin
şeirləri ŞAİRİN YAZDIĞI şeirlərdir.
Və Nazir Rüstəmin müasir poeziyada, ədəbi
prosesdə iştirakı tamamilə təbii və
qanunauyğundur.
Nazir Rüstəmin şeirləri ilk növbədə,
mövzularının konkretliyi və buna uyğun formanın,
ifadə vasitələrinin də öz poetik missiyasını
layiqincə yerinə yetirməsi ilə diqqəti cəlb edir. Deməli, o, nə
yazdığını, nədən yazdığını
bildiyi kimi, necə yazmağı da bacarır və bu məqamda
dahi V.Q. Belinskinin məşhur bir fikrini xatırlamalı
oluram: "...Həyat haradadırsa, poeziya da oradadır və
deməli, poeziya üçün məzmun da oradadır.
Yalnız məzmun hər bir şairin-həm dahi, həm də
sadəcə istedadlı şairin həqiqi meyarı ola bilər. Məzmunsuz, amma rəvan
və ahəngdar şeir ancaq poetik formaya olan qabiliyyəti
üzə çıxarır; həqiqi natiqliyin yanında
ritorika nədirsə, belə şeir də həqiqi
poeziyanın yanında eyni şeydir. Şairin poetik
olması üçün nəinki təkcə rəvanlıq
və ahəngdarlıq azdır, hətta hiss özü də
təklikdə hələ kifayət eləməz: burada fikir
lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu
təşkil edən budur. Bu fikir poeziyada həyatın
müəyyən bir tərəfinə müəyyən
baxış kimi özünü göstərir, şairin əsərlərini
ilhamlandıran və yaşadan bir başlanğıc... kimi
meydana çıxır".
Nazir Rüstəmin şeirlərini səciyyələndirən
ilkin xüsusiyyət də fikirdir. Yəni onun şeirlərinin
hər biri konkret bir fikrin üzərində qurulur. Lakin fikir özlüyündə nə qədər əhəmiyyətli
olsa da, onu poetik şəklə salmaq başlıca şərtdir.
Yenə V.Q.Belinskiyə müraciət edirəm: "Kim istəsə
ki, kağız üzərində də, yazdığı
şeirlərdə də şairliyi görünsün, o gərək
əvvəlcə qəlbən şair olsun və öz təbiətinə
uyğun olaraq, həyatın poetik tərəfini
görsün". Həyatın poetik tərəfini
görmək üçün ilham və istedad gərəkdir
və bu da asılıdır şairin şeir texnikasına nə
dərəcədə bələd olmasından. Bu mənada
Nazir Rüstəm artıq professionallığa yetməyə
can atan bir şairdir. Heç şübhəsiz,
zirvə deyilən o yüksəklik birdən-birə fəth
olunmur və fikrimcə, Nazir Rüstəm artıq o zirvənin
ətəyindədir.
Nazirin elə şeirləri var ki, onlar
çağdaş şeir sərgisinə layiqdir. Məsələn,
"Dibçək gülləri". Obyektin,
əşyanın poetik mənalandırılması
baxımından uğurlu bir nümunədir bu şeir.
Həsrətdən,
möhnətdən çöküb dayanıb,
Dərdini
içinə çəkib dayanıb,
Gözünü
yollara dikib dayanıb-
Pəncərə önündə dibçək
gülləri.
Xəstə
yatağında saralan üzdü,
Qara sevdasına
ağlayan gözdü,
Ürəkdə
düyünlü kəlmədi, sözdü,
Pəncərə önündə dibçək
gülləri.
Qəfəsi
qızıldan bülbüldü durub,
Dənəsi
sovrulan sünbüldü durub,
Bir
sığala möhtac gözəldi durub
Pəncərə önündə dibçək
gülləri.
Şeiri oxuyub qurtarandan sonra fikirləşirsən ki,
burada söhbət təkcə tənhalığa məhkum
olunmuş dibçək güllərindən getmir. Məqsəd
eyni taleni yaşayan müxtəlifləri bir araya gətirməkdir.
Şeirdə metaforalar və təşbihlər
fikrin poetik ifadəsi üçün uyarlı vasitələrə
çevrilir. Dibçək gülləri
gözünü yollara dikib dayanan, uzaqlara boylanan intizarlı
sevgililəri xatırladır. Güllərin
ağlamağı sırf metaforik düşüncə tərzindən
irəli gəlir. Təşbihlər də orijinal təsir
bağışlayır: xəstə yatağında saralan
üz, qara sevdasına ağlayan göz, qəfəsi
qızıldan olan bülbül, dənəsi sovrulan
sünbül, bir sığala möhtac gözəl, qanadı
qırılmış bir quş, yarımçıq kəsilən
yağış, dilənçi ağzında alqış...
görün neçə təşbih var və bunların hər
biri üzərində düşünməyə dəyər.
Burada istər-istəməz Rəsul Rzanın
"Rənglər"ini xatırlayırsan. Ümumən assosiativ təfəkkürün məhsulu
olan bu tipli şeirlərə dönə-dönə rast gəlirik
və təbii ki, burada təqliddən yox, yaradıcı təsirdən
söhbət gedə bilər. Onu da qeyd edim ki, Nazir
Rüstəmin şeirlərində ustad şairlərin
poeziyasından gələn təsirlər az
deyil, amma məsələ orasındadır ki, Nazir heç
bir şeirində kimisə təqlid etmir, təsiri
yaxşı halda yaşarı ənənəyə
çevirir. Bu cəhət təkcə Nazir Rüstəmə
aid deyil, bizim hətta ustad şairlərimiz də təsir məsələsində
eyni yolu keçmişlər.
Nazirin şeir dünyası qəribəliklərlə
doludur. Yəni sən burda "başlıca mövzu
hansıdır?" sualını versən,
çaş-baş qalarsan. Sevgi də var, Qarabağ həsrəti
də, on yeddi yaşında gələn məhəbbətin vəsfi
də var, təbiət atributlarının (küləyin,
yağışın) poetik mənalandırılması da...
Həyat, ölüm, əcəl, varlıq-yoxluq, sənsizlik əndişələri
və s. Qəribəlik orasındadır ki, Nazir bütün
bu mövzulara - artıq dönə-dönə müraciət
olunsa belə-sanki heç müraciət
olunmayıbmış kimi yanaşır və sözün
yaxşı mənasında "kəşf" iddiasında
olur. Məsələn, çox şairlər
işıqla insan ömrü arasında həm birbaşa, həm
də assosiativ planda bənzərliklər axtarmışlar.
Nazirin belə bir şeiri var ki, orada işıq və insan
ömrü bir-birinin səbəb və nəticəsi kimi dərk
olunur:
Hardan düşdü bu işıq?
Görünməz üzüm göründü.
Görünməz
yolum, cığırım,
Addımım, izim göründü.
Göründü
yalanım, doğrum,
Sevincim, kədərim,
ağrım,
Əvvəlim,
sonum, axırım...
Beş arşın bezim göründü.
Yenə
yollarım dolaşıq,
Yenə
bu dünyam qarışıq,
Hardan
düşdü bu ağ işıq?
Açıldı gözüm, göründü.
Dərd
yeriyir qucaq-qucaq...
Gah mağmınam, gah da qoçaq.
İçim
yanır ocaq-ocaq-
Alovum, közüm göründü.
Nazir Rüstəmin şeirlərində insan
ağrısının da öz obrazı var və
ağrının müxtəlif çalarlarının, rənglərinin,
görünüşlərinin poetik təfsirini verərkən
təzə boyalar, naxışlar vurmağa cəhd edir. Budur,
"limanda bir qız ağlar". Ağlamağın səbəbi
məlum: "bu qızı bu limandan bir gəmi alar gedər".
Şeirin sonluğu daha poetik:
Kükrəyər,
coşar dəniz...
Bir
qovğa var başında,
Yanar,
alışar dəniz
Bu qızın göz yaşında.
Azərbaycan şeiri sənsizlik motivləri ilə
dopdolu. Ən gözəl şeirlər də var. Amma poetik
sanbalı olmayan, yaşanılmayan hisslərin,
duyğuların ifadəsi olan alovsuz şeirlər də
çox. Məsələ
burasındadır ki, sənsizlik ağrısını təsvir
edərkən çoxları bunu poetik ağrıya çevirə
bilmirlər, yəni şeirdə Aşiq görünsə də,
Şair görünmür. Nazir Rüstəmin "Sənsizlik"
silsiləsində isə Şairlə Aşiq birləşir,
sənsizlik ağrısını çəkən Aşiqin
sözü həm də Şair sözünə dönə
bilir:
Dəniz
qalxır ağır-ağır,
Dalğa-dalğa, ləpə-ləpə.
Bu dənizə
yağış yağır,
Bu gecəni öpə-öpə.
Gecə
sönür, dan sökülür,
Gün yayılır göyə, yerə.
Üfüqlərdən
qan tökülür
Sənsizliyə zərrə-zərrə.
Sənsizliyə
duman çökür,
Sənsizlikdə dəniz ağlar.
Hərdən
ağlar hönkür-hönkür,
Hərdən sakit, səssiz ağlar.
Amma onu da qeyd edim ki, "Sənsizlik" silsiləsində
(onun bütün sevgi şeirlərini elə bu silsiləyə
aid etmək olar) ortabablar da boy göstərir. Sənsizlikdən şikayətlər
bəzən adi nalə səviyyəsinə enir:
"Ağlaram, dərdə yoldaşam... Güləmmirəm,
sənsiz, sənsiz. Niyə ölüb
qurtarmıram? - Biləmmirəm sənsiz,
sənsiz". Amma sevgi ağrılarından daha əfzəl
yurdla, torpaq itkisiylə, Şuşa həsrətiylə
bağlı ağrılar təsirlidir.
20 Yanvarda
şəhid olmuş qızlarımızın xatirəsinə
həsr olunan şeirdəki ağrı:
"Yıxıldın üzü üstə, Qalmadı canda
heyin. Göyərmiş əllərində
Bükülmüşdü örpəyin". Başqa
bir ağrı-daha təsirli, daha emosional:
Yolumu bir
ilğım doğrayır, kəsir...
Ömrüm bu ilğımda mumtək əriyir.
Havam da əsirdi,
suyum da əsir-
Şuşa dağlarını duman bürüyür.
Dəyişir
rəngləri baharın, qışın,
Zaman öz yolundan sapıb yeriyir.
Dəyişir
sifəti torpağın, daşın-
Şuşa dağlarını duman bürüyür.
Nazir Rüstəmin şeir aləmi daha çox heca ahənginə
uyarlıdır. Doğrudur, o, sərbəstdə də
yazır, amma o şeirləri eksperiment nümunələr
hesab edirik. Haçansa, sərbəst şeir yolunda
uğurları da ola bilər, amma Nazir
Rüstəmin poetik nəfəsi hecayla daha şirin. Hecaya məxsus ölçülü-biçili ritm,
ahəng, melodiya, nəğmə çaları onun əksər
şeirlərinin özəl xüsusiyyətinə
çevrilir. Onun "Aramızda bulud
var" ilk şeirlər kitabındakı "Oxuma Qu
Quşu" bölməsindəki hecalı şeirlər müasir
bədii təfəkkürün - XXI əsr şairinin poetik
düşüncə tərzinin "klassik ifadəsi" kimi
maraqlıdır. Yəni belə bir fikri
bizə təlqin edir ki, "köhnə havalarda" təzə
notlar səsləndirmək olar. Bir də
ki, əsl şeirin uğurunu onun hansı vəzndə
yazılmasında axtarmaq çoxdanın səmərəsiz cəhdidir.
Şeirdə obrazlı fikir, poetik düşüncə tərzi
öncül olmalı...
Bu
yazını başa çatdıranda Nazirin kitabına ön
söz yazmış şair Qulu Ağsəsin bu cümlələrini
xatırladım: "O, peşəkar aktyordu, amma şair rolu
oynamağa gücü çatmaz. Bu rolu
oynayanlar çoxdu, elədi, Nazirsə rol oynamır,
özü istəsə də, şeirləri qoymazdı".
Doğru deyir Qulu. Bu saat Azərbaycan ədəbiyyatında şair rolu
oynayanlar o qədərdi ki... Amma Nazir heç
vaxt şair rolu oynamaz, çünki ŞAİRDİR. Şairlərin isə bir sifəti olur.
Sözlərin
sehrində, sirrində itdim..
Min sözü ələdim, birini tutdum.
Ağrımı-acımı
sözlə kiritdim,
Bütün dərdlərimi sözlə ovutdum.
Vaqif YUSİFLİ
Ədalət.-2013.-18 may.-S.13.