BÖYÜK DOĞUDAN BAŞLANAN YOL

 

HƏSƏN BƏY ZƏRDABİNİN VƏ ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN NƏVƏSİ: ZƏRİFƏ XANIM KÜRDƏMİR (SULTANOVA) – 1

 

ALTMIŞINCILARA QISA BİR ARA

 

Prezident İlham Əliyevin sərəncamı ilə bu il may ayında çağdaş tariximizə Azərbaycan Cümhuriyyətinin qurucularından biri kimi daxil olan görkəmli siyasi xadim və dövlət adamı, diplomat, publisist Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi qeyd ediləcək.

Şübhəsiz, həmişə olduğu kimi bu dəfə də dövlət başçısının sərəncamı tarixi şəxsiyyətlərimizi və irsimizi daha dərindən öyrənmək, daha geniş təbliğ etmək üçün istiqamətləndirici rol oynayır. İnanmaq istərdim ki, bu sərəncam tarixçi və politoloqlarımıza bütün həyatını doğma xalqına həsr etmiş, bu yolda sonsuz məhrumiyyətlərə qatlaşmış Əlimərdan bəy haqqında yeni, tutarlı və əhatəli tədqiqatlar aparmaq baxımından stimul verəcək, onun həyatı, şəxsiyyəti, mübarizəsi haqqında naməlum həqiqətlərin üzə çıxarılmasına yardım edəcək. Fikrimcə, bu yubiley işığında görüləcək ən mühüm işlərdən biri Ə. Topçubaşovun zəngin siyasi-publisistik və epistolyar irsinin toplanması və nəşri olardı. Çünki bu həm də milli dövlətçiliyimizin və XX yüzillikdə pərvəriş tapan Azərbaycan diplomatiyasının tarixi olacaq...

Əlimərdan bəy Topçubaşov milli müstəqillik və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi şəxsiyyətlərdəndir. Azərbaycan cəmiyyətinə "Yox millətimin xətti bu imzalar içində!" əhval-ruhiyyəsinin hakim kəsildiyi bir dövrdə o, təkcə doğma xalqının deyil, Rusiya imperiyasında yaşayan bütün türk-müsəlman əhalinin liderlərindən biri kimi siyasət və ictimai fəaliyyət meydanına atılmışdı. Rusiya müsəlmanlarının ilk siyasi təşkilatının - "İttifaqi-müslim" partiyasının qurulmasında, bir-birinin ardınca üç türk qurultayının keçirilməsində, Dövlət dumalarında Müsəlman fraksiyasının yaradılmasında və fəaliyyətinə rəhbərlikdə onun müstəsna xidmətləri olmuşdu. Tutduğu yol, öncüllərindən biri olduğu siyasi mübarizə Ə.Topçubaşovu məntiqi şəkildə müstəqil milli dövlətin - Azərbaycan Cümhuriyyətinin qurucuları sırasına gətirmişdi. O, ən çətin sahəyə - xarici siyasətə rəhbərlik etmişdi. Nüfuz, bilik və təcrübəsinə ehtiram duyan mübarizə yoldaşları onu qiyabi surətdə ali qanunverici orqanın - ölkə Parlamentinin sədri seçmişdilər. Əlimərdan bəy Paris Sülh konfransında gənc Azərbaycan Cümhuriyyətinin dünya gücləri tərəfindən de-fakto tanınması kimi böyük qələbəyə imza atmışdı. 1919-cu ildə Versal Sülh konfransında bu beynəlxalq siyasi etiraf baş verməsəydi, bolşevik işğalından sonra Azərbaycanın müttəfiq respublika statusu alması çox böyük sual altında qalacaqdı.

Vilayət Quliyev. 15.04.2013 ("525-ci qəzet")

...Təbii bir az həssaslıqla baxdıqda həqiqətən Zərifə xanım Kürdəmir və ya Sultanova deyildikdə bir o qədər təsiredici səslənmir bəlkə də. Düşünürsən: bu da bir xanımdır: yüzlərdən, minlərdən birisi olan bir türk xanımı və yaxından tanış olmasan bəlkə heç əhəmiyyət də verməzsən, lap elə desələr də ki, bu da mühacirdir. Əslində bu adamlar özlərinə mühacir də demirlər, bu başqa yazı mövzusudur. Bunu mən irəlidə bir fəsildə anladacağam.

İndi söhbətimiz bu xanım haqqındadır.

Dediyim kimi, kimin kim olduğu deyilməyənə qədər, heç şübhəsiz qarşıdakı adamın da günahı yoxdur istər soyuqqanlı olsun, istər biganə, istər mehriban. Amma bir az yazıçılığın olsa, bir az qəzetçiliyin olsa, o zaman ortam dəyişir və təbii özümü misal olaraq göstərə bilərəm ki, həmən dəyişirsən və maraqlanmağa başlayırsan. Yəni mən bütün bundan sonrakı yazılarım üçün də anlam daşıyan bir şeyi söyləmək istərdim.

Mən bu kitabı ( "AH İSTANBUL...İSTANBUL" kitabı nəzərdə tutulur ) yazdığım 1998-ci il aprel ayı da daxil heç soyuqqanlı olmadım bu insanlara, amma açıq söyləyirəm bu insanlar artıq bizim düşündüyümüz kimi azərbaycanlılar deyillər və hətta bəzən mənə elə gəlirdi ki, heç buralı da deyillər bəlkə də, yəni Türkiyə xaricində bir insanlardırlar. Yüksək mədəniyyətli və hətta o qədər yüksək mədəniyyətli ki, səndən ayrılan kimi səni unudaraq və özləri üçün yaşayan bir insandırlar. Biz onlara bəzən zorla özümüzünkü bilərək yanaşırıq və yaxşı da eləyirik. Amma mənə elə gəlir ki, onların belə olmasında da bir günah yoxdur. Ona görə ki, artıq bu insanlar bir ayrı dünyada yaşayırlar və bir də mənim dəhşətli müşahidə elədiyim bir şey də var. Bunu ayrıca olaraq vurğulamaq istəyirəm:

Türkiyədə yaşadığım bir neçə ildə gördüm ki, yeni nəsil deyilən və İstanbula müxtəlif səbəblərlə yerləşən azərbaycanlılar belə bir neçə il ərzində o qədər yadlaşıblar ki, bir-birilərinə qarşı o qədər soyuq olublar ki, bunu heç nəylə müqayisə eləmək mümkün deyil. Nəinki soyuq olublar və hətta bir-birilərinə düşmən olurlar. Bu mənim bir müşahidəmdir. Mən siz deyən səfeh birisi deyiləm və az da yaşamadım bu İstanbulda.

Bu dəhşət bir vəziyyətdir.

Belə olduqda, təbii ki, bu adamlardan-mühacirmi deyək, əski azərbaycanlılarmı deyək, nə bilim nə deyək, bu insanlardan, bu adamlardan bu biganəliyi və yadlığı görməyim bir o qədər də heyrətli şey deyil.

(Həsən bəy Zərdabinin və Əlimərdan bəy Topçubaşovun nəvəsi ): Zərifə xanım Kürdəmir (Sultanova)

Mötərizədə yazdığım bu tanışlıq əlamətlərini mənə bir adam söylədi və mən bu yaşlı qadınla da onun vasitəsiylə görüşdüm.

Həyat yoldaşım Gülnaz xanım Azərbaycan İstanbul Baş konsulluğunda işlədiyində mənə dedi ki, konsulluqda əski azərbaycanlılarla görüş keçiriləcək. Gəlmək istəyirsən, sən də gəl. Gəlməz olurdummu heç.

Gəldim və gördüm. Gördüm və tanış oldum. Ataları və babaları Azərbaycanda doğulan iki böyük insanımızın ortaq nəvəsi ZƏRİFƏ XANIM KÜRDƏMİR.

Əslində bu xanım mənim İstanbulda tanış olduğum ilk və son insan deyil. Başqaları da var.

Güman ki, bu adamları da Azərbaycandan tanıyan ilkson yazar mən deyiləm. Məndən qabaq bu adamlarla söhbət eləyən və onların haqqında yazılar yazan heç bir kəsi tanımıram. Bəlkə də heç yazı da yoxdur, şəxsən bu adamlar haqqında. Onların ata və babaları haqqında yazılanları və yazanları mən nəzərdə tutmuram. Mənim yazılarımda bəzi şeylər əvvəllərdə bu adamlar haqqında yazılan bəzi şeylərlə toqquşsa da, mənə elə gəlir ki, bu bir o qədər də qorxulu deyil. Burada işin xeyirxahlığı ön planda olmalıdır məncə...

Və necə olmasa da mütləq yeni bir fakt çıxacaq ortaya....

...Qarşımda oturan bu qadın Zərifə xanım Kürdəmir iki böyük şəxsiyyətimizin nəslindən olan bir xanım-xatın əfəndi. Təmiz türkcə danışır, bir az fransızcaya dartır sözləri, ancaq ən mühümü: Ata və babalarından yaddaşına ilişib ona yadigar qalan bizim türkcədə bəzi şeyləri o qədər gözəl və o qədər şirin deyir ki, heyran olmaya bilmirsən.

İncə, bizim dildə arıq, çox arıq, cansız, ixtiyar bir qadın... Sözün əsil mənasında xanımdır. Təbii, illərin, ayların izləri (mənə elə gəlir ki, əziyyət və sarsıntı izləri də ola bilər bunlar) bir az da yaşın verdiyi izlər bu xanımın nurani sifətində, üzündə görünməkdədir.

Gözə dəyən qırışları var. Amma yaraşır ona. Hər halda onun bu görümündə qohum-qardaşlarından keçən çox şey var...

Mən onlardan heç birini tanımamışam. Heç birini...

Ən vacib önəmli bir məqam:

Bu qadına əslində Azərbaycanlıdan daha çox fransız, ingilis, alman, daha bilim hətta ən uzağı İstanbul türkü demək daha doğru olar.

Amma yox. Söhbətimiz şirinləşdikcə uzandıqca çox sadə, çox həlim, yüksək mədəniyyətlə babam, annəm, annə babam, baba annəm kəlmələrini işlətdikcə istər-istəməz mənim içimdə bir qərib kədər cücərir.

Gözlərim dolur. Bilmirəm, nədən.

Düşünürəm ki, mənim qəriblik çəkməyim hələ tezdir.

...Bu qadın əslində bir Azərbaycanlıdan daha çox bir fransız qadınını xatırladır oturuşuyla danışığıyla...

Mənim fikirlərimi oxuyurmuş kimi, bir az öncə verdiyim sualın cavabını deyir mənə:

"1921-ci ildə Fransada, Parisdə doğulmuşam".

Bu sözləri deyir gətirdiyi əsgi şəkilləri masanın üstünə qoyur. O çox sakit, çox aramla çox diqqətlə bir az kədərlə şəkillərdəki insanları - qohumlarını şəkildə olan başqa adamları mənə tanıdır.

Köhnə, çox köhnə, əskimiş şəkillərdir.

Not: Mən onun danışığında heç bir şeyi dəyişdirməyəcəyəm.

"Atam, anam Rrus istilası zamanı Qafqazdan qaçıblar. eləcə Amerikaya gediblər. Bir işləri varmış. Bilirsiniz, onlar Bakıdan qaçanda özləriylə heç bir şey götürməyiblər. Atamın xalça fabrikaları bir xalça dükanı varmış o zaman Bakıda. O zaman Amerikadan Bakıya gələn amerikalılara xalılar satmışlar, ancaq pulunu ala bilməmişlər. Elə o pulu almaq o pulla da keçinəcəklərini saxlaya bilmək üçün Amerikaya üz tutublar. Təbii ki, pulu ala bilməyiblər. Bir il Amerikada yaşayandan sonra Parisə gəliblər".

Mən özüm bilmədən Zərifə xanımın doğum tarixini bir soruşuram, bu dəfə o da mənə çox qəribə bir cavab verir:

"1920 sənəsində anam mənə hamilə qalıb, 1921-ci ildə mən doğulmuşam".

Mən gülümsünürəm bu "hamilə qalmış" sözü mənə o qədər şirin gəlir ki...

Davam edir: "Anamın adı Saradır. Sara Kürdəmir. Familyası... anamın familyası Sultanova olub. Atatürk soyadların, familyaların dəyişilməsi barədə xüsusi bir qərar verdikdən sonra (bu qərarın altını türklər indi çəkirlər, çünki dünya qarışıb bir-birinə mən bu soyad məsələsinə aid bir yazı da yazmışam, onu da başqa bir kitabda çap etdirmək qismət olsa oxuyarsınız-T.A.) biz Kürdəmir soyadını, familyasını almışıq".

Mən təkrar soruşuram: bəs, neyçin Kürdəmir?

Zərifə xanım bu sualı gözləyirmiş kimi:

"Babam (yəni atam) seçib bu soyadı. Bir yer varmış Azərbaycanda. Kürdəmir adıyla. Biz hələ Türkiyəyə gəlməzdən qabaq bu soyadı alacağımızı düşünüb arada bir bu soyadı da istifadə eləyirdik".

 

(Davam edəcək)

 

 

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

 

Ədalət.-2013.-18 may.-S.15.