Dövlət sərhədi evinizdən keçir?
Beynəlxalq layihənin
iştirakçıları bu problemi həll etməyə
çalışır
Dünya teatr
məkanına inteqrasiya etməyi
qarşısına məqsəd qoyan və
bu məqsədə addım-addım gedən
"YUĞ" Dövlət Teatrı daha
bir beynəlxalq layihə üzərində
yaradıcılıq işi aparır. Sadə,
el dilində desək, bu
teatrda əcnəbilərlə tamaşa hazırlanır. Həmin tamaşaya həm əcnəbilər baxacaq, həm də
özümüzünkülər.
"Sərhəddə".
Amma məşqdə
"YUĞ" Dövlət Teatrının bir neçə aktyoru yığışıbdı giriş qapısının ağzına. Siqareti siqaretin oduna calayırlar. İndi bu saətdə gərəkdi ki, qapının ağzı tamaşaçı ilə dolu ola. Amma hanı tamaşaçı? Tamaşaçı yoxdu. Niyə yoxdu?
Düzünə qalsa,
tamaşaçının burda nə işi var? Axı bu gün tamaşa-filan
olmayacaq. Hələ məşq gedir,
atam-qardaşım. Bircə o qalmışdı
ki, tamaşaçı
gəlib məşqdə
də otursun.
Məşq zamanı zalda tamaşanın yaradıcı
və texniki heyəti olur. Uzaqbaşı bir nəfər də jurnalist.
Məşqdi də, atam-qardaşım. Bir arıq
və əcnəbi rejissor, yəni polyak Tomaş Leşçinski oyana-buyana
gedə-gedə tapşırıqlarını
verir. Özü də rus dilində. Xəbərçilər xəbər verir
ki, bir aya
yaxındı burdadı.
Aktyorların adını əzbərləməyə,
onları tanımağa
vaxt tapıb.
Onları polyak ləhcəsində çağırır. Elə bil Vidadi Həsənovla,
Sonaxanım Mikayılova
ilə, Yaqut Paşazadə ilə, Təranə Ocaqverdiyeva ilə, Qasım Nağı ilə, Oqtay Mehdiyevlə, 20-30 ilin dostudu, "Beşmərtəbənin" qarşısında
onlarla bir ton çörək kəsib.
Rejissorun yanında bir arıq, əcnəbi xanım da oturub. Ara-sıra Tomaşla
məsləhətləşir. Bağışla, xala qızı,
adınızı da bilmirəm. Eybi yox, premyeradan
sonra öyrənərəm.
Məşqdi də, atam-qardaşım. Gah işıq
məsələsi Tomaşı
razı salmır, gah da musiqi
vaxtında verilmir.
Vidadi müəllim isə məsələni konkret qoyur - ya gitara üçün
kəmər alınmalıdı,
ya da elə
alınmalıdı! Axı tamaşanın
şirin yerində gitarada mahnı çalacaq. Digər aktyorlar
da onun başına
cəm olub Ramiz Rövşəndən
oxuyacaqlar.
Ah bu qızın barmaqları,
Uzun-uzun barmaqları.
Döymədi atam, döymədi,
Qapımızı barmaqları.
Vidadi müəllim,
Şeyxzamanovu səhnədə
görmüsünüz, Turabovu
institutda. Hələlik kəmərsiz oxuyun, sabah alarlar
da. Dünyanın axırı deyil ki... Bir yandan da Oqtayın ayağı.
Oqtay, qardaşımsan,
rejissor deyir ayağını gizlət,
gizlət də...
"Sərhəddə"
Jurnalist, tamaşaçıya məşq
yox e, tamaşanın özü lazımdı. Başa düşdün,
atam-qardaşım?
Tamaşanın adı olacaq "Sərhəddə". Onu da qələmə alıbdı
Slavomir Mrojek. Atam-qardaşım, əlinə qələm
götürən hər
kəs nəsə yazır. Bəs bu Slavomir Mrojek nə yazıb, nə deyir?
Deməli belə, ailə şam yeməyinə hazırlaşır. Elə bu saətdə
diplomatlar peyda olur və deyirlər
ki, dövlət sərhədi bu evin içindən keçəcək. Bu sərhəd ailənin hər bir üzvünü
ayı-ayrı dövlətlərin
vətəndaşına çevirəcək.
Həngamə də elə
bundan sonra başlayır. "Dövlət sərhədini"
qanunsuz keçməyə
cəhd göstərən
Nənə öldürülür.
Ailə isə bütün bunlara əhəmiyyət vermədən əvvəlki
kimi yaşamağa çalışır. Ev sahibinin
ad gününü keçirir,
hətta sərhədçiləri
də həmin mərasimə dəvət
edirlər.
Mrojek öz üslubuna sadiqdi. Dramaturq bu
əsərin finalını
da tamaşaçı
üçün açıq
qoyur. Tamaşaya baxmaq azdı,
gərək finalda nə baş verəcəyini özün
düşünəsən, atam-qardaşım.
Mrojek aktual məsələyə toxunub. Müəllif belə hesab edir ki, müharibələr,
sərhədlər insanların
xoşbəxt yaşamasına
mane olur. Biz insanların yaratdığı
sərhədlər - dini,
irqi, sosial ayrı-seçkilik də
faciə gətirir.
"Sərhəddə"
və onun rejissoru
İçəridə məşq gedir. Yazının əvvəlindəki mənzərədi.
Məşqdi də, atam qardaşım. Kənara çəkilib
bu beynəlxalq layihənin prodüseri Səbuhi Məmmədovla söhbətləşirik. Məlum olur ki, tamaşa dövlət teatrları arasında ilk müştərək
beynəlxalq prodüser
layihəsidi: "Layihə
Mədəniyyət və
Turizm Nazirliyinin,
"YUĞ" Dövlət Teatrının, Polşanın
ölkəmizdəki səfirliyinin,
AR-Production - Beynəlxalq Prodüser
Şirkətinin və
A.Mitskeviç İnstitutunun
birgə səyi nəticəsində ərsəyə
gəlib.
Tamaşaya quruluş vermək üçün Bakıya
dəvət olunan Tomaş Leşçinski gənc olmasına baxmayaraq yetərincə tanınmış simadı. 1980-ci ildə
Polşada doğulan Tomaş vətənində
ali aktyorluq
təhsili alıb. Rusiyanın
Sankt-Peterburq şəhərindəki
Teatr Sənəti Akademiyasında Veniam Filştinskinin kursunu bitirib. Rusiyada və ABŞ-da
aktyor kimi çalışıb. Rusiyada, Polşa
və Almaniyada həm kino, həm də teatr layihələrində
iştirak edib. Bir müddət Polşa Dövlət Radiosundakı
rus dili redaksiyasının rəhbəri
olub. Polşanın,
Rusiyanın, Gürcüstanın
və Belarusun müxtəlif teatrlarında
tamaşalar hazırlayıb. Onun quruluş verdiyi "Cinayət və cəza" (F.Dostoyevski),
"Kapitan qızı"
(A.Puşkin), "Mənim
bütün oğullarım"
(A.Miller) ,
"Polis" (S.Mrojek) tamaşalar
böyük uğur qazanıb".
Səbuhi Məmmədov istedadlı
rejissorun bu tamaşaçının da
maraqla qarşılanacağına
əmindi.
"YUĞ" Dövlət Teatrı "Sərhəddə"
tamaşasını bu
gün mətbuat nümayəndələrinə təqdim edəcək. Sadə dillə
desək, premyera jurnalistlər üçün
oynanılacaq.
Hörmətimiz var da, atam,
qardaşım.
ETİBAR CƏBRAYILOĞLU
Ədalət.-2013.-18 may.-S.14.