Heyrətamiz məktub, tərk edilmiş post,
parçalanmış əsgərin son arzusu
Qarabağ müharibəsinin
gerçək hekayətlərini Lent.az-a və "Ədalət"-ə
kəşfiyyatçı Rey Kərimoğlu yazır
Layihə: "Kəşfiyyatçının
xatirələri"
Dost-tanış
yaxşı bilir, Qarabağ savaşında
döyüşçü gündəliyi yazmamışam.
Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər
belə bir fikrim olub, amma gündəliklərlə
bağlı baş verən bir neçə xoşagəlməz
hadisələr bu işdən daşındırıb məni.
O günlər elə hey beynimdə canlanıb nəsə
yazmağa vadar edir, yəqin yaddaşın elə qatları
var ki, orda yaşayan xatirələr mütləq
yazılmalıdır. Həyat əsl gündəlikdir, nə
vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki,
onlar heç vaxt unudulmur.
Digər
tərəfdən, düşündüm ki, bu həm də o
günləri yaşamış, döyüşlərdə qəhrəmancasına
şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü
nəticəsində sağ qalan insanların unudulmaması, gələcək
nəslə bizim müstəqilliyimizin ilk illərində
yaşadığımız keşməkeşli günləri,
ələlxüsus da torpaqlarımızın erməni
işğalçılarından müdafiəsi məqsədi
ilə çətin şəraitdə milli ordunun yaranması
prosesinin şahidi kimi hadisələri olduğu kimi
çatdırım. Əlbəttə, mən əsasən
1991-1993-cü illərdə gördüklərimi, çox
nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan
eşitdiyim hadisələri qələmə alacam...
Bu da mənim
bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim
bir gündəliyin bir
səhifəsi. İndi bu
səhifənin bəzi yerləri o qədər
pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki,
biz - bu qanlı səhnənin
gerçək şahidləri varıq, bu
səhifələri bir yerə toplayıb
o günlərin xatirəsini əbədiləşdirməliyik.
Tamamilə oxunmaz hala
gəlmədən...
Balaca, boz arıların vətəni
28-ci yazı
Canyataq
və Gülyataq kəndlərini azad edəndən sonra bizim
batalyonun əsgərləri öz mövqelərinə
qayıtdı. Əsas qüvvələrimizin bir hissəsi
Xaçın çayı boyunca, üzü Ballı
qaya-Kiçan-Qazançı istiqamətində idi. Kəşfiyyat
və Minaatanlar dəstəsinin şəxsi heyəti
Qazançının "Sarıqaznaq" deyilən nöqtəsi
ilə üzbəüz yerləşən "Tək
Palıd" postunda dayanırdıq.
Səhərin
gözü açılar-açılmaz boz, balaca arılar
"Tək palıd" postunda yay günəşinin
yandırıb qurutduğu otların arasında
vızıldamağa başlayırdılar. Onlar nə bal
arılarına, nə də adi arılara bənzəyirdi. Biz
döyüş olmayan hər günün səhərini bu
arıların vızıltısı ilə
açırdıq. Günün müəyyən
vaxtlarında böyük bir qismi harasa uçub gedən
arılar bir müddət sonra səs-küylə,
vızıldaya-vızıldaya geri - bizim postdakı
yuvalarına qayıdırdılar. Bir neçə arı isə
onlar gələnə qədər bu balaca - girişi noxuddan da
kiçik diametrdə olan - yuvalarının ağzında elə
həmin səs-küylə uçuşurdular. Vay o gündən
ki, ayrı tərəfdən azıb gələn arılar
onların yuvalarına tərəf gələydilər. Bax
onda bu bir neçə balaca arı bir haray salırdı ki, gəl
görəsən! Biz bir-birimizə heç nə demədən
hər gün bu mənzərəni heyrətlə izləyirdik.
Harasa getmiş arı dəstələri dəstələrlə
yuvalarına dönəndən sonra hamısı içəri
girməzdi. Bir-iki arı yuvanın ağzında dayanıb
keşik çəkirdilər. Yad arılar onların
yuvasına tərəf gələndə o keşikçi
arı bir növ içəri xəbər verirdi və dərhal
yuvadan nisbətən iri 6-7 arı çıxaraq
"yad"ları ərazidən uzaqlaşdırırdı,
qovurdu. Bu maraqlı prosesi biz hər gün eyni şəkildə
izləyirdik. Ermənilər bizim mövqeləri atəşə
tutanda biz səngərlərə, bu balaca arılar isə
öz yuvalarına girərdi...
Bu sətirləri
yazarkən gözümün önünə minaatanlar dəstəsindən
Fəxrəddin Məmmədov, Firudin Məmmədov, Şamil Əbilov,
Cabir, Amil, Rafiq, Rabil, Elçin gəlir...
Bir dəfə indi Azərbaycanda çox tanınmış Qarabağ
döyüşçüsü, qazi Firudin Məmmədovun
dayısı oğlu, çox
nadir hallarda
danışan Süleyman dedi
ki, Allahın arsının da vətəni var, o da öz
vətənini qoruyur, amma
bəziləri hələ də vətənin nə olduğunu
anlamır.
"Burnundan gəlsin..."
Neçə gün idi ermənilər "Tək palıd" postuna atəşi dayandırmırdılar. Ciddi itkilərimiz olmasa da, arada yaralananlar olurdu. Bəzən elə olurdu ki, nahar vaxtı ermənilər postumuzu top və minaatanlardan atəşə tuturdu. Dəmir əsgər nimçələrimizdəki xörəklərimiz torpaqla dolardı. Buna necə öyrəşmişdiksə, xörəyimizi elə torpaq qarışıq yeyərdik.
Belə günlərin birində bizə nahar və quru ərzaq gətirdilər. Gətirilən ərzağın içərisində 3 litrlik şüşə banka diqqətimi çəkdi. O zamanlar ön cəbhədə döyüşən əsgərlər üçün müxtəlif bölgələrimizdən sovqatlar göndərilirdi. Bizim batalyona gələn belə sovqatlar həmişə əsgərlər arasında ədalətli şəkildə bölünərdi. Bu dəfə bizim payımıza 3 litrlik bankada mürəbbə düşmüşdü. Uşaqlar bankanı səliqəylə açdılar. Unutmuşam, bankadakı ya heyva, ya da əncir mürəbbəsi idi. Elə qaşığı bankanın ağzına salanda qaşıqda sellofana bükülü nəsə çıxdı. Sellofanı açdım, bir məktub çıxdı:
"Bu mürəbbəni anamın köməkliyi ilə özüm bişirmişəm. Milli ordumuzun ön cəbhədə erməniylə üzbəüz dayanan əsgərləri üçün. Əgər bunu başqa birisi açıb yeyərsə, burnundan gəlsin, haramı olsun!
İmza: Beyləqan rayonu, İsmət Qayıbov adına orta məktəbin 10-b sinif şagirdi..."
İndi o
məktubu yazan qızın adını unutmuşam. Elə oradanca
həmin ünvana, o
qıza cavab məktubu yazdım. Yazdım
ki, narahat olmasın,
mürəbbəsi elə ön cəbhədəki
əsgərlərə qismət olub. Amma bilmədim, o məktub
o qıza çatdı, ya
yox?
Yalçının
hekayəti
Ayını, günün unutmuşam, bir gecə Qazançı istiqamətinə olacaq hücuma hazırlaşmağa başladıq. "Tək palıd" postundan xeyli irəliləyib özümüzə mövqe tutmuşduq. Sağımızda, solumuzda müxtəlif batalyonun hissələri düzülmüşdü. Sarıqaznaq da daxil olmaqla müxtəlif istiqamətlərdən Qazançının ermənilər olan yüksəkliklərinə yaxınlaşıb gözləyirdik. Sağ tərəfimizdə "General Ərşad"ın batalyonundan olan əsgərlər üzü erməniyə tərəf uzanmışdılar. Hər kəs yaxınlığındakı döyüşçü dostu ilə söhbət edir, bəzən zarafatlaşırdı. Bəziləri isə ilk dəfəydi rastlaşırdılar deyə, tanış olurdular. Aylı gecə olsa da yalnız yaxınlıqdakı adamları seçə bilirdin. Belə bir vəziyyətdə mən də kiminləsə, nədənsə danışırdım. Birdən kimsə məndən təxminən 80-100 metr aralı bir məsafədən adımı çəkdi:
- Kimdir məni soruşan? - deyə o tərəfə səsləndim.
- Rey, sənsən?-, o tərəfdən cavab gəldi.
- Hə, mənəm, kimdir?
- Mənəm ey, Yalçın, Yalçın!
Tanımadım deyə, cavab verməyə tələsmədim. Bu dəfə Yalçın bir də məni səslədi:
- Sən "mexanizasiya"da
oxuyan Rey deyilsən?
"Mexanizasiya" mənim
ilk təhsil aldığım,
çox uzun adı olan texnikuma
(Azərbaycan SSR Kənd
Təsərrüfatı Nazirliyinin
Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi
və Elektrikləşdirilməsi
texnikumu) Ağdam camaatının arasında
qısa adı idi.
- Hə, mənəm...
Sözümüz yarımçıq kəsib
bir də özünü tanıtdı:
- Qaqa, mənəm ey Yalçın, Yalçın! Dını,
Mexanizasiya...
Dını?! Hə, tanıdım.
Bu o Yalçın idi!
Yalçına öz
aramızda Dını
deyərdik... "O hara,
bura hara?" - deyə düşündüm.
Yalçınla Ağdam Rayonu Kənd Təsərrüfatının
Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi
Texnikumunda, o mexanika, mən isə inşaat fakültəsində
oxumuşuq, elə onda da tanış olmuşduq.
"Mexanizasiya"nın
qabağında Yaşarın
çayxanasında tələbə
dostlarım, yoldaşlarım
Saməddin Qəhrəmanovla,
Elman Səfərovla, Elbrusla,
İlqar-Makarla, Aydınla,
Yaşarla, Əlişlə,
İlhamla tez-tez bir yerdə oturub çay içərdik.
Yeri gəlmişkən, o zamanlar
- 1988-ci ilin payızından,
1991-ci ilin əvvəlinə
qədər - bu uşaqlarla birgə müəllimlərimiz Məcid,
Rəsul, Rafiq, Mahir və indi
adını unutduğum
digər ilə dəfələrlə ermənilərlə
həmsərhəd kəndlərdə
postlara getmişik.
Yalçınla ilk dəfə 1989-cu ildə indi milli bayrağımızın
rəmzi olan döş nişan
ilə bağlı narazılığımız oldu.
O zamanlar tələbələr
də bu nişanı fəxrlə
sinələrinə taxırdılar.
Birini də mən pencəyimin sol yaxasına
taxmışdım. Yalçın əli ilə o nişana toxunub zarafat edirdi. Ona xəbərdarlıq etmişdim
ki, bayraqla zarafat etmək olmaz. Günlərin bir günü
bunun üstündə
Yaşarın çayxanasında
onunla bərk davamız oldu. Ondan sonra Yalçınla heç rastlaşmadım.
Rastlaşanda da danışmırdı mənimlə...
Onunla indi, o hadisədən bir neçə il keçəndən
sonra, özü də ümumi düşmənimizlə üzbəüz
dayanan bir gecədə tapışdıq.
Səs istiqamətinə tərəf
irəliləyərək bir
yamacda görüşdük
Yalçınla. Qucaqlaşıb, bir-birimizi bağrımıza
basdıq. Bir qədər
söhbətləşib hərəmiz
öz mövqeyimizə
çəkildik. O könüllü
olaraq yenicə batalyona yazılmışdı.
Səhər açılanda döyüş
başladı. Bilirdim ki,
Yalçıngil sağ
cinahımızdadır. Biz onlardan hündür
bir yüksəkliklə
irəliləyirdik. Yalçıngil isə bizdən aşağıdakı bir
dağın yamacı
ilə irəliləyirdilər.
Gəlib Qazançının
sağ tərəfinə
çatdıq.
Qazançıya düşən dağdan aşağı enəndə
Qazançının qəbiristanlığının
yanına çatan Yalçıngili ovuc içi kimi görürdük. Onlar güllə yağışı
altında qəbiristanlığın
üstündəki yamaca
tərəf irəliləyirdilər.
Nədənsə, ürəyimə
damdı ki, yaxşı olmayan bir hadisə baş verəcək... Yamaca çatanda hansı qaratikan kolundan 30-40 santimetrlik çəpərlə
hasara alınmış
əraziyə çatıb,
o çəpəri adlayırdılar.
Yalçın da onlar kimi çəpərə
çatıb adlamaq istədi. Bilmədim
onu vurdular ya, ayağı sürüşdü, birdən
arxası üstə yerə yıxıldı...
Yıxılmağı ilə minanın
partlaması bir oldu. Yalçın arxası üstə minanın üstünə
düşmüşdü...
O səhnə sonralar baxdığım neçə
müharibə və dəhşət filmlərinin
ən ağır səhnələrini belə
kölgədə qoyur
hələ də... Ölümcül yaralanan, param-parça
olan Yalçın uşaqlardan xahiş edib ki, onu
vursunlar. Amma heç
kəs vurmayıb.
Yalçın elə oradaca
həlak oldu. Bədənindən ələ
keçən bir yer qalmamışdı, nəyi dəfn elədilər, bilmədim...
Topçuların postu
Gecə xəbər gəldi ki, ermənilər Qalayçıların üstündəki
dağda yerləşən
topçuların postunu
alıb. Bizi Qalayçılara gətirdilər. Yenə kəşfiyyat,
minaatanlar dəstəsinin
əsgərləri birgəydik.
Biz ora çatanda
topçuların komandirini
və topçuları
kəndin qırağında
gördük. Gecəydi
deyə çox adamı tanıya bilmirdik... Amma topçuların komandirinin danışığını
eşidirdik. O durmadan
ona verilən suallara "Ermənilər
postu aldılar, gücümüz çatmadı,
topu da qoyub
aşağı düşdük!"
- deyib təkrarlayırdı.
Qəflətən güllə kimi
bir şillə səsi gəldi. Bizim batalyonun rəhbərlərindən
kimsə topçunu şilləylə vurmuşdu.
Topçunun səsi kəsildi.
Gecənin bu qaranlığında nə edəcəyimizi bilmirdik. Batalyon komandiri Allahverdi
Qəmbərov təkidlə
bildirdi ki, nəyin bahasına olur-olsun, topun yerləşdiyi postu geri qaytarmaq lazımdır.
İri çaplı PK markalı
pulemyotu əlində tutan minaatanlar dəstəsindən Şamil
Əbilov məni axtardı:
- Rey hanı?
Ona yaxınlaşdım:
- Burdayam, qaqa.
- İkimiz gedək, ayrı adam
lazım deyil!
Razılaşdım. İkimiz yola
düzəldik. Qaranlıq gecədə
meşə ilə dağın zirvəsinə
tərəf irəliləyirdik.
Bir müddət yol gedib, dağın başındakı topun yanındakı posta çatdıq. Ermənilər iki istiqamətdən oranı atəşə tuturdular. Burada erməni varsa,
niyə özlərini
vurular? Bir-birimizə bu sualı verərək yavaş-yavaş
posta tərəf süründük. Yaxınlaşıb orada kimsənin olub-olmadığını yoxladıq.
Post boş idi! Sən demə, heç ermənilər də hələ posta girməyiblər, sadəcə,
topçular orada olanda atəşə tuturmuşlar. Sonra hücum
edəcəklərmiş...Biz topun yanındakı postun səngərinin içinə atıldıq.
Bu arada atəş
də kəsildi, ermənilər yavaş-yavaş
bizim səngərə
tərəf irəliləyirdilər.
Şamil
pulemyotuna yer rahatlayıb ermənilərin
hənirtisi gələn
tərəfi atəşə
tutdu. Mən də avtomatla
ona dəstək verdim. İki əsgər yoldaşı,
iki dost çiyin-çiyinə
səngərdə dayandıq...
Bir azdan digər əsgərlərimiz
də gəlib çatdı. Səhərə
yaxın biz aşağı
düşəndə topçuların
komandiri papağı əlində üzü yuxarı qalxırdı...
(Ardı var)
Ədalət.-2013.-21 may.-S.7.